Müsəlmanlar
Peyğəmbər məscidində 40 vaxt namaz

Peyğəmbər məscidində 40 vaxt namaz

Peyğəmbər məscidində 40 vaxt namaz ((Müəllif: İlahiyyat elmləri doktoru, professor Abdulaziz Bayındır.))

Deyilənə görə Muhəmməd peyğəmbər (s. a. v.) belə buyurub:

“Kim mənim məscidimdə heç bir namazı keçirmədən 40 vaxt namaz qılsa, ona Cəhənnəm əzabından uzaq olmaq və əzabdan xilas yazılır. O, nifaqdan uzaq olur”. ((Əhməd ibn Hənbəl, əl-Müsnəd, III cild, s. 155; Təbərani, əl-Əvsat, VI cild, s. 210, nömrə 5540:

من صلى فى مسجدى اربعين صلاة لاتفوته صلاة كتب له براءة من النار و نجاة من العذاب و برىء من النفاق الجهد: بلوغك غاية الأمر الذي لا تألو عن الجهد فيه))

Namaz bütün möminlərə vacibdir və namazı hər yerdə qılmaq olar. Məscid namazın cəm halda qılındığı yerdir. Peyğəmbərin məscidi (məscidi-nəbi) də bu baxımdan digər məscidlər kimidir. Quranda bildirilir ki, yer üzündəki ilk ibadətgah Məkkədədir. Oraya daxil olan əmin-amanlığa qovuşur. Həmin ibadətgahı ziyarət etmək gücü çatan hər bir möminə vacibdir. Quran onu digər məsələlərdə o biri məscidlərdən ayırmır.

Allah Təala Məscidi-Hərama və hacılara xidmət etməklə lovğalanan Məkkəli müşriklər ilə əlaqədar olaraq belə deyir:

“Müşriklər küfr etdiklərini bildikləri halda, (onlara) Allahın məscidlərini abadlaşdırmaq yaramaz. Onların əməlləri puça çıxmışdır. Onlar Odda əbədi qalacaqlar.

Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar. Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar”. (Tövbə, 9/17-18)

Məkkəli müşriklər: “Məscidi-Həram”, – dedikləri halda, Allahın bütün məscidləri əhatə edən qaydada: “Allahın məscidləri”, – deməyi çox mühümdür. Ən vacibi də budur ki, Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmadan Allahın məscidlərini abadlaşdıran şəxslərə hansısa bir təminat verilmir. Onlarla əlaqədar olaraq belə bir hökm verilir: “Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar”.

Ayələr belə davam edir:

“Doğrudanmı siz hacılara su verməyi və Məscidi-Həramı abadlaşdırmağı Allaha və axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Bunlar Allahın yanında bərabər sayılmırlar. Allah zalım milləti doğru yola yönəltməz”. (Tövbə, 9/19)

Deməli, əsas məsələ imanlı olaraq Allah yolunda edilən cihaddır. Cihad cəhd sözü ilə eyni kökdəndir. Cəhd qüsursuz bir səylə nəticə əldə etmək deməkdir. ((Əl-Xəlil ibn Əhməd əl-Fərahidi, Kitabu-l-Eyn, cəhd (الجهد) bəndi, İran, hicri 1309-cu il.)) Belə edən insana başqa cəhdlərlə mane olurlar. Qüsursuz (eyibsiz) bir səylə maneələri keçərək nəticəyə gəlməyə də cihad deyilir. Səmimi niyyətlə və Allahın rizasına müvafiq olaraq edilsə, o vaxt da Allah yolunda cihad olur.

Şərtlərinə uyğun qaydada namaz qılmaq üçün səy göstərmək də cihaddır. Çünki namaza mane olmağa çalışan insan və cin şeytanları var. Namaz başa çatdıqda başqa bir işə, yəni, bir növ başqa bir cihada başlamaq lazımdır. Allah Təala belə buyurur:

“Hər çətinliyin yanında bir asanlıq (rahatlıq) var.

Bəli, hər çətinliyin yanında şübhəsiz ki, bir asanlıq da var.

Bir işi qurtardığın vaxt başqa bir işə qurşan.

Nə gözləsən, ancaq Rəbbindən gözlə”. (İnşirah, 94/5-8)

Tövbə surəsinin 20-ci ayəsində isə belə deyilir:

“İman gətirib hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edənlərin Allah dərgahında ən yüksək dərəcələri vardır. Məhz onlar nicat tapanlardır”.

Peyğəmbərimizin (s. a. v.) Vida həcci bu məsələ ilə əlaqədar olaraq böyük əhəmiyyət kəsb edir. O, Zilhiccə ayının 4-ündə Məkkəyə çatmış, təvaf və səydən sonra Həcun deyilən uzaq bir yerdə dayanmışdır. Zilhiccənin 8-ci günü Minaya, 9-cu günü Ərəfata çıxmış, 10-cu günü isə Müzdəlifə vəqfəsini yerinə yetirdikdən və Cəmreyi-Əqəbəyə atdığı 7 kiçik daşdan sonra Məkkəyə gəlmişdir. Bu vaxt günorta vaxtı olduğuna görə Həramda ilk namazını qılmış və Kəbəni 2-ci dəfə təvaf etmişdir. Sonra isə Minaya çıxmışdır. Zilhiccənin 14-cü günü 3-cü dəfə Kəbəyə gəlmiş, vida təvafını edib namaz vaxtını gözləmədən Mədinəyə tərəf yola çıxmışdır. ((Səfiyyurrəhman əl-Mübarəkfuri, ər-Rəhiqu-l-məxtum, “bəhsun fi sirə-n-nəbəviyyə” fəsli, Beyrut, 1988, s. 420-424.))

Burada bir məsələyə xüsusi diqqət yetirmək lazımdır. Belə ki, namazı hər yerdə qılmaq olar amma təvaf ancaq Kəbənin ətrafında həyata keçirilə bilər. Buna görə də peyğəmbərimiz (s. a. v.) oraya namaz qılmaq üçün deyil, məhz təvaf üçün 3 dəfə gedib.

Elə isə burada bir sual yaranır: Vəziyyət belə olduğu halda, peyğəmbər məscidinə gələn, başqa işi olmadığına görə 2-ci namazı gözləyən və bu minvalla orada 8 gününü keçirən insan digər məscidlərdə namaz qılanlardan fərqli olaraq nə iş görmüşdür ki, Cəhənnəm odundan uzaq olmaq, əzabdan xilas olmaq və nifaqdan uzaq qalmaq kimi nemətlərə layiq olsun?!? Allah məscidləri abadlaşdıran möminlərə belə bir təminat vermədiyi halda, orada sırf namaz qılanlara zəmanət verir? Allahın vermədiyi təminatı peyğəmbər necə verə bilər?

Yuxarıda qeyd edilənlər peyğəmbərin dediyi irəli sürülən sözün Qurana əsasən təhlilidir.

Hörmətli Halil Altuntaş öz məruzəsində bu yazının əvvəlindəki sözü sənəd baxımından qiymətləndirmiş və qısaca belə demişdir:

“Bu rəvayəti həm Əhməd ibn Hənbəl, həm də Təbərani Əbdürrəhman ibn Əbi-r-Rical, Nubeyt ibn Ömər Ənəs ibn Malik sənədi ilə mərfu olaraq qeyd ediblər. Təbərani qeyd edir ki, həmin sözü Ənəsdən Nubeyt ibn Ömərdən başqa heç kim nəql etməyib. Ondan da təkcə İbn Əbi-r-Rical rəvayət edib. ((Təbərani, əl-Mucəmu-l-Əvsat, VI cild, s. 212, nömrə 5440.)) Nubeyt isə bu hədisdən başqa bir yerdə tanınmır”.

Heç tanınmayan bir nəfərin Ənəs ibn Malik kimi qiymətli bir əshabədən nəql etdiyi və Quranla ziddiyyət təşkil edən bir rəvayətini ciddi qəbul etmək olmaz. Buna görə də hörmətli Altuntaşın aşağıdakı təhlili ilə razılaşmaq mümkün deyil:

“Mədinə məscidində namaz qılmaq fəzilətindən mümkün qədər istifadə etmək məqsədi ilə hazırkı işi davam etdirmək olar; Mədinədə 8 gün, daha çox və ya az qalmaq olar”.

Biz də deyirik ki, Mədinədə qalmaq istəyən qalsın. Amma təkcə namaz qılmaq üçün yox, başqa səbəblərlə qalsın. Biz insanlara məsləhət görürük ki, dərhal öz iş-güclərinə qayıtsınlar və düzgün bir qaydada cəhd və səy göstərsinlər. Yəni, işləyib çalışsınlar. Quran ayələrinə və peyğəmbərin gördüyü işlərə uyğun gələn də budur.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.