Müsəlmanlar
Quranın tarixi bir yanaşma ilə oxunmalı olduğunu demək düzgündür?

Quranın tarixi bir yanaşma ilə oxunmalı olduğunu demək düzgündür?

Sual: Hal-hazırda Qurana tarixdə qalan bir kitab kimi yanaşanlara necə münasibət bəsləyirsiniz?

Cavab: Qurani-Kərimə bu cür yanaşanlar müxtəlif fikirlər səsləndirirlər. Misal üçün, onlardan biri belə bir şey yazıb: “Vəhy: Allahın insan sözü”. Bu nə deməkdir? O, bir xeyli yazdıqdan sonra belə bir şeyi qeyd edir:

“Hazırkı dövrdə təfsir yazmağa ehtiyac yoxdur; Quranın 50-60 səhifəlik bir xülasəsini çıxartmaq və oturub Allah kimi (əstağfirullah!) kitab yazmaq lazımdır.”

Qeyd edək ki, Qurana bu cür yanaşmanın mənbəyi budur:

Məlumdur ki, Qərb dünyasının insanları Quranın Allahın kitabı olduğuna inanmırlar. Həzrəti Muhəmmədi (s. a. v.) də Allahın peyğəmbəri hesab etmirlər. Burada bir sual yaranır: “Quran deyilən bir kitab var. Bəs buna nə demək olar?” Onlar bu suala cavab olaraq deyirlər ki, VII əsrdə Muhəmməd adlı bir nəfər Məkkədə üzə çıxıb və bu cür bir kitab yazıb. Onu yazarkən öz məlumat, müşahidə və təcrübələrinə əsaslanıb. Məkkə və Mədinə bölgələrindəki sakinlərin məlumat bazasının sərhədlərindən kənara çıxmayıb. Deməli, orada nə görübsə, onu yazıb. Bir az yəhudilərdən, bir qədər xristianlardan, bir az Məkkə mədəniyyətindən istifadə edib. Bir az da öz biliklərini işə salmış, bir şey yazıb yaratmışdır. Bu kitab (Quran) Məkkə və Mədinədəki bəzi problemlərin həlli ola bilər. Amma Suriyadakı problemləri həll edə bilməz.

Bəli, Quranı “tarixin bir dövründə qalmış” bir kitab kimi görənlər bu cür düşünür və belə iddialarla çıxış edirlər. Bütün bunlar onların öz ifadələridir. Həm müsəlman olduqlarını deyirlər, həm də belə fikirlər irəli sürürlər.

Mən onların özlərini nə üçün müsəlman adlandırdıqlarını həqiqətən də, başa düşə bilmirəm. Əgər bunu məcazi mənada deyirlərsə, yenə də özləri bilən işdir.

Qısa desək, onların əsas fikri budur: Quran VII əsrlə əlaqədar bir kitabdır. Bu gün də onun bəzi prinsiplərindən istifadə etmək olar. Tarixin hər hansı bir dövründə bir şəxs tərəfindən qələmə alınan hansısa bir kitabdan istifadə edildiyi kimi. Deməli, Quranın dövrü o dövr idi, artıq hər şey başa çatıb (o zəmanə arxada qalıb). Bu kitab Məkkə və Mədinə bölgələri ilə əlaqədardır.

Onlardan: “Bəs, Muhəmməd peyğəmbərə Allahdan vəhy gəldimi?”-deyə, soruşduqda cavabları: “Bəli, gəldi” cümləsi olur. Elə isə nə cür gəldi? Deyirlər ki, vəhyi ona mələk filan gətirmədi, öz ətrafına baxdı, ürəyinə daman şeyləri yazdı. Vəhy budur.

Görürsünüzmü? Roman yazan yazıçı da eyni işi görür.

Halbuki, bunlar işin içinə bir az da dini şeyləri qatmaq istəyirlər.

Ali-İmran surəsinin 78-ci ayəsində bu cür hərəkət edənlərlə əlaqədar olaraq belə deyilir:

“Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə Kitabı oxuyarkən dillərini əyib bükürlər. Halbuki bu, Kitabdan deyildir. Onlar: “Bu, Allah qatındandır!”– deyirlər. Halbuki o, Allah qatından deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar.”

Bir sözlə, onlar söz yığını yaradırlar. Beləcə, Allahın kitabını tarixin dərinliklərinə “dəfn edirlər”. Bizim (Süleymaniyyə Fondu) apardığımız tədqiqatlara da bığ altından gülürlər. Ancaq bir müddətdən sonra bütün ümid və arzuları puça çıxacaq.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı qısa yazları da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/477.html

http://www.muselmanlar.com/fitvalar/3335.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.