Müsəlmanlar

Qisasda “qadına qarşılıq qadın öldürülür” ayəsini necə başa düşəcəyik?

Cavab: Bəqərə surəsi 178-ci ayəsinə: “Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə vacib edildi. Azad şəxsi azad şəxsə, qulu qula, qadını qadına qarşılıq (qisas edə/öldürə bilərsiniz)…” deyə, məal verilmiş və oxuyucu buradan “azad şəxs ancaq azad şəxsə qarşılıq, qul qula, qadın da qadına qarşılıq öldürüləcəyini başa düşməkdədir. Ərəbcə mətinində də izahata yer verilmədən Allah bu cür əmr etmiş. Çünki, ərəblər bu ayədən çox gözəl başa düşürlər ki, “Azad şəxsi öldürən, o azad şəxsə qarşılıq, qulu öldürən o qula qarşılıq, qadını öldürən də o qadına qarşılıq qisas edilir/öldürülür.” Yəni öldürən/qatil, öldürdüyü həmin şəxsə qarşılıq öldürülür. Əslində məal da bu şəkildə olmalıdır.

Təəssüf ki, ənənə din mənsubları bu ayədən, insanları siniflərə bölərək, öldürən öldürülənin dəngi isə və eyni cinsdən isə öldürüləcəyinə qərar vermişlər. Beləliklə, ərəbcə mətinini və mənasını təhrif edərək həm məallarda həm də təfsirlərdə haqq-ədalətə sığmayan hökmlər çıxarmışlar. Misal üçün, demişlər ki; “Azad insanla qul arasında, qadınla kişi arasında bir bərabərlik yoxdur və bu səbəblə azad insan qula qarşılıq, kişi qadına qarşılıq öldürülə bilməz. Əgər öldürülən kafir isə, kafir, küfrü səbəbilə heyvan səviyyəsindədir.” (Cəssas, “Əhkamul Quran”, c. I, s. 140). İmam Əliyə də istinad etdikləri: “Müsəlman kafirə görə qisas edilməz” rəvayətindən yola çıxaraq, bir müsəlmanın kafirə görə qisas edilməyəcəyi fətvasını çıxarmışlar. Beləcə, bir kişi birinin arvadını öldürübsə, artıq əri həmin qatilin qisasını istəyə bilməz. Sadəcə diyətini istəyə bilər. Nəticədə bu cür qeyri-adi baxış tərzləri ilə qeyri-adil hökmlər ortaya qoymuşlar.

Halbuki bu məsələdə öldürən insanın öldürülməsi əsasdır.

İndi biz, verdiyiniz sualı özümüzdən deyil, Qurandan İsra surəsi 33-cü ayəsindən cavablayacayıq: “Allahın, (öldürülməsini) haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Kim haqsız yerə öldürülmüşsə, artıq onun varisinə ixtiyar vermişik (istəsə bağışlayar, istəsə qisas tələb edər, istəsə də qanbahası alar). Lakin o da qisas aldıqda həddi aşmamalıdır. Çünki ona artıq kömək olunmuşdur.”

Ayədən gördüyümüz kimi bir: “şəxsi haqsız yerə öldürməyin…” buyrulur. Başqasını öldürməyən bir şəxsi qisas deyə öldürmək özü bir haqsızlıq deyilmi? Eyni zamanda ayədə: öldürülən şəxsi öldürmək səlahiyyəti dövlət və hakim orqanlara deyil, öldürülənin yaxınlarına verildiyini görürük. Yəni, cinayəti dövlət tərəfindən isbat olunduqdan sonra icrası, kəffarəti ya da bağışlanması öldürülənin yaxınlarına aiddir.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

Ölüm hökmü: Qisas və Edam

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.