Müsəlmanlar

Peyğəmbər əleyhissəlam adından uydurulan Qurana zidd hədislər hansılardı?

Cavab: Bunların sayı həddən artıqdı. Bir neçə kategoriya altında bəzilərini belə tanıda bilərik:

  • Bir insanın öz günahını başqasına yükləməsi barədə:

“Haqsız yerə öldürülən heç bir kimsə yoxdur ki, Adəmin birinci oğluna (Qabilə) ondan bir pay düşmüş olmasın. Çünki öldürmə işini ilk görən odur” (Buxari, Müslim,Tirmizi).

Qiyamət günü bəzi müsəlmanlar dağlar kimi günahlarla gələcəklər amma Allah onları əfv edəcək və -mənim zənnimə görə -Yəhudilərlə xristianların üstünə yükləyəcək” (Müslim)

Bu hədislər, aşağıdakı ayələrə tərsdir:

“Heç bir günahkar başqasının günah yükünü daşımaz.” (Fatır, 35/18)

“Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir.” (Bəqərə, 2/286)

“Hər kəsin qazandığı (günah) yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz.” (Ənam, 6/164)

  • Qadınların xəyanət səbəbi:

“Həvva olmasaydı, heç bir qadın ərinə xəyanət etməzdi.” (Buxari, 4/132)

Halbuki Quranda hər ikisinin eyni şəkildə günah işlədiyini xatırladır:

“Beləliklə, (şeytan) onları tovlayaraq Cənnətdən aşağı endirdi. Hər ikisi ağacdan daddıqda ayıb yerləri özlərinə göründü və onlar Cənnət (ağaclarının) yarpaqlarından ayıb yerlərinin üstünə örtməyə başladılar.” (Əraf, 7/22).

  • Dində məcburiyyətlə əlaqəli:

“İnsanlar ‘La ilahə illəllah’ deyənə qədər onlarla döyüşməyə əmr olundum. Kim ‘La ilahə illəllah’ deyib iman edərsə, malını və canını məndən xilas etmiş olar…” (Buxari, Zəkat,1; Tirmizi, İman,1.)

“Kim dinini dəyişdirərsə onu öldürün” (Buxari, Cihad 149; Tirmizi, Hüdud 25; Əhməd b. Hənbəl, 1/2, 7.)

Halbuki bu rəvayətlər, Quran ayələrinə ziddir:

“Dində məcburiyyət yoxdur. Artıq doğruluq, azğınlıqdan açıq aydın ayrılmışdır.”  (Bəqərə,2/256)

“Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları da daha yaxşı tanıyır.” (Qəsas 28/56).

  • Rəssamlar və Şairlərlə əlaqəli:

“Cəhənnəmdə ən şiddətli əzaba məruz qalacaq olanlar, rəssamlardır.” (Buxari Təsavir, 89)

“Peyğəmbərin qabağına şeir deyən biri çıxınca; “Şeytanı tutun” və ya “Şeytanı yaxalayın” diye əmr etdi.” (Buxari, Ədəb, 92; Müslüm, Şeir 7.)

Halbuki bu ayədə Süleyman əleyhissəlama nəinki rəsm, hətta heykəl düzəldənlərin olduğu bildirilir.

“Süleyman üçün istədiyi qəsrlər, heykəllər, hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən nəhəng qazanlar düzəldirdilər.” (Səba, 34/13)

Şairlərlə əlaqəli ayəni tam oxumayanlar, həm Allaha həm də həqiqi şairlərə iftira etmiş olurlar.Bu haqda ayələr bütövlükdə belədir:

“O şairlərə gəlincə, onların dalınca ancaq azğınlar gedərlər. Görmürsənmi, onlar hər sahədə həddi aşıb gedirlər. Həm də görməyəcəkləri işi dillərinə gətirirlər (deyirlər)”. 

“Ancaq iman gətirən, yaxşılıq edən, Allahı tez-tez zikr edən və haqsızlığa məruz qalanda intiqam alan şairlər belə deyillər. Haqsızlıq edənlər necə yıxılacaqlarını görəcəklər (hansı dönüşlə döndəriləcəklərini, aqibətlərinin necə olacağını) mütləq biləcəklər”. (Şüəra, 26/224-227)

  • Əməllə əlaqəli:

“Heç kimi öz əməli cənnətə soxmayacaqdır…” (Buxari, Rikak, 18; Müslim, Münafiqun, 71)

Bu hədis aşağıdakı ayələrə açıq-aydın ziddir:

“Hər bir kəs öz qazandığının əsiridir.” (Müddəssir, 74/38)

“Biz hər bir insanın əməlini öz boynundan asdıq. Qiyamət günü isə açıq vəziyyətdə qarşısına qoyulan kitabı ona göstərəcəyik.” (İsra, 17/13)

“İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar!” (Nəcm 53/39.)

  • Sehr və əfsunla əlaqəli:

“Peyğəmbər Mədinədə bir Yəhudi tərəfindən əfsunlandı. Günlərlə nə elədiyini bilməyəcək şəkildə dolaşdı.” (Buxari, Tibb 47; Hənbəl, 6/57)

Bu barədə digər sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/elanlar-xeberler/7225.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.