Müsəlmanlar

Terror nə deməkdir? Müsəlmanlar terroru necə şərh edirlər?

Sual: Terrorun mənası nədir? Bu sözlə nə ifadə edilir? Keçmiş dövrdə yaşamış İslam alimləri terror barədə nə deyiblər? Müsəlman icma və cəmiyyətləri terrora nə cür tərif verirlər? Bu da müsəlmanların öz aralarında mübahisəli bir məsələdir, yoxsa heç olmasa, bunda bir həmrəylik var?

Cavab: Keçmis İslam alimlərinin kitablarında terror kəlməsinin istilahi mənası açıqlanmayıb. Çünki “terror” sözü ilk dəfə Fransa inqilabından (1789-1794) sonra işlənmişdir. ((Muhəmməd Əziz Şükri, “Beynəlxalq Terror”, səh. 21.))

Bu o deməkdir ki, “terror” kəlməsi Qərbdən çıxmışdır. Bu həm də İslamın terror dini olması kimi ortaya atılan çirkin fikirlərə ən gözəl rəddiyədir. Dünya mütəfəkkirləri tərəfindən terror kəlməsinin mənası haqqında bir çox müxtəlif rəylər irəli sürülmüş və ixtilaf edilmişdir.

“Terror” kəlməsinə  Ərəb dilində “irhab” deyilir. “İrhab” kəlməsinin mənası isə qorxu deməkdir. Ərəb dilində “rahabtu-ş-şeyə ruhban” yəni, qorxutdum deməkdir. ((“Mucəmu Maqayisil-Luğa”, 2/401.))

Misir Ərəb Resublikasının Qahirə şəhərində yerləşən Əl-Əzhər Universitetinin “İslami Araşdırmalar” məcmuəsi 11 sentyabr 2001-ci il hadisəsindən sonra “terror“ kəlməsini belə açıqlamışdır:

“Terror dinc insanları qorxutmaq, onların yaşayışını məhv  etmək, mallarına, namuslarına, azadlıqlarına təcavüz etmək və yer üzərində fitnə-fəsad törətməkdir. Terrorun baş verdiyi ölkənin haqqıdır ki, terroru törədən caniləri həbs edərək mühakimə etsin və beləliklə ədalət öz yerini tapmış olsun”.

İslam Konfransı Təşkilatının nəzdində fəaliyyət gösətərən və Səudiyyə Ərəbistanında yerləşən “İslam Fiqhi” məcmuəsinin açıqlaması isə belədir:

“Terror fərdlərin, camaatların və dövlətlərin insana (dini, qanı, malı və namusuna) qarşı yönəltdiyi düşmənçiliyə deyilir. Bura insanları qorxutmaq və onlara əziyyət verməyin bütün formaları, haqsız yerə başqasını qorxutmaq və öldürmək, yaşayış yerlərini və yolları xarabalığa çevirmək, yol kəsmək, şiddətə aparan bütün əməllər şamil edilir. İnsanları qorxu içərsində yaşamağa vadar etmək və  qorxutmaqla onlara  əziyyət vermək, onların həyatı­na, azadlığına və əmin–amanlığına təcavüz etmək, ətraf mühitə, xüsusi və dövlət mülkiyyətinə zərər vermək- bütün bunlar Allahın yer üzərində fəsad adlandıraraq qadağan etdiyi əməllərdir. ((“İslam Fiqhi” məcmuəsinin qərarları, səh. 355-356.))

“Terror” kəlməsinin dini nöqteyi nəzərdən ən gözəl tərifi “İslam Fiqhi” məc­muəsinin tərifidir. Çünki İslam dininin təcavüzə, şiddətə və dinc insanları qorxutmağa qarşı mübarizə aparması bu tərifdə bəyan edilmişdir.

Uca Allah Qurani–Kərimdə buyurmuşdur:

«Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!». ((Əl-Qəsəs, 77.))

Qeyd olunan tərifdə Uca Allahın: “Yer üzərində fəsad törətməyin”, – deyərək qadağan etdiyi bütün əməllər qeyd edilmişdir. Hətta Uca Allah terror, fitnə-fəsad və düşmənçilik törədənlərə qarşı şiddətli cəza vermiş, onları Allah və rəsuluna qarşı müharibə edənlər adlandırmış  və  axirətdə isə şiddətli cəhənnəm əzabına düçar edəcəyini bildirmişdir.

Dünyəvi qanunların heç birisində Uca Allahın terrora qarşı qoyduğu şiddətli qanun mövcud deyildir. Bu İslam dininin terrora qarşı necə mübarizə apardığına dair bariz faktdır.

Yuxarıda qeyd edilən təriflərə diqqət yetirdiyimizdə aydın olur ki, terrorçunun vətəni və dini yoxdur. Terrorçu törətdiyi çirkin əməllərlə hər kəsə zərər verir, hər kəsi hədəfə alır. Terror üçün müəyyən edilmiş əməllər də yoxdur. Yer üzərində fitnə-fəsad törədən əməllərin hamısı terror kəlməsinin mənasına daxildir. Həmçinin bütün insanları qorxu içərisində yaşamağa məcbur edən bütün əməllər də buna daxildir.

Təyyarələrin qaçırılması, sərnişinlərin girov götürülməsi, öldürülməsi, yaşayış massivlərinin partladılması, insanları qətl etmək üçün zəhərli maddələrdən istifadə olunması və ümumiyyətlə isanların malına, canına və namusuna təcavüzün bütün formaları “terror” kəlməsinə şamildir.

Terror beynəlxalq problem olub, ondan müsəlman ve qeyri müsəlman cəmiyyətlər əziyyət çəkmişdir. Neçə neçə cəmiyyətlər vardır ki, rahat, təhlükəsiz yaşamaq arzusundadır. Çünki terroristlər ən çirkin və ən böyük günah olan əmələ əl ataraq günahsız insanları öldürür, onların malına təcavüz edir və  evsiz-eşiksiz qoyurlar. Yaşayış massivlərini partlatmaq, günahsız insanları öldürmək, onları qorxu içərisində yaşamağa məcbur etmək yer üzərində Uca Allahın sevmədiyi fəsad törətməkdən başqa bir şey deyildir.

Terror şər, çirkin və vəhşilikdir. Terrorçu isə psixi cəhətdən xəstə, əxlaqsız, şəxsiyyətsiz, vicdansız bir insandır.

Yaşadağımız dövrdə dünyanın hər yerində terror aktlarının şahidi olmuşuq. Terrorçunun nə vətəni, nə də ki milli mənsubiyyəti var.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.