Müsəlmanlar
Bayram namazını tək qılmaq olar?

Bayram namazını tək qılmaq olar?

Sual: Ramazan və Qurban bayramlarının namazını tək qılmaq olar, yoxsa mütləq camaatla birlikdə qılmaq lazımdır?

Cavab: Quran ayələrinə əsasən bu namaz cəm halda qılınmalıdır. Ramazan bayramına işarə vuran Quran ayəsi belədir:

شَهْرُ رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِلنَّاسِ وَبَيِّنَاتٍ مِنَ الْهُدَىٰ وَالْفُرْقَانِ ۚ فَمَنْ شَهِدَ مِنْكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ ۖ وَمَنْ كَانَ مَرِيضًا أَوْ عَلَىٰ سَفَرٍ فَعِدَّةٌ مِنْ أَيَّامٍ أُخَرَ ۗ يُرِيدُ اللَّهُ بِكُمُ الْيُسْرَ وَلَا يُرِيدُ بِكُمُ الْعُسْرَ وَلِتُكْمِلُوا الْعِدَّةَ وَلِتُكَبِّرُوا اللَّهَ عَلَىٰ مَا هَدَاكُمْ وَلَعَلَّكُمْ تَشْكُرُونَ

“Ramazan elə bir aydır ki, insanlara yol göstərən, doğrunun dəlillərini ehtiva edən və doğrunu səhvdən (haqqı batildən) ayıran Quran o ayda endirilmişdir. Sizlərdən bu aya çatan (şahid olan) şəxslər (həmin ayı) oruc tutmalıdırlar. Sizdən xəstə və ya səfərdə olanlar o günlərin sayı qədər başqa günlərdə oruc tutmalıdırlar. Allah sizə asanlıq diləyir, çətinlik diləmir. Bir də o sayı tamamlamağınızı və sizə göstərdiyi doğru yol üzrə Ona təkbir gətirməyinizi istəyir. Bəlkə, şükr edəsiniz.” (Bəqərə, 2/185)

Yuxarıdakı ayədə: لتكبروا الله على ما هداكم: Sizə göstərdiyi doğru yol üzrə Ona təkbir gətirməyiniz”, – ifadə var və bu, bayram namazına işarə edir. Bu ayə göstərir ki, möminlər cəm halda Allahı zikr etməli, təkbir gətirməli (“Allahu Əkbər” demək) və Onu təqdis etməlidirlər.

Qurban bayramı namazına isə aşağıdakı ayə işarə edir:

لَنْ يَنَالَ اللَّهَ لُحُومُهَا وَلَا دِمَاؤُهَا وَلَٰكِنْ يَنَالُهُ التَّقْوَىٰ مِنْكُمْ ۚ كَذَٰلِكَ سَخَّرَهَا لَكُمْ لِتُكَبِّرُوا اللَّهَ عَلَىٰ مَا هَدَاكُمْ ۗ وَبَشِّرِ الْمُحْسِنِينَ

“Onların [qurbanların] nə əti, nə də qanı Allaha çatar. Allaha çatan yalnız sizin təqvanızdır (Allaha zidd düşməkdən çəkinmək). Sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız (təkbir gətirəsiniz) deyə, bu (heyvanları) sizə beləcə ram etdi. (Sən isə) yaxşılıq edənləri müjdələ!” (Həcc, 22/37).

Bu ayədə də eyni ifadə var. Bu da möminlərin birlikdə Allahı uca tutmaq məqsədilə təkbir gətirməli olduqlarını göstərir.

وَلِكُلِّ أُمَّةٍ جَعَلْنَا مَنْسَكًا لِيَذْكُرُوا اسْمَ اللَّهِ عَلَىٰ مَا رَزَقَهُمْ مِنْ بَهِيمَةِ الْأَنْعَامِ ۗ فَإِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ فَلَهُ أَسْلِمُوا ۗ وَبَشِّرِ الْمُخْبِتِينَ

“Biz hər bir ümmət üçün qurban kəsmək ibadəti müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər. Sizin tanrınız Tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən təvazökar olanlara müjdə ver!” (Həcc, 22/34)

Bu ayədə də peyğəmbərə xitab edilir və qurban kəsmə günlərində: وبشر المخبتين , təvazökar olanlara müjdə ver”, – deyilir. Buradan da belə başa düşülür ki, möminlər birlikdə olduqları vaxt müjdələnirlər. Elə isə möminlər bayram namazını qılmaq məqsədilə bir yerə cəm olurlar.

Muhəmməd peyğəmbərin (s. a. v.) də bayram namazını möminlərlə birilkdə qıldığını bildirən hədislər nəql olunub. Deməli, bayram namazı camaatla birgə qılınmalıdır. ((Hakim, əl-Müstədrək, 1-ci cild, s. 294; Beyhəqi, əs-Sünənu-l-kübra, 9-cu cild, s. 277.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.