Müsəlmanlar

Xums nədir?

 

Xums nədir?

“Xəmsun” ərəbcə beş, “Xums” isə 1/5 deməkdir.

Xums kəliməsi, Qurani Kərimdə savaşda əldə edilən qənimət mallarının 1/5-inin paylanılmasını göstərmək üçün  ifadə edilmişdir. Bunu aşağıdakı ayədən də başa düşürük:

وَاعْلَمُوا أَنَّمَا غَنِمْتُمْ مِنْ شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ إِنْ كُنْتُمْ آمَنْتُمْ بِاللَّهِ وَمَا أَنْزَلْنَا عَلَىٰ عَبْدِنَا يَوْمَ الْفُرْقَانِ يَوْمَ الْتَقَى الْجَمْعَانِ ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

“Əgər siz Allaha və qulumuza nazil etdiyimizə iman gətirmisinizsə, haqla batilin ayırd edildiyi gün (savaş zamanı) bilin ki, ələ keçirdiyiniz qənimətlərin beşdə biri Allaha, Onun Elçisinə, onun əqrəbasına, yetimlərə, kasıblara və yolçulara məxsusdur. Allah hər şeyə qadirdir. (Ənfal, 8/41)

Bu ayə bizə Xumsun yəni qənimət mallarının 1/5-ni necə və kimə böləcəyimizi açıq-aşkar göstərməkdədir. Bunlar: 1.Allah, 2. Onun Elçisi, 3. Əqrəbası, 4. Yetimlər, 5. Kasıblar, 6. Yolçular.

Surəni oxuyanın burada qəsd edilən qənimətlərin savaş qənimətləri olduğunda heçbir şübhəsi qalmaz.

Fəqət bu açıq-aşkar ayəni gözardı edib, dini öz mənfəətlərinə alət edənlər, ayədəki qənimət bölgüsünü təkcə savaş zamanına deyil, bütün hallara aid edərək, qazanılan malların hər birinin 1/5-nin verilməsi hökmünü çıxarmaqdadırlar. Bu iddianın sahibləri Şiə məzhəbinin din xadimləridir.

Şiə din xadimlərinə görə xums, təkcə ayədə ifadə edilən savaş qənimətlərində deyil, digər mallarda da vardır. Əlavə edilən bu mallar aşağıdakılardır:

  1. Qazanc
  2. Mədənlər
  3. Xəzinələr
  4. Dəniz mücəvhərləri
  5. Haram qatılmış halal mallar.
  6. Qeyri-müsəlmanın müsəlmandan aldığı mallar.

Yəni, bu əlavə sadalananan malların da xumsu 1/5-i paylanılmasına fətva vermişlər. Kimə paylanmalıdır? Ayədə ifadə edilən şəxslərəmi? Şiə din xadimlərinə görə, Xeyr! Burada da ayənin paylaşılmasını əmr etdiyi şəxsləri ixtisar edərək, iki sinfə təxsis edərlər. Yəni, həm ayədəki savaş qənimətlərinə əlavə qataraq digər malları daxil edir həm də paylaşılmasını əmr etdiyi şəxsləri ixtisar edərək iki sinifə şamil edərlər. Bu iki sinif: Seyyidlər və Müctəhidlərdir. Yəni bir malın xumsu 1/5-i ayədə əmr edilən şəxslərə deyil, bu ikisinə verilməlidir hökmünü çıxarmışlar.[1]

Allahın kitabına zidd olan bu fətvalarını belə bir məntiqlə (!) müdafiə etməyə çalışırlar:

Buna görə Şiə alimləri, dövlət idarəçilərinə bağlı deyillər. Yəni, saraylardan, köşklərdən aylıq maaş və əmr almırlar. Çünki, xumsdan gələn gəlir, onların ehtiyacını qarşılayır.

Amma əhli Sünnə alimləri, başda olan dövlət idarəçilərinə möhtac və bağlı olub, onlardan rəsmi əmr, vəzifə alırlar.  Dövlət başçıları onların istədiyini vəzifəyə gətirir, istədiyini vəzifədən atır və tamamilə onlara bağlıdırlar. Bu isə onların xums fərizəsinə əhli Beytin izah etdiyi (!) şəkildə əməl etməməklərindən qaynaqlanan qorxunc aqibətlərindən birisidir.

Əvvəlcə bunu qeyd edək ki, əhli Beyt imamları, xums və onun paylaşımı barədə şiə din xadimləri kimi əsla düşünməmişlər. Bu, onlara iftiradır.

Qaldı ki, bir alimin elminə əməl etməsi ya da bir idarəçiyə bağlı qalması, bu tamamilə o alimin şəxsiyyətiylə əlaqədardır. Əgər bir alim, şəxsiyyətli və təqvalı isə onu heç bir idarəçi özünə bağlı edə bilməz. Belə bir alim, ancaq Allaha bağlanır. Saraylarda yetişən və bağını Allahla deyil, dövlət başçısıyla quran alimə isə müsəlman bir cəmiyyət etibar etməz.

Ədalətdən və məntiqdən bəhs edən bir alim, xumsa aid etdiyi xalqın malını hansı səbəbdən Quranda ifadə edilən siniflərə deyil, təkcə öz sinfinə və istismar etdiyi əhli beytin seyyid (!) qisminə paylaşılmasına fətva verə bilər? Allahın əmrinə uyan, xalqın rəfahının yüksəlməsini istəyən alim belə bir fətva verə bilərmi?

Ayədə açıq-aşkar xumsun savaş qənimətlərindən verilməsi əmr edildiyi halda, şiə din xadimləri digər malları, xüsusiylə hər hansı bir işdə əldə edilən qazanc mallarını da daxil etmələrinə dəlil olaraq aşağıdakı hədisi təqdim edirlər:

قَالَ: “آمُرُكُمْ بِأَرْبَعٍ، وَأَنْهَاكُمْ عَنْ أَرْبَعٍ، الإِيمَانِ بِاللَّهِ: شَهَادَةِ أَنْ لاَ إِلَهَ إِلَّا اللَّهُ، – وَعَقَدَ بِيَدِهِ – وَإِقَامِ الصَّلاَةِ، وَإِيتَاءِ الزَّكَاةِ، وَصِيَامِ رَمَضَانَ، وَأَنْ تُؤَدُّوا لِلَّهِ خُمُسَ مَا غَنِمْتُمْ،

“Mən sizə dörd şeyi əmr edirəm: Allahdan başqa ilah olmadığına iman etməyi, namaz qılmağı, zəkat verməyi, Ramazanda oruç tutmağı və qənimətlərin xumsunu verməyi.”[2]
Bu hədisdəki qənimətlər kəliməsini şiə din xadimləri qazanc deyə tərcümə etmiş və beləliklə, qazancın da xumsu olduğunu və güya peyğəmbərimizin də bunu əmr etdiyini irəli sürmüşlər. Gördüyümüz kimi, hədisdə qazancın deyil, qənimətlərin 1/5-nin paylanması əmr edilmiş, lakin ərəbcədən başqa dillərə qazanc deyə tərcümə edilərək, hədisi də öz batıl məqsədlərinə alət etmişlər.

Nəticə olaraq, Quranda xumsun sadəcə savaşda əldə edilən qənimətlərdən verilməsi əmr edilməkdə və bunun 6 sinifə paylaştırılması göstərilməkdədir. Lakin, şiə müctəhidləri Qurandakı ayənin ziddinə, xumsun təkcə savaş qənimətlərindən deyil, hər cür qazanc mallarından verilməsinə və bu malların Quranda bildirilən 6 sinifə deyil, təkcə özlərinə və seyyid kimi[3] qələmə verdikləri şəxslərə paylaştırılmasına fətva vermişlər.

Müəllif: Aydın Mülayim.

[1] Ayetullah Seyyid Ali Hüseyn El Sistani, “Tevzihul Məşail”, (Şiə Elmihalı).

[2] Səhih-i Buxari. “Kitabul Farzul Xums”, hədis no:.3095, c.2. 

(3] Hal-hazırda peyğəmbər əleyhissəlam həyatda olmadığı və əqrabası qalmadığı üçün bunlara düşən payın beytulmal/xalqın malına daxil edilməsi daha doğrudur.