Müsəlmanlar

Qurbanla əlaqədar müzakirə-söhbət

Qurban

Hacı –Müəllim, belə bir ayə oxudum:

“Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər. Sizin tanrınız tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən müti olanlara müjdə ver.” (Həcc, 22/34)

Biz də bir ümmət olduğumuza görə qurban bizə də fərzdirmi?

Müəllim –Əlbəttə; ayə bizimlə də əlaqəli olaraq belə buyurur:

“Cüssələri mükəmməl olanları da sizin üçün Allaha qulluğun nişanələrindən etdik. Onlarda sizin üçün xeyir vardır. Cərgə-cərgə düzülmüş halda (kəsərkən) Allahın adını çəkin. Böyrü üstə düşən zaman onlardan özünüz də yeyin, aza qane olan kasıba və dilənçiyə də yedirin. Beləcə, onları (qurbanlıq heyvanları) sizə ram etdik ki, bəlkə şükür edəsiniz.”(Həcc 22/36)

Hacı –Müəllim, siz “cüssəsi mükəmməl” deyirsiniz amma əlimdəki məallarda bəziləri “böyükbaş heyvanlar” bəziləri də “dəvələr və inəklər” deyirlər. Bu necə olur?

Müəllim –O sözlərin ayədəki müqabili “el-büdn” (الْبُدْنَ) məfhumudur. Büdn, “bədənə” nin cəmidir. Bu sözün kök mənası, bədən cəhətdən inkişafını tamamlamış deməkdir(1). Peyğəmbərimiz bunu “müsinn” مُسِنٌّ)) sözüylə ifadə etmiş və “müsin olmayanı kəsməyin(2)” demişdir. Müsinn, süd dişləri tökülmüş heyvana deyilir. Bundan ötrü fəqih alimləri qurbanlıq qoyun və keçinin bir yaşını, inəyin iki yaşını, dəvənin də beş yaşını doldurmasını şərt qoşmuşlar.

Dəvəyə və inəyə bədənə deyilməsi iri cüssəli olması səbəbilədir. Peyğəmbərimiz kiçikbaş heyvanları da qurban etdiyi üçün ayədəki “büdn” məfhumuna bu mənanı vermək doğru olmaz.

Hacı –Bəs, “Cərgə-cərgə düzülmüş halda (kəsərkən) Allahın adını çəkin” əmrini necə başa düşməliyik?

Müəllim –“Cərgə-cərgə düzülmüş halda” ifadəsi, bir qurbangah yerinin olmasını göstərir. Hər kəs qurbanını eyni yerdə kəsərsə qurbanlıqların cərgə-cərgə düzülmələri mümkün olmaz. Rəsulullahın müəyyən etdiyi bir qurbangah yeri vardı və qurbanı orada kəsərdi(3).

“Cərgə-cərgə düzülmüş halda (kəsərkən) Allahın adını çəkin” əmri, heyvanların yerə yatdırılmadan kəsilməsini də bildirir. Boğazı və döş qəfəsinin birləşdiyi yerə itili bir bıçaq batırılırsa damarları kəsilir və heyvan, kəsildiyini heç başa düşmədən özündən gedib yerə düşər. Buna “nəhr” deyilir. Bu üsulla dəvə bir-iki saniyə ərzində yerə sərilir və kəsilir. Bu kəsmə üsulunun ancaq dəvəyə məxsus olduğu bilinir; ancaq ayə, bütün qurbanlıqların belə kəsilə biləcəyini xəbər verir.

Hacı –Ayədə keçən;“Böyrü üstə düşən zaman onlardan özünüz də yeyin, aza qane olan kasıba və dilənçiyə də yedirin.” əmrinə görəmi qurbanlıqlar üç yerə bölünür?

Müəllim –Bəli; çünki Rəsulullah olaraq dediyi hər sözü və elədiyi hər iş, Qurana əsaslanır. Allah ona bu əmri vermişdir:

“O halda onların arasında Allahın nazil etdiyi Kitabla hökm et. Diqqətli ol; Onların arzularına uyma. Allahın sənə nazil etdiyi (hökmlərin) bir qismindən səni tovlayıb yayındıra bilərlər. Əgər onlar üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu fasiqlərdir.” (Maidə 5/49)

Hacı – Müəllim, qurban hər kəsə fərz isə, imkanı olan hər kəs qurban kəsmək məcburiyyətindədirmi?

Müəllim – Qurban, heç bir ibadətə bənzəməz; o, şəxslərə deyil, ümmətə fərz qılınmışdır. Bəzən bir adam ümmət adına qurban kəsə bilər. Necəki Rəsulullah (s.a.v.) qurban bayramlarının birində tək birdənə qoç kəsmiş və belə demişdi:

“Mən, İbrahimin dini üzərə üzümü birbaşa göyləri və yeri yaradana tərəf çevirdim. Mən müşriklərdən deyiləm. De: mənim duam da, qurbanım da, həyatım və vəfatım da, aləmlərin Rəbbi olan Allah üçündür! Mən müsəlmanlardanam. Allahım bu səndəndir və sənədir; Muhəmməddən və ümmətindən, bismilləhi vallahu əkbər”(4).

Bir dəfə Allahın Elçisi yaxşı baxımlı, buynuzlu, ala-bula iki qoç almışdı, onlardan birini “Allahım bu, ümmətimdən sənin birliyinə və mənim təbliğimə şəhadət edən hər kəsin adınadır” ikincisini də “Bu Muhəmməd və Muhəmmədin ailəsi adınadır.” deyərək kəsmişdir(5).

Bunun xaricində heç bir ibadət başqasının adına yerinə gətirilə bilməz.

Hacı – Böyükbaş heyvanların yeddi nəfər üçün qurban ediləcəyini bilirdim, ancaq bu dediyniz  şeyin fərqi çoxdur.

Müəllim – Böyükbaş heyvanların yeddi nəfərə qədər qurban edilə biləcəyinə dair verilən fətvalar Cabir b. Abdullahdan gələn rəvayətlərə əsaslandırılır. Ona görə Allahın Elçisi belə demişdir:

“İnək yeddi nəfər üçün, dəvə də yeddi nəfər üçündür”(6).

Hacı –Elə isə, bir  nəfər xəbər vermədən bir başqası adına qurban kəsə bilərmi?

Müəllim –Bəli, Peyğəmbərimiz vəda həccində bir inəyi bütün xanımları adına kəsmişdi, Aişə anamıza ət gətiriləndə “bu nə?” deyə soruşmuş, onlar da Peyğəmbərimizin qurban bayramı günü özləri adına qurban olaraq kəsilən inəyin əti olduğunu demişlər(7).

Hacı –Bir də saçların və dırnaqların kəsilməməsindən bəhs edərlər.

Müəllim –Düzdür, Allahın Elçisi bu haqda belə buyurmuşdur:

“Kimin əlində kəsəcəyi qurban varsa Zilhiccə hilalının görünməsindən qurban kəsənə qədər saçından və dırnaqlarından bir şey almasın”(8).

Qurbanı əvvəlcədən almayanların belə bir vəzifəsi yoxdur.

 [1]بَدُنَ الرجلُ: صار بَديناً) العين (البادن الضخم)غريب الحديث لابن قتيبة) ورجل بَدَنٌ، أي مُسِنٌّ) الصحاح

[2] Müslüm, “Ədâhî”, 2 (13/1963).

[3] Buxari, “Ədâhî” 6

[4] Əhməd b. Hanbəl, Müsnəd, III, 356, 362; Əbu Davud, “Dəhaya” 8

[5] Əhməd b. Hanbəl, Müsnəd, VI, 391, 392.

[6] Əbu Davud, “Dəhaya” 7.

[7] Buxari, “Ədahî” 3.

[8]Əbû Davud, “Dəhaya”, 3.

QEYD: Türk dilindən Azərbaycan dilinə uyğunlaşdıran Aydın Mülayim.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.