Müsəlmanlar

Nizami Gəncəvi və Sufizm.

 

Nizami Gəncəvi Süfizmin təsirinə düşübmü?

Məlum olduğu kimi klassik şərq ədəbiyyatında irfani konsepsiyalardan yetərincə istifadə edilmişdir. Eləcədə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və şərq dünyasının mütəfəkkiri olan Nizami Gəncəvinin ərsəyə gətirdiyi əsərlərdə, insanın yaradılışı, onun mükəmməllik vəziyyəti, dünyanın vəfasızlığı, ölümdən sonrakı həyatı, günahlardan dönüş (tövbə), təcrid (nəfsani istəklərə məhdudiyyət qoyma) və digər irfani konsepsiyalar yer almışdır. Buna görə də Nizami şerlərində əsasən irfani kamilliyə əsaslanması və şeirlərində zahidlik, saflaşma, dünyəvilik və təcrid aspektləri üstünlük verməsi heç də təsadüfi deyil.

XI-XII əsrlərdə yəni Nizaminin yaşadığı dövrdə təsəvvüfi fikirlərin, süfiliyin geniş yayıldığlı bir dövrdür. Qeyd etmək lazımdır ki, Süfilik və ya Sufizm orta əsrlərdə şərq coğrafiyasında gеniş yayılmış fəlsəfi, mistik düşüncə və davranış sistеmidir. Bu əsrlərdə təsəvvüf məfkurəsi də dövrün qələm adamlarının əsərlərinə öz təsirini qoymuşdur. O cümlədən, Nizami Gəncəvi şeirlərində təsəvvüf terminləri kimi tanıdığımız ibarələri insanlara öyüd nəsihət vermək üçün bir vasitə kimi istifadə etmişdir. Bu kimi ibarələrlə şeirinə zənginlik qatmış və insanların daha asan başa düşmələrini saxlamışdır.

Nizaminin ərsəyə gətirdiyi əsərlər bir daha sübut edir ki, o, hər hansı bir sufi təriqətinə mənsub olmamış və əksinə sufizm məktəbinin məşhur ana xətti olan tərkidünyalıq, biganəlik kimi düşüncələri təkzib etmişdir. Lakin buna baxmayaraq dövrünün sufilərinin işlətdiyi bəzi ibarələrdən seçmələri öz əsərində istifadə etmişdir. Bu onun sufiliyə meyilli olduğu üçün deyil, dövrün ictimai dilində müraciət etməsi səbəbilə idi. Baxmayaraq ki, bəzi tədqiqatçılar idda etmişlər ki, Nizami sufilik təriqərtlərinin birinə meyilli olmuş və öz təsəvvüf yolunu məşhur təsəvvüf şeyxi Şeyx əxi Fərəc Zəncanidən almış və ona tabe olmuşdur. Lakin bu fikir təsdiqini tapmamış, əksər tədqiqatçılar tərəfindən absurd hesab edilmiş, qəbul edilməmişdir. Əlavə olaraq bunu da qeyd etmişlər ki,  əgər şairin Süfi ustadı olmuş olsaydı, o şübhəsiz onun adını əsərlərində qeyd etmiş olardı ya da onunla eyni dövrdə və ya ondan sonra yaşamış şairlər Nizami haqda qeydlərində bu nöqtəyə toxunardılar. Nizaminin yazdığı aşağıdakı beytə nəzər salaq:

منکه درین شیوه مصیب آمدم دیدنی ارزم که غریب آمدم

شعر به من صومعه بنیاد شد شاعری از مصطبه آزاد شد

زاهد و راهب سوی من تاختند خرقه و زنار در انداختند

سرخ گلی غنچه مثالم هنوز منتظر باد شمالم هنوز

Hər hücrəyə köçürdüm şeri, şeriyyəti mən,

Çıxartdım meyxanədən, ucaltdım sənəti mən.

Birdəfəlik tullayıb zünnar ilə xirqəni,

Zahidlər, rahiblər də gəlib tapdılar məni.

İndi mən al-qırmızı bir qönçəyə bənzərəm,

Quzey rüzgarlarını durub burda gözlərəm. (Sirlər Xəzinəsi)

Yuxarıdakı beytdən də məlum olur ki, Nizami şəxsən heç bir sufi təriqətinin mənsubu olmayıb, onun yaradıcılığı dövrünün bəzi sufilərinin ona meyillənməsinə gətirib çıxarmışdır. Əgər Nizami Sufi oslaydı yuxarıdakı beytə “zahidlər, rahiblər öz xirqələrini birdəfəlik tullayıb gəlib məni tapdılar” deməzdi. Məlumdur ki, sufiilikdə, sufi öz xirqəsini birdəfəlik tullayırsa, sufilikdən ayrılır deməkdir. Belə çıxır nəinki Nizami sufi olmayıb, əksinə sufilər sufilikdən imtina edərək ona tərəf gəliblər.

Müəllif: Əli Rzazadə (Şərqşünas-araşdırmacı yazar).