Müsəlmanlar
“Ümmətimin ömrü 1500 ili keçməyəcək” hədisi mötəbərdir?

“Ümmətimin ömrü 1500 ili keçməyəcək” hədisi mötəbərdir?

Sual: Deyilənə görə peyğəmbərin belə bir sözü var: “Mənim ümmətimin ömrü 1000 ili keçəcək, ancaq 1500-dən artıq olmayacaq.” Bu nə dərəcədə düzdür?

Cavab: Hədis mənbələrində belə bir hədis yoxdur.

Bu rəvayət Cəlaləddin Süyutinin (vəfat tarixi hicri 911, miladi 1505-ci il) əl-Havi adlı kitabında Qiyamət və dünyanın ömrü ilə əlaqədar (hədis alimləri tərəfindən əksəriyyəti uydurulmuş və zəif olduğu deyilən) müxtəlif hədis rəvayətlərindən sonra öz təhlil və nəticəsi kimi qeyd edilib. Onun öz sözləri belədir:

أولاً الذي دلت عليه الآثار أن مدة هذه الأمة تزيد على ألف سنة ولا تبلغ الزيادة عليها خمسمائة سنة

“Əvvəla, bu rəvayətlər göstərir ki, bu ümmətin ömrü 1000 ili keçəcək, amma 1500 ili aşmayacaq.” ((Baxın, Cəlaləddin Süyuti, Əl-Havi fi-l-fətva, Beyrut, 2000-ci il, 2-ci cild, s. 82.))

Bu sözləri demək əslində Qiyamətin nə vaxt baş verəcəyini irəli sürmək deməkdir. Allah Təala bu məsələ ilə əlaqədar olaraq belə deyilir:

“(Ya Rəsulum!) Səndən saat (qiyamət günü) haqqında soruşarlar ki, nə vaxt qopacaq? De: “O ancaq Rəbbimə məlumdur. (Qiyamətin) qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz. Göylərdə və yerdə (Allahdan qeyri) bir kimsənin onu bilməsi çətindir. O sizlərə ancaq qəflətən gələr!” Sən onun haqqında bir şey bilirsənmiş kimi onlar (səndən) israrla soruşarlar. De: “O ancaq Allah dərgahında məlumdur, lakin insanların əksəriyyəti (bunu) bilməz!” (Əraf, 7/187)

“Səndən o saatın nə vaxt gələcəyi (qiyamətin nə vaxt qopacağı) barəsində soruşarlar. Sən onu haradan biləsən axı?! Onun elmi bilmək sənin Rəbbinə aiddir.” (Naziat, 79/42-44)

“Camaat sənə Qiyamətin vaxtı barədə sual verir. De: “Onu yalnız Allah bilir!” Nə bilirsən, bəlkə də, o Saat lap yaxınlaşmışdır.” (Əhzab, 33/63)

Yuxarıdakı ayələrdən açıq-aydın surətdə məlum olur ki, Qiyamətin vaxtını Allahdan başqa heç kəs bilmir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.