Sual: Saç əkdirmək məsələsi dini nöqteyi-nəzərdən necə qiymətləndirilir?
Cavab: Türkiye Diyanet Vakfı-nın saç əkdirmək məsələsi ilə əlaqədar bir qərarı var. Həmin qərarla biz də həmfikirik. Qərarın mətni belədir:
“Hədis mənbələrində peyğəmbərimizin (s. a. v.) tökülən tüklərin yerinə saç taxdırmağa icazə vermədiyinə dair rəvayətlər mövcuddur.
a) Mədinəli müsəlman bir qadın (kəniz) ərə gedir, sonra xəstələnir və saçları tökülür. Ailə üzvləri bu qadına saç taxdırmaq istəyir və bu məsələnin dini hökmünü peyğəmbərdən soruşurlar. Peyğəmbər buna icazə vermir və deyir: “Saç taxana və taxdırana Allah mərhəmət etməsin (lənət etsin)”. ((Müslim, Libas, 117; Buxari, Libas, 83.))
b) Bir qadın peyğəmbərin yanına gəlir. Ərə vermək istədiyi qızının xəstəlik ucbatından saçının töküldüyünü və ona saç taxdırmaq istədiyini deyir. Peyğəmbər icazə vermir və deyir: “Allah saç taxana və taxdırana mərhəmət etməsin (lənət etsin)”. ((Müslim, Libas, 115.))
Peyğəmbərin saç taxdırmağı qadağan etdiyinə dair başqa rəvayətlər də var. ((Müslim, Libas, 116-120.)) Bəzi İslam alimləri bu hədisləri əsas tutaraq saç taxmağın dini cəhətdən düzgün olmadığını deyiblər. Lakin hədislər təhlil edildiyi vaxt məlum olur ki, peyğəmbər saç taxdırmağı insanları aldatmaq və yaradılışı dəyişdirmək baxımından qadağan edib; başqa sözlə desək, bu kimi cəhdlərin qarşısını alsın deyə, saç taxdırmağa icazə verməyib. ((Müslim, Libas, 120.))
Aldatmaq və yaradılışı dəyişdirmək məqsədi olmadan saç taxdırmaq isə hədislərdəki qadağaya daxil deyil. Yəni, saçı tökülən bir insanın müalicə olunmağı və yaxud təzədən tük bitirmək üçün dərman preparatlarından istifadə etməyi, eləcə də, saç əkdirməyində dini cəhətdən bir eyib yoxdur. Üstəlik saçı tökülən bir insan əgər bu vəziyyət onu psixoloji cəhətdən narahat edirsə, saç əkdirə bilər və qoyma saçdan (taxma saç) istifadə edə bilər”.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.