Müsəlmanlar
Zəif hədislə əməl etmək olarmı?

Zəif hədislə əməl etmək olarmı?

Sual: Zəif hədislərlə əməl etmək caizdirmi?

Cavab: Hədis kitablarında yer verilən hədislərə “səhihlik”, “zəiflik” vəsfi, mənalarının Qurana uyğunluğu nəzərə alınmadan, rivayət zəncirlərinin səhih olub-olmamasına görə verilmişdir. Səhih vəsfi verilən hədis isə onu kitabına əlavə edən alimə və sənədinə görə səhih sayıldığı halda, bir başqa alimə görə səhih sayılmaya bilir. Bu səbəblə əsas ölçü həmişə Quranı Kərim olmaq məcburiyyətindədir. Yəni bir hədis sənəd etibariylə səhih olsa, ancaq mənası Qurana açıq-aşkar tərs olsa onunla əməl edilməz. Bununla birlikdə sənədi zəif görülən, ancaq mənası Qurana uyğun hədislərlə əməl edilə bilər. Lakin hədis kitablarında zəif hədislərlə əməl edib-etməmə məsələsi üzərində çox dayanmırlar. Kitablarda izah edilməyə çalışılan, Quranda yer verilməyən bəzi fəzilətli əməllər, ibadətlər haqqında gələn zəif hədislərlə əməl edilib edilməyəcəyi məsələsidir. Bu mövzuda Subhi əs-Salihin dedikləri diqqətə şayandır. Oxumağınızı tövsiyə edirik:

“Fəzaili əməl (əməllərin fəzilətləri) mövzusunda zəif hədislə əməl etmək caizdir” sözünü hər kəs deməkdədir. Bu sözlə, rəvayətində tolerant göstərdiklərini, özlərinə görə səhih olmayan bütün hədisləri bu qrupa qatarlar. Beləliklə sağlam və möhkəm bir dəlilə əsaslanmadan bir çox prinsipləri dinə əlavə edərlər. Aradan əsrlər keçməsinə baxmayaraq bu söz Əhməd b. Hənbəl, Abdurrahman b.Mehdi və Abdullah b. Mubarək kimi üç böyük hədis imamının dediyi bir sözün əks sədasından başqa bir şey deyildir. Bu üç böyük imamın sözü budur: “Halal və haram mövzusunda bir şey rəvayət etdiyimiz vaxt çox ehtiyatlı, fəzail və bənzəri mövzularda bir şey rəvayət elədiyimiz vaxt da tolerant davranırdıq.”

Bu imamların sözlərini düzgün başa düşməmişlər. Necəki bizim nəzərimizdə səhihin qarşılığı zəif isə, onların çox ehtiyatlı davrandı sözünün də qarşılığını ifadə edən bir şey mənasında işlədilməmişdir. Halal və harama aid bir şey rəvayət elədikləri vaxt daha təmkinli hərəkət edərək, hədisin ən yüksək dərəcəsində olanlarla hüccət gətirirdilər. Bu da öz dövrlərində ittifaqla “səhih” deyə adlandırılan dərəcədir. Halal və haramla əlaqəsi olmayan, fəzailə aid bir şey rəvayət elədikləri vaxt çox ehtiyatlı davranmaq və ancaq səhihləri ələ almaq məcburiyyətini hiss etmirdilər. Əksinə səhihdən bir mərtəbə aşağıda olan, hələ öz aralarında yayılmamış ifadə olan Həsən hədisləri qəbul edirdilər. Hər nə qədər həsən, özlərindən sonra zəif adı verilən hədislərdən bir mərtəbə üstün görülsədə, mütəqəddiminin (əvvəlkilərin) terminində zəif hədisin bir növü olaraq qəbul edilirdi. Xalq bu imamların fəzail babında ehtiyatlı davranmaları sözüylə, səhih dərəcəsinə çatmayan hədisləri rəvayətə əlverişli görmüşlər. Bu şəkildə başa düşmələrinə baxmayaraq, “Fəzaili əməldə zəif hədislə əməl etmək caizdir” sözüylə razılaşmamışlar.

Bu nöqtədə heç şüphə yoxdur ki, -din nəzərində- zəif rəvayətlər nə şəri bir höküm, nə də əxlaqi bir fəzilət üçün qaynaq təşkil edir; çünki zən həqiqət naminə heç bir şey ifadə etməz. Fəzail də əhkam kimi dinin əsas prinsiplərindəndir. Bilavasitə bu prinsipləri çürük bir bünövrə üzərinə sonra da düşüb parçalanacağı bir uçurumun kənarına inşa etmək doğru deyildir.

Tolerant davrananların, fəzaili əməl mövzusunda zəif hədis rəvayət edə bilmələri üçün irəli sürdükləri şərtlər nə qədər çox və uyğun olursa olsun, izah etdiyimiz səbəbə görə bunu qəbul etmirik. Bilindiyi kimi bu şərtlər üç dənədir:

1-Rəvayət edilən hədis çox zəif olmayacaq.

2-Kitab və ya səhih sünnəylə sabit olan bir əsasa dayanacaq.

3-Özündən daha güclü bir dəlilə müxalif olmayacaq.

Zəif hədis rivayətini – bu şərtlərə baxmayaraq- qəbul etmirik.

İstəyir şəri əhkam və istəyir fəzail babında əlimizdə başqasına ehtiyac qalmayacaq qədər çox səhih və həsən hədislər vardır. Biz –bu şərtlərin çoxluğuna baxmayaraq- zəif hədislərin düzgün olduğuna inanmırıq. Belə olsaydı ona heç zəif deyərdikmi? Əslində dində, yəqin(dəqiq) olmayan şeylərin heç bir dəyəri yoxdur.” (Sübhi əs-Salih, Hədis elmləri və Hədis istilahları, Tərcümə: M. Yaşar Qandəmir, 4. Ankara, 1986,s: 177-180)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.