Müsəlmanlar
Mələklərlə ünsiyyət qurmaq və onlardan kömək istəmək mümkündürmü?

Mələklərlə ünsiyyət qurmaq və onlardan kömək istəmək mümkündürmü?

Sual: Keçən dəfə mələklərlə əlaqəli əlimə bir kitab aldım. Orada bir mövzu haqqında mələklərlə danışmaq, onlardan kömək istəmək, bizə möcüzə və əlamətlərini göstərmələrini istəmək, çətin vəziyyətlərdə onları yanımıza çağırıb ünsiyyətə keçməkdən bəhs edilirdi. Bunlar dini cəhətdən mümkündürmü?

Cavab: Əvvəlcə bunu ifadə etməliyik ki, böyük ölçüdə şərq fəlsəfəsinin və Xristianlığın təsirindən meydana gələn bu tipdə bir mələk anlayışı İslami cəhətdən qəbul edilə bilməz. Tarix boyu hər mədəniyyətdə və dində mələk inancı olmuş və insanlar bu varlıqları müxtəlif yöndə təsvir edərək onlarla əlaqəyə girməyə çalışmışlar. İslam dinində də mələklərin varlığına inanmaq bir inanc əsasıdır və hər Müsəlmanın buna inanması vacibdir.

Mələklər hiss orqanlarıyla bilinməyən; ancaq Allahın bildirməsiylə (vəhylə) haqqında məlumat əldə edilən varlıqlardır. Qurani Kərimdə və Rəsulullahın sözlərində mələklərin xüsusiyyətləri və vəzifələri haqqında məlumatlar verilmişdir. Buna görə nurdan yaradılan mələklər (Müslim, “Zühd” 10) kişi və qadın cinsiyyəti daşımayan varlıqlardır ( Zuhruf 43/19). Onlar Allahın əmrini yerinə gətirirlər və Ona üsyan etməzlər (Nəhl 16/50). Bəzi hallarda vəzifələrini yerinə gətirmək məqsədiylə müxtəlif şəkillərə girərək insanlara görünə bilirlər (Məryəm 19/16-17). Mələklər gələcəyi bilməzlər (Nəml 27/65).

Qurani Kərimdə və hədislərdə mələklərin vəzifələri barədə məlumat verilmişdir. Mələklər, nəbilərə vəhy gətirməklə bərabər (Bəqərə 2/97-98) insanları müdafiə də edirlər (Kəf 50/18,21; Rad 13/11). Onlar doğru yolda gedən mömünlər (Füssilət 41/30-31) ilə yer üzündəki bütün insanlar üçün Allahdan əfv olunmalarını istəyirlər (Şura 42/5). Peyğəmbərlərə və möminlərə maddi və mənəvi dəstək verən (Bəqərə 2/123-125) və insanların elədiklərini qeyd edən mələklər də vardır (İnfitar 82/10-11). Quranda mələklərin ilahi cəzaların yerinə gətirilməsində vasitə olduqları (Ənkəbut 29/31) Allahı ucaldıb zikr elədikləri (Əraf 7/206; Ənbiya 21/20) və Peyğəmbərə səlat və səlam gətirdikləri də qeyd edilir (Əhzab 33/56). Bununla bərabər mələklər təbiətin idarəsini və ilahi qanunları icra etmə vəzifəsini də görürlər (Nəziat 79/1-5; Səcdə 32/11). Qiyamət günündə, cənnət və cəhənnəmdə vəzifəli mələklər də vardır (Ənfal 8/50; Rad 13/23-24; Zümər 39/71-72).

Görüldüyü kimi mələklər Allah Təalanın təbiətdəki bəzi hadisələrin həyata keçməsinə vasitə olan varlıqlardır. Allahın əmri və icazəsi olmadan fəaliyyət göstərmələri, insanlara kömək etmələri mümkün deyildir.

Quranı Kərimdə bəzi xüsusi hallarda Peyğəmbərlərin və bəzi şəxslərin mələklərlə dialoqundan bəhs edilir. Bunun xaricində birinin mələklərlə danışması, onlardan kömək istəməsi ya da möcüzə, bir başqa işarət göstərməsini istəməsi mümkün deyildir. Belə bir fikir, yuxarıda ifadə etdiyimiz İslam dininin mələk anlayışına tərsdir. Belə bir iddia, İslam etiqadının əsasını meydana gətirən Allahın birliyi (tevhid) qaydasına tərsdir. Tevhidin qaydası, mömünlərin kömək tələblərini və ehtiyaclarını bir-başa uca Allaha ərz etmələri və bu sahədə heç bir varlığı Allahla özü arasına qoymamalarını tələb edir. Namazların hər rəkatında oxunan Fatihə sürəsində “Ancaq sənə ibadət edərik və ancaq səndən kömək istəyirik.” (Fatihə 1/4) ayəsində bu xüsus ifadə edilmiş və bir mömünün gündə beş dəfə bunu yadda saxlaması əmr edilmişdir. Bununla yanaşı möcüzə göstərmək peyğəmbərlərə aid bir xüsusiyyətdir. Mələklərin möcüzə göstərdiklərinə dair dinin ana qaynaqlarında ifadə edilməmişdir. Təbiətdəki hər hərəkət Allah Təalanın nəzarəti altındadır və mələklər ancaq ona vasitəçi ola bilərlər. Beləliklə də vasitəçilərdən istəmək və Allaha yaxınlaşmaq üçün müxtəlif varlıqlara yönəlmək doğru deyildir. Necəki, Qurani Kərimin bir çox ayəsində bütpərəstlərin bu səbəblə sərt bir dillə tənqid edildiyi müşahidə edilir.(bax. Maidə 5/76; Yunus 10/18, 106) Mömünlərə müharibə və sair kimi vəziyyətlərdə mələklər tərəfindən kömək edilsədə burada əsl səbəbkar Allahdır və mələklərin vəzifələrini yerinə gətirmək xaricində bir funksiyaları yoxdur. Şüurlu bir mömünə düşən vəzifə isə dini mövzularda doğru məlumata yiyələnmək və əqidəsinə zərər verən bu cür davranışlardan uzaqlaşmaqdır.

Müəllif: Dr. Osman Dəmir

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.