Müsəlmanlar

Aşurə günü bazarlıq

Sual: Deyilənə görə Aşurə günü bazarlıq etmək ruzi-bərəkəti artırır. Bu düzdür?

Cavab: Aşurə günü bazarlıq etməyin ruzi-bərəkəti çoxaltması, eləcə də həmin gün qüsl edənlərin 1 il ərzində xəstələnməməyi barədə deyilənlər dini cəhətdən heç bir əsası olmayan inanclardır. Bununla əlaqədar hər hansı bir Quran ayəsi və hədis yoxdur. Əshabələr və tabein tərəfindən də belə bir şey nəql olunmayıb. Bir sözlə, bu kimi şeylər qara camaat arasında yayılan, lakin heç bir istinad nöqtəsi olmayan şeylərdir. Belə şeylərin dini baxımdan heç bir qiyməti yoxdur.

Beyhəqi və Təbəraninin əsərlərində Aşurə günü ailəsinə qarşı səxavətli olanlara Allahın da 1 il ərzində səxavət göstərəcəyinə dair bir hədis rəvayət olunur. Həmin rəvayətin bütün istinadları hədis elmində zəif qəbul edilən yollarla nəql edilib. Cəlaləddin Süyuti: “Bu zəif yollar ümumilikdə bir-birini dəstəkləyir və hədisi qüvvətləndirir”, – desə də, İmam Zərkəşi bu barədə: “Əsli yoxdur, əsassızdır, bu söz Muhəmməd ibn Əl-Müntəşirə məxsusdur”, – deyə qeyd etmişdir. ((Geniş məlumat üşün baxın: Əliyyul-Qari, Əl-Əsrarul-Mərfuə, s. 345-346, hədis nömrəsi: 532; Səxavi, Məqasidul-Həsənə, s. 504-505, hədis nömrəsi: 1193; Əcluni, Kəşful-Xəfa, 2-ci cild, s. 283-284, hədis nömrəsi: 2642.))

Zəif olsa da, yəni, bu cür qəbul edilsə belə, nəql olunan bu hədisdən Aşurə günündə bazarlıq etməyin ruzi-bərəkət gətirəcəyinə dair bir qənaətə gəlmək düzgün deyil. Başqa sözlə, buradan belə bir nəticə çıxmır.

Buna oxşar bir rəvayət isə aşağıdakı kimidir:

“Allah İsrail oğullarına ildə bir dəfə oruc tutmağı buyurdu. Həmin gün Aşurə günüdür. O gün Məhərrəm ayının 10-cu günüdür. O gün oruc tutun və ailənizə qarşı səxavətli olun. Çnki Allah həmin gün Adəm peyğəmbərin (ə. s.) tövbəsini qəbul edib”.

Bu hədis uydurmadır. ((Məlumat üçün baxın: Şövkani, Fəvaidul-Məcmuə, s. 96, hədis nömrəsi: 283.))

Türkiyə Diyanət Vəqfinin nəşr etdiyi İslam ensiklopediyasının “Aşura” bəndində aşağıdakı məlumatlar mövcuddur:

“Aşurə günü oruc tutmağın fəziləti ilə əlaqədar səhih (mötəbər) hədislər var; amma həmin gün yuyunmaq, gözlərə sürmə çəkmək, bəzənib düzənmək, xına qoymaq, bayramlaşmaq, hədik bişirmək, sədəqə vermək, məscidləri ziyarət etmək, qurban kəsmək kimi məsələlərə dair hər hansı bir səhih rəvayətə təsadüf edilməyib. Çox güman ki, hədis kimi təqdim olunan mətnlərin bir çoxu əslində hədis deyil və bunlar Cahiliyyə dövrünün adət-ənənələrinə və Yəhudi mədəniyyət və adətlərinə əsaslanır. Başqa sözlə, öz mənşəyini bu mədəniyyət və adətlərdən alır. Çünki mənbələrdə bu deyilənlərin peyğəmbər (s. a. v.) və əshabələri tərəfindən həyata keçirildiyini göstərən hər hansı bir qeyd və məlumat mövcud deyil. Misal üçün, “Aşurə günü sürmə çəkən həlak olmaz”, “Aşurə günü qüsl alan o il xəstələlik üzü görməz” qəbilindən olan rəvayətlər ancaq son dövr kitablarına daxil edilmişdir. İbn Teymiyyənin ifadəsinə əsasən bu kimi məsələlər Əhli-Beytə nifrət edən, yəni, Əhli-Beyti sevməyən Nasibilər tərəfindən uydurulub”. ((MƏNBƏ: Yusuf Şevki Yavuz, Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi, 4-cü cild, səhifə 25.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.