Müsəlmanlar

Təyəmmüm etməyin qaydası

Sual: Xahiş edirəm, təyəmmüm etmək barədə ətraflı məlumat verin.

Cavab: Təyəmmüm sözü yəmm (يَمّ) kökündən yaranıb. Mənası nəzərdə tutmaq deməkdir. İslam hüququnda (fiqh) isə su tapılmadığı vaxt və yaxud sudan istifadənin mümkün olmadığı vaxtda torpaq növündən olan təmiz bir şeylə dəstəmazsızlıq və qüslsüzlük hallarını aradan qaldırmaq üçün yerinə yetirilən hərəkət deməkdir.

Qurani-Kərimdə təyəmmüm barədə belə deyilir:

“Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün”. (Maidə, 5/6)

Təyəmmüm aşağıdakı hallarda alınır:

1) Muqim (oturaq) və ya səfəri olduqda su tapılmadığı vaxt;

2) Su olduğu halda xəstəlik və ya başqa bir səbəbdən ötrü istifadəsinin mümkün olmadığı vaxt.

Yuxarıdakı ayədə qeyd edilir ki, təmiz torpaqla təyəmmüm edin; onunla üzünüzə və əllərinizə məsh çəkin. Bu da bizə necə təyəmmüm etmək lazım olduğunu izah edir.

Həmin ayədə dəstəmaz aldıqda qolların dirsəklərə qədər/dirsəklərlə birlikdə yuyulmalı olduğu bildirilir. Amma təyəmmümdə bu şərt yoxdur.

Hənəfi məzhəbinə mənsub olanlar deyirlər ki, təyəmmümdə də qolları dirsəklərlə birlikdə məsh etmək lazımdır. Onlar bunu deyərkən dəstəmazla müqayisə edirlər; yəni, qiyas metodunu tətbiq edirlər. Halbuki onların da qəbul etdikləri məşhur bir qaydaya əsasən ibadətlərdə müqayisə olmaz. Odur ki, düzgün variant təyəmmümdə əlləri biləklərə qədər məsh etməkdir.

İndi isə təyəmmümlə əlaqədar hədislərə nəzər yetirək:

1) Tək toxunuşla və əllərin biləklərə qədər məsh edilməli olduğunu göstərən hədislər:

Ammar ibn Yasir (r. a.) belə nəql edir:

Mən həzrəti Muhəmməddən təyəmmümün necə edildiyini soruşdum. O da mənə belə cavab verdi:

“Üz və əllər üçün bircə dəfə yerə vur və təyəmmüm et”. ((Əbu Davud, Təharət, 123.))

Bir nəfər xəlifə Ömər ibn Xəttabın yanına gəlib dedi ki, mən cənabət oldum və qüsl etmək üçün su tapa bilmədim. Mən nə edim? Xəlifə ona: “Namaz qılma!”, – dedi. Ammar ibn Yasir də orada idi. Bunu eşidən kimi sözə başladı:

“Məgər sənin yadında deyil? Bir dəfə ikimiz də səfərdə idik. Cənabət olmuş və su tapa bilməmişdik. Buna görə də sən namaz qılmamışdın. Ancaq mən torpağın üstündə o tərəf bu tərəfə dığırlandıqdan (yuvarlanmaq) sonra namazımı qılmışdım. Sonra bunu peyğəmbərə (s. a. v.) danışdım. O da əllərini yerə vurdu, əllərinə üfürdü. Sonra ovucları ilə üzünə və iki əlinə də məsh çəkdi. Mənə dedi ki, sənə bu qədəri kifayət idi”. ((Buxari, Təyəmmüm, 3; Müslim, Heyz, 112 (368); Əbu Davud, Təharət, 123; İbn Macə, Təharət, 91.))

2) İki toxunuşla və əllərin dirsəklərə, hətta çiyinlərə qədər məsh edilməli olduğunu göstərən hədis:

Ammar ibn Yasir (r. a.) belə nəql etmişdir:

“Əshabələr sübh namazı üçün yer (torpaq) növündən olan bir şeylə təyəmmüm etdilər. Belə ki, onlar əllərini yerə vurdular və üzlərinə bir dəfə məsh çəkdilər. Sonra əllərini təzədən yerə vurdular və hər iki qollarını çiyin və qoltuq altlarına qədər ovuclarının içi ilə məsh etdilər”. ((Əbu Davud, Təharət, 121.))

İbn Həcər əl-Əsqəlani Fəthu-l-bari adlı əsərinin “Təyəmmüm” fəslində belə deyir:

“Təyəmmümlər əlaqədar olaraq Əbu Cüheym və Ammar hədislərinin xaricində qalan hədislər ya zəifdir, ya da mərfu və ya məvquf olduqları məsələsi mübahisəlidir. Üstünlük verilən fikrə əsasən həmin hədislər məvquf deyildir.

Əbu Cüheym hədisində əllər mücməl (qeyri-müəyyən) bir qaydada qeyd olunub. Ammar hədisində isə Buxari və Müslimdə “biləklərə qədər”, Sünən kitablarında da “dirsəklərə qədər” formasında qeyd edilib. Bir rəvayətdə “dirsəklərin yarısına qədər”, başqa bir rəvayətdə isə “qoltuq altına qədər” deyilmişdir.

“Dirsəklərə” və “dirsəklərin yarısına qədər” rəvayətləri haqqında çox söz deyilib. “Qoltuq altına qədər” ifadəsi haqqında isə İmam Şafei və digər bəzi şəxslər belə deyiblər:

“Əgər bu əmr peyğəmbərdən gəlibsə, sonralar yenə ondan gələn təyəmmüm almaq qaydası bunu nəsx edib (aradan qaldırıb). Əgər peyğəmbərdən gəlməyibsə, bu halda dəlil olan onun verdiyi əmrdir”.

Bir də Səhiheyndə qeyd edilən rəvayətlərin düzgünlüyünü gücləndirən Ammarın peyğəmbərdən sonra təyəmmümdə üz və əllərin biləklərə qədər məsh edilməli olduğu formasında fitva verməyidir. Hədisi rəvayət edən şəxs müctehid bir əshabədirsə, təbii ki, o, bu məsələnin məğzini digərlərindən daha yaxşı bilir”. ((İbn Həcər əl-Əsqəlani, Fəthu-l-bari, 2-ci cild, s. 265. 339 nömrəli hədisin şərhi.))

İbn Həcərin dedikləri düzdür. Təyəmmümdə əvvəlcə üzün, sonra da əllərin biləklərə qədər məsh edilməsi kifayətdir. “Dirsəklərə qədər” sözü dəstəmaz üçün qüvvədədir. Yəni, təyəmmümdə belə bir şərt yoxdur.

Sualınızla əlaqədar olaraq aşağıdakı yazıları da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/2120.html

http://www.muselmanlar.com/fitvalar/1871.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.