Müsəlmanlar

İmsak vaxtı

İmsak vaxtı

Müəllif: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Hacı: Bu həftə hamının Allaha “inandığını” izah edəcəkdiniz. Ancaq Ramazan ayı daxil oldu. Sizin imsak vaxtı ilə əlaqədar iddialarınız da var. Onları müzakirə etsək, olar?

Müəllim: İmsak nədir? Bunu bilirsən? O vaxt üfüqdə nə baş verir?

Hacı: Quranda deyilir ki, fəcrin ağ xətti ((Dan yeri söküləndə ağ sap qara sapdan)) qara xəttindən seçilənə qədər yeyib için (Bəqərə, 2/187). Ağ xətt qaradan ayrıldığı vaxt oruc tutan şəxs daha yeyib içə bilməz və həyat yoldaşı ilə cinsi əlaqədə ola bilməz. İmsak bu vaxta deyilir.

Müəllim: Fikir ver, fəcr yarmaq, axıtmaq və fışqırmaq mənalarını verir. ((Baxın: Rağib əl-İsfəhaninin Müfrədat adlı lüğəti, “fcr” bəndi.)) Səncə burada yarılan nədir ki?

Hacı: Şərq üfüqünün işıqlanmağı gəlir ağlıma. Bununla belə, yarılma məsələsini başa düşə bilmədim.

Müəllim: Gecənin axırı ilə imsak vaxtının arasında səhər vaxtı var. Səhər gündüzün ilk işıqlarının gecənin qaranlığına qarışmağına deyilir. Bu elə bir vaxtdır ki, onda həm gündüzün, həm də gecənin əlamətləri olur. ((Qurtubi, Muhəmməd ibn Əhməd, əl-Cami li əhkami-l-Quran, 17-ci cild, s. 144. Qahirə, 1384/1964-cü il. والسحر: هو ما بين آخر الليل وطلوع الفجر، وهو في كلام العرب اختلاط سواد الليل ببياض أول النهار، لان في هذا الوقت يكون مخاييل الليل ومخاييل النهار.)) Sonra qızılı rəngli işıqlar üfüqü yarmağa başlayır. İndi, sənə onun şəklini göstərim:

Səhər vaxtı – fəcri-kazib

Bu vaxtdan danışan Quran ayəsi aşağıdakı kimidir:

فَالِقُ الإِصْبَاحِ وَجَعَلَ اللَّيْلَ سَكَنًا وَالشَّمْسَ وَالْقَمَرَ حُسْبَانًا ذَلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ

“Sabahı bölən, gecəni istirahət vaxtı, günəşi və ayı isə hesaba müvafiq edən Odur. Bunlar gülcü və bilikli olanın qoyduğu ölçüdür.” (Ənam, 6/96) ((Əlixan Musayevin Quran tərcüməsi: “Dan yerini də O sökür. O, gecəni dinclik, günəşi və ayı isə (vaxt üçün) hesablama (ölçüsü) etdi. Bu, Qüdrətli və Bilən Allahın müəyyən etdiyi hökmdür.” Vasim Məmmədəliyev və Ziya Bünyadovun Quran tərcüməsi: “(Gecənin zülmətindən) səhəri yarıb çıxaran, gecəni bir istirahət vaxtı, günəşi və ayı (vaxt üçün) bir ölçü vasitəsi edən də Odur. (Bütün) bunlar yenilməz qüvvət sahibi, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmüdür).”.))

Ərəb dilində sabah (sübh) qızıllıq ((Məqayisu-l-lüğəti, “sbh” bəndi.)) deməkdir. Ayədəki “faliqu-l-isbah” ifadəsi ilə səhərin başından etibarən üfüqdəki qaranlığa qarışan qızılı və ağ işıqları bölən qızılı rəngli qurşaq nəzərdə tutulur. ((İbrahim Mustafa, Əhməd əz-Zəyyat, Hamid Abdulqadir, Muhəmməd ən-Nəccar, əl-Mucəmu-l-vasit, “sbh” bəndi, 1-ci cild, s. 505.))

Muhəmməd peyğəmbər (s. a. v.) belə demişdir:

“Üfüqdə yuxarı tərəfə uzanan aydınlıq fəcr deyil. Fəcr enləməsinə yayılan qızıllıqdır.” ((Əhməd ibn Hənbəl, Müsnəd, 4-cü cild, s. 23 və 33.))

Hacı: Mənə göstərdiyiniz şəkildə üfüq yaxşıca işıqlanıb. Onun harası fəcri-kazibdir?!

Müəllim: Elə insanlar onu fəcri-sadiq hesab etdiklərinə görə fəcri-kazib (yalançı fəcr) deyirlər də…

Sənə bir şey də deyim, hər gün 3 doğuş və 3 batma olur. Doğ(ul)anlar fəcri-kazib, imsak və günəşdir. İmsak 2-ci doğuşla başlayır. Bu məsələdə bütün məzhəblər həmfikirdirlər. ((Məlumat üçün baxın: Səraxsi, əl-Məbsut, Beyrut, 1414/1993, 1-ci cild, s. 145; Mavərdi, 2-ci cild, s. 24; Əhməd ibn Qənim ibn Səlim, əl-Fəvakihu-d-dəyyani alə risaləti İbn Əbi Zeyd əl-Keyrəvani (Maliki), 1-ci cild, s. 169.))

Hacı: Elə isə mənim bayaq oxuduğum ayənin mənası belə olmalıdır? “Qızılı işıqla yarılan üfüqün ağ xətti qara xəttindən sizcə tam seçilənə qədər yeyib için.” Bəs ağ xətt, qara xətt nəmənə şeydir?

Müəllim: Üfüqdə qızıllıq aydınlaşıb parlamağa başladığı vaxt altda qara bir xətt, üstdə də ağ bir xətt yaranır. Bu şəkildə olduğu kimi, o ağ xətt yaxşı-yaxşı seçilib üzə çıxdıqda imsak vaxtı daxil olur.

İmsak vaxtı-fəcri-sadiq

Hacı: Mən bu hədisi indi başa düşdüm! “Cəbrayıl sübh namazını mənə qızıllığın parıldadığı, habelə, oruc tutana yemək içməyin qadağan olduğu saatda qıldırdı.” ((Tirmizi, Məvaqit, 1.))

Müəllim: Peyğəmbərimizin belə bir hədisi də var: “Yeyin, için. Sanki yuxarı dırmanırmış kimi yayılan aydınlığın təsirinə düşməyin. Eninə yayılan qızıllığı görənə qədər yeyib için.” ((Əbu Davud, Səhurun vaxtı, 2348; Tirmizi, Ma caə fi bəyani-l-fəcr, 705.))

Hacı: Dünən sizin saytınızdan Konya şəhəri üçün namaz təqvimini kompa yüklədim. Türkiyə dini işlər üzrə idarəsinin imsak vaxtına yaxın bir vaxta “səhər” demisiniz. Bir də keçən il deyirdiniz ki, ən azı 40 dəqiqə çox oruc tuturuq. İndi də o müddəti təqribən 70 dəqiqəyə çıxartmısınız.

Müəllim: “Ən azı 40 dəqiqə” deyib insanların zehnini buna hazırlamağa və onları tədqiq etməyə çalışırdıq. Biz bütün meyarları izah etdik. Siz çıxıb baxa bilərsiniz. Beləcə, çətinlik aradan qalxar.

Hacı: Mütləq baxacağam! Sizin təqviminizdə bir də “xüftən namazının axırı” deyilən bir şey var, o nədir elə? Məgər xüftən namazının vaxtı səhərə qədər deyil?

Müəllim: İnşallah onu və 3 batma məsələsini gələn həftə izah edəcəyəm.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.