Müsəlmanlar

Siz nə üçün içkinin qəti surətdə haram olduğunu deyirsiniz?

Sual: Siz bir çox fitvanızda içki (şərab) barədə olduqca qəti bir şəkildə deyirsiniz ki, Allah Qurani-Kərimdə içkini haram edib. Hətta bunun nəss ilə sabit olduğunu ifadə edirsiniz. Bildiyiniz kimi, haram sözü Qurana xas bir sözdür. Allah hansı növ qidaları haram etdiyini Quranın Maidə və digər surələrində açıq-aydın formada bildirir. İçki ilə əlaqədar ayələrdə isə sizin də bir fitvanızda təsadüf etdiyimiz kimi, “uzaq durun”, “çəkinin”, “onu buraxdınız, deyilmi?” kimi ifadələr işlədilir. Buna görə də mən sizin Quranda açıq bir haram hökmü olmamağına baxmayaraq içkiyə haram deməyinizi qəribsəyirəm. Sizi başa düşürəm, hədisləri əsas tutacaqsınız və deyəcəksiniz ki, sərxoşluq verən hər bir şey haramdır. Mənim sualım da elə bununla bağlıdır. Qurani-Kərimdə içki barədə açıq-aydın formada haram sözü işlədilmədiyi halda, siz içkinin haram olduğuna dair hökmü nəyə əsasən verirsiniz?

Cavab: 1) Allah Təala Qurani-Kərimdə böyük günahlardan hesab etdiyi zinanı qadağan etdikdə heç bir yerdə “zina etməyin” və yaxud “zina haramdır” deməyib. Əksinə: “Zinaya yaxınlaşmayın”, – deyə buyurub. Bu da öz növbəsində: “Zina etməyin”, – deməkdən qüvvətli bir sözdür.

İçki də elədir. Allahın: “Ondan uzaq durun”, – deməyi eynilə: “Zinaya yaxınlaşmayın” qadağası kimidir. Hökm baxımından ikisi də eynidir, haramdır. Əlavə olaraq, Bəqərə surəsinin 219-cu ayəsində içki və qumar haqqında: “İkisində də böyük günah var”, – deyilmiş və beləcə, bildirilmişdir ki, bunlar böyük günahlardandır. Deməli, içkinin bir tərəfdən böyük günah olmağı, digər tərəfdən də haram olmamağı mümkün deyil!

Bununla yanaşı, ayədə: “Onlardan uzaq durun” əmri olduğuna görə sərxoş edici içki, narkotika kimi maddələrin istehsalı, onları almaq, satmaq, daşımaq və təqdim etmək caiz ola bilməz. Çünki bir şeydən uzaq durmaq o deməkdir ki, həmin şeylə araya məsafə qoyasan. Bu səbəbdən deyilir ki, peyğəmbərimiz (s. a. v.) sərxoşluq verən şeylərlə əlaqədar olaraq 10 nəfərə lənət edib:

“Sıxana, sıxdırana, içənə, daşıyana, daşıdana, təqdim edənə, satana, pulunu yeyənə, satın alana və aldırana”. ((Tirmizi, Büyu, 59; Əbu Davud, Əşribə, 2.))

Göründüyü kimi, bu lənət “uzaq durmaq” qadağasını pozanlarla əlaqədardır.

Üstəlik də, sizin də bildiyiniz kimi, yanacaqdoldurma məntəqələrində xəbərdarlıq lövhələri olur. Bu lövhələrdə belə yazılır: “Odla yaxınlaşmayın” və “Oddan təhlükəlidir”. Bu cümlə: “Atəşlə yaxınlaşmayın amma məntəqədə od yandıra bilərsiniz”, – demək deyil. Odla yaxınlaşmağın qadağan olduğu bir yerdə tonqal yandırıb ocaq qalamaq daha böyük bir təhlükədir.

2) İçki ilə əlaqədar ayədəki “uzaq durmaq” ifadəsi ancaq içki və zina üçün deyil, bütün böyük günahlar haqqında da işlədilib. Aşağıdakı ayələrdə Allah Təala belə buyurur:

“Əgər siz, sizə qadağan edilmiş böyük günahlardan uzaq durarsınızsa, sizin kiçik günahlarınızın üstünü örtər və sizi gözəl bir mövqeyə gətirərik”. ((Nisa, 4/31.))

“Onlar (möminlər) böyük günahlardan və həyasızlıqdan çəkinirlər. Hirsləndikləri vaxt da eyibləri bağışlayırlar”. ((Şura, 42/37.))

“Bunlar böyük günahlardan və fahişəlikdən (iyrənc əməllər) uzaq duranlardır. Digər günahlar istisnadır. Sənin Rəbbin əfvi çox olandır. O sizi torpaqdan yaratdığı vaxt və siz analarınızın qarınlarında olduğunuz vaxtda da sizi ən yaxşı tanıyandır. Bunun üçün özünüzü təmizə çıxartmayın. Çünki O, pis işlərdən uzaq durub çəkinəni yaxşı bilir”. ((Nəcm, 53/32.))

İndi siz bu ifadələrə baxıb zina etmək, adam öldürmək, oğurluq etmək, namuslu qadına zina böhtanı atmaq kimi böyük günahların da əslində qadağan olmadığını deyəcəksiniz?

3) Allah sərxoşedici maddələri qadağan etdiyi vaxt onların şeytan işi, yəni, bir murdarlıq (rics) olduğunu bildirib. Quranda 4 ayədə haram edilən donuz ətinin nə üçün haram olunduğu şərh edilərkən belə buyurulur:

“Çünki o bir murdarlıqdır”. ((Ənam, 6/145.))

Deməli, bir şeyin “rics” olmağı onun haram olmağını vacib edir. Həm də rics sözünün sinonimi olan “xəbis (murdar)” sözü də bunu göstərir. Allah həzrəti peyğəmbərdən bəhs etdikdə: “O, xəbis olan şeyləri haram edir” ((Əraf, 7/157.)), – demişdir. İçki də xəbis olduğuna görə ayələrin dəlaləti ilə onun da haram olduğu qəti surətdə üzə çıxır.

Məlum olduğu kimi, içki ayələrin açıq-aydın ifadələri ilə böyük günahlardandır. Bu məsələdə Sünnədə mövcud olan şərhlər Quranda olanları başqa bir dillə ifadə edir. Sünnənin ayələrə nəyi isə əlavə etməyi və ya ondan bir şeyi çıxartmağı isə qeyri-mümkündür.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.