Müsəlmanlar
Sələbə əhvalatı həqiqətən də olub, yoxsa əfsanədir?

Sələbə əhvalatı həqiqətən də olub, yoxsa əfsanədir?

Sual: Sələbə hədisi kimi məşhur olan hədis səhihdir? Deyilənə görə Sələbə adlı bir adam gəlib peyğəmbərimizdən xahiş edir ki, onun üçün dua etsin və o varlı adam olsun. Peyğəmbərimiz də onun üçün dua edir. Dua qəbul olunur, zaman keçdikcə Sələbə varlı-hallı adam olur. Sonra peyğəmbərimiz zəkat yığan məmurları onun yanına göndərir ki, zəkatını versin. Sələbə zəkat verməkdən boyun qaçırır. Amma sonra peşman olur və zəkat vermək istəyir. Buna baxmayaraq peyğəmbər onun zəkatını qəbul etmir. Peyğəmbər vəfat etdikdən sonra Sələbə zəkatını həzrəti Əbu Bəkrə aparır. Ancaq o da zəkatı qəbul etmir. Onun ölümündən sonra həzrəti Ömərə aparır, o da bundan imtina edir. Həzrəti Osmanın dövründə isə Sələbə dünyasını dəyişir. Əsas sualım budur: Bu əhvalat həqiqətən, baş verib? Öz səhvini başa düşüb peşman olduğu halda, bir insana qarşı peyğəmbərimiz və iki xəlifə həqiqətən də, belə üz göstəriblər? Yoxsa bu sadəcə olaraq bir əfsanədir?

Kadir Paksoy tərəfindən qələmə alınan və Yeni Ümit jurnalında nəşr olunan Sa’lebe Kıssasıyla İlgili Rivayet Üzerine Sened ve Metin Esaslı Tahliller adlı məqalədə bu əhvalatla əlaqədar olaraq aşağıdakı məlumatlara yer verilir:

“Hədis elmində nüfuz sahibi olan alimlərin dediklərinə əsasən Sələbə hədisi isnad (sənəd) baxımından olduqca zəif, illətli və münkər bir rəvayətdir.

Belə ki, İbn Hazm Sələbə hədisinin Muan ibn Rifaa, Əli ibn Yezid və Qasım kimi zəif ravilərin vasitəsilə nəql olunan əsassız və batil bir rəvayət olduğunu, əlavə olaraq, nüzul səbəbi baxımından da Tövbə surəsinin 75-77-ci ayələrinin münafiqlər haqqında ümumi olduğunu, beləliklə, bunun Sələbə ilə əlaqədar olmadığını qeyd edir.

İbnul-Əsir isə Sələbə qissəsinin səhih olmadığını, yaxud da Bədr döyüşündə iştirak edən Sələbə haqqında qüsurlu olduğunu bildirir.

Zəhəbi də Sələbə hədisinin münkər olduğuna toxunur.

İraqi və Heysəmi Təbəraninin nəql etdiyi Sələbə hədisinin Əli ibn Yezid adlı mətruk bir raviyə görə zəif olduğunu vurğulayıblar.

Abdulfəttah Əbu Quddə Sələbə hədisinin illətli və münkər bir rəvayət olmağına baxmayaraq xüsusilə müfəssirlər tərəfindən illətinə və münkərliyinə toxunulmadan nəql edildiyini vurğulayır.

Alimlərin də bildirdikləri bu tənqid və təhlillərə əsasən Sələbə hədisi hədsiz dərəcədə zəif, illətli, münkər, hətta əsilsiz və batil bir rəvayətdir. Əlbəttə ki, belə bir rəvayətdən dəlil olmaz. Hətta bu qəbildən olan rəvayətlərin nəql olunmağı da münasib deyil.

Rəvayətdə deyilir ki, Sələbə peşman olub zəkatını gətirdiyi halda, istər peyğəmbər, istərsə də xəlifələri tərəfindən qəbul edilməyib. Zəkatını gətirən şəxsi rədd etmək hər şeydən əvvəl peyğəmbərin, sonra da Raşidi xəlifələrin hökmləri ilə ziddiyyət təşkil edir. Xüsusilə də peyğəmbərin münafiqlərə qarşı tətbiq etdiyi strategiyalar və onun bu məsələdəki rəftarı tədqiq edildikdə məlum olur ki, peyğəmbər onların münafiqliklərini açıq-aydın üzlərinə vurmayıb. İbn Səlul kimi məşhur münafiqləri belə, səbrlə idarə edib.

Əlavə olaraq, peyğəmbərin və ilk xəlifələrin hökmlərinə əsasən imkanlı şəxslərdən zəkat alınması məsələsi lazım olduğu təqdirdə güc tətbiq edilməklə də həyata keçirilib.

Üstəlik də bu məsələdə həzrəti Əbu Bəkr zəkat verməyənlərə qarşı möhkəm mövqe tutub və onlara qarşı müharibə elan edib! Bu, bilinən bir hadisədir. Buna görə də əlbəttə ki, zəkatını könül xoşluğu ilə gətirən kəslərin rədd olunmağı mümkün deyil.

Bu baxımdan Sələbənin geri qaytarılmağı nə İslamın hökmlərini tətbiq edən peyğəmbərin, nə də onun Sünnəsini izləyib həyata keçirən xəlifələrin əməlləri ilə üst-üstə düşür.  Bütün bu məlumatlar Sələbə hədisinin mətn və məzmun baxımından ziddiyyətlərlə dolu olduğunu göstərir”. ((Kadir Paksoy, “Saləbə Kıssasıyla İlgili Rivayet Üzerine Sened ve Metin Esaslı Tahliller”, Yeni Ümit jurnalı, nömrə 70, 2005.))