Müsəlmanlar
Tərkibində Lut gölündən çıxan duz olan kremi işlətmək olar?

Tərkibində Lut gölündən çıxan duz olan kremi işlətmək olar?

Sual: Lut gölündən çıxardılan duzdan istifadə etmək olar? Mən tərkibində Lut gölü duzu olan bir mazdan istifadə etmək istəyirəm. Ancaq dost-tanış deyir ki, həlak olan o xalqdan qalan nə varsa, hamısı haramdır. Deyirlər ki, bununla əlaqədar çoxlu hədis var. Bu düzdür?

Cavab: Allah Təala Qurani-Kərimdə Lut qövmünün tarixdən silinməyi ilə əlaqədar olaraq belə buyurur:

“Günəş şüaları yayıldığı vaxt böyük bir gurultu ilə sarsıldılar.

Oranı alt-üst etdik. Üstlərinə bişmiş palçıqdan daşlar yağdırdıq.

Bunda təsirlənənlər üçün dəlillər var.

O yer hələ də bir yol üstündədir.

Bunda inananlar üçün qəti bir dəlil var”. (Hicr, 15/73-77).

Quranda haqlarında əshabi-hicr və Səmud qövmü kimi də danışılan Saleh peyğəmbərin (ə. s.) qövmünün olduğu və həlak edildiyi yer barədə peyğəmbərimizdən nəql olunan hədislər var. Misal üçün, Abdulla ibn Ömərdən belə rəvayət olunur:

“Peyğəmbər (s. a. v.) əshabi-hicr haqqında belə dedi:

“Ağlayıb ibrət almaq istisna olmaqla, nəbadə əzaba düçar edilən bu qövmün yurduna ayaq basasınız! Əgər ağlayıb dərs götürməyəcəksinizsə, onların məruz qaldığı əzabın sizə də toxunmamağı üçün yurdlarına girməyin”. ((Buxari, Səlat (namaz), 53.))

Bu ayə və hədisləri birlikdə mütaliə etmək və məsələni bu qayda ilə qiymətləndirmək lazımdır. Məhz bu vaxt məlum olur ki, Allah Təala tərəfindən həlak edilən qövmlərin qalıqları insanlar üçün bir ibrət və dərs götürüb nəticə çıxartmaq vasitəsidir. Ona görə də bu məqsədlə o yerlərə baş çəkib görmək olar. Lakin başqa səbəblərlə oraya getmək məsləhət görülmür.

“Hal-hazırda Ölü dəniz kimi məlum olan Lut gölünün suyu İsrail və İordaniya sahillərindəki su təmizləmə müəssisələrində təmizlənir. Tərkibindəki kimyəvi maddələr isə ya sənayedə istifadə olunur, ya da başqa ölkələrə ixrac edilir”. ((Baxın: Mustafa Bilge, Türkiyə diyanet vakfının nəşr etdiyi İslam ensiklopediyası, Lut gölü bəndi, 27-ci cild, s. 230.))

Hədisdəki qadağa buna şamil edilmir. Başqa sözlə desək, tərkibində Lut gölündən çıxan duz olan krem və mazları istifadə etmək olar. Dini cəhətdən bir problem yoxdur.

QEYD: Əgər sualınızda qeyd etdiyiniz krem və ya maz tibbi bir şeydirsə, mütləq mütəxəssis bir həkimlə məsləhətləşin.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.