Müsəlmanlar

Təqlid nədir? Dini öyrənmək üçün kimisə təqlid etməliyik?

Təqlid nədir?

Dini öyrənmək üçün kimisə təqlid etməliyik?

Təqlid (تَقْليد) kəlməsi, “təqib etmək, bir şeyi boynuna taxmaq, bağlanmaq, arxasına düşüb izləmək” mənalarına gəlir.

Təqlid, bir insanı, ortaya qoyduğu fikirlərini və yorumlarını incələmədən, düşünmədən kor-koruna təqib etməkdir. Təqliddən təəssüb yaranır ki təəssüb, qəbul etdiyi bir görüşü ya da insanı kor-koruna müdafiə etməkdir. Biz buna fanatizm də deyirik.

Qurani Kərim, insanları təqliddən, təqlidçilikdən uzaqlaşdırmağa və oxuyub öyrənməyə təşviq edən bir kitabdır. Bu səbəblə ilk əmri “ Oxu!” olmuş və ən çox nazil olan ayələrdə “niyə düşünmürsüz, ağlınızı işlətmirsiz?” kimi ifadələr yer almışdır.

Təəssüf ki, ənənəvi din mənsubları hər hansı bir məzhəbi və o məzhəbin alimlərini təqlid etməyi vacib görmüşlər. Eynilə, Yəhudi və Xristianlarda olduğu kimi. Məkkə müşrikləri də təqlid məsələsində eyni fikrə sahib olmuş və özlərinin İbrahimin dinində olduğunu iddia etmişlər. Peyğəmbərimizin gətirdiklərinə qarşı belə deyirdilər:

Onlara: “Allahın nazil etdiyinə və elçisinə (gətirdiklərinə) tərəf gəlin!” – deyildiyi zaman: “Atalarımızın getdiyi yol bizə bəsdir”, – deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə, onda necə?!” (Maidə 5/104)

Bir başqa ayədə: “Onlara: ‘Allahın nazil etdiyinə itaət edin!’– deyildikdə, onlar: ‘Yox! Biz əcdadımızın (sələfin) getdiyi yolu tutub gedəcəyik!’– deyərlər. Əgər şeytan onları (Cəhənnəm) odunun əzabına doğru sürükləyirsə necə olsun?” (Loğman, 31/21.)

Məkkə müşrikləri, “biz sənə deyil, babalarımızın qulluq etdiyinə qulluq edərik. Çünki onlar bizdən daha elmli və daha xeyirli idilər” kimi sözlərlə qarşılıq verirdilər.

Özlərini sələf adlandıran insanların da tez-tez dilə gətirdikləri buna bənzər sözlər sizə də yad deyil. Şiə məzhəbinə mənsub olanlar da onlardan geri qalmır və hər şiənin özünün “mərci-təqlidi” var. Üstəlik Şiə, təqlid məsələsində təkcə bir insanın dini biliyini deyil, eyni zamanda həmin insanın nəsəbini də nəzərə alırlar.

Peyğəmbərimiz əleyhissəlam, Allahın nazil etdiyi kitabı tərk edən və öz din xadimlərini müqəddəsləşdirən, onlara kor-koruna bağlı qalanlar üzərindən bu ümmətin düşdüyü vəziyyəti 1400 il əvvəlcədən belə xəbər verir:

“Siz, sizdən əvvəlkilərin izini arşın-arşın, qarış-qarış təqib edəcəksiniz. Onlar bir kərtənkələ yuvasına girmiş olsalar, siz də girəcəksiniz. Dedik ki; yəhudi və xristianlarımı (təqib edəcəyik?)? Əlbəttə, bəs kimi olacaq ki?”- dedi.[1]

Fəxrəddin Razi, İslam aləminin əhli Kitabla eyni aqibətə məruz qalmasını, müəllimi vasitəsiylə belə çatdırır:

“Fakihləri təqlid edən bir qrup gördüm. Bəzi mövzularla əlaqədar olaraq bir çox ayə oxudum. Məzhəb fikirləri bu ayələrə zidd idi. Bu ayələri qəbul etmədilər və heç iltifat göstərmədilər. Təəccüblə mənə baş qaldırdılar. “Əcdadımız belə dediyi halda bu ayələrin zahiriylə necə əməl edilə bilər?”- dedilər. Artıq bu xəstəliyin bir çox dünya əhlinin damarlarına nüfuz etdiyini görürsən.”[2]

Əhli Beyt imamlarının heç biri təqlidi xoş görməmişdir və özlərini təqlid etmək barədə onlar adından edilən rəvayətlərin hamısı əsassızdır.

Məzhəb imamlarından Əbu Hənifə, müqəllidləri tənqid edərək belə deyir: “Hardan aldığımı bilmədiyiniz sözümü qəbul etməyiniz halal olmaz.” Dəlilimi bilmədən mənim görüşümlə fətva verənə ayıb olsun!»

İ. Malik, “Mən bir insanam. Düz də deyə bilərəm, səhv də. Görüşümə baxın: Kitab və Sünnəyə uyğun isə alın, deyilsə tərk edin!”
İslam alimlərindən Elmalılı Hamdi yazır: Yəhudi və Xristianlar, Dində hökm qoya bilmə hüquqlarının olduğuna inanmışlar. O halda yəhudi və xristianları müahizə etdiyimiz kimi öz din alimlərimizə, ülul-əmr adlanan dövlət başçılarımıza itaəti də Allaha itaət ölçüsündə etməliyik. Bu səbəbdən, bir kimsənin Allahın əmrinə uyğun davranıb davranmadığını hesaba qatmayaraq, onun əmrinə tabe olmaq və xüsusilə dinin hökmləri açıq olan xüsuslarda onu hökm qoyma səlahiyyətlisi bilib; nə desə, nə əmr etsə doğru fərz etmek, Allahın əmrinə tərs düşməyini düşünmədən, onun əmrlərini ibadət edərcəsinə yerinə yetirmək onu Rəbb olaraq qəbul etmək və ona ibadət etmək deməkdir.”[3]

Təəssüf ki, İslam aləmi əsrlərdir Yəhudi və Xristianlar kimi öz din xadimlərini Rəbb qəbul etmişlər. Yəni, sırf Rəbbimizə məxsus səlahiyyətləri öz din xadimlərinə vermişlər.[4]

Uca Allah, insanların bir birinə qul olmaması və bir birini kor-koruna təqlid etməmələri üçün düşünmək qabiliyyəti vermiş və Kitabı hər kəsin başa düşəcəyi şəkildə nazil etmişdir ki, sonra bir bəhanələri qalmasın:

“…Həlak olan da açıq bir dəlillə həlak olsun, yaşayan da açıq bir dəlillə yaşasın…” (Ənfal 8/42)

Təqlidçilik, insanların yaradılış qayəsinə də ziddir və daha çox heyvanlara məxsusdur. Təqlidçi insanlar, yaradıcı olmazlar və özlərinə təqdim olunanları doğru əyri olduğunu muhakimə etməkdən çox kor-koruna müdafiə etməyə çalışırlar. Belə insanların əksəriyyətinin dünyada doğru yola gəlməyəcəyi və axirətdə böyük peşmançılıq çəkəcəkləri Qurani Kərimdə belə  bildirilir:

“Üzləri odda o yan bu yana döndəriləcəyi gün onlar deyəcəklər: “Kaş biz Allaha itaət edəydik, kaş ki Elçisinə itaət edəydik!” Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz əfəndilərimizə (din xadimlərinə) və böyüklərimizə (qəbilə və dövlət başçılarına) itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar. (Əhzab 66-67)

“Rəbbinin hüzurunda; zəif olanlar təkəbbürlü kimsələrə: “Əgər siz olmasaydınız, biz mömin olardıq!” – deyəcəklər. Təkəbbürlənənlər isə zəiflərə belə deyəcəklər: “Sizə doğru yol gəldikdən sonra sizi (doğru yoldan) bizmi döndərdik? Əksinə, siz özünüz günahkar idiniz. Zəiflər də təkəbbürlənənlərə: “Əksinə, siz gecə-gündüz hiylə qururdunuz. O zaman bizə Allahı inkar etməyimizi və Ona şəriklər qoşmağımızı əmr edirdiniz”, – deyəcəklər. Onlar əzabı gördükləri zaman peşmançılıqlarını gizlədəcəklər. Biz kafirlərin boyunlarına zəncirlər vuracağıq. Onlar yalnız etdikləri əməllərə görə cəzalandırılacaqlar.” (Səba31-33).

Dünyada hər bir insan üçün ən dəyərli şey, doğru biliyə yiyələnməkdir. Ancaq bu kifayət deyil, gərək əldə etdiyin bu biliyə əməl edib onu doğru məqsədlərə yönləndirməyi bacarasan. O zaman insanlığımızdan zövq alar, dünya və axirət səadətinə nail olmuş olarıq. Bu kimi dəyərlərdən məhrum qalan, doğru-əyri və halal-haram dərdi olmayan məsuliyyətsiz insanlar, dünyanı da axirətini də məhv edərlər. Öyrəndikləri və həyata keçirmək istədikləri şeylər sadəcə öz mənfəətlərinə uyğun olanlarıdır. Bunlar çoxunluqdadır və bilə-bilə həqiqətlərin üstünü örtər, görməzlikdən gələrlər. Məsuliyyət daşımaqdan qaçdıqları üçün inkara baş vurur və bilmədikləri şeyləri iddia edib onun arxasına düşərlər. Onların bu psixoloji halını Rəbbimiz belə xatırladır:

“Əgər yer üzündəkilərin çoxuna tabe olsan, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və yalan uydururlar.” (Ənam, 6/116)

Elə bunun üçün Rəbbimiz bir başqa ayəsində Elçisinə və bizə belə tövsiyə edir:

وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِه۪ عِلْمٌۜ اِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤٰادَ كُلُّ اُو۬لٰٓئِكَ كَانَ عَنْهُ مَسْؤُ۫لًا (İsra 36)

Uca Allah, dində  bilməyimiz vacib olan xüsusları bizə Quranda açıq-aşkar bildirmişdir. Ancaq bilmədiyimiz xüsuslar vardır ki, bunu da dində kamilləşmiş, Quran üzərində çalışmış elm adamlarından soruşmalıyıq. Çünki Allah bu haqda belə buyurur: “Bilmədiyinizi zikr əhlindən[5] soruşun.”  (Nahl, 16/43)

Əlbəttə ki soruşub öyrəndiyimizi təqlidə yol verməmək üçün, doğru olub-olmadığını bilmək üçün Allahın kitabına, insan fitrətinə uyğun olub olmadığına baxmalıyıq.

Peyğəmbərimiz əleyhissəlam, Muaz ibn Cəbəli Yəmənə göndərəndə ondan soruşur ki; nə ilə hökm edəcəksən?”

Muaz: Allahın kitabıyla!

Peyğəmbər: “Onda tapa bilməsən?

Muaz: Onda Sünnə[6] ilə: (Buradakı Sünnə təkcə Muhəmməd  (əs.)ın deyil, Allahın və əvvəlki elçilərin göstərdiyi, tutduğu yol, iz deməkdir.)

Peyğəmbər: Əgər onda da olmasa?

Muaz: Onda öz rəyimlə hökm edərəm, deyir.[7]

Bir müsəlmanın rəyi, əlbəttə Qurana, Sünnəyə uyğunluğa əsaslanmalıdır. Rəvayət edilən hədisdə də; bir müsəlmanın qarşılaşdığı hər hansı məsələdə ilk öncə Qurana baxması lazım olduğu vurğulanmaqdadır. Təəssüf ki məzhəblər, yəni ənənə dininin mənsubları hər hansı bir məsələdə öz məzhəbinə və din xadimlərinin bu barədəki görüşlərinə yönəlirlər.

Əsrlərdir İslam aləmi, özlərindən əvvəlki ümmətlər kimi: Dinləri, Allah adından din xadimlərinin əlinə keçmiş bir ümmət halına gəlmişdir. Dünya insanlarının əksəriyyəti, öz din xadimlərinin təqdim etdiyi dini təqlid etməkdə davam edir.

MÜƏLLİF: AYDIN Mülayim.

[1] Buxari, “İtisam əs-Sünnə”, 14, həd., 7320, 4/368; Nişaburi, Əbu Muhamməd Fəzl b. Şazan b. Malik əl Əzdi, “əl-İzah”, s. 189..

[2] Razi, eçə., c. VI, s. 31.

[3] Elmalılı, Hamdi Yazır, eçə., c. IV, s. 318.

[4] Ətraflı məlumat üçün bax: https://www.muselmanlar.com/elanlar-xeberler/7333.html

[5] Zikr, doğru biliyi zehndə hərəkətə keçirmək, dilə və əmələ dönüşdürməkdir. Bu səbəblə zikr sahiblərinə; sağlam düşüncə, əqli səlim, mütəxəssis kimi mənalar verilir.

[6] Sünnə, “yol, iz” deməkdir. Quranı Kərimdə Nəbimizin sünnəsindən deyil, Allahın qoyduğu Sünnədən bəhs edər. Din xadimləri insanlara Sünnə anlayışını belə doğru təqdim etməmişlər. Ətraflı məlumat üçün bax: https://www.muselmanlar.com/elanlar-xeberler/13623.html

[7] Tirmizi “Əhkam” 3.