Müsəlmanlar

Zəmanənin imamına beyət etmək

Sual: Deyirlər ki, zəmanənin imamına beyət etməmiş ölənlər cahiliyyə ölümü ilə ölürlər. Bu söz düzdür? Bununla əlaqədar bir hədis var?

Cavab: Bəli, belə bir hədis var. Həmin hədis Müslimin Səhih adlı kitabında: “Kim boynunda bir beyət olmadığı halda ölsə, cahiliyyə ölümü kimi (bir ölümlə) ölür”. ((Müslim, İmarət, 58 (1851).)) kimi nəql edilib. Bu da öz növbəsində “Müsəlmanların həmrəyliyi ilə” İslam ümmətinin başında duran şəxsi (xəlifə, dövlət başçısı) tanımayanlar (qəbul etməyənlər) haqqında deyilib. Əksinə, bu, bir neçə nəfərin, yaxud da dini, siyasi bir qrupun öz aralarında seçdikləri və “əmir”, “xəlifə”, “əmirəl-möminin” kimi tərif verib tanıtdıqları şəxslərə şamil edilmir.

Bu hədis müsəlmanlara təfriqəyə düşməmək məsələsində xəbərdarlıq etmək üçün deyilmişdir. Təfriqədən xilas olmağın yeganə yolu isə Qurani-Kərimin ətrafında birləşməkdir. Allah Təala belə buyurur:

“Biz onların zidd iddialarını lap yaxşı bilirik. Amma sən onları güc tətbiq edərək imana gətirəcək bir zorba (despot) deyilsən. Sən sadəcə olaraq xəbərdarlıq edən bir elçisən. Sənin görəcəyin iş sadəcə olaraq mənim təhdidimdən çəkinən kəsləri Quran ilə irşad etməkdir (öyüd-nəsihət verməkdir)”. (Qaf, 50/45)

“Hamınız Allahın ipindən (Quran) möhkəmcə yapışın. Dağılıb ayrılmayın”. (Ali-İmran, 3/103)

“Şübhəsiz ki, bu, mənim doğru yolumdur. Bu yola tabe olun. (Başqa) yollara uymayın. Çünki o yollar sizi Allahın yolundan ayırır. Allah bunları sizə çəkinəsiniz deyə əmr edir”. (Ənam, 6/153)

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.