Müsəlmanlar

Faiz

FAİZ (Bəqərə surəsi, 275-ci ayə) ((Abdulaziz Bayındır, Qurani-Kərimin izahlı tərcüməsi: Fatihə surəsi, Bəqərə surəsi, Bakı, Təknur nəşriyyatı, 2004, s. 190-202.))

“Faiz yeyənlər, şeytanın arxasınca düşüb, ağlını aldığı şəxsin davranışından fərqli davranmırlar. Bu onların: “Alış-veriş də eynilə faiz kimidir”, – demələri üzündəndir. Halbuki, Allah alış-verişi halal, faiz almağı isə haram buyurmuşdur. Hər kəs Rəbbindən gələn bir nəsihətlə faiz almağı kəssə [bu işə son versə, bir də faiz almasa], keçmişdə olanlar onundur. Onun işi Allaha aiddir. Faiz almağa davam edənlər isə o atəşin dostudurlar [cəhənnəmlikdirlər] və həmişəlik orada qalacaqlar”!

Borcdan qazanılan gəlirə faiz deyilir. Mallar ya alıb-satmaq, ya da borc yolu ilə dəyişdirilir. Dəyişdirilən iki malın bir-birindən az-çox fərqi varsa, bu, alış-satış olur. Pul verib çörək almaq belədir. Bunun nəğdi də olur, nisyəsi də. Aralarında fərq olmayan mallar ancaq vədəli olaraq dəyişdirilə bilər. Bir kilə ((Bir növ ağırlıq və həcm ölçüsü. Adətən tərəzinin olmadığı yerlərdə taxıl ölçərkən istifadə edilən ölçək.)) buğda verib sonra eyni xüsusiyyətləri daşıyan bir kilə buğda almaq belədir. Buna borc deyilir. Alış-verişdən gəlir qazanıla bilər. 75 qəpiyə alınan çörək nəğd 1 manata satılsa, 25 qəpik qazanc əldə edilir. Borcun isə nəğdi olmur. Heç kim əvəzini dərhal ödəmək şərtilə borc almır. Borc verilən şey nədirsə, qaytarıldığı zaman onun eynisi (ona bərabər olan şey) qaytarılmalıdır. Bundan başqa bir şərt qoymaq faizdir. Vəziyyət bütün borclarda eynidir. Peyğəmbər əleyhissəlam: “Faiz ancaq borcda olur” ((Darimi, Buyu, 42.)) – deyə buyurmuşdur. Buna görə də borcdan gəlir qazanmağa əsaslanan hər bir iş faizli işdir.

Borcdan gəlir qazanıb mənfəət götürmək və mal alıb-satmaq bir-birindən fərqli işlərdir. “Alış-veriş də eynilə faiz kimidir”, – deyənlər şeytanın ağlını aldığı kəs kimi davranırlar. Alış-verişlə faizi eyni saymaq həqiqətən, böyük bir səhvdir.

100 qızılı bir ay müddətinə 101 qızıl müqabilində borc verən şəxs bu qızılların borclu şəxsin malları içərisində artıb-çoxalmağı üçün verir. Bu isə aşağıdakı ayənin bildirdiyi bir işdir:

İnsanların malları içində artması üçün faizə verdiyiniz şey Allah yanında artmaz (Rum, 30/39).

Faizə çevrilməməsi üçün borc verilən əsas malı, yəni, 100 qızılı almaq, qalan 1 qızılı isə almamaq lazımdır. Bu, aşağıdakı ayənin hökmüdür:

Yox, əgər tövbə etsəniz, mayanız [sərmayəniz] sizindir! Beləliklə, nə siz haqsızlıq edərsiniz, nə də haqsızlığa uğrayarsınız (Bəqərə, 2/279).

İslamdan əvvəlki ərəblərə cahiliyyə ərəbləri deyilir. Onlar borc verdikləri vaxt əsas mala toxunmadan, hər ay müəyyən bir gəlir qazanmaq şərtilə borc verirdilər. Borcun müddəti qurtaranda isə borclarını istəyir, əgər borclu şəxs borcunu ödəyə bilməsə, yeni bir faiz müəyyənləşdirib borcun müddətini uzadırdılar. ((Fəxrəddin Ər-Razi, Əbu Abdulla M. İbn Ömər ibn Hüseyn (vəfat tarixi hicri 606/miladi 1209), Ət-Təfsirul-kəbir, VII cild, Misir 1357/1938, s. 91.)) Əgər borc vədəli satışdan meydana gəlirdisə, ödəmək vaxtı gəlib çatdığı zaman borclu şəxsdən: “Borcunu ödəyəcəksən, yoxsa artırırsan?”, – deyə soruşurdular. O da borcunu ödəyə bilirdisə, ödəyir, ödəyə bilmədiyi təqdirdə borcunun üstünə bir miqdar əlavə edilir və borc müddəti uzadılırdı. ((İbn Rüşd (vəfat tarixi hicri 520/miladi 1126), Müqəddimat (Mudəvvənətul-kübra ilə birlikdə), III cild, s. 18, Xeyriyyə mətbəəsi, 1324; İbnul-Ərəbi, Əhkamul-Quran, Daru ihyail-kutubil-ərəbiyyə, 1957, I cild, s. 241. İbnul-Ərəbi burada nisyə alış-verişdən irəli gələn borcdan bəhs edir. Yuxarıya yazılan da budur.))

Qurani-Kərim hər növ faizi qadağan etmiş və borcunu vaxtında ödəyə bilməyənlərlə əlaqədar olaraq aşağıdakı hökmü vermişdir:

Borclu olan şəxs çətin vəziyyətdədirsə, ona vəziyyəti düzələnə [yaxşılaşana] qədər möhlət verin! [Borcu] ona bağışlamağınız sizin üçün daha xeyirlidir. Kaş ki, bunu biləydiniz (Bəqərə, 2/280)!

Aşağıda misal verilən hadisələr bu ayələrin nazil olmağının səbəbi hesab edilir:

Səqif qəbiləsindən Əmr ibn Ümeyrin dörd oğlu Məsud, Abduyaleyl, Həbib və Rəbiə Məkkədəki Bəni Məhzun qəbiləsindən olan Muğirə oğullarına borc verirdilər. Peyğəmbərimiz Məhəmməd əleyhissəlam Taifi ələ keçirdiyi zaman (hicrətin 8-ci ili) bu qardaşlar müsəlmanlığı qəbul etdilər. Sonra Muğirə oğullarından faiz borclarını istədilər və bu əhvalat aşağıdakı ayələrin enməsinə səbəb oldu:

Ey möminlər! Allahdan qorxun! Əgər həqiqətən iman gətirmisinizsə, faizdən qalan nə varsa, onları tərk edin [faizdən qalan məbləğdən vaz keçin]!

Əgər bunu etməsəniz, bilin ki, Allah və onun elçisi tərəfindən bir müharibə ilə üz-üzəsiniz! Yox, əgər tövbə etsəniz, mayanız [sərmayəniz] sizindir! Beləliklə, nə siz haqsızlıq edərsiniz, nə də haqsızlığa uğrayarsınız (Bəqərə, 2/278-279).

Bunun ardınca dörd qardaş belə dedi: “Biz tövbə edib, Allahın əmrinə itaət edirik. Bizim Allah və onun elçisi ilə müharibə etməyə gücümüz çatmaz!”.

Beləliklə, onlar faizdən vaz keçərək yalnız öz sərmayələrini almağa razı oldular və mallarını Muğirə oğullarından tələb etdilər. Muğirə oğulları isə çətin vəziyyətdə olduqlarını bildirib: “Məhsullar yetişənə qədər bizə möhlət verin”, – dedilər. Dörd qardaş möhlət vermək istəmədi. Bu da Allah tərəfindən belə bir ayənin nazil edilməsinə səbəb oldu:

Borclu olan şəxs çətin vəziyyətdədirsə, ona vəziyyəti düzələnə [yaxşılaşana] qədər möhlət verin! [Borcu] ona bağışlamağınız sizin üçün daha xeyirlidir. Kaş ki, bunu biləydiniz (Bəqərə, 2/280)! ((Burada bəhs edilən hadisə üçün baxın: Fəxrur-Razi, VII cild, s. 106-110; Elmalılı Məhəmməd Həmdi Yazır, Haqq Dini, Quran Dili, İstanbul, 1935, I cild, s. 972.))

A) FAİZİN ƏTRAFINDAKI QORUMA ÇƏNBƏRİ

Allahın elçisi Məhəmməd əleyhissəlam qızıl, gümüş, arpa, buğda, xurma və duzun bəzi satış növlərini də faiz kateqoriyasına daxil etmişdir. Əbu Səid Xudrinin bildirdiyinə görə o, belə buyurub:

Qızıl müqabilində qızıl, gümüşün əvəzinə gümüş, buğda yerinə buğda, arpa müqabilində arpa, xurmanın əvəzinə xurma və duzun müqabilində duz misli mislinə və nəğd olur. Kim artırsa, yaxud artığını istəsə, faiz yeyir. Bu işdə alan da, verən də birdir. ((Müslüm, Müsəqat, 82 (1584).))

Bir malın öz cinsi ilə dəyişdirilməsi daha çox borc məsələsində olur. Peyğəmbər əleyhissəlamın faizlə əlaqədar sözləri insanların borca alış-satış donu geyindirib faiz qadağasını pozma ehtimallarına qarşı faizin ətrafında bir qoruma çənbəri təşkil etmişdir. Çünki o malların hamısı borc verilə bilən mallardır.

İndi isə bu və buna bənzər hədislərin bağladığı faiz qapılarını və təşkil etdiyi qoruma çənbərləini görməyə çalışaq:

1 – Altı şeyi öz növündən olan şeylə nəğd olaraq dəyişdirmək

Qızıl, gümüş, buğda, arpa, duz və xurmanı öz cinsi ilə dəyişdirdikdə, dəyişdirmə işinin nəğd olması irəli sürülən şərtlərdən biridir. Buna görə də 10 qızılı vədə ilə 11 qızıla satmaq faizdir. Bu çox mühüm bir şeydir; çünki əgər buna satış deyilsəydi, faizli borclar satış şəklində verilməyə başlanardı. Belə olan halda, 100 manatı daha sonra qaytarılacaq 110 manat müqabilində borc vermək faiz, lakin onu vədə ilə 110 manata satmaq ticarət sayılardı.

2 – Altı malı öz növü ilə bərabər dəyişdirmək

Yuxarıdakı hədis altı malı öz cinsiylə nəğd formada dəyişdirəndə miqdarların bərabər (eyni) olmasını şərt qoyub. Məhz buna görə 10 ədəd qızıl verib 11 ədəd nəğd qızıl almaq faizli bir işdir. Allahın elçisi: “Faiz ancaq borcda olur”, – dediyinə görə bununla faizli borc arasında əlaqə qurulduğu vaxt faiz qadağasının əhəmiyyəti meydana çıxır.

Sələmçi bir şəxsin əsl istədiyi şey 10 qızıl müqabilində 11 qızıl almaqdır. Əgər o, bu işi məşru yollarla görə bilsə, onu borca çevirmək çətin olmazdı. Məsələn, əvvəlcə 11 qızıl verər, bunun üçün lazım olan təminatları alar, sonra başqa bir 10 qızıl müqabilində borclu şəxsdəki o 11 qızılı satın alardı. Beləliklə, o, bu iki əməliyyat nəticəsində 10 qızıl verib, 11 qızıl alacaqlı vəziyyətə gələ bilərdi. Arzuolunmaz bir vəziyyət yaranmaması üçün bu işlər ya sənədlərlə görülər, ya da sələmçinin etibar etdiyi bir şəxs borclu olan şəxsin vəkili olub, bu işləri yerinə yetirərdi. Əlavə olaraq, bu işləri görən təşkilatlar da yaranardı. Lakin bu malların öz cinsləri ilə dəyişdirilməsi halında əvəzlərin də eyni miqdarda olması şərti bu qapını bağlamışdır.

Əvvəllər borc işlərində borc verən şəxsə qanuni bir mənfəət qazandırmaq üçün şəri müamilə adlandırılan formal bir satış həyata keçirilirdi. Məsələn, borc almaq istəyən tərəf bir malını və ya əşyasını borc verən tərəfin qabağına qoyub: “Bunu sənə 10 qızıla satdım”, – deyir, borc verən şəxs o əşyanı satın alır və pulunu ödəyirdi. Sonra əşyanın sahibi: “Bu malı 11 qızıl müqabilində mənə sat, pulunu bir ildən sonra verəcəyəm”, – deyir, borc verən şəxs də əşyanı ona satırdı. Beləliklə, alış-satış pərdəsi altında 10 qızıl əvəzinə bir il vədə ilə 11 qızıl borc alırdı. Bu işlərin bir neçə üsulu var idi.

Osmanlı dövləti dövründə qurulmuş banklardan biri olan Əmniyyət Sandığı bankında bir cib saatını kreditlə alanların ödəyəcəkləri faizi qanuniləşdirmək üçün həmin saat hər gün dəfələrlə satılır, sonra yenə həmin banka “bağışlanırdı”. ((Bu məlumat sabiq İstanbul müftisi Səlahəddin Qayadan alınıb.))

Əgər yuxarıda adı çəkilən qadağa olmasaydı, bankda cib saatının əvəzinə bir məmur qoyular, bu məmur kredit alan şəxs üçün əvvəlcədən müəyyən edilmiş işləri görər, onu 11 qızıl borclu vəziyyətə salar, sonra ona 10 qızıl verərdi.

3 – Borc verilə bilən və bir-birinə yaxın olan növləri nəğd yolla dəyişdirmək

Peyğəmbər əleyhissəlam belə buyurub:

Bu növlər müxtəlifdirsə, onları nəğd olmaq şərtilə istədiyiniz kimi sata bilərsiniz. ((Müslüm, Müsəqat, 81 (1583).))

Bu məsələ ilə əlaqədar olan hədislərdə müxtəlif çeşid olaraq eyni növ olan qızılla gümüş, buğda ilə arpa sayılmış, lakin müxtəlif növlərdən olan xurma və duz məsələsinə toxunulmamışdır. Peyğəmbər əleyhissəlamın belə bir hədisi var:

Qızıl gümüş müqabilində əldən-ələ satıldığı zaman gümüşün artıq olmasının bir zərəri yoxdur, lakin bunun nisyəsi olmaz. Buğda da arpa müqabilində əldən-ələ satıldığı zaman arpanın çox olmasının bir zərəri yoxdur, lakin bunun da nisyəsi olmaz. ((Əbu Davud, 12, 3349 nömrəli hədis.))

Qızıl və gümüş, buğda və arpa bir-birinin yerinə qoyula bilər. Bunların qiymətləri arasında uzun müddət mühüm bir dərəcədə dəyişməyən nisbətlər olur. Bu malların dəyişdirilməsində nəğd yolla alış-satış şərtinin olması faizə açılan başqa bir qapını da bağlayıb. Məsələn, əgər 1 dinarın dəyəri 10 dirhəmdirsə, 100 dinarın da dəyəri 1000 dirhəmdir. ((Dinar qızıl pula, dirhəm isə gümüş pula verilən addır.)) Əgər bunları nisyə üsulla dəyişdirmək qadağan olmasa, sələmçi şəxs əlindəki 1000 dirhəmi bir ildən sonra ödənməsi şərtilə 120 dinara satar və alış-satış pərdəsi altında 20 faizlə borc verə bilər. Eyni şey arpa və buğda üçün də ola bilər. Lakin yuxarıdakı hədis manat verib əvəzinə vədə ilə valyuta almağın da qarşısını kəsib. Məsələn, 1000 ABŞ dollarının bu günki dəyəri qədər manat verib bir ildən sonra ödəmək şərti ilə 1200 ABŞ dolları alına bilməz. Çünki bunlar bir-birini əvəz edə bilən şeylərdir və yuxarıdakı hədislərdən bütün bunların faiz olduğunu başa düşmək heç də çətin deyildir.

4 – Müxtəlif pulları gündəlik məzənnə (kurs) ilə dəyişdirmək

Abdulla ibn Ömər belə rəvayət edir:

Mən Bəqidə dəvə satırdım. Dinar müqabilində satıb əvəzində dirhəm alır, dirhəm müqabilində satıb onun da əvəzində dinar alırdım. Allahın elçisi Məhəmməd əleyhissəlamın yanına getdim. O, Həfsanın evində idi. Mən belə dedim: “Ya peyğəmbər, icazənlə səndən bir sual soruşmaq istəyirəm. Mən Bəqidə dəvə satıram. Dinar müqabilində satıb əvəzində dirhəm alır, dirhəm müqabilində satıb onun da əvəzində dinar alıram. Bunun əvəzinə onu alıb onun əvəzinə də bunu verirəm”. Peyğəmbər əleyhissəlam cavab olaraq belə buyurdu:

“Gündəlik qiymətlə almağının eybi yoxdur, bir şərtlə ki, aranızda bir şey qoyub ayrılmayın”. ((Əbu Davud, 14, 3354, Nəsai, Buyu, 50.))

Belə çıxır ki, qızıl və gümüşü o günün qiymətilə dəyişdirmək lazımdır. Əgər belə olmasaydı, faiz qadağası yenə pozulardı. Məsələn, 1 dinarın dəyəri 10 dirhəm olduğu halda, sələmçi şəxs əvvəlcə 11 dinar borc verər, lazım olan zəmanətləri alar, sonra da əlindəki 100 dirhəmi borclu şəxsdəki 11 dinarın müqabilində satardı. Beləliklə, o, bu iki əməliyyat nəticəsində (alış-satış pərdəsi altında) 10 faizli borc vermiş olardı. Bu işi görən leqal qurumlar da yaradılardı. Lakin gündəlik qiymətlə dəyişdirmə və dəyişdirilmə şərtinin qoyulması bu qapını bağlayıb. Beləliklə, hədislər alış-satış pərdəsi altında sələmli borca rəvac verən bütün yolları bağlamışdır.

B) MƏZHƏBLƏRİN ÜSUL XƏTALARI

Məşhur dörd məzhəb faizi alış-satışdan irəli gələn və borcdan yaranan faiz olmaqla iki yerə bölüblər. Onlar öz hüquq sistemlərini də alış-satışdan irəli gələn faizlə, yəni, qızıl, gümüş, buğda, arpa, xurma və duzun satışı ilə əlaqədar hədislərə istinad edərək qurublar. Borc faizi məsələsinə isə faiz və kambio ((Borc sənədi, veksel. Burada müxtəlif ölkələrin pul vahidlərinin bir-biri ilə dəyişdirilməsi və xarici valyutanın alış-satışı mənasında işlədilmişdir.)) bəhslərində deyil, borc və qarşılıqlı razılıq bəhsləri içərisində qısa bir şəkildə toxunmaqla kifayətləniblər. Allah alış-verişi halal, faiz almağı isə haram buyurduğu halda, fəqihlərin faizi hansı səbəbə görə alış-verişin bir hissəsi hesab etdiklərini başa düşmək həqiqətən də, çox çətindir.

Faiz müamiləsini altı maddənin bəzi alış-satış şəkillərindən asılı olaraq sistematik hala gətirənlər onun bu maddələr ilə məhdudlaşdırılmasının qeyri-mümkün olduğunu görüb hədislərdən sələmə səbəb olması ehtimal edilən xüsusiyyətləri (faizin səbəblərini) çıxartmış və beləliklə, müqayisə yolu ilə faizin əhatə dairəsini genişləndirmişlər. Bu məzhəblər öz hüquq sistemləri içərisində də ziddiyyət halındadırlar.

Hənəfilər iki şeyi faizin səbəbi hesab ediblər: Qədər və cins. Qədər ölçü və tərəzini əhatə edir. Cinsin faizin səbəbi olması hədislərdəki «Qızılın müqabilində qızıl, gümüş əvəzinə gümüş» ifadəsindən alınmışdır. Qədər isə hədislərdəki «misli mislinə» ifadəsindən götürülüb. Qədərin hədislərdən hansı yolla alınması aşağıdakı kimi şərh edilir:

Qədər ölçəklə ölçülən şeylərdə kilə, tərəzidə çəkilən şeylərdə vəzndir. ((Şəmsəddin Əs-Səraxsi, Əl-Məbsut, Beyrut, 1409/1989, VI cild, s. 113.)) Hədisdəki «buğdaya buğda» ifadəsinin mənası «buğda müqabilində buğda satışı»dır. Bir buğda dəni də buğdadır. Onu heç kim satmaz, satsa da, alan olmaz. Çünki bir işə yaramaz. Elə isə bununla yalnız işə yarayan ((Əs-Səraxsinin əsərindəki mütəqəvvim sözü bir işə yarayan mal olaraq tərcümə edilmişdir. Mütəqəvvim mal ifadəsinin mənası istifadə edilməsi qadağan olmayan və əldə edilmiş olan maldır. Buradakı tərcüməyə işə yarayan mal mənası uyğun gəlir.)) miqdarda buğda satışının nəzərdə tutulduğu başa düşülür. Bunun satıla bilən bir mal olub-olmaması isə ölçək vasitəsi ilə müəyyənləşdirilə bilər. Beləliklə, bu malların ölçəklə ölçülmə xüsusiyyəti hədisin göstərişi ilə müəyyən olunmuşdur.

Peyğəmbər əleyhissəlamın «Qızılın müqabilində qızıl» sözü də belədir. Qızıl tozuna da qızıl deyilir, ancaq onu heç kim satmaz. Tərəzi ilə çəkilə bilən qızıl satılır. Belə olan halda, çəkilmə xüsusiyyəti hədisin dəlalət etməsi ilə sabit olmuşdur. Peyğəmbər əleyhissəlam sanki belə demişdir: “Tərəzi ilə çəkilən qızılın müqabilində qızıl, ölçəklə ölçülən buğdanın əvəzinə buğda”. ((Şəmsəddin Əs-Səraxsi, eyni əsər, XII cild, s. 116.))

Hədislərdə belə bir ifadə də var: Bu növlər müxtəlifdirsə, onları nəğd olmaq şərtilə istədiyiniz kimi sata bilərsiniz. ((Müslüm, Müsəqat, 81 (1583).)) Bundan da növləri eyni, ölçü vahidləri müxtəlif olan, yaxud da ölçək və tərəzi ilə çəkildiyi halda, növləri fərqlənən iki malın bir-biri ilə dəyişdirilməsinin nəğd olduğuna dair bir şərt qoyulduğunu anlayıblar. Əzik-üzük dəmir verib, müqabilində armatur almaq istəyən olarsa, bu işdə hər iki dəmir eyni ağırlıqda və mübadilə nəğd olmalıdır; əks təqdirdə bu, faizli iş olar. Dəmirin əvəzinə mis almaq istəsə, bu işdə hər iki qiymətin nəğd olaraq ödənməsi kifayət edir. Çünki bunların hər ikisi tərəzi ilə çəkilib satılan mallardır. Növləri bir-birindən fərqləndiyinə görə biri digərindən çox ola bilər, lakin bu dəyişdirmə işi nisyə olmaz; nisyə olsa, faizdir.

Bu prinsipə görə qızıl və ya gümüşdən hazırlanmış bir pulu verib tərəzi ilə satılan bir şeyi nisyə almaq faizli iş sayılmalıdır. Çünki qızıl və gümüş tərəzi ilə alınıb-satılır. Lakin hənəfilər bunun caiz olduğunu deyir və səbəblərini belə izah edirlər:

1. Qızıl və gümüşdən hazırlanmış dinar və dirhəmlərlə tərəzi ilə alınıb-satılan mallar arasında forma baxımından bir fərq vardır. Çünki dinar və dirhəmlər tərəzidə sancat adlandırılan ağırlıq vahidlərilə, digər şeylər isə mən ilə çəkilirlər.

2. Bunların arasında görünməyən (mənəvi) bir fərq də vardır. Dinar və dirhəmlər təyinlə müəyyən edilmir. Amma digər mallar təyinlə müəyyən olunur. ((Təyinlə müəyyən olunan müəyyən edilən şeyin özüdür. Alıcı ilə satıcı arasında hansı mala dair razılıq əldə edilibsə, alıcı həmin malı alar, satıcı onun yerinə başqa bir mal verə bilməz. Çünki satılan mallar təyinlə müəyyənləşdirilir. Lakin alıcı şəxs satıcıya göstərdiyi pulun əvəzinə eyni dəyərdə olan başqa bir pul verə bilər. Məsələn, alıcı satıcıya 10 manatlıq kağız bir pul göstərdiyi halda, onun yerinə 10 ədəd 1 manatlıq pul verə bilər; satıcı alıcını həmin 10 manatlıq kağız pulu verməyə məcbur edə bilməz.))

3. Bunların arasında qiymətləndirmə baxımından (hökmən) da fərq vardır. Əgər 1 dinarın müqabilində 12 mən ((Təqribən 10 kiloqram.)) dəmir alınsa, dəmiri satıcı, dinarı da alıcı bir-birinin görmədiyi bir yerdə çəksələr, qızıllar təhvil alındıqdan sonra yenidən tərəzidə çəkilmədən satıla bilər, ((Çünki qızıl pullar artıq kəsilmişdir və onların həm ağırlıqları, həm də əyarları məlumdur.)) lakin dəmiri tərəzi ilə satmaq üçün alıcı həmin dəmiri yenidən çəkməlidir.

Madam ki, arada bu qədər fərq var, elə isə tərəzi ilə çəkilən və nəğd verilən digər mallar tərəzidə hər cəhətdən müştərək deyil. ((Hidayə, Fəthul-qədir və Babərtinin Hidayə şərhləri, V cild, s. 274 və davamı.)) Bundan əlavə, həm qızıl və gümüşün tərəzi ilə satıldığına istinad edərək vəzni (ölçü, tərəzi) faiz üçün bir səbəb hesab etmək, həm də onları digər şeylərlə dəyişdirərkən bu səbəbə diqqət yetirməmək sözün həqiqi mənasında böyük bir ziddiyyətdir. Əslində hənəfilər tərəzi məsələsini faiz üçün bir səbəb saymayıb belə deməli idilər: Qızıl və gümüş tərəzi ilə çəkilərək alınıb-satılsa da, bunlar tərəzi ilə satılan şeylərdən həm həcm etibarilə, həm də mənən və hökmən fərqli olduqlarına görə vəzn (ağırlıq, ölçü, tərəzi) faiz üçün bir səbəb sayıla bilməz.

Vəzn faiz üçün bir səbəb olmadığına görə istər-istəməz kilə də faiz səbəbi olmayacaq və bu iki səbəbdən bir hesab edilən qədər də faizin səbəbi olmayacaqdır. Bu isə hənəfilərin alış-satışa əsaslanan faiz sistemini köklü surətdə aradan qaldıracaqdır.

Yuxarıdakı tənqid hənbəlilərə də aiddir. Onlar belə deyirlər:

Əgər qızıl və gümüşdə faizin səbəbi vəzn olsaydı, tərəzi ilə çəkilən malları bunlarla nisyə almaq caiz olmazdı. Çünki nisyənin haram olması üçün faizin iki səbəbindən biri kifayətdir. ((İbn Qüdamə, Muğni, IV cild, s. 138.))

Beləliklə, hənbəlilər həm belə deyirlər, həm də hənəfilər kimi onlar da vəzni faizin səbəbi olaraq qəbul edirlər. Bu nə qədər böyük bir ziddiyyətdir!

Malikilər isə hədislərdəki arpa, buğda, xurma və duz ifadələrinə baxıb, faizin sadəcə olaraq əsas qida məhsulları olan və saxlanan, yaxud qida məhsullarına dad verən maddələrdə mümkün olduğunu irəli sürüblər. Onların belə bir fikri də vardır: Məhsullar öz növləri ilə dəyişdirildiyi zaman, miqdar bərabər (eyni) və mübadilə nəğd olmalıdır; müxtəlif növ qida məhsulları dəyişdirildikdə isə miqdar eyni olmasa da olar, ancaq mübadilə mütləq nəğd olmalıdır.

Bu fikir alış-verişlə faizi bir-birindən ayıran ayəyə zidd olsa da, öz-özlüyündə tutarlı bir fikirdir. Çünki arpa, buğda və xurma əsas qida məhsullarındandır və bunların saxlanma xüsusiyyəti vardır. Duz da öz növbəsində qida məhsullarına dad verir.

İstər bir yerə yığılmış olsun, istərsə yığılmasın, bütün qida məhsullarının nisyə dəyişdirilməsi ilə hər növ əşyanın öz həmcinsi ilə nisyə olaraq birə qarşı iki şəklində dəyişdirilməsi ribən-nəsiə hesab edilmişdir. ((İbn Rüşd, Müqəddimat, III cild, s. 49-51.)) Məhz bu məsələnin onların öz sistemlərində də əsası yoxdur.

Şafiilərin fikrincə, riba kəlməsi mücməldir, yəni, qapalıdır; onu peyğəmbər əleyhissəlam izah etmişdir. ((Fəxrur-Razi, VII cild, s. 99.)) Şafiilər burada izah dedikləri zaman altı malın satışı ilə əlaqədar olan hədisləri nəzərdə tuturlar.

Şafiilər belə bir fikir irəli sürürlər: Faiz böyük günahların ən böyüyüdür. Faiz heç bir şəriətdə halal deyildir. Allah Təala öz kitabında faiz yeyənlərdən başqa heç kimə müharibə elan etməyib. Faizin haramlığı təəbbüdidir, faizin səbəbi kimi görünən hər şey onun hikmətidir, əksinə, səbəbi deyildir. ((İbn Həcər, IV cild, s. 272-278.))

Təəbbüdinin mənası əsl səbəbi başa düşülməyən, lakin Allahın bəndəsi olmağa müvafiq olaraq itaət edilən əmr və ya qadağan deməkdir. ((Şirvani, Töhfətul-muhtacın haşiyəsi, IV cild, s, 272, Riba fəsli.)) Əsl səbəbi başa düşülməyən bir məsələdə müqayisə aparılmaz. Lakin bütün bunlara baxmayaraq, onlar sanki bu sözü söyləməyiblərmiş kimi, faizin iki səbəbi olduğunu bildirmiş və öz sistemlərini bu iki səbəbə əsasən qurmuşlar. Bu məntiqi başa düşmək həqiqətən də, çətindir. Əgər faizin haramlığı təəbbüdidirsə, bu səbəblər haradan çıxır? Əgər bu səbəblər vardırsa, onlar buna nə üçün təəbbüdi deyirlər?

İbn Abbasın rəvayət etdiyinə görə faizi haram buyuran ayələr Qurani-Kərimin ən axırıncı nazil olan ayələridir. Peyğəmbərimiz vida xütbəsində cahiliyyə dövrü faizinin aradan qaldırıldığını elan etdiyinə görə həmin ayələr bu əsnada nazil edilmiş ola bilər.

Həcc ibadəti qəməri ilin 12-ci ayı olan zülhiccə ayında yerinə yetirilir. Bu ayın 9-cu günü Ərəfata çıxılır. Vida həcci hicrətin 10-cu ilində həyata keçirilmişdir. Vida xütbəsi peyğəmbərimizin bu həcc ziyarəti əsnasında Ərəfatdakı danışığından ibarətdir. O, hicrətin 11-ci ilinin 3-cü ayı olan Rəbiüləvvəl ayının on ikisində bazar ertəsi günü səhər vaxtı vəfat etmişdir. ((Səfiyurrəhman Mübarəkfuri, ər-Rahiqul-məxtum, bəhs fi sirətin-nəbəviyyə, Beyrut, 1408/1988, s. 431.)) Faizin aradan qalxdığını elan etməsindən vəfatına qədər 3 qəməri ay və 3 gün keçib. Allahın elçisi Məhəmməd əleyhissəlam vida xütbəsində belə buyurmuşdur:

Cahiliyyə faizi aradan götürülüb. İlk faizi ləğv edirəm, bizim faizimizi, (əmim) Abbas ibn Abdulmüttəlibin faizini. Onun hamısı artıq ləğv edilmişdir. ((Əbu Davud, Mənasik, 57, 1905 nömrəli hədis.))

Burada ləğv edilən şey hamıya məlum olan faizdir. Buna görə də heç kim bu barədə sual soruşmaq ehtiyacı hiss etməyib. Bu hədisdən də başa düşülür ki, peyğəmbərimizin altı mal ilə əlaqədar olaraq qoyduğu qadağa faiz məsələsinin əsasını təşkil etmir.