Müsəlmanlar

Valideyndən xəbərsiz kəbin

Sual: Cavanlar valideynlərindən xəbərsiz kəbin kəsdirirlər. Onlar müntəzəm bir ailə həyatı yaşamırlar. Hətta çox vaxt zifafa daxil olmadan ayrılırlar. Bu məsələni İslam hüququ baxımından və ictimai cəhətdən necə qiymətləndirmək olar?

VALİDEYNİN İŞTİRAKI OLMADAN KƏBİN KƏSDİRMƏK

Əbu Musanın (r. a.) rəvayət etdiyinə görə peyğəmbər (s. a. v.) belə buyurub:

“Vəlisiz nikah olmaz”. ((Əbu Davud, Nikah, 20 (2085); Tirmizi, Nikah, 14/1101.))

Bir başqa hədisdə peyğəmbər (s. a. v.) üç dəfə: “Hansı qadın vəlisinin ((Vəli sözü burada qızın valideyni, yaxud valideyni əvəz edən şəxs mənasında işlədilib.)) icazəsi olmadan ərə getsə, onun nikahı batildir”, – deyib. ((Əbu Davud, Nikah, 20 (2083); Tirmizi, Nikah, 14/1102.))

Həzrəti peyğəmbərdən (s. a. v.) belə rəvayət edilib:

“Vəli və iki etibarlı şahid olmadan nikah olmaz. Bu cür kəsilməyən nikah batildir. Əgər öz aralarında razılığa gələ bilməsələr, səlahiyyətli şəxs vəlisi olmayanın vəlisidir”. ((Abdulla ibn Yusif Əz-Zeylai, Nasbur-rayə li əhadisil-hidayə, Nikah fəsli, 1-cı hədis, Qahirə, III cild, s. 167.))

İndiki dövrdə vəlisiz nikah kəsilmir. Nikahı təsdiq etməkdə səlahiyyətli orqan isə istər ölkəmizdə olduğu kimi qeydiyyat şöbələri, istərsə xristian ölkələrində olduğu kimi kilsə tərəfindən yerinə yetirilsin, bu orqanların belə bir səlahiyyətə malik olmaları vəlilik səlahiyyətindən istifadə etmələri deməkdir. Nikah kəsən məmurun lazımi araşdırmaları apardıqdan və evlənən tərəflərin razılığını aldıqdan sonra: “Səlahiyyətli şəxsin verdiyi icazəyə müvafiq olaraq sizi ər-arvad elan edirəm”, – deyib evliliyi təsdiq etməsi də bundan irəli gəlir.

Həzrəti peyğəmbərin (s. a. v.) evlənmək üçün irəli sürdüyü vəli şərti evliliyin ər-arvaddan başqa səlahiyyətli bir şəxs tərəfindən təsdiq edilməsi şərti deməkdir. Əgər vəli olmasa, yaxud olduğu halda öz vəzifəsini yerinə yetirməsə, o vaxt vəlilik vəzifəsi həmin bölgənin səlahiyyətli şəxsinə keçir.

İslam dini baxımından vəli ancaq bakirə qız üçün tələb olunur. Çünki Qurani Kərimdə ərindən boşanmış qadınlarla əlaqəli belə buyrulmaqdadır:

“Talaq (boşanma) müddəti bitdikdən sonra qadınları ər adayları ilə mərufa uyğun olaraq razılığa gəldikləri zaman, evlənməklərinə mane olmayın…” (Bəqərə 2/232)

Peyğəmbər (s. a. v.) bu barədə belə deyib:

“Dul qadının özü ilə əlaqədar olaraq vəlisindən çox haqqı vardır. Bakirə qızın isə razılığı alınmalıdır. Onun susmağı razılıq kimi qəbul edilir”. ((Müslim, Nikah, 9, hədis 66/1421.))

Hizam adlı bir şəxs öz dul qızı Xənsanı ərə vermişdi. Qızı bu evliliyi istəmirdi və peyğəmbər əleyhissəlamın yanına gəlib əhvalatı ona bildirdi. Peyğəmbər əleyhissəlam qızın atasının kəsdirdiyi kəbini ləğv etdi. ((Buxari, Nikah, 42.))

Evlilik ciddiyət tələb edən bir məsələdir. Rahatlıqla gəzib dolaşmaq üçün nikah kəsilməz. Nikah kəsildikdən etibarən də evlilik həyata keçir və qarşılıqlı surətdə haqq-hüquq və məsuliyyətlər başlayır.

İndiki dövrdə cəmiyyət olaraq evlənməyin qarşısına qoyduğumuz maneələr və cavanları gec evləndirmək vərdişi yuxarıda qeyd edilən problemlərə səbəb olur. Cavanları erkən evləndirmək və ali təhsillərini evli olaraq başa vurmaqları üçün şərait yaratmaq lazımdır.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.