Müsəlmanlar
Hər şey öyrədilən insan ölü basdırmağı qarğadan öyrəndi?

Hər şey öyrədilən insan ölü basdırmağı qarğadan öyrəndi?

Sual: Məlum olduğu kimi, Allah Adəm peyğəmbərə hər şeyin adını öyrədib. Beləcə, Adəm böyük bir elmə malik olub. Adəm oğullarından biri digərini öldürdüyü vaxt onun meyyitini nə edəcəyini bilmədi. Bir qarğa ona ölünü torpağa basdırmağı göstərdi. Məgər o, nə etmək lazım olduğunu bilmirdi?

Cavab: Əslində cavab elə sualın özündədir. Allah hər şeyin adını Adəmə öyrətdi. Oğullarına yox! Əgər bu hadisə Adəmin başına gəlsəydi, o meyyiti nə etməli olduğunu bilərdi.

Ayələrdən belə başa düşülür ki, Qabil Habili öldürdüyü vaxt yanında heç kim yox idi. Başqa sözlə desək, o, atasından və o vaxt həyatda olan digər insanlardan gizlincə qardaşını öldürmüş, ancaq indiyə qədər belə bir vəziyyətlə üzləşmədiyinə görə onun meyyitini nə edəcəyini bilməmişdi. Allah Maidə surəsinin 31-ci ayəsində buyurduğu kimi, bir qarğa göndərməklə meyyitin torpağa basdırılmalı olduğunu ona başa salmışdır.

Bu məsələ ilə əlaqədar Quran ayələri aşağıdakı kimidir:

“Onlara Adəmin iki oğlunun əhvalatını doğru olaraq danış: Onların hər biri bir qurban təqdim etmiş, birininki qəbul edilmiş, digərininki edilməmişdi. Qurbanı qəbul olunmayan: “And olsun ki, səni öldürəcəyəm”, – deyəndə qardaşı: “Allah ancaq müttəqilərin qurbanını qəbul edər”, – demişdi.

“Sən məni öldürmək üçün mənə əl qaldırarsan, mən səni öldürmək üçün sənə əl uzatmaram; çünki mən aləmlərin Rəbbi olan Allahdan qorxuram”.

“Mən sənin həm mənim, həm də öz günahını götürüb cəhənnəmliklərdən olmağını istəyirəm. Zülm edənlərin cəzası budur”.

“Beləcə, qardaşını öldürməkdə öz nəfsinə uydu və onu öldürüb zərərə uğrayanlardan oldu”.

“Allah qardaşının ölüsünü necə basdıracağını göstərmək üçün ona yeri eşələyən bir qarğa göndərdi. “Vay mənim halıma! Qardaşımın meyitini basdırmaq üçün bu qarğa qədər də ola bilmədim”, – deyib gördüyü işə peşman olanlardan oldu”. (Maidə, 5/27-31)

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.