Müsəlmanlar
Pıçıldaşmaq və xısın-xısın danışmaq

Pıçıldaşmaq və xısın-xısın danışmaq

Sual: İslam dinində camaat arasında (qohumların, dost-tanışın yanında) pıçıltı ilə danışmağa necə baxılır?

Cavab: Peyğəmbərimiz həzrəti Muhəmməd (s. a. v.) bu məsələ ilə əlaqədar olaraq belə demişdir:

“3 nəfər olduğunuz vaxt ikiniz yoldaşınızdan ayrı pıçıldaşmayın. Çünki bu, onu narahat edə bilər.” ((Buxari, İstizan, 45, VII/142.))

Əlavə olaraq, Quranın Mücadilə surəsinin 9-10-cu ayələrində belə deyilir:

“Ey iman gətirənlər! Gizli danışdığınız zaman günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə danışmayın. Yaxşı işlər və Allahdan qorxmaq barədə danışın, hüzuruna toplanılacağınız Allahdan qorxun!

Şübhəsiz ki, (bir yerə yığışıb günaha, düşmənçiliyə bais olan) məxfi danışma (pıçıldaşma) iman gətirənləri məyus edib kədərləndirmək üçün olan Şeytan əməlindəndir. Halbuki Allahın izni olmadıqca (Şeytan) onlara heç bir zərər yetirə bilməz. Möminlər yalnız Allaha təvəkkül etsinlər!”

Bu ayələri təfsir edən alimlər bildirirlər ki, insanları narahat edən və onların təşvişə düşməyinə səbəb olan şeylərdən uzaq durmaq lazımdır.

Əgər 4-cü bir şəxs gəlir və bir şəxsi təklikdən xilas edirsə, yaxud da ümumi say 3-dən şox olursa, bu halda 2 nəfərin öz aralarında pıçıltı ilə danışmaqları başqalarına qarşı hörmətsizlik sayılmır. Bununla belə, bu da o mühitdə olan bəzi şəxsləri narahat edə bilər. Odur ki, belə şeylərdən uzaq olmaq daha münasibdir. Çünki müsəlman insan heç bir hərəkəti ilə başqalarını narahat etməməlidir. Ümumi qayda budur və bu məsələyə də şamil edilir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.