Müsəlmanlar
Peyğəmbərin Həcc və Ömrə ziyarətləri

Peyğəmbərin Həcc və Ömrə ziyarətləri

Həzrəti Cabir (r. a.) nəql edir:

Mühəmməd peyğəmbər (s. a. v.) (üç dəfə Həcc etdi. Belə ki,) Məkkə şəhərindən Mədinə şəhərinə getməmişdən (Hicrət) əvvəl iki, Hicrətdən sonra bir Həcc və bu həcc ziyarəti ilə birlikdə bir də ömrə etdi. Bu Həcc ziyarəti vaxtı Mədinədən 63 dəvə apardı. O vaxt həzrəti Əli (r. a.) Yəməndən gəldi. Yanında peyğəmbərin (s. a. v.) kəsdiyi qurbanların qalanını da gətirdi. Bunların arasında burnunda gümüş halqa olan dəvə də var idi. Bu dəvə vaxtilə Əbu Cəhlin idi; Bədr döyüşündə qənimət kimi götürülmüşdü. Peyğəmbər (s. a. v.) qurbanları kəsdi. Buyurdu ki, hər dəvədən bir tikə götürülsün. Bunlar (bir qabda) bişirildi. Peyğəmbərimiz (s. a. v.) suyundan içdi. ((Tirmizi, Həcc, 6/815.))

Abdulla ibn Abbas (r. a.) nəql edir:

Peyğəmbər (s. a. v.) saçlarını darayıb yağladıqdan və rida və izarını geyindikdən sonra əshabəsiylə birlikdə Mədinədən yola çıxdı. Rida və izar növlərindən zəfəranla boyanmış olduğuna görə rəngi dəriyə keçənlər xaricində heç bir şeyi (geyinməyi) qadağan etmədi. Beləcə Zülhuleyfəyə gəldi. Orada dəvəsinə mindi. Dəvəsi onu Beyda yamacına çıxartdıqda peyğəmbər (s. a. v.) də, əshabəsi də təlbiyə ((Təlbiyə həcc və yaxud umrə üçün ehrama girən şəxslərin oxuduqları zikrdir. O zikr belədir: Ləbbeyk Allahummə ləbbeyk, la şərikə ləkə ləbbeyk. İnnəl-həmdə vən-nemətə ləkə vəl-mülk, la şərikə lək.)) gətirdi. Peyğəmbər (s. a. v.) qurbanlıq heyvanına nişan vurdu. Bu, Zəlqədə ayının axırdan beşinci günündə olmuşdu. Məkkəyə Zilhiccə ayının dördündə endi. (İlk iş olaraq) Beytullahı ziyarət etdi. Səfa və Mərvə arasında gedib-gəldi. Qurbanlığına görə ehramdan çıxmadı. Çünki ona (qurbanlıq əlaməti kimi) nişan vurmuşdu. Sonra Məkkənin Həcun yanındakı ən yüksək yerinə endi. Artıq Həcc üçün təlbiyə gətirirdi. Kəbəyə onu təvaf etdikdən sonra Ərəfatdan qayıdana qədər qətiyyən yaxınlaşmadı. Əshabəsinə isə əmr etdi ki, Kəbəni təvaf edib Səfa və Mərvə arasında gedib-gəlsinlər. Buyurdu ki, sonra saçlarını kəsdirib ehramdan çıxsınlar. Bütün bu əmrlər yanında qurbanlıq nişanəsi vurulmuş dəvəsi olmayanlara aid idi. Arvadı yanında olanlara arvadları da halal idi. Eynilə ətir vurmaq və pal-paltar geyinmək də halal idi. ((Buxari, Həcc, 21, 70, 128.))

Həzrəti Əli (r. a.) nəql edir:

Peyğəmbər (s. a. v.) Ərəfatda vəqfə etdi (dayandı) və: “Bura Ərəfatdır; vəqfə yeridir, Ərəfatın hər yeri dayanmaq yeridir”, – dedi.

Sonra günəş batar batmaz Ərəfatı tərk etdi. Dəvəsinin tərkinə Üsəmə ibn Zeydi (r. a.) mindirdi. Peyğəmbərimiz (s. a. v.) (camaat sağda-solda dəvələri həyəcanla dürtmələdikləri halda) onlara dönüb baxmadan həmişəki sükunət və rifq halını qoruyaraq əli ilə işarə edir və: “Ey insanlar, sakit olun”, – deyirdi.

Sonra Müzdəlifəyə gəldi. Orada iki namazı da (axşam və gecə namazlarını) birlikdə qıldırdı. Səhər açılanda Quzəh təpəsinə gəlib orada vəqfə etdi (dayandı).

“Bura Quzəhdir, vəqfə yeridir. Cəmin (Müzdəlifənin) hər tərəfi vəqfə yeridir”, – dedi. Sonra ordan çıxıb Mühəssir vadisinə gəldi. Dəvəsini dürtmələdi. Dəvə dördnala çapıb vadini adladı. Orada dayanıb əmisi Abbasın (r. a.) oğlu Fəzli dəvəsinin tərkinə götürdü.

Oradan Cəmrətul-Əqəbəyə gəldi və (şeytanı) daşladı. Sonra mənhərə (heyvanların kəsildiyi yer) gəldi və buyurdu:

“Bura mənhərdir (qurbanlarımızı kəsəcəyimiz yer). Minanın hər tərəfi mənhərdir.

Bu dəm Həsəm qəbiləsindən cavan bir qadın gəlib belə bir sual soruşdu:

“Ey Allahın elçisi! Mənim atam çox qocadır. Allahın Həcc buyruğu onun boynuna gəlib. Mən onun yerinə Həcc edə bilərəm?”.

Peyğəmbər (s. a. v.):

“Atanın əvəzinə Həcc et!”, – cavabını verdi. Bu vaxt öz əli ilə dəvənin tərkindəki Fəzlin başını bükdü (o tərəfə çevirdi). Əmisi Abbas (r. a.) soruşdu ki, ey Allahın elçisi, əmin oğlu Fəzlin başını niyə o bir tərəfə çevirdin?

Peyğəmbər (s. a. v.): “Görürəm ki, ikisi də cavandır. Onların haqqında şeytanın şərindən arxayın deyiləm”, – deyə cavab verdi.

Bundan sonra bir adam gəlib belə dedi:

“Ey Allahın elçisi, mən təraş olmamışdan qabaq ifaza təvafını yerinə yetirdim”.

“Təraş ol, bunda bir problem yoxdur”, – cavabını aldı.

Başqa bir nəfər gəlib: “Ey Allahın elçisi, mən (şeytan) daşlamamışdan qabaq qurbanımı kəsdim”, – dedi.

Peyğəmbər (s. a. v.) həmin adama: “Daşlarını da at, bunda bir qəbahət yoxdur!, – dedi.

Sonra peyğəmbər (s. a. v.) Beytullaha gəldi. Onu təvaf etdi. Sonra Zəmzəm (quyusuna) gəldi və: “Ey Abdulmuttalib oğulları! Əgər camaat sizə bunun üstündən qələbəlik etməsəydi, mütləq çəkərdim”, – dedi. ((Tirmizi, Həcc, 54 (885).))

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.