Müsəlmanlar

İMAM ƏLİ (r.a.)

İMAM ƏLİ (r.a.)

 

Əli (r.a.) haqqında Danışılanlar və Həqiqətlər

Giriş

Əli (r.a.), haqqında ən çox rəvayət edilən səhabənin başında gəlir. Həm Şiənin həm də əhli Sünnədən əksəriyyətin ən çox sevdiyi səhabədən biridir. Onun belə bir məqamda olması, haqqında müsbət və mənfi rəvayətlərin yayılmasına, bilavasitə istismarına böyük bir zəmin hazırlamışdır. Hətta Əli (r.a), İsa əleyhissəlam timsalında olduğu kimi, sevdikləri tərəfindən ən çox iftiraya və istismara məruz qalan şəxs olduğunu çox rahatlıqla deyə bilərik.

Məhz bundan ötrü Əli (r.a.) haqqında deyilən yüzlərlə  rəvayətdən sadəcə ən mühüm gördüklərimizi təqdim etməyə və bunlardan hansılarının uydurma, yalan və hansılarının həqiqətlə bir əlaqəsi olduğunu göstərməyə çalışacayıq.

Oxuyucuların nəzərinə! Əsrlərdir bizə təqdim olunan rəvayətlərin və tarixi proseslərin ən doğrusunu bilən əlbəttə Allahdır. Həm mənbələrdə həm də bizim (illərlə apardığımız tədqiqatlara baxmayaraq) dəyərləndirmələrimizdə xətalar əlbəttə ola bilər. Biz sadəcə bizə gəlib çatan mənbələrin hamısını tərəfsiz şəkildə dəyərləndirməyə və bunlardan doğru nəticə çıxarmağa çalışırıq.

Əlinin anadan olması və İslamı qəbul etməsi

Əli Kərrəmullahi vəchə, Hicrətdən 22-23 il əvvəl Miladi 600-601 illəri arasında Məkkədə (hətta Kəbənin içində) dünyaya gəldiyini rəvayət edərlər.

Əli əleyhissəlamın atası Əbu Talib b. Müttəlib, anasının adı isə Fatimə bt. Əsəd b. Haşimdir. Peyğəmbərimizin əmisi oğlu  olan Əli (r.a.), uşaqlıq illərinin çoxunu onun yanında keçirir. Peyğəmbər (ə.s.), qohumlarını toplayıb onlara, özünün bir peyğəmbər olduğunu, elçiliklə vəzifələndiyini deyincə, onun bu dəvətini səmimiyyətlə qəbul edənlərin başında gəlir. Eyni zamanda ilk İslamı qəbul edən dörd[1] müsəlman arasında yer aldığı rəvayət edilir.

Peyğəmbərimiz, Məkkədən Mədinəyə hicrət etdiyi zaman Əlini öz yatağına yatdırıb, Əbu Bəkrlə birlikdə yola çıxdığı söylənir. Hicrətin 2-ci ilində nəbimiz Əlini öz qızı Fatimə ilə evləndirir və nəticədə bu evlilikdən Həsən, Hüseyn, Zeynəb və Ümmü Gülsüm adında dörd övladları olur.

Fatimə (r.a.), vəfat edənə qədər Əli əleyhissəlam başqa bir qadınla evlənmir. Lakin, Fatimə vəfat edəndən sonra 6 ya da 9 qadınla evləndiyi və bunlardan 30-dan çox uşaqları olduğu rəvayət edilməkdədir.[2]

Əlinin şücaəti və döyüşlərdə göstərdiyi igidliyi mübahisəsiz bir həqiqətdir. Bununla əlaqədar tarix kitablarında olduqca çox bəhsedilməkdə və hətta Şiə mənkibələrində onun bu xüsusiyyəti normal bir insanda mümkün olmayan fantastik səviyyələrə çatdırılmaqdadır. Bu səbəblə biz birbaşa Əli haqqında hamımızı əlaqədar edən və müsəlmanları parçalamaq üçün xüsusilə Şiə tərəfindən mövzu bəhsedilən məsələlərə və xilafəti zamanı müsəlmanlar arasında yaşanmış hadisələrə, fitnələrə təmas edəcəyik. Çünki, təməli Əlinin siyasi məqamı üzərində qurulan bu kimi mübahisələr və hadisələr, müsəlmanlar arasında həmişə mübahisə ediləcək və yaşanacaq kimi görülməkdədir.

Əlinin xəlifə seçilməsi ilə əlaqəli deyilənlər

Peyğəmbərimizin vəfatından illər sonra onun yerinə xəlifə olaraq keçməsi vacib olan şəxsin Əli (r.a.) olduğunu və bu haqqın ondan qəsp edilərək alındığını iddia edən yeni bir cərəyan ortaya çıxdı. Əli tərəfdarları mənasına gələn Şiəlik cərəyanı mənsublarına görə xilafət, Allah tərəfindən Əliyə və onun nəslinə verilmiş bir haqqdır. Onların belə bir haqqa sahib olduqları ilə əlaqədar ayə və hədislərin olduğunu iddia etmişlər. Elə bu iddialarının başında “Qədiri-Xum” hadisəsi nümunə göstərilə bilər:

Qədir-Xum hadisəsi

Şiəliyin təməli, peyğəmbərimizin vəfatından sonra onun yerinə keçəcək olan xəlifənin şəxsiyyəti üzərinə qurulmuşdur. Bu səbəblə özlərinin qəbul etmədiyi liderlərin hamısına qəsbçi gözüylə baxmış və bu cür liderlərə qarşı müxalifətçi, siyasi bir mövqe sərgiləmişlər.

Şiəyə görə xəlifə olacaq şəxs, peyğəmbərimizin vaxtilə “Qədir-Xum”da təyin etdiyi Əli (r.a.)-dır. Hadisə daha çox Şiə mənbələrində yer almaqdadır. Sünni mənbələrindən Buxaridə və ilk hədis mənbələrində bu hadisədən bəhs edilməz. Lakin, daha sonrakı ibn Hənbəl və Tirmizidə rastlamaq mümkündür. Ən mühüm tarix kitablarında da məsələn; İbn İshaq, Təbəri, Vakıdi, İbn Sad və İbn Hişam tarixində bu hadisədən bəhs edilməz.

Hadisə qısa şəkildə belə nəql edilməkdədir:

“Peyğəmbər (ə.s.), Vəda Həccindən dönəndə yolda Maidə surəsinin 67-ci ayəsində: “Ey Allahın Elçisi! Rəbbindən sənə nazil olanı təbliğ et: əgər bunu etməsən, Onun elçiliyini yerinə yetirməmiş olarsan. Allah səni insanlardan qoruyar.” əmri nazil olur.

Şiə əqidəsinə görə bu ayə, peyğəmbərin, “Ümmət Əlinin vəlayətini qəbul etməz və dindən çıxar təhlükəsi ilə məsələni ört-basdır etdiyi üçün nazil olmuşdur.” Artıq ayə nazil olunca, peyğəmbər Həcc kərvanını “Qədir-Xum”da saxlayır və: “Men kuntu mevlahu fəhuvə Aliyyun Mevlahu=Mən kimin mövlası isəm Əli də onun mövlasıdır.”- deyərək, Əlinin imamətini elan edər. Elandan sonra isə Maidə surəsinin 3-cü ayəsi: “…Bugün dininizi tamamladım, sizə olan nemətimi tamamladım…” nazil olmuşdur. Səhabə isə öz aralarında bu hadisəni həmişə gizlətməyə çalışmışdır.”[3]

Əliyyulkari, “Bunu bu şəkildə uyduranların Allah, iki yaxalarını bir araya gətirməsin!”- deməkdədir.[4]

İlk əvvəl bu kimi rəvayətlərdə peyğəmbərimizin Əlini özündən sonra xəlifə təyin etdiyinə dair heç bir işarə belə görülməməkdədir.

Hədis və tarix kitabları peyğəmbərimizin Əli ilə əlaqəli bu sözləri işlətməsindəki əsl səbəbin, “Əli ilə əlaqəli dedi-qoduların, şikayətlərin artması və xüsusilə Əlinin Yəməndəki malları paylamağını bəyənməyənlərin şikayəti üzərinə” olduğu nəqledilməkdədir.[5]

Bir də ki, belə bir iddia; Allahın Əlini xəlifə təyin etməklə əlaqəli əmri olmasına baxmayaraq, peyğəmbərin bu əmri gizlətdiyi və təbliğ vəzifəsini yerinə yetirmədiyi mənasına gəlməkdədir. Bir başqa rəvayətdə, peyğəmbər can üstündə olanda Əlinin qulağına gizlincə bir şeylər fısıldadığını və bu fısıldamalardakı əsas məğzin Əlini özündən sonra xələf təyin etməkdən ibarət olduğu fikirləri aşılanmaqdadır.[6]

Hətta peyğəmbər, vəfatı əsnasında kağız və qələm istədiyini lakin, Ömərin buna mane olduğunu dilə gətirənlər (əhli-Sünnə daxil) olmuşdur ki, bunların hamısının Şiə siyasətinin növbəti düzmələrindən biri olduğu qənaətindəyik.[7]

Bilavasitə Şiəyə görə; səhabənin çoxu Qədir-Xum hadisəsini gizlətməklə və peyğəmbərin etdiyi vəsiyyətə mane olmaqla, Əlinin xəlifə seçilməsinin qarşısını almışlar. Beləliklə çoxu münafiq olan səhabənin təzyiqi nəticəsində peyğəmbər də Əli də təqiyyə yoluna baş vurmuş və söhbətlərini üstü-qapalı şəkildə sürdürmüşlər.[8]

Halbuki, Hikmət Zeyvəlinin dediyi kimi; “Əgər peyğəmbər, Əlini özündən sonra xəlifə olaraq təyin etmək istəsəydi, bunun üçün gizli danışmağa, fısıldamağa və ya yol üstündə baş verən bir hadisə əsnasında iddia edilən sözləri söyləməyə və heç kimdən çəkinməyə və qorxmaya ehtiyac yox idi. (Quranda: “Allah səni insanlardan qoruyar.” dediyi halda). Vəda xütbəsində minlərlə səhabə hüzurunda bunu açıq şəkildə elan edərdi və məsələ bitərdi.”[9]

Bir insanın özü ilə əlaqəli Quranda xüsusi bir əmr olduğu halda –üstəlik belə bir məsələdə- bu əmri yerinə yetirməyib təqiyyə etməsi, Allaha qarşı vəzifəsini yerinə yetirməməsi mənasına gəlir. “Əsədullah=Allahın aslanı” təxəllüsü verilən birinə belə bir şeyi yaraşdırmaq; buraxın belə bir tərifə layiq olması, adi bir müsəlman üçün xoş görüləcək bir davranış deyildir. Cəsarəti və elmi ilə tanınmış birinin öz yaxınlarına həmişə təqiyyə ilə davrandığını söyləmək, həmin adamın cəsarətini və elmini lağa qoymaq deməkdir.

Bütün bu deyilənlərdən çıxan nəticə; Peyğəmbərimizin təbliğ vəzifəsini və Əlinin də üzərinə aldığı tapşırığı layiqi şəkildə yerinə yetirmədiyi, qısacası məsuliyyətsiz davrandıqları və səhabənin də böyük əksəriyyətinin xəyanət etdikləri mənasına gəlməkdədir. Belə ki əslində; Şiə də buna inanmaqdadır.

Bəs siz, Allahın hər əmrini əksiksiz yerinə yetirən nəbimizin və bu əmrlərdə hər hansı bir güzəştə getməyən Əlinin, özlərinə verilən əmrə uymadıqlarına və qorxub təqiyyə etdiklərinə inanırsızmı? Əgər belə bir şey olsaydı Əli (r.a.), Allahın verdiyi haqqı onun əlindən almağa çalışanlara qarşı “bu Allahın mənə verdiyi haqqdır!”- deyə, döyüşməzdimi?

Nəticə etibarilə, peyğəmbərin özündən sonra yerinə hər hansı birini seçməməsinin bir çox hikmətləri və dövlət başçısını seçmə vəzifəsini ümmətinə buraxdığını göstərməkdədir.

Əlinin Xəlifə Seçilməsi

Əli (r.a.)-ın Nəbimizin vəfatından sonra Əbu Bəkrin seçilməsinə etiraz etməsi və buna qarşı çıxması, onun təbii haqqı olaraq görülə bilər. Çünki, İslama ən çox xidmət edən və nəbimizin də ən yaxınlarından biri olan bir şəxsin belə bir mühüm seçimdən xəbərinin olmaması, ona bu seçimə qarşı etiraz haqqı qazandırır. Bu səbəblə Əli, Əbu Bəkrə beyəti gecikdirmişdir. Bir müddət sonra isə həm Əbu Bəkrə həm ondan sonra seçilən Ömərə və Osmana beyət etmiş və hamısı ilə birlikdə müştərək bir idarə və əqrabalıq bağı qurmuşdur.

Osmanın idarəsi dövründə, Əməvilərin idarəyə keçərək özbaşnalığı və hegemonluğu yayğınlaşdırdıqları görülməkdədir. Osmanın bu səriştəsizliyi, başda Mədinə olmaqla bir çox şəhərlərdə üsyana səbəb oldu və nəticədə onun qətl edilməsiylə ortalıq müvəqqəti olaraq sakitləşdi.

Bir çox mənbələr, Osmanın öldürüldüyü gün üsyankarların xəlifə olaraq Əlini seçdiklərini və Əlinin də tələm-tələsik bunu qəbul etdiyini nəql edər.[10]

Əli (r.a.)-ın bu şəkildə xilafətə gəlməsi, yəni seçimini sağlam bir zəminə oturtmaması, onun idarəsinə qarşı bir çox qarğaşaları və üsyanları bərabərində gətirmişdir.

Ömər (r.a.)-ın qurduğu şuraya Osmanın əhəmiyyət verməməsi və Əlinin də seçildikdən sonra tamamilə ortadan qaldırması onu, səhabənin öndə gələnlərinə qarşı yalnızlaşdırmışdır. Bir çox mənbələr, bu səhabənin çoxunun  Əli (r.a.)-a beyət etmədiyini və hətta oğlu Həsənin belə, atasına (belə bir vəziyyətdə, bu üsyankarların təklifiylə) xilafətə keçməyə tələsməməsini, dediyini nəql edər.[11] Fəqət, Əlinin xilafətə qarşı olan bu istəyi, ümumiyyətlə üsyankarlarla və sadəcə Mədinə əhalisinin səsiylə xilafətə gəlməsi, onu idarəsi boyunca məşruiyyətini/haqlılığını müdafiə etməklə məşğul olan bir liderə çevirmişdir.

Əlinin Siyasi Mövqeyi və Mücadiləsi

Əli (r.a.)-ın bu şəkildə xilafətə keçməsi və öndə gələn səhabənin bəzilərinin ona beyət etməsi bəzilərinin isə etməməsi, müsəlmanlar arasında tutuşmuş fitnəni yatışdırmadı. Xüsusilə, özü kimi xəlifə olmaq istəyən Zübeyr və Təlha, Əliyə böyük problemlər yaşatmağa başladı. Əslində Əlinin bu və bənzəri problemləri yaşamasının, uğursuzluğunun altında yatan əsl amilin, insanları siyasi yöndən idarə etmədəki başarısızlığı olduğunu, deyə bilərik ki, bunun da başında islahatları tədrici yolla aparmamasıdır. Məsələn; Zübeyr, Talha və bunlar kimi öndə gələn səhabəni şura yaradıb, idarədə yanına alacağı və onların hər hansı bölgədə idarəsinə icazə verəcəyi yerdə, onları qarşısına alaraq hardasa özünün müxalif rəqiblərinə çevirmişdir. Bir də Mədinəlilərin irəli gələn səhabəsiylə istişarə etmək yerinə qərarları ya tək başına alır ya da mühüm qərarları Osmanın qətlində iştirak edən Əştərlə birlikdə alırdı. Əli (r.a.), əslində Əməvilərin müsəlmanlardan qəsb etdiyi bütün mallar və vilayətlər məsələsində hələ xilafətə gəlməmişdən qabaq qərarını vermişdi. Belə ki, Osman hələ həyatda ikən Əli (r.a.) ona belə demişdi: “Əgər xilafət əlimə keçərsə, sənin qoyduğun valiləri, qəssab heyvan pisliklərini təmizləyərkən bağırsağı silkələdiyi kimi silkələyəcəm.”[12]

Əli (r.a.)-ın zülmə qarşı nefrəti və haqqı ayaqda tutma sevdası, yaşanan hadisələr qarşısında tələsməyə və ola biləcək mənfi halları gözə almadan, istişarəsiz qərarlar verməyə sövq etdiyini görürük. İnsanları siyasi, idarəçilik qabiliyyətlərindən daha çox təqvasına görə  vəzifələndirən və mövcud məqamlarına bu dəyərləndirməylə son verən Əli (r.a.), hər keçən gün müxaliflərini və düşmənlərini artırmış olur. Bu vəziyyəti görən səhabədən bəziləri İbn Abbas da daxil, Əliyə bəzi təlqinlər və nəsihətlər versə də Əli bunların heç birini dinləmir. Hətta ibn Abbas, özünü Şama göndərmək istəyən Əliyə getmək istəmədiyini və bu sərəncamının hələlik doğru olmadığını bildirərək, etiraz etdiyi rəvayət edilməkdədir.[13]

İlk başda Osmanın qətlinə haqq verən bəzi səhabə, hətta başda Aişə anamız, Zübeyr, Talha və ibn Ömər kimi səhabə olmaq üzərə bir çoxu sonradan Osmanın qatillərinin cəzalandırması bəhanəsiylə Əliyə qarşı üsyan etdilər.[14]

 Cəməl Döyüşü

Hadisələri hər tərəfli dəyərləndirdiyimiz zaman: Hakimiyyətə və var-dövlətə qovuşan ərəbləri idarə etmək Əli kimi mütəvazi birinə çox çətin olduğuna şahid olmaqdayıq. Məqam, var-dövlət, hərislik və qəbiləçilik, ərəblər arasında artıq yenidən xortlamışdı. Qardaşı Aqil belə özünə mal vermədiyi üçün Əlini tərk etmişdi.[15] Yanındakıların (Haşimilər xaric) çoxu üsyançılardan, İslama təzəcə girmiş bədəvi ərəblərdən və Qüreyş düşmənliyi ilə bilinən Yəmənlilərdən ibarət idi.

Əli (r.a.), tələm-tələsik valilərini bütün vəlayətlərə göndərdikdən sonra, beyəti pozan və Osmanın qanını bəhanə edərək özünə itaət etməyənlərin üsyanını basdırmaq üçün ordu toplamaq məcburiyyətində qaldı. Çox acınacaqlı bir haldır ki, ilk dəfə bu ordu müsəlmanlara qarşı hazırlanırdı və həm də içində bir çox səhabə, başında da peyğəmbər zövcəsinin olduğu bir orduya qarşı. Cəməl döyüşü adını alması da elə bu ordunun önündəki dəvə səbəbilədir. Bu dəvənin üzərində hövdəcin içərisində oturan, peyğəmbərin zövcəsi Aişə anamızdı. Beləliklə, Əliyə qarşı üsyan edən orduya (düşdüyü fitnə səbəbilə) rəhbərlik edirdi.

Bu döyüşdə Əli (r.a.) tərəfində olanların haqlı olmasına baxmayaraq, əhli-Şiənin Əlinin haqlılığını isbat etmək, Aişə anamızın, Təlha və Zübeyrin də haqsızlığını göstərmək üçün bir çox uydurma səhnələr və rəvayətlər nəql etmişlər. Bu rəvayətlər, əhli-Sünnə tarix kitablarına hətta hədislərə də sirayət etmişdir.[16]

Əli (r.a.), qarşı-qarşıya gələn iki ordunun döyüşməməsi üçün əlindən gələni edir və aralarında sülh müqaviləsi bağlanır. Fəqət, döyüşün astanasına gəlmiş müsəlman ordular gecə istirahətə çəkilərkən, bu sülh müqaviləsinin özlərinin xeyrinə nəticələnməyəcəyini bilən üsyankarlar və Osmanın qətlinə səbəbiyyət verən Əməvilərdən Mərvan kimiləri gecə hər iki orduya hücum çəkərək, döyüşün qığılcımlarını hazırlayırlar. Beləliklə hər iki tərəf özlərinə xəyanət edildiyini düşünür və döyüş şiddətli şəkildə alovlanır.

Bu şiddətli döyüşdə Təlha və Zübeyr öldürülür. Nəticədə Cəməl döyüşü; Aişə tərəfdarlarının məğlubiyyəti ilə nəticələnir.

Əli (r.a.), döyüşdən sonra Bəsrəyə girərək, şəhər əhalisinin beyətini alır və əmisi oğlu ibn Abbası oraya vali təyin edərək, özünün yeni təyin etdiyi paytaxta Küfəyə geri dönür.

Bəzi tarixçilər başda Təbəri olmaqla, döyüşə səbəbiyyət verən bütün bu fitnələrin baş aktyoru, günahkarı ibn Səbə adında bir yəhudi olduğunu (bir növ günah keçisinin) və bilavasitə səhabəni, Aişə anamızı yaşanan bütün bu xoşagəlməz hadisələrdən təmizə çıxarmağa çalışırlar. Əlbəttə ki belə bir anlayış, İslamın idrakında olanlar üçün əsla qəbul edilməz. İstəyir ibn Səbə adında bir fitnəkar olsun istəyir olmasın, İslamın şüurunda olan oyuna gəlməyəcək, elədiklərini mühakimə edəcək və şeytanın fitnəsinə alət olmayacaq, bir işdə aldansa belə xətasını başa düşüb həmin yoldan dönəcəkdir.

Necə ki, Aişə anamız bu xətasını gec də olsa başa düşmüş və ona peyğəmbər zövcələri haqda nazil olan “evlərinizə qərar tutun” ayəsi oxununca “kaşki bir yarpaq kimi unudulub getsəydim” dediyi, peşmanlıq çəkərək çox vaxt ağladığı və bir daha hücrəsindən çıxmadığı rəvayət edilməkdədir.[17]

Siffin Döyüşü

Əli (r.a.), Məkkə və Bəsrədəki müxaliflərini Cəməl döyüşündə təsirsiz hala gətirdikdən 6 ay sonra Şamdakı müxalifi Müaviyə üzərinə səfərə çıxdı. Əlbəttə səfərdən qabaq ona tez-tez məktub yollayaraq, vəzifəsindən istehfa etməsi üçün məruzələr vermişdi. Lakin, Müaviyə bu məktubların heç birinə məhəl qoymamış, məruzələrə qulaq asmamış və Osmanın qanını bəhanə edərək, öz məqamını qorumağa çalışmışdı. Uzun-uzadı mübahisələrdən sonra artıq müharibə qaçınılmaz bir hal alır və Siffin bölgəsində[18] qarşılaşan iki ordu qızğın bir döyüşə tutuşur.

Müaviyyənin məğlub olduğunu görən Amr b. As, Əlinin ordusunun qarşısını ala biləcək bir metoda baş vurur. Belə ki, orduya səhfələrin üzərinə “Hökm Allahındır!” ayəsini yazdıraraq nizələrin ucuna taxmağı və “Allahın kitabı aramızda hakəm olsun!” şüarlarını səsləndirməyi əmr edir. Əlinin ordusunda olan bəzi cahillər bu sözlərin təsirinə düşərək, döyüşdən əl çəkir və hətta döyüşü saxlamaq üçün Əli əleyhissəlama da təzyiq göstərirlər. Bunu da əlavə edək ki, hələ döyüş başlamadan qabaq Amr b. As, Müaviyəyə belə demişdi:

“Ey Süfyanın oğlu! Olmaya ordundakı əsgərlərin sayına güvənəsən! Dua et ki, Əlinin ordusunda cahillərin sayı çox olsun!”[19]

Amrın bu hiyləsi Əli tərəfindəki cahilləri təsiri altına alınca, ordusundakı əsgərlərinə Əli (r.a.) belə deyir:

“Ey Allahın qulları! Düşməninizlə döyüşməyə davam edin. Mən Müaviyəni, Amrı, ibn Əbi Muaytı, İbn Əbi Şərhi və Dahhakı çox yaxşı tanıyıram. Onların din ilə Quranla əlaqələri yoxdu. Mən onları sizdən daha yaxşı tanıyıram, çünki, uşaqlıq illərində də böyüdükdən sonra da bir yerdə olmuşuq. Onlar uşaqlıq dövründən şər və zərər sahibi idilər. Vay sizin halınıza, aldanmayın! Vallahi bu Quran səhfələrini sırf sizi aldatmaq və sizi tələyə salmaq üçün havaya qaldırmışlar.”[20]

Allahın kitabı əllərində olduğu halda yəni, bir işdə Allahın əmri olduğu halda buna baxmayaraq, son qərarı özlərinin hakəm təyin etdiyi insanların verməsini istəyən ilk müsəlman (!) firqə “Xaricilər firqəsi” olmuşdur. Özlərindən əvvəlki əhli-Kitabın xətasını təkrarlayan -yəni, Allahın kitabında bir şeyin hökmü olduğu halda həmin hökmün fətvasını din xadimlərinə buraxan- ilk firqə də bu firqədir. Quranda bu cür firqələr, Yəhudi timsalında belə tərif edilməkdədir:

(İçində) Allahın hökmü olan Tövrat özlərində olduğu halda onlar səni necə hakim təyin edirlər?” (Maidə 5/43)

Nəticədə hər iki tərəf, Quranın üsyankarlara qarşı açıq hökmünü görmədən təkrar “Allahın kitabı aramızda hakəm olsun!”, “Hökm Allahındır!”– deyərək, Allahın üsyankarlar üçün tətbiq ediləcək hökmünə hər iki tərəfdən bir hakəm seçərək, aralarındakı hökmü insanlara buraxdılar. İmam Əli, hər nə qədər də “hal-hazırda Allahın verdiyi hökmü yerinə yetiririk!”, “bunun hökmünü Allah vermişdir”[21] desə də cahil tayfanı sakitləşdirə bilmir.[22]

Quranla yeni tanış olmuş və əksəriyyəti gənclərdən ibarət bu tayfa sonradan hakəm hadisəsi ilə əlaqəli etdikləri xətaları başa düşərək Əliyə: “Biz tövbə etdik, sən də tövbə et!” deyirlər. Əli isə “mən tövbə edəcək bir xəta etmədim” deyincə, Əlini təkfir edərək ordusundan ayrılırlar. Bu səbəblə onlara “Xaricilər” deyilmişdir. Bunlar öz aralarında birini əmir seçərək, Qurandan bildikləri ayə parçalarıyla Allah adına hökm verməyə və özlərinə qatılmayan digər müsəlmanları və liderləri təkfir etməyə başladılar.[23]

Beləliklə Əli (r.a.), ovucunun içində olan zəfəri ordusundakı cahillər üzündən itirir və əliboş təzədən Küfəyə dönmək məcburiyyətində qalır. Bu döyüşdə, Əlinin sadiq dostu Əmmar bin Yasir şəhid edilir və onun bu şəhadəti üzərindən bir çox dedi-qodular yayılır. Bunlardan ən məşhuru, Əli əleyhissəlamın haqlılığını göstərmək üçün peyğəmbər adından həm əhli-Sünnə həm də Şiə mənbələrində keçən bu sözdür: “Əmmarı üsyankar, azğın bir qrup öldürəcəkdir.”[24]

Biz, Müaviyənin nə qədər xətalı bir mövqedə və Əli əleyhissəlamın da nə qədər haqlı bir mövqedə olduğunu bu cür rəvayətlərin dəstəyinə ehtiyac duymadan açıq-aşkar görməkdəyik.[25]

Əhli-Sünnə mənbələrində bu kimi hədislər mövcud olmasına baxmayaraq, Müaviyə, Amr b. As və Mərvan kimilərini səhabə kategoriyasına daxil etdikləri üçün işin içindən çıxa bilməmiş və: “Hər iki tərəf də haqlıdır” deyə, mövzunu bağlamışlar. Səhabə tərifini də təhrif edən əhli-Sünnə hardasa onları Şiələrin imamlarını müqəddəsləşdirdikləri kimi müqəddəsləşdirmə yoluna getmişlər. Belə bir mövqedə durmaq əlbəttə ki, Sünni və Şiə arasındakı qütübləşməyi və nefrəti bir az daha dərinləşdirməkdədir.

Qurani Kərimin bizə əvvəlki ümmətlərlə əlaqəli çatdırmaq istədiyi bu mesajı düzgün başa düşməliyik:

“Onlar bir ümmət idi ki, gəlib getdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdikləri barədə sorğu-suala tutulmayacaqsınız.” (Bəqərə, 2/134)

Bu onların elədiklərini mühakimə etməmək, dəyərləndirməmək, xəta və doğrularını görməmək, göstərməmək və dərs götürməmək mənasına gəlməz. Əksi təqdirdə onların misalını bizə təqdim etməsinin heç bir anlamı olmazdı. Ancaq onların davasını günümüzə daşımaq, hətta iman mövzusu halına gətirərək xilafətin təkcə Əli və onun nəslinin haqqı olduğunu iddia etmək, qarşı tərəfi açıq və gizli küfürlə ittiham etmək deməkdir ki, ayə, onların elədiklərini günümüzə daşıyıb, onları iman və mübahisə mövzusu edənlərə xəbərdarlıq edir. Təəssüf ki, Şiə bu yolu izləməkdə və dini onların həyatı üzərindən qurub, imaməti imanın şərti saymaqdadır.[26]

Onlar bu iddialarını isbat etmək üçün Əlinin xəlifə olması ilə əlaqəsi olmayan ayələri, peyğəmbərə nisbət edilən hədisləri və imamlar adına uydurulan rəvayətləri təqdim etmək surətilə müsəlmanlar arasında tarixdə qalmış mübahisəni, fitnəni yenidən günümüzə daşımaqdadırlar. Elə bu səbəblə Cəməl və Siffin hadisəsi təkcə tarixi bir hadisə olmaqdan çıxıb, məzhəblərin siyasi və əqidəvi baxış tərzinə təsir edən, dəyərləndirilən və tərəfini müəyyən edən bir probleminə çevrilmişdir.

Əli (r.a.), Siffin döyüşündən sonra özünü və Müsəlmanları təkfir edən Xaricilərlə məşğul olmaq məcburiyyətində qaldı. Nəticədə Müaviyəyə qarşı yenidən ordu toplamağı bacarmadı və əlində olan bölgələrin də çoxunu itirməyə başladı. Yerləşdiyi Küfənin istiqrarsız xalqı ilə əlləşib durdu. Nəticədə Əli (r.a.), əlini açıb:

“Allahım! Mən onlardan bezdim, onlar da məndən bezdi. Mən onlardan yoruldum, onlar da məndən yoruldu. Məni onlardan qurtar, onları da məndən.”- deyə dua etdi.[27]

Əli (r.a.)-ın Şəhadəti

Həmin ərəfələrdə Xaricilərdən üç nəfər Küfə məscidində oturmuş və müsəlmanlar arasındakı problemi öz aralarında müzakirə edirlər. Bunlar Nəhrəvan döyüşündən qaçıb sağ qalanlar idi.[28]

Bütün olub-bitənlərin günahını üç adamda; Əli (r.a.), Müaviyə və Amr b. Asda gördülər. Problemi, bu adamları öldürməklə həll edəcəklərini düşündülər və Abdurrahman ibn Mülcəm, “mən Əlini öldürəcəm”- dedi. Digərləri də hər biri Müaviyəni və Amr b. Ası öldürməkdə razılaşdılar.[29]

Cümə sabahı Əli (r.a.), Məscidə girəndə ibn Mülcəm arxadan qılıncı ilə Əliyə hücum edir və onu başından ağır yaralayır. Bu zərbəni endirdiyi anda da “hökm Allahındır!”– deyə bağırır. Qaçmağa çalışdığı sırada yaxalanır və sonra onu Əlinin hüzuruna tutub gətirirlər.[30]

Əli (r.a.) ibn Mülcəmə: “Nə üçün belə bir iş gördün?!”- deyə soruşur. O da: “Sənin qanını halal gördüm. Çünki sən çox qan axıtdın, çox adam öldürdün.” dedi.[31] Bəzi rəvayətlərdə də: “Mən, qırx gün dinlənmədən qılıncımı itiləyib zəhərlədim və Allahdan bu qılıncımla yaratdıqlarının ən şərlisini öldürməsini istədim.”[32]

Əli də ona cavab olaraq: “Belə başa düşürəm ki, bu qılıncla mütləq sən öldürüləcəksən və yenə belə anladım ki sən, Allahın yaratdıqlarının ən şərli olanısan.”

Sonra yaxınlarına dönərək: “Ölsəm onu öldürün. Həddi aşmayın. Çünki həddi aşanları Allah sevməz.”- dedi.[33]

Əli (r.a.) hadisədən üç gün sonra Hicrətin qırxıncı ili, Ramazan ayında 63 yaşında qılıncdakı zəhərin təsiri ilə vəfat etdiyi rəvayət edilir. Xilafətdə 4 il doqquz ay qaldığı və bu müddət ərzində həm öz mövqeyini müdafiə etmək həm də qarşı tərəfdən gələnlərlə mübarizə aparmaq məcburiyyətində qaldığı görülməkdədir.[34]

Əli (r.a.), elmi, ədaləti, şücaəti və təqvası ilə məşhur olmuş, Allahın və peyğəmbərin sevgisini qazanmış böyük məqam sahibi bir şəxsiyyətdir. Onun bu xüsusiyyətləri özündə cəm etməsi “Kərrəmullahi vəchə/Allahın üzünü ucaltdığı” şəxs deyə, çağrılmasına və yad edilməsinə haqq qazandırmışdır. Allah, axirətdə bizi ona qonşu eyləsin!

Müəllif: Aydın MÜLAYİM.

[1] Xədicə, Zeyd b. Haris, Əli və Əbu Bəkr.

[2] İbn Sad, Tabaqat, III. s. 20; El-Mufid, əl-İrşad, Qum.

[3] Kuleyni, “əl-Kafi”, I/289.

[4] Əliyul Qari, “əl-Əsrar, b.7, s.413.

[5] Buxari, Məğazi, 63; İbn Əsir, Üsdül-Ğabe, “Əli” md.

[6] İbn Sad, Tabaqat, II. s. 242.

[7] İlk əvvəl həddən artıq mühüm bir şeyi peyğəmbər, təbliğ etməyib bu dünyadan köçməz. Bir də əgər yazmağa mane olmuşsa, onda “Sizə özümdən sonra Allahın Kitabını və əhli-beytimi vəsiyyət edirəm” sözünü söyləmək istədiyini hardan çıxarırsız? Bu və bunun kimi əsilsiz bir çox rəvayətlərlə əlaqəli məlumat üçün bax: “Quran və din xadimləri”. Pdf: https://www.muselmanlar.com/elanlar-xeberler/7333.html

[8] Küleyni, “el-Kafi.”, c. II. s. 220.

[9] Bax: Hikmət Zeyvəli, “Quran və Sünnə üzərinə Məqalələr”, İstanbul, 1996, 150; Geniş məlumat üçün bax. Məhmət Əzimli, “Hz. Əli”, Ankara okulu yay. Ankara, 2016, s. 26-29.

[10] Təbəri, “Tarixi Təbəri”, IV, 429.

[11] Təbəri, “Tarixi Təbəri”, IV, 431; Daha geniş məlumat üçün bax. Məhmət Əzimli, “e.ç.ə.”

[12] İbn Sad, Tabaqat, V. s. 32.

[13] Təbəri, “Tarixi Təbəri”, III. s. 571.

[14] Aişə anamız Osmanla əlaqəli: “Öldürün bu sərsəmi!” dediyi və ölümünə sevindiyi rəvayət edilir. Bənzər sözləri Təlha və Zübeyrin də dediyi hətta Osmanın öldürülməsində köməklik göstərdikləri bildirilməkdədir. (ibn Asəm “əl-Futuh”, Beyrut, II, 420).

[15] Təbəri, “e.ç.ə.”, IV. s. 409.

[16] İbn Kəsirin əl-Bidayəsində: “Yolda getdikləri sırada gecə vaxtı Havəb deyilən bir suyun başına çatmışlar. Köpəklər o anda hürməyə başlamış, Hz. Aişə, bu səsləri eşidəndə; “Bu yerin adı nədir?” deyə soruşmuş, oradakılar: Havəbdir, deyəndə əllərini birbirinə vurmuş, xətalı olduğunu anlamış və belə demişdi: İnna lillah və inna ileyhi raciun. Mən artıq geri dönürəm. Ordakılar nə üçün? Deyincə Hz. Aişə, mən Rəsulullahın zövcələrinə: “Havəb köpəklərinin sizdən kimə hürəcəyini kaşki bilsəydim”- dediyini eşitdim.

Belə dedikdən sonra Hz. Aişə, dəvəsini mahmızlayaraq, “məni geri götürün, məni geri götürün! Vallahi mən, Havəb suyunun sahibəsiyəm, demişdi.” Lakin sonradan Abdullah ibn Zübeyr, deyilən yerin Havəb olmadığına Hz. Aişəni inandırmışdı. (İbn Kəsir, əl Bidayə vən-Nihayə, c. IIV, b. 8.)

[17] İbn Sad, “e.ç.ə.”, VIII. s. 64.

[18] Siffin, Suriyənin indiki Rakka şəhərinin yaxınlığında və Fırat çayının qərb sahilində yerləşir.

[19] İbn Sad, “e.ç.ə.”, VIII. s. 258.

[20] Təbəri, “Tarixi Təbəri”, V, 49; Daha geniş məlumat üçün bax. Məhmət Əzimli, “e.ç.ə.” s. 117-122.

[21] Bax: Maidə, 5/33.

[22] Geniş məlumat üçün bax: Aydın Mülayim, “Quran və Din Xadimləri”, Süleymaniyyə Vəqfi Ysyınları.

[23] Muhamməd Əbu Zəhra, İslamda Siyasi, Etikadi və Fıqhi Məzhəblər Tarixi, Trc, Şener Abdülkadir, Hisar Yay., Beyazid-İstanbul, s. 78.

[24] Buxari, “İman”, 20; Müslüm, “Fitən”, 70-71.

[25] Məhmət Əzimli, “e.ç.ə.” s. 125.

[26] Cəfəri Sadiqə istinad edilən bir rəvayətdə: “Biz, Allahın itaəti fərz qıldığı şəxslərik. Təkcə bizi tanıyanlar xilas olacaq. Bizi tanımayanlar üzrlü deyillər. Bizim imamətimizə inanan mömin, inkar edən isə kafirdir. Bizi tanımayan amma inkar da etməyən kəs, hidayət nəsib olub itaət edənə qədər zəlalətdədir.” (Əthəm Ruhi Fığlalı, “İmamiyyə Şiəsi”, İstanbul, 1984, s. 216.)

[27] İbn Abdurrəzzak, əl Musannəf, 10/154; İbn Sad, Tabaqat, III, s. 35.

[28] Əli (r.a.) və Xaricilər arasındaki döyüş bu bölgədə baş verdiyi üçün adına Nəhrəvan döyüşü deyilir.

[29] İbn Kəsir, əl Bidayə vən-Nihayə, c. IIV, b. 10; Təbəri, “e.g.ə.”, IV. s.70.

[30] İbn Kəsir, “e.ç.ə.”, c. IIV, b. 10.

[31] Təbəri, “e.g.ə.”, IV. s.70.

[32] İbn Kəsir, “e.ç.ə.”, c. IIV, b. 10.

[33] Əli Muhamməd Sallabi, “Hz. Əli Həyatı, Şəxsiyəti və Dönəmi”, Ravza Yay., s. 707.

[34] İbn Kəsir, “e.ç.ə.”, c. IIV, b. 10; Təbəri, “e.g.ə.”, IV. s.71.