Müsəlmanlar

Vəsilə nədir?

Vəsilə nədir?

 

Allahla özləri arasına vasitəçi qoyanların vəsilə ilə əlaqədar dəlil gətirdikləri ayə budur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَابْتَغُواْ إِلَيهِ الْوَسِيلَةَ وَجَاهِدُواْ فِي سَبِيلِهِ لَعَلَّكُمْ تُفْلِحُونَ

“Ey iman gətirənlər! Allahdan qorxun, Ona vəsilə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız.” (Maidə, 5/35.)

Əhli sünnədəki təriqət əhli və şiənin hamısı bu ayədəki vəsilə kəliməsini şəxslərə şamil etməkdə və hər biri vəsiləyə öz şeyxini[1] ya da imamını[2] tövsiyə etməkdədir. Halbuki, ayəni yarıda kəsməyib bütövlükdə oxuduğumuz zaman bu vəsilənin nə olduğunu açıq-aydın görə bilirik: “…Onun yolunda cihad edin ki, nicat tapasınız!”. Yəni, Allah yolundakı hər bir cəhd Ona yaxınlaşmaqda bir vəsilədir. Təbəri bu ayənin təfsirində belə buyurur: yəni Onu razı salacaq əməl ilə yaxınlaşmanın yollarını axtarın.”[3] Quranı bütövlükdə dəyərləndirən alimlərin əksəriyyəti bu vəsilənin xeyirli əməllər, namaz, oruc, zəkat və Allah yolunda cihad kimi şeylər olduğunu demişlər.[4]

Allahını sevən özü Ona yaxınlaşmalı və bunun yollarını Qurana baxıb görməlidir. Elə bizi də bunun üçün imtahan etməkdədir: “Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur.” (Mülk, 67/2.)

Quran, Allah ilə özləri arasına şəxsləri, cinləri vəsilə qoyan müşrikləri belə tənqid etməkdədir: “Onların ilah yerinə qoyub yalvardıqlarının özləri belə, Rəbbinə daha da yaxın olmaq üçün bir vəsilə axtarırlar, Onun rəhmətini umurlar və əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından qorunmaq lazımdır.” (İsra, 17/57.)

Vəsiləni öz batıl əqidələrinə uyğun şərh edənlər, Əli-İmran surəsinin 31-ci ayəsini əsas göstərərək, “Allah, peyğəmbəri vəsilə etməyi əmr buyurmuşdur”- deyərlər. Ayə isə belədir:

 قُلْ إِنْ كُنْتُمْ تُحِبُّونَ اللَّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللَّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ

De: “Əgər siz Allahı sevirsinizsə, mənə itaət edin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!”

Onların bu ayəni (sonrakı ayə ilə əlaqəsini kəsərək) dəlil göstərmələri, əslində elçiyə itaətin nə mənaya gəldiyini bilməmələrindən qaynaqlanır. Elçiyə itaət, elə Allaha itaətdir. Çünki elçi öz sözünü deyil, Allahın sözünü çatdırır. Elçiyə uymaq bir vəsilə qoymaq deyil, birbaşa Allaha uymaqdır. Yəni elçinin şəxsinə deyil, sizə çatdırdığı məsaja (vəhyə), Qurana uyun, itaət edin ki, Allah sizi sevsin və günahlarınızı bağışlasın. Rəsul və Nəbi fərqini bilmək və bu barədə ətraflı biliyə yiyələnmək üçün bu linkimizə müraciət edin: http://www.muselmanlar.com/dusunce-sahesi/5579.html

Sonrakı ayədə:

قُلْ أَطِيعُوا اللَّهَ وَالرَّسُولَ “Rəsula itaət Allaha itaətdir!”- buyurulmaqdadır.

Bizə gələn hədisi şəriflərdə də Quranda ifadə edilən vəsilənin nə olduğu praktik nümünələrlə sərgilənməkdədir. Peyğəmbər əleyhissəlam belə buyurmuşdur:

Ey Qüreyşlilər, ey əmim Abbas! özünüzü qurtarın, Allahın yanında sizə bir faydam olmaz! Qızım Fatimə! Malımdan dilədiyini istə amma Allahın yanında sənə faydam olmaz. Özünü bir xurma dənəsilə olsa qurtarmağa bax!” 

Əli b. Əbu Talib, bizə təvəssül (vəsilə) və dua ədəbini vəsf edərək belə demişdi: “Təvəssül edən bir şəxsin təvəssülü, Allah Təalaya və rəsuluna iman, (əməl yönündən) Allah yolunda cihaddır; çünkü o İslamın zirvəsidir.” (“Nəhcul Bəlağa”, s. 163.)

“Ey insanlar! Allah ilə hiç kim arasında nəsil əlaqəsi yoxdur. İnsanın yaxşı əməllərindən, xeyrli və gözəl davranışlarından başqa, ona xeyir gətirəcək və şərri ondan döndərəcək bir şey yoxdur. Olmaya, aranızdan biri xəyala qapılıb da boş fikirlərə düşməsin! Məni Həqq ilə göndərən Allaha andolsun ki, ilahi rəhmətə nail olan əməldən başqa heç bir qurtuluş vəsiləsi yoxdur!”

Bunları dedikdən sonra da belə əlavə etdi: “Allahım! Təbliğ etdimmi?” (İbn Ebil Hadid, “Nəhcul-Bəlaga Şərhi”, c. 2, s. 883).

Təəssüf ki, Əli əleyhissəlamın bu izahatını və xəbərdarlığını diqqətə almayan şiə alimlərinin çoxu, vəsilənin Əli əleyhissəlamın elə özü və nəsli olduğunu iddia etmişlər. Beləliklə, tarix boyu sevdikləri şəxsləri müqəddəsləşdirən insanların xətalarını davam etdirmiş və hələ də etdirməkdədirlər.

İslam alimlərinin ən böyüklərindən biri olan Əbu Hənifənin: “Hiç kimsə ‘Səndən Peyğəmbərinin haqqı üçün istəyirəm!’- deməsin.” (Seyyid Muhamməd Rəşid Rıza, əl-Mənar, c. 6, s. 369-377.)

Nəticə etibarilə, Quranda hər hansı bir şəxsi vəsilə etmək, ona bağlanmaq, ondan əl almaq, filankəsin övladı olmaq kimi işlərlə Allah qatında hər hansı bir mərtəbəyə, arzuya nail olunmayacağı və insanların yalnız öz əməlləri ilə qiymətləndiriləcəyi bildirilməkdədir. Bunu ən qısa və öz ifadə edən Nəcm surəsinin 39-cu ayəsidir:

وَأَنْ لَيْسَ لِلْإِنْسَانِ إِلَّا مَا سَعَىٰ

İnsana öz çalışmasından\əməlindən başqası yoxdur.”

Müəllif: Aydın Mülayim.[5]

Bu barədə bir başqa yazımızı və video dərsi aşağıdakı linklərdən görə bilərsiniz:

http://www.muselmanlar.com/tedqiqatlar/5350.html

http://www.muselmanlar.com/elanlar-xeberler/6191.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Hocazade Ahmet Hilmi, “Hadıkatul Evliya”, TDV., yay., İstanbul, 2007, s. 29.

[2] Əli b. Kummiyə aid təfsirdə belə rəvayət edilmişdir: “Onu vəsiləylə arayın’ ayəti, ‘İmamı vəsilə qılaraq Allaha yaxınlaşın’ mənasına gəlir.” Allaməyə görə məqsəd itaətdir. Yəni imama itaətlə Allaha yaxınlaşın. (Təbatabai, “əl-Mizan”, c. 6, s.328-332)

[3] Təbəri, “Camiul Bəyan”, c.4. s. 566.

[4] Təbəri, Kurtubi, İbn Kəsir, Razi təfsirlərinin bu ayə ilə əlaqədar izahlarına baxa bilərsiniz.

[5] Müsəlmanlar.com saytının redaktoru.