Müsəlmanlar

Banklardan kredit götürmək hansı hallarda halaldır?

Sual: Banklardan kredit götürmək hansı məcburi və zəruri hallarda halaldır?

Cavab: Kredit faizli borc deməkdir. Faiz isə İslam dininin ən ağır qadağalarından biridir.  Haramları mübah/icazəli ((Mübah sözü fiqhdə, yəni, İslam hüququnda haqqında icazə verilmiş, üzərində qadağa qoyulmamış hal və davranışları bildirmək ücün bir termin kimi işlədilir. Başqa sözlə, əgər bir hərəkət və ya davranış İslam dini baxımından haram, vacib və sairə kimi hökmlərə daxil deyilsə və dini məsuliyyəti olan şəxslər tərəfindən edilib-edilməməsi onların öz ixtiyarındadırsa, mübah hesab edilir.)) hala gətirən zərurət faktoru hamının öz istədiyi kimi başa düşüb tətbiq edəcəyi bir şey deyil.

Bizə tez-tez belə bir sual gəlir: “Axı mən çox çətin vəziyyətdəyəm. Kredit götürə bilmərəm?”. Unutmamaq lazımdır ki, maddi cəhətdən yaxşı vəziyyətdə olanlar onsuz da faizli borc alıb özlərini səbəbsiz yerə pis vəziyyətə salmırlar! Əsas odur ki, çətin vəziyyətə düşdüyün vaxt faizdən uzaq durasan. Allahın imtahanı da elə buradadır. Bu barədə Quran ayəsi də var:

“Əlbəttə, biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, can və məhsul qıtlığı ilə imtahana çəkərik. Səbr edənlərə müjdə ver!

O şəxslər ki, onlara bir müsibət üz verdiyi zaman: “Biz Allaha aidik və şübhəsiz ki, Ona dönəcəyik!”, – deyirlər.

Onların üzərində Allahın verdiyi kamilliklər və bərəkət vardır. Doğru yolda olanlar məhz onlardır!”. (Bəqərə, 2/155-157)

Başqa bir ayədə isə belə buyurulur:

“Ey iman gətirənlər! Səbr edərək və namaz qılaraq kömək diləyin. Allah səbr edənlərlədir!”. (Bəqərə, 2/153)

Buna görə də müsəlman insan bütün çətinliklərə baxmayaraq səbr etməli, daha çox işləməli və əsla harama iş görməməlidir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.