İslamda qəbir evi və qəbristanlıq
Müsəlmanlar > Düşüncə sahəsi > Fitvalar > Qəbristan-Qəbir ziyarəti Tarix: 25 Ekim 2011 Tövsiyə et Çap et

İSLAMDA QƏBİR EVİ VƏ QƏBRİSTANLIQ

Elşad Miri

Qəbir ölən adamın torpağa basdırıldığı yerə deyilir. Ərəb dilindən dilimizə keçən bu sözün cəmi “qubur”dur. Qəbir həyatı bir mənada Axirətin giriş qapısı və başlanğıcı sayılır. Ölən adam istər qəbirdə dəfn edilsin, istər yırtıcı heyvanlar parçalasın, istər odda yanıb külləri dağılmış olsun, istərsə də suda boğulsun, heç bir fərqi yoxdur, onun üçün qəbir həyatı başlamış olur.

Qəbirlərin hazırlanması

Qəbir hazırlanarkən bu məsələlərə diqqət etmək lazımdır. Qəbir bir adamın boyu və ya sinəsinə qədər qazılmalıdır. Bunda məhdudiyyət yoxdur. Torpaq bərk olarsa, qəbrin qiblə tərəfindən bir yer açılır. Əgər torpaq dağıla biləcək qədər yumşaq olarsa, onda qəbrin ortasında ölünün sığacağı qədər yer qazılır və ora dəfn edilir. Həzrəti peyğəmbərin qəbri də qəbir qazılandan sonra, qiblə tərəfə açılan yerə yerləşdirərək basdırılıb.

İslam alimləri qəbirlərin torpaqdan başqa sement əlavə edərək suvanmasının, öz torpağına başqa torpaq əlavə edilərək çox hündür olmasının, sinə daşı qoymağın dinə uyğun olmadığını bildiriblər.
Bundan başqa, qəbirlərin üzərinə günbəz, qübbə kimi əlavə tikililərin İslama zidd olduğunu qeyd ediblər. Baş daşının mərmər kimi bahalı daşlardan hazırlanmasının və üzərinə ölünü mədh edən yazıların yazılmasının caiz olmadığı yönündə həmfikirdirlər. Bunun əvəzində isə qəbrin yerdən bir-iki qarış yüksəldilməsini, baş tərəfinə bir daş qoyulmasını və ölünün adının yazılmasına isə etiraz etməyiblər. Ancaq qəbrin üstünə məscid kimi binalar inşa etdirərək, məbəd halına gətirilməsi qəti qadağandır. Həzrəti peyğəmbərin xanımı həzrəti Aişə Allah Rəsulunun axırıncı xəstəliyi əsnasında belə dediyini bildirib:

“Peyğəmbərlərinin qəbrini məbəd halına gətirənlərə Allah lənət etsin.”

Həzrəti Aişə deyir ki, əgər Allah Rəsulunun bu sözləri olmasaydı, onun da qəbri kənardan görsənəcək şəkildə düzəldiləcəkdi.

İslam dini israfı qadağan edib. İsraf malın lazım olmayan yerlərə, necə gəldi xərclənməsi və sərf edilməsi deməkdir. Ac, paltar almağa belə imkanı olmayan, qabiliyyəti olduğu halda oxumağa gücü çatmayan, evlilik yaşına çatdığı halda evlənə bilməyən, işsiz, ehtiyacı olan müsəlmanlar olduğu halda, həddindən artıq pul xərcləyərək bər-bəzəkli qəbirlərin tikdirilməsi, hətta heykəllərin qoyulması Allahın qadağan etdiyi israfdan başqa bir şey deyil.

Qəbristanlıq

Ölülərin basdırıldığı və məzarlıq deyilən sahə qəbristanlıq adlanır. İslam dini insana sağlığında olduğu kimi, öləndən sonra da lazım olan dəyəri verib. Öldüyü andan etibarən davranış tərzini də bildirib. Torpağa basdırılandan sonra insanın Qiyamətə qədər qalacağı yer qəbristanlıqdır. Buna görə də, İslam dini qəbristanlığın nizam-intizamlı düzəldilməsini, təmizlənməsini və yaşıllaşdırılmasını tövsiyə edib. İslam bununla ölənin cəsədinə yox, onun xatirəsinə dəyər verib. Həzrəti peyğəmbər də: “Ölülərinizi xeyirlə yad edin”, – deyib.

Müsəlmanlara aid qəbirlər çox sadə olmalıdır. Məsciddə Allahın qarşısında vəzifəsindən asılı olmayaraq, insanlar cərgədə dayanıb namaz qıldıqları kimi, qəbirləri də cəmiyyətdə tutduğu mövqeyindən və vəzifəsindən asılı olmayaraq eyni olmalıdır. İslamın ruhuna uyğun olan budur. Qəbristanlığa cənazə ilə birlikdə və ya daha sonra gül, çələng, əklil gətirərək qəbrin üstünə qoyulması İslamda yoxdur.

Qəbirlərin köçürülməsi

Qəbirləri başqa bir yerə daşımağa ehtiyac olmasa, köçürülməsi qadağandır. Bir qəbir nə qədər köhnə olsa da, ona ehtiyac qalmasa, buranın qəbristanlıq kimi qorunması lazımdır. Bu yerləri satmaq, orada binalar inşa etmək və bu məqsədlə də qəbirlərdəki sümükləri başqa yerə daşımaq ölülərin haqqını çeynəməkdir. Ancaq su basarsa, yol çəkilərkən qəbristanlıqdan keçməlidirsə, həmin yeri başqa yerə köçürmək olar.

Heç bir ehtiyac olmasa, qəbir açılmamalıdır. Bir ölünün cəsədi, sümükləri tamamilə torpağa qarışıbsa, həmin yerə başqası dəfn edilə bilər. “Bir qəbrə yeddi ölü basdırılmalıdır” inancı İslamla bağlı bir məsələ deyil. Ancaq həmin bölgədə cəsədi dəfn edəcək başqa yer qalmayıbsa, ondan əvvəlki sümüklər toplanır, onlar bir kənara qoyulur və yeni basdırılan cəsədlə arasına bilinməsi üçün bir nəsnə qoyularaq dəfn edilir.

Bir neçə cəsədin eyni qəbirdə basdırılması düz deyil. Lakin məcburiyyət halında aralarında bilinmələri üçün nəsnələrə qoyularaq, bir məzarda bir neçə cəsəd basdırılmasında bir maneə yoxdur. Həzrəti peyğəmbərin dövründə İslamın ən böyük savaşı olan “Uhud” müharibəsində şəhid olanlar bu üsulla eyni yerdə basdırılıblar.

İslam ölkələrində yaşayan zimmilərin (yəhudi və xristianların) də qəbirlərinə toxunmaq olmaz. Onların qəbirləri də müsəlmanların qəbirləri kimi qorunmalıdır. Onlara sağ olduqları vaxt əziyyət etmək haram olduğu kimi, qəbirlərinə də toxunulmamalıdır.

Qəbir ziyarəti

Qəbirləri ziyarət etmək olar. Qadınların qəbirləri ziyarət etməsinə isə səs çıxararaq ağlamaları, saçlarını yolmaları kimi İslamın qadağan etdiyi hərəkətləri etmədikdə təqdirdə, onların qəbirləri ziyarət etməsinə icazə verilir. Hətta həzrəti peyğəmbər övladının qəbri üstündə səssiz ağlayan bir qadına səbr tövsiyə edərək, onun gəlməsinə heç nə deməyib. Həzrəti peyğəmbər İslamın yeni gəldiyi dövrlərdə tövhid inancının tam yerləşmədiyi və cahilliyə ənənələrinin davam etdiyi dövrdə qəbir ziyarətin həm kişi, həm də qadınlara yasaqlamış, lakin İslamın ürəklərdə köklənməsindən sonra bu qadağanı götürüb: “Sizə qəbir ziyarətini qadağan etmişdim. İndən sonra qəbirləri ziyarət edə bilərsiniz” demişdi.

Qəbir ziyarəti əvvəlki dövrlərdə ölülərdən kömək istəmək, hətta sitayiş etmək dərəcəsinə qədər geniş yayılmışdı. İslam gələndən sonra Allah Rəsulunun bir müddət qəbir ziyarətinə qadağa qoymasının əsas səbəbi də bu idi. Yəhudi və xristianlar əziz və müqəddəs saydıqları insanların qəbirlərini sitayiş yeri halına gətirmişdilər. İslamdan əvvəlki cahiliyyə dövründə də qəbirlərə səcdə, bütlərə sitayiş edilirdi. Bütpərəstlik böyük qəbul edilən bəzi insanların heykəllərinin düzəldilməsini, həmin heykəllərə hörmət və təzim edilməsiylə başlamışdı. Nəticədə isə bu heykəllər bütlərə, onlara təzim edənlər isə bütpərəstlərə çevrilmişdilər. İslam dininin məqsədi isə Allahı yeganə yaradan olaraq tanıyıb, ancaq Ona ibadət etməyi insanların ürəklərinə yerləşdirmək idi. Həzrəti peyğəmbərin əvvəllər qəbir ziyarətini qadağan etməsi də belə bir qorxuyla bağlı idi. Azərbaycanda bu gün minlərlə dollar xərclənən qəbirlər və qəbir daşları da göstərir ki, bu qorxu heç də əbəs yerə olmamışdı. Heç bir qorxu olmadığı illərdə isə qəbir ziyarətinə Axirəti xatırlatdığı üçün icazə verilib. Və Allah Rəsulu da Məkkə səfəri əsnasında anası Əminənin qəbrini ziyarət edib və səssiz ağlamışdı.

Qəbir ziyarətinin faydaları

1. İnsana ölümü və Axirəti xatırladır, ibrət almağa səsləyir.

2. Həddindən artıq həvəslə dünyaya bağlılıq və haram işləməyə mane olur. İnsanı yaxşılığa yönəlməyə vadar edir.

3. Ziyarət insanın keçmişi, dini, mədəniyyəti və tarixi bağlarının güclənməsinə və xatırlanmasına yardım edir.

Həzrəti peyğəmbər qəbristanlığa girərkən bugünki “din bilginləri” kimi “Fatihə” oxumayıb. Sadəcə: “Ey möminlər və müsəlmanlar diyarının əhalisi, sizə salam olsun. İnşallah, biz də sizə qatılacağıq” deyə dua oxuyardı.

Qəbir ziyarəti əsnasında məzarlıqda namaz qılınmaz. Qəbirlərdə məscid inşa etmək qəti olmaz. Qəbrə tərəf də namaz qılmaq olmaz. Qəbirlərdə şam qoymaq və yandırmaq doğru deyil. Bu, xristian adətidir. Həm boş yerə pul xərcləndiyi üçün, həm də qəbirlərə təzim məqsədilə şam yandırılmasını Həzrəti peyğəmbər qadağan edib. Halbuki, bu gün bəzi məscidlərimizdə də “nəzir” qazanmaq məqsədilə şam satırlar. Bu isə İslamın ruhuna ziddir. Qəbrin üstündə oturmaq və ya məzarların üstündə gəzmək xoş qarşılanmır. Qəbristanlıqdakı yaşıl otları və ağacları kəsmək məkruhdur. Qəbrin yanında qurban kəsmək Allah üçün kəsilsə də olmaz. Hələ ölünün ruhunu şad etmək və ya ondan kömək gözləmək məqsədilə kəsilməsi isə haramdır. Hətta bunun şirk olduğunu söyləyən İslam alimləri də var. Qəbirlərin başında dönmək də olmaz. Müxtəlif məqsədlərlə məzar daşlarına parça, dəsmal, cındır kimi nəsnələr bağlamağın da insana bir xeyri olmadığı halda, dini yöndən zərəri var. Bəzi qəbirlərin xəstəlikləri müalicə etdiyinə, hətta bəzilərinin əməliyyat etdiyinə inanmaq və bunların daş, tütyə, torpaq və ağaclarını müqəddəs saymaq İslamın təkallahlıq inancı ilə bir araya sığmayan, qadağan olunmuş davranışlardır.

Müəllif: Elşad Miri

Mənbə: http://www.elshadmiri.com/modules/news/article_storyid_18.html

24.10.2011

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
4.441 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Dara düşdüyümüz vaxt qəbirlərdən kömək diləməklə əlaqədar bir hədis var? 10.03.10 3.181 dəfə oxundu
2 Qəbirlərin təhqir edilməsinə münasibət 01.11.13 1.505 dəfə oxundu
3 Qəbir ziyarəti 29.06.09 4.019 dəfə oxundu
4 Qəbir əhlindən bir şey istəmək olarmı? 25.05.16 1.393 dəfə oxundu
5 Heyzli qadının qəbir üstünə getməsi 29.06.09 3.850 dəfə oxundu
6 Qəbirstanlıqlarda radiodan Quranın yayınlanması nə dərəcədə doğrudur? 18.11.16 652 dəfə oxundu
7 Ölülərdən kömək istəmək düzgündür? 29.06.09 2.702 dəfə oxundu
8 Adətli/heyzli qadın qəbir üstünə gedə bilərmi? 20.03.18 74 dəfə oxundu
9 Allahdan başqasını köməyə çağırmaq 29.06.09 3.102 dəfə oxundu
10 Bayram günü qəbir üstünə getmək dini cəhətdən düzgündür? 02.04.10 2.982 dəfə oxundu
11 Qəbirdən torpaq götürmək və gül-çiçək qopartmaq günahdır? 04.06.10 4.792 dəfə oxundu
12 Qəbristanlığın yanından keçdikdə musiqiyə qulaq asmaq olar? 14.06.10 3.042 dəfə oxundu
13 Fatihəni mütləq pirin içində vermək lazımdır? 23.12.10 2.464 dəfə oxundu
14 Aybaşı halında olan qadın qəbir üstünə gedə bilər? 21.01.10 10.988 dəfə oxundu
15 Qəbristanlıqda məscid tikmək olar? 03.03.11 2.103 dəfə oxundu
16 Qəbristanlıq şəhərdə olmalıdır, yoxsa qıraqda? 28.05.11 6.492 dəfə oxundu
17 Ölülər eşitmirlərsə, biz niyə onlara salam veririk? 24.06.11 3.413 dəfə oxundu
18 İslamda qəbir evi və qəbristanlıq 25.10.11 4.441 dəfə oxundu
19 Pir və ziyarətgahlar 07.12.10 19.530 dəfə oxundu
20 Qəbirlərə şəkil qoydurmaq olar? 10.01.12 4.002 dəfə oxundu