Müsəlmanlar

Qədr gecəsi

Qədr gecəsi

“Şübhəsiz ki, biz onu Qədr gecəsində nazil etdik.

Sən Qədr gecəsinin nə olduğunu bilirsən?

Qədr gecəsi min aydan daha xeyirlidir.

Ruh və mələklər o gecə Rəbbinin izni ilə hər bir iş üçün enər.

O gecə dan yerinin ağarmasına qədər bir əmin-amanlıqdır”. (Qədr, 97/1-5.)

Uca Allah, bizim pis yoldan dönüb doğru yola gəlməyimiz üçün müxtəlif səbəblər  yaratmışdır. Bunlardan biri də qədr gecəsidir.

Məlumdur ki, Qədr gecəsi Ramazan ayındadır. Çünki Allah Təala belə buyurur:

“Ramazan elə bir aydır ki, insanlara yol göstərən, doğrunun dəlillərini ehtiva edən və doğrunu səhvdən (haqı batildən) ayıran Quran o ayda endirilmişdir”. (Bəqərə, 2/185.)

Lakin Ramazan ayının hansı gecəsinin Qədr gecəsi olduğu bilinmir. Peyğəmbərimiz Məhəmməd əleyhissəlam bu məsələ ilə əlaqədar olaraq Qədr gecəsini Ramazan ayının axırıncı 10 gününün tək gecələrinə axtarmağı tövsiyə edib. Buradan belə çıxır ki, Qədr gecəsi Ramazanın 21, 23, 25, 27 və 29-cu gecələrindən hər hansı biri ola bilər.

Qədr gecəsi ilə əlaqədar hədislər aşağıdakı kimidir:

Kim savabına inanıb o savabı qazanmaq ümidi ilə Qədr gecəsini ehya etsə, onun keçmiş günahları bağışlanır.1

Rəsulullah əleyhissəlamda Ramazan ayında, xüsusi bir ibadət ab-havasında olurdu. Ramazanın axırıncı 10 günü isə lap çox canfəşanlıq edirdi.2 Belə ki, axırıncı 10 gün ((Buxari, Fadlu leylətil-qədr, 5; Müslim, Etikaf, 8 (1175).) ərzində gecələri ehya edir və ailəsini də gecəni ehya etmək üçün oyandırırdı.

Rəsulullah (s. a. v.) vəfat edənə qədər Ramazan ayının axırıncı 10 günündə etikafa gedər və belə deyərdi: “Qədr gecəsini Ramazanın sonuncu 10 günündə axtarın”. (Buxari, Fadlu leylətil-qədr, 3, Etikaf, 1, 14; Müslim, Etikaf, 5 (1172); Muvatta, Etikaf, 7).

Əbu Səid əl-Xudri belə nəql edir:

Biz peyğəmbərlə (s. a. v.) birlikdə Ramazan ayının ortadakı 10 günündə etikafa girdik. 20-ci gün səhər açılanda əşyalarımızı evlərimizə apardıq. Rəsulullah (s. a. v.) bir xütbə söyləyib bunları əlavə etdi:

“Etikafa girənlər etikaf yerlərinə qayıtsınlar. Çünki bu gecə mənə Qədr gecəsinin hansı gecə olduğu göstərilmişdi amma sonra unutduruldu. Siz Qədr gecəsini axırıncı 10 gündə və tək gecələrdə axtarın. Bir də mən bu gecə gördüm ki, su və palçıq içərisində səcdə edirəm”.

Rəsulullah (əleyhissəlam) etikaf yerinə qayıdanda o günün axırına yaxın hava tutulur. Məscid o vaxtlar üstü budaqlarla örtülmüş çardaq formasında idi. Mən gördüm ki, peyğəmbərin burnunun üstündə su və palçıq bulaşığı var. Bu gecə 21-ci gecə idi. (Buxari, Fadlu leylətil-qədr, 2, 3, Etikaf, 1, 9, 13; Müslim, Siyam, 213 (1167).)

Həzrəti peyğəmbərin əshabələrindən bəzilərinə yuxuda Qədr gecəsinin Ramazan ayının axırıncı 7 günündə olduğu göstərildi. Onlar bu yuxularını peyğəmbər əleyhissəlama danışdılar.

O: “Deməli, sizin yuxunuz axırıncı 7 günə müvafiq gəlir. Elə isə Qədr gecəsini axtarmaq istəyən axırıncı 7 gündə axtarsın”, – deyə buyurdu. (Buxari, Təhəccüd, 21, Leylətul-qədr, 2; Müslim, Siyam, 205 (1165), Muvatta, Etikaf, 14.)

Bu gecə nə edilməlidir?

Bu gecə edilməli olan işlər əslində çox sadə şeylərdir: Həmişə olduğu kimi gecə (xüftən) namazı qılınır. Bundan əlavə, bu gecə peyğəmbər əleyhissəlamın qıldığı, lakin yalnız bu gecəyə və sadəcə Ramazana xas olmayan, yəni, ilin hər gecəsində qıldığı kimi 8 rükət gecə namazı (nafilə namaz, müstəhəb namaz) da qılına bilər. ((Buxari, Təravih, 1.)) Başqa sözlə desək, bu gecəyə yaxud da axırıncı 10 gecəyə aid tövsiyə edilən xüsusi bir ibadət yoxdur! Hər vaxt qılınan gecə (xüftən) namazı və qılınması məsləhət görülən 8 rükətli nafilə namaz (gecə namazı)! Peyğəmbərimizdən bununla əlaqədar olaraq bir duanın edilib oxunması da tövsiyə edilir. O dua belədir:

Aişə anamız peyğəmbərimizdən (əleyhissəlam): “Ey Allahın elçisi, Qədr gecəsinin hansı gecə olduğunu başa düşsəm, o gecə necə dua edim?”, – deyə soruşduğu vaxt peyğəmbərimiz aşağıdakı duanı oxumağı buyurdu:

Allahım! Sən bağışlayansan, səxavət sahibisən. Bağışlamağı sevərsən. Məni də bağışla. (Tirmizi, Dəavat, 84.)

Əlavə olaraq, Allahın kitabını başa düşərək oxumaq, Onu zikr eləmək və gecəni Allahın razı qalacağı işlərlə, söhbətlərlə keçirmək yaxşı olar.

Digər dini sual-cavabları və videoları izləmək üçün saytımızın bu linkinə tuşlaya bilərsiz:

Dini Elmi Sayt

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.