Müsəlmanlar
Qadınlar namazı kişilərdən fərqli qılırlar?

Qadınlar namazı kişilərdən fərqli qılırlar?

Sual: Qadınlar namazı kişilərin namazından fərqli qılırlar? Qadınların namazı nə cür qılmalı olduqlarına dair bir hədis mövcuddur?

Cavab: Səhih (mötəbər) hədis mənbələrində elə bir hədis yoxdur ki, qadınların qıldığı namazla kişilərin namazı arasında müəyyən fərqlərin olduğunu desin. Lakin Əbu Davudun Mərasil adlı əsərində (burada “Kutubu Sittə (6 kitab)“ silsiləsindən biri kimi qəbul olunan Sünən adlı əsərdən danışılmır) belə bir hədis mövcuddur. Ancaq bu hədis həm mötəbər mənbələrdə olmadığı üçün, həm də mürsəl* olduğuna görə dəlil kimi istifadə oluna bilməz (Baxın: Nasiruddin Albani, Hədislərə Əsasən Peyğəmbərin Namaz Qılma Forması, Türk dilinə tərcümə edən Osman Arpaçukuru, İstanbul, 2004-cü il, s. 315-316).

Fərqlərin əksəriyyəti fiqh alimlərindən irəli gəlir. Onlar belə hesab edirlər ki, qadın bu müxtəliflik sayəsində “daha təsəttürlü” olur. Misal üçün qeyd edək ki, Hənəfi məzhəbinin fiqh kitabları qadının namazda əllərini sinəsinin üstündə bağlaması, rükuya gedərkən kişilərə nisbətən az əyilməsi, səcdədə kişinin oturuşundan ayrı cür  oturması və bu kimi məsələlərdən bəhs edərkən bütün bunların qadın üçün “təsəttürə daha müvafiq (uyğun) və münasib bir davranış” olduğunu irəli sürür. Əgər Hənəfi məzhəbinin əsas mənbələrindən biri olan Əl-Hidayə adlı kitaba baxa bilsəniz, özünüz də şahid olarsınız ki, bu kimi fərqliliklər həmişə “li ənnəha əstəru ləha/bu, onlar üçün təsəttürə daha uyğundur” formasında izah edilir.

Bir daha qeyd edilməlidir ki, qadınların kişilərdən fərqli namaz qılmalarının təsəttür baxımından daha münasib olduğuna dair hər hansı bir ayə və yaxud əsas kimi götürülə bilən mötəbər bir hədis mövcud deyil.

*Mürsəl hədis istinadından bir səhabə qopan, tabeindən bir nəfərin isnadında səhabəni qeyd etmədən birbaşa həzrəti peyğəmbərin (s. a. v.) adını çəkərək rəvayət etdiyi hədisə deyilir.

Mürsəl hədislər zəif hədislər kateqoriyasına daxil edilir. Mürsəl hədislərin bu cür qiymətləndirilməsinin səbəbi isnadının (sənəd) müttəsil olmamasıdır. Bu hədislərin “mürsəl” adlandırılmasının səbəbi isə bu hədisi rəvayət edənin onu peyğəmbərdən (s. a. v.) eşitmiş olan səhabənin adını çəkmədən birbaşa peyğəmbərin (s. a. v.) özü ilə əlaəqələndirməsidir.

Mürsəl hədis dində höccət deyil. Bu fikir ətrafında “hədis hafizləri, eləcə də hədis tənqidçiləri həmfikirdirlər və öz əsərlərində də belə demişlər”. Müslim Səhih əsərinin müqəddimə hissəsində belə deyir: “Bizim və hədisçilərin qəti qənaəti budur ki, mürsəl hədis höccət ola bilməz” (Sübhi Əs-Salih, Hədis Elmləri və Hədis İstilahları, Türk dilinə tərcümə edən Yaşar Kandemir, 4-cü nəşr, Ankara, 1986-cı il, s. 137-139).

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.