Müsəlmanlar

Sünni ya da Şiə olmağın nə eybi var?

Sual: Niyə Sünniliyə və Şiəliyə bu qədər düşmənlik edirsiz. Axı bunların hər ikisinin həm mənası gözəl həm də Quranda yeri vardır. Sünni və Şiə olmağın nəyi pisdi?

Cavab: Bildiyiniz kimi Şiə kəliməsi tərəfdar deməkdir. Yəni, əhli Beyt tərəfdarı olan müsəlmanlardan bir qismi bu adı özlərinə həm təxəllüs, həm bir yol və məzhəb olaraq seçmişdir. Bu yolu seçənlər, özlərini Allaha, peyğəmbərə və əhli-Beytə daha yaxın görürlər. Eyni zamanda Qurandan da şiəliyin əsasını İbrahim əleyhissəlam barədə deyilən bu sözə əsaslandırırlar:

“Şübhəsiz, İbrahim də onun davamçılarından idi.” (Saffat, 83)

Sünnilər də o cümlədən “Sünnə” kəliməsindən yola çıxaraq, özlərini peyğəmbərin izindən gedən, onun yolunun yolcuları, davamçıları olaraq görürlər. Bu səbəblə özlərini “Əhli Sünnə” adlandırırlar.

Bir müsəlmanda əslində hər iki vəsfin “Sünnilik və Şiəlik” yəni, əhli Beyt tərəfdarlığı və peyğəmbərin davamçısı olma vəsfi olması lazımdır. Biri olub digəri olmayan bir müsəlman olmaz.  Amma təəssüf ki, həm Şiə həm də Sünni din xadimləri, Qurandan çıxardıqları yorumlara və peyğəmbərimiz əleyhissəlama, imamlara istinad edilən rəvayətlərə əsaslanaraq hər biri özlərinin daha doğru yolda olduqlarına, qarşı tərəfin batıl, hətta bir çoxlarına görə qarşı tərəfin; kafir, müşrik, zındıq, Yezid tərəfdarı, İslam düşməni olduqlarına qənaət gətirməkdədirlər.

Bütün bu yanaşmaların yanında özlərini tolerant ya da uzlaşdırıcı, barışçıl və qardaş kimi göstərməyə çalışanlar olsa da onlar, hər iki təriqətin əsaslarından və tədrisindən xəbərsiz olduqları üçün belə bir səy göstərməkdədirlər. Əgər xəbərləri olsaydı, hər iki tərəfin sadəcə müsəlman olmaqlarını istəyərdi. Çünki, bu iki təriqətin əsasları və tədrisi tamamilə bir-birinə müxalifdir.[1] Məsələn, iki dost və ya iki qardaşdan hər biri bu təriqətlərdən birinin əsaslarını mənimsəyib, tədrisinə başlasalar onlar üçün başqa müxalifətçiyə başqa düşmənə ehtiyac qalmaz. Artıq bu iki təriqətin ictimaiyyətə bundan daha böyük zərəri və eyibi nə ola bilər?

İndi gələk, bizim bir insan və bir müsəlman olaraq necə bir yol izləyəcəyimizə və hansı adı daşıyacağımıza:

Çoxunuzun bildiyi kimi Allah bizi kitabında:

“O, sizi sadəcə müsəlman olaraq adlandırdı” deyir. (Həcc 78)

Yəni, bizim ümumi bir adımız var: Müsəlman. İlk insan Adəmdən bu yana Allah qatında bir tək din İslam olmuş və ona təslim olana da müsəlman adı verilmişdir. Allahın verdiyi bu adla kifayətlənməyib, özlərinə yeni bir yol, din icad edən və bununla öyünən, üstəlik İbrahim əleyhissəlamın da davamçıları olduğunu iddia edən dindarlar, xüsusilə Yəhudi və Xristianlar, Allah tərəfindən belə xəbərdar edilmişdir:

İbrahim nə yəhudi, nə də xristian olmadı. O, ancaq hənif bir müsəlman idi və (Allaha) şərik qoşanlardan deyildi.” (Əli İmran, 67)

Quranda İbrahim əleyhissəlamın və bütün müsəlmanların müxtəlif vəsflərindən bəhs edər. Məsələn: Hənif, Sünni, Şiə, Müvahhid, Müttəqi olmaq müsəlmanın bir vəsfidir. Hər kəs bu vəsflərdən birini alıb özünə bir yol, ad seçməsi yəni Quranda ifadə edildiyi kimi şiələşməsi/firqələşməsi, Allah tərəfindən xoş qarşılanmamaqdadır:

إِنَّ الَّذِينَ فَرَّقُوا دِينَهُمْ وَكَانُوا شِيَعًا لَسْتَ مِنْهُمْ فِي شَيْءٍ

“Dinlərini parçalayıb Şiə/firqə olanlarla sənin heç bir əlaqən yoxdur.” (Ənam 159)

Üstəlik, firqələşən insanlar Şiəlik və Sünnilik kimi vəsflərlə də kifayətlənməyib, daxilində bir çox təriqətlərə, məzhəblərə bölünmüş və bu məzhəbləri meydana gətirən şəxslərin yolunu izləmişlər. Məsələn, Sünnilər; Hənəfi, Maliki, Şafii, Hənbəli kimi şəxslərə istinad edilən 4 fərqli məzhəbə bölünmüş və öz aralarında bunlara haqq məzhəb adını vermişlər. Lakin, Sünni məzhəb mənsubları bununla da yetinməyib, daxildən süfi təriqətlərə və bu təriqətlər də hər biri ayrı bir qola ayrılıb öz şeyxinə bağlanmışdır.

Şiələr də həmçinin; Zeydiyyə, İsmailiyyə, Cəfəriyyə, Navusiyyə və başqa bir çox məzhəblərə bölünmüş və hər məzhəbin də öz Mehdiləri vardır.

Əslində məzhəbini din sayan bu Ümmət, özlərindən əvvəlki əhli-Kitabın və digər din mənsublarının düşdükləri xətanın eynisinə düşmüş, özlərinə nazil olan kitaba bir çox əlavə mənbələr qataraq dinlərini təhrif etmiş və müxtəlif qollara ayrılmışlar. Necə ki, Yəhudilərin Musayla, xristianların İsayla və təbliğ etdikləri dinlə bir əlaqələri qalmamışsa, müsəlmanların da Muhəmməd əleyhissəlamla və təbliğ etdiyi dinlə böyük ölçüdə bir əlaqələri qalmamışdır. Bu səbəblə tarixdən günümüzə qədər müsəlman görünən insanlar, Allahdan gələn mesajı paylaşmaq əvəzinə daha çox bir-biriləri ilə savaşmışlar.

İnsanların bir qismi, onsuz da nə istəyirsiniz deyin, bunu nə siz nə də dünyada heç kimsə dəyişdirə bilməz, deyirlər. Kim nə deyir desin və kim hansı yolu, təriqəti tutursa tutsun, biz, Allahın göstərdiyi həqiqətləri, Kitabını və ona uymağı insanlara çatdırmağa davam edəcəyik. Dünyadakıları dəyişmək və hidayət vermək bizim işimiz deyil. Peyğəmbərimizə Allahın dediyi kimi:

“(Ey Nəbi!) Əgər onlar üz döndərsələr, bil ki, sənin vəzifən yalnız açıq-aşkar təbliğdir.” (Nəhl, 82)

Biz, bir müsəlman olaraq buna inanırıq ki, yer üzündəki insanların ən azından özünü müsəlman görənlərin birliyi, bərabərliyi və tərəqqisi Allahın verdiyi tək bir ada və tək bir kitaba sarılmaqla mümkündür. Başqa adlar, vəsflər, kitablar və bunlar səbəbilə düşdükləri başqa yollar onları həlaka, düşmənliyə və zəlalətə aparmaqdadır. Qurani Kərim, bu barədə bizi belə xəbərdar etməkdədir:

“Hamılıqla Allahın ipinə (Qurana) yapışın və parçalanmayın! Allahın, sizə olan nemətini xatırlayın. Belə ki, siz bir-birinizə düşmən ikən, O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz. Siz bir atəş quyusunun kənarında ikən O sizi oradan xilas etdi. Allah ayələrini sizə belə açıqlayır ki, bəlkə, haqq yola yönələrsiniz.” (Əli İmran, 103).

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyətinin üzvü Müsəlmanlar.com saytının redaktoru Aydın Mülayim tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/7737.html

https://www.muselmanlar.com/elanlar-xeberler/6361.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Sünni və Şiə arasında olan əsas ixtilaflar bu linkdəki video dərsimizdə görə bilərsiz: https://www.muselmanlar.com/elanlar-xeberler/6240.html