Müsəlmanlar
Qədr gecəsində mələklər və ruh nəyə görə yerə enirlər?

Qədr gecəsində mələklər və ruh nəyə görə yerə enirlər?

Sual: Sizin fikrinizcə Qədr surəsinin tərcüməsi necədir? Bu surədə qeyd edildiyi formada - qədr gecəsində mələklərin və ruhun yer üzünə enməyini nə cür başa düşməliyik?

Cavab: Biz Qədr surəsini belə tərcümə etmişik:

Yaxşılığı sonsuz, ikramı bol olan Allahın adı ilə

1) Biz Quranı qədr gecəsində nazil etdik.

2) Qədr gecəsi nədir, haradan biləcəksən?

3) Qədr gecəsi min aydan xeyirlidir.

4) O gecə mələklər, yanlarında o ruh (əmr) olduğu halda Rəbbinizin icazəsi ilə hər bir əmr üçün enərlər.

5) O, dan yeri ağarana qədər əmin-amanlıq gecəsidir.

Mələklər və ruhun enəcəyinin ifadə edildiyi ayə ilə əlaqədar şərhimiz isə belədir:

“Ha Mim. Hər şeyi açıqlayan Kitaba and olsun.

Biz onu mübarək bir gecədə nazil etdik, biz insanları xəbərdar edirik.

Qərar verilən tapşırıqlar o gecə bölüşdürülür (verilir).

Tərəfimizdən verilmiş bir əmrə əsasən elçiləri (mələkləri) yerlərinə göndəririk.

Bu, Rəbbinin bir ikramıdır, O, eşidəndir, biləndir.” (Duxan, 44/1-6)

O gecə mələklərə tapşırıq verilir və hər biri aldığı əmrlə öz vəzifə yerinə getmək üçün Ərşdən uzaqlaşırlar.

Ruh sözü Quranda 20 ayədə var və olduqca əhatəli məlumatlar verilir. Bu surədəki ruh əmr sözü ilə birgə işlədilib. Bu qaydada 3 ayə də var. İlk ayə belədir:

“Səndən o ruhu soruşurlar. De ki, ruh Rəbbinin əmridir. Sizə elmdən ancaq az bir şey verilmişdir.” (İsra, 17/85)

Bizə verilən az elmlə əlaqədar olaraq belə buyurulur:

“Onlar Allahın elmindən Onun imkan verdiyindən savayı bir şey dərk edə bilməzlər.” (Bəqərə, 2/255)

“De ki, Rəbbimin sözləri üçün dənizlər mürəkkəb olsaydı, bir o qədərini daha əlavə etsəydik, Rəbbimin sözləri tükənmədən dənizlər tükənərdi.” (Kəhf, 18/109)

Allahın əmri olan ruhun bir qismi Allahın nazil etdiyi kitablardır. Bunu Nəhl surəsinin 2-ci ayəsi bildirir:

“Allah Öz əmri olan o ruhu mələklərlə bəndələrindən seçdiyi kimsəyə endirir və deyir ki, insanları xəbərdar edin, Məndən başqa ilah yoxdur. Elə isə Məndən çəkinin.” (Nəhl,16/2)

Qədr gecəsi Cəbrayılın (ə. s.) Muhəmməd peyğəmbərə (s. a. v.) gətirdiyi də Allahın əmrindən bir ruh, yəni, Quran ayələri idi. Bunu bu məsələ ilə əlaqədar 3-cü ayə də açıq şəkildə ifadə edir:

“Bu şəkildə sənə də əmrimizdən bir ruh vəhy etdik. Yoxsa sən bu kitab nədir, o iman nədir, bilməzdin. Amma onu bir nur etdik, nizamımıza uyğun gələn bəndələrimizi onunla yola gətiririk. Şübhəsiz ki, sən doğru yolu göstərənsən.” (Şura 42/52)

Allahın əmrindən olan ruh Allahın kitablarıyla məhdudlaşmır. Çünki Cəbrayıl (ə. s.) qədr gecəsi nazil olan və sayını bilmədiyimiz mələklərdən təkcə biridir. Məryəm nümunəsində olduğu kimi, mələklər peyğəmbər olmayana da enirlər. Mövzuyla əlaqədar 4-cü ayə belə bir vəziyyəti bildirir:

“Bütün qatların üstdündə olan, hakimiyyəti əlində saxlayan Allah insanları üzləşmə günü xəbərdarlığı etmək üçün əmrindən olan o ruhu bəndələrindən nizamına uyğun olanının içinə qoyar.” (Mömin, 40/15)

O ruh ilə adam güclənər və hər məsələdə necə deyərlər, Allahın “tərəfini saxlamağa” başlayar. Bu adamların xüsusiyyətləri bu ayədə açıqlanmışdır:

“Tək bir cəmiyyət tapa bilməzsən ki, həm Allaha və axirət gününə iman etmiş olsunlar, həm də Allaha və elçisinə sərhəd qoyan kəsləri sevsinlər. Onlar istəsələr ataları, oğulları, qardaşları və ya tayfaları olsun. Bunlar Allahın ürəklərinə iman yazdığı və özlərindən bir ruh ilə dəstəklədiyi kəslərdir. Onları əbədi qalmaq üzrə içindən çaylar axan cənnətə daxil edər. Allah onlardan razı, onlar da ondan razı olmuşdur. Onlar Allahın tərəfindədirlər. Bilin ki, Allah tərəfində olanlar öz istəklərinə çatırlar.” (Mücadələ, 58/22)

Bütün bu ayələrdən aydın olduğu kimi, əmr sözü ilə qeyd edilən ruh o əmrin məzmunudur. Qədr gecəsində nazil edilən əmrlərdən birinin də məzmununun Quran ayələri olduğunu gördüyümüzə görə qədr surəsinin 4-cü ayəsinin tərcüməsi belə olmalıdır:

“O gecə mələklər, yanlarında o ruh (əmr) olduğu halda Rəbbinizin icazəsi ilə hər bir əmr üçün enərlər.”

Qədr gecəsində bizə hər şeyin xeyirlisinin olmağı üçün Allaha çox dua etməliyik. Etikafın ramazanda olmağı və onun axırıncı 10 gününə həsr edilməsi bu cür duaların o günlərdə daha çox edilməli olduğunu göstərir. Peyğəmbərimiz hər il bu günlərdə etikafa girərək belə edib. Fəcr surəsindəki 10 gecə ramazandaki etikaf gecələridir.

MƏNBƏ: Abdulaziz Bayındır, Fitrət kitabı Qurani-Kərimin məal-tərcüməsi (30-cu cüz), 2-ci nəşr, İstanbul, 2011-ci il, s. 78-79.

Qədr gecəsi, o cümlədən mələklər və ruh haqqında məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/tedqiqatlar/877.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.