Sual: Bir müsəlmana haram olan qidalar hansılardır?
Cavab: Qurani-Kərim, hansı qidaların haram olduğunu çox açıq-aydın bizə xəbər verir:
“Leş, qan, donuz əti, Allah-dan başqasının adı ilə kəsilmiş, boğulmuş, döyülüb öldürülmüş, (hündürbiryerdən) düşüb ölmüş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş, – ölməmiş kəsdikləriniz istisnadır, – dik qoyulmuş daşlar (bütlər və s.) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə qismət axtarmanız sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər (sizi) dininizdən (döndərməkdən) əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim. Hər kəs günaha meyl etməyərək aclıq üzündən məcbur olarsa, Allah Bağışlayandır, Rəhmlidir.” (Maidə, 5/3.)
Bu məlumatdan sonra yenə də şübhəyə düşənləri belə xəbərdar etməkdədir:
“De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm.” Hər kəs (harama) meyl etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, (ona günah gəlməz). Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.” (Ənam, 6/145.)
Çox təəssüf ki, Allah Təalanın bu açıq-aydın əmrinə baxmayaraq, bütün məzhəblər Allahın kitabındakını əksik görərək, -yeyəcəklər barədə rəvayət olunan hədisləri səhv yorumlamaq surətilə və peyğəmbər adına uydurulan rəvayətlərlə,- yəhudilər kimi bir çox yeyəcəklərin haram olduğuna qənaət gətiriblər. Bu rəvayətlərin ən məşhuru eşşək əti ilə əlaqədar olanıdır. Qısaca rəvayət belədir: “Peyğəmbər əleyhissəlam, Xeybər günündə qazanda bişirilən evcil eşşək ətlərini yerə dağıtdırdı və yeməyi qadağan etdi.”[1]
Bu hədislərin şərhində isə belə deyilir: “Bu ətlərin qadağan edilməsi, döyüş qənimətlərinin digər əsgərlər gəlmədən paylanmadığı (beşdə biri alınmadan) və ya yağmalama olduğu üçündür.”[2] Buna görə rəsulullah: “Yağmalamaq, leş yeməkdən daha halal deyildir.”[3]
Bundan başqa, İmam Cəfər əs-Sadiq bu rəvayətlə əlaqədar: “Rəsulullah, Xeybər günü yük daşıma vasitəsi olduğu üçün o günə məxsus olmaq üzərə evcil eşşək ətinin yeyilməsini qadağan etmişdir. Yoxsa haram, təkcə Allahın kitabında haram qıldığı şeylərdir.”– demişdir.[4]
Abdullah ibn Abbasa eşşək ətinin haramlığı soruşulanda, o buna etiraz edərək, Ənam surəsinin 145-ci ayəsini oxuyur: “De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm.”
Yuxarıda verilən hədislər təkcə eşşək ətilə əlaqədar deyil, dəvə və qoyunla da əlaqədar rəvayət edilmişdir: “Hüneyn döyüşündə bir çox dəvə və qoyun ələ keçirmişdik. Peyğəmbər əleyhissəlam hələ orduya gəlib çatmamışdı. Səhabə, qənimət malları paylanmadan heyvanları kəsib qazana doldurdular. Peyğəmbər çatıb, qazandakı ətləri yerə dağıtdı…”[5]
Bütün bunlar bizə bu ətlərin pis və haram olduğunu göstərməz. Bir müsəlmana haram olan təkcə Allahın kitabında olanlardır. Bu fikirdə olan yəni, haram olan qidaların təkcə Allahın kitabında ifadə edildiyi üzərə “Allahdan başqası adına kəsilən, leş, tökülən qan və donuz” olduğunu deyən Maturidi[6], Qəsani[7] kimi Hənəfi alimləri və Maliki, Şiə məzhəbi mənsublarını da saya bilərik.[8] Eyni zamanda Yusuf əl-Qəradavinin ibn Abbasın fikrinə dayanaraq, peyğəmbərin bəzi görüşlərini, qadağalarını ümumi və əbədi qadağalar olaraq görməyib, bunu təkcə o vaxtın məsləhət ecabı, bir idarəçinin və ya əmirin keçici qərarları olaraq görmüşdür.[9]
“Allah, –məcburiyyət qarşısında yeyəcəyiniz şeylər istisna olmaqla – haram buyurulanları təfərrüatı ilə sizə bildirdiyi halda, üstündə Onun adı çəkilənlərdən nə üçün yeməyəsiniz? Şübhəsiz ki, çoxları elmsiz olduqları üçün öz istəklərinə uyub (insanları doğru yoldan )azdırırlar. Həqiqətən, sənin Rəbbin, həddi aşanları daha yaxşı tanıyır.” (Ənam, 6/119.)
Ətraflı məlumat əldə etmək istəyənlər üçün; Dr.Yəhya Şenolun doktorluq müdafiəsi olan “Halal qida” adlı kitabını alıb oxumaları tövsiyə edilir.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
[1] Buxari, “Zəbaih, 28.”; Müslim, “Sayd, 36.; ”Əhməd ibn Hənbəl, 2/21,102.
[2] Buxari, “Xumus, 20.”; Müslim, “Sayd, 27.”
[3] Əbu Davud, “Cihad, 128.”
[4] Küleyni, “Furuul-Kafi”, c. 4, s. 260-261; el-Kummi, “Mən la yəhdurul-Fakih” c. 3, s. 208.
[5] Buxari, “Zəbaih, 28.”, “Şirkət, 3, 6.”; Müslim, “Ədahi, 21.”
[6] əl-Maturidi, “Təvilatul-Quran”, c. 5, s. 241.
[7] Qəsani, “Bədais-Sənai”, c. 6, s. 191.
[8] Təəssüf ki, şiələr də sonradan Quranda veriləni və İmam Bakırın, İmam Cəfərin dediklərini kifayət görməyərək, yəhudilər kimi; bir çox heyvanların və balıqların haram olduğuna fətva vermişlər.
[9] Yusuf əl-Qəravavi, “Sünnəti anlamada yöntəm, sünnətin təşrii dəyəri” Nida nəşri, İstanbul, 2009, s. 353-354.