Ramazan: imkanların ayı
Müsəlmanlar > Tədqiqatlar Tarix: 24 iyun 2009 Tövsiyə et Çap et

RAMAZAN – FÜRSƏT VƏ İMKANLAR AYI1

Qurani-Kərimdə orucla əlaqədar hökmlərin izah edildiyi ayələr Bəqərə surəsinin 183, 184, 185, 186 və 187-ci ayələridir. Həmin ayələr oxunduqda bəzi məfhumların ön plana çıxması müşahidə edilir. Elə bu yazıda da həmin ayələrdə Ramazan ayının müsəlmanlara necə deyərlər, təqdim etdiyi “fürsətlər” kimi qiymətləndirilən təqva, Quran, şükür və dua məfhumları təhlil ediləcəkdir.

1) TƏQVA VƏ RAMAZAN

Allah Təala Qurani-Kərimdə orucun qayəsini belə bildirir:

Ey iman gətirənlər, oruc sizdən əvvəlkilərə vacib qılındığı kimi qorunasınız deyə sizə də vacib edildi (Bəqərə, 2/183).

Bu tərcümə-məalda altından xətt çəkilən hissə ayənin Ərəbcə mətnindəki (لعلكم تتقون – ləalləkum təttəquun) ifadəsinin mənasıdır. Buradakı təttəquun feli təqva (تقوى) sözündən törəyib. Belə olan halda, ifadənin mənası “təqvalı olasınız deyə” olur. Təqva qorunmaq deməkdir. Bəs nədən qorunmaq? Günahlar, haramlar və şirkə düşüb Allaha şərik qoşmaqdan… Qısa desək, təqva özünü hər növ pis əmələ qarşı qorumaqdır. İnsana bu cür təqva ruhunu aşılamağın yollarından biri də orucdur. Həm də qeyd edək ki, bizim dilimizə Fars dilindəki ruzə sözündən keçən oruc sözünün Ərəb dilindəki ekvivalenti də savm/siyamdır. Bu da öz növbəsində tutmaq mənası daşıyır: Özünü tutmaq, özünü saxlamaq. Başqa sözlə, oruclu olduğu halda özünü yemək, içmək və cinsi əlaqədən saxlamaq. Oruc tutan bir müsəlman özünü eyni zamanda Allahın qadağan etdiyi digər şeylərdən də qoruduğu vaxt orucun hədəfinə, yəni, təqvaya çatır. Ramazan ayında oruc tutmağın qayə və məqsədi budur; insanı təqvaya çatdırmaq, onu təqva şüuruyla əhatə etmək.

Həzrəti Muhəmməd (ə. s.) bu təqva çağırışının Ramazan ayı boyu hər gecə bəndələrə təkrar edildiyini bildirib:

Ramazan ayının ilk gecəsi daxil olduqda şeytan və cinlərin üsyankarları zəncirə vurular. Cəhənnəmin qapıları bağlanar; heç biri açılmaz. Cənnətin qapıları açılar; heç biri bağlanmaz. Və bir çağırışcı belə səslənər: “Ey xeyir istəyən (xeyir əməl etməyə) yönəl! Ey şər istəklisi, özünü saxla! (Çünki) Allahın qoruduğu kimsələr var”. Bu, Ramazan ayı boyu hər gecə yerinə yetirilər (Tirmizi, Savm, 1; İbn Macə, Siyam, 2).

Oruc bu baxımdan sadəcə olaraq ac-susuz qalmaq, pəhriz saxlamaq deyil. Allah Ramazanda insanın özünü digər vaxtlarda olmadığı qədər “saxlamağını” gözləyir. Necə deyərlər, ona “indiyədək olmasa da, heç olmasa bundan sonra” mənasında bir fürsət verir, onun orucu pisliklərə qarşı sipər etməyini gözləyir. Peyğəmbərimiz həzrəti Muhəmməd (ə. s.) də orucun bu cəhətini vurğulamışdır:

Oruc bir qalxandır. Oruc tutan şəxs pis söz deməsin. Onunla dava-dalaş etmək istəyənə: “Mən orucluyam, mən orucam”, – desin və dalaşmasın (Buxari, Savm, 2; Müslim, Siyam, 164).

İnsan bunu bacarmadıqdan, yəni, özünü saxlaya bilmədikdən sonra orucun qayəsi olan təqvaya necə çatacaq? Peyğəmbər (ə. s.) belə buyurur:

Allahın yalan danışmaq və yalanla iş görməyi tərk etməyənin yemək-içməyi tərk etməyinə və ac qalmağına ehtiyacı yoxdur (Buxari, Savm, 8; Tirmizi, Savm, 16)!

Elə oruc tutan insanlar var ki, qazancları sadəcə olaraq aclıq və susuzluq çəkməkdir (İbn Macə, Siyam, 21).

Oruc ayələrinə başlarkən təqvanı vurğulayan Allah bu ayələri bitirdikdə bir daha eyni şeyi vurğulayır. Bununla da oruc-təqva münasibətində heç bir qaranlıq məqam və anlaşmazlıq qalmır:

…Bunlar Allahın hədləridir. Aman onları aşmayın! Beləcə Allah çəkinib qorunsunlar deyə  (لعلهم يتقون) insanlara ayələrini yaxşı-yaxşı izah edir (Bəqərə, 2/187).

Belə olan halda, başa düşülür ki, Ramazanın verdiyi ilk fürsət təqvadır. Bu, qətiyyən əldən verilməməli olan bir fürsətdir. Biz nə olursa olsun, bu fürsətdən istifadə etməli, onu düzgün qiymətləndirməli, varlığımıza təqva qazandırmalıyıq.

2) QURAN VƏ RAMAZAN

Ramazanı ramazan edən dəyər Qurandır. Bunu aşağıdakı ayədən də yaxşı başa düşmək olar:

Ramazan elə bir aydır ki, insanlara yol göstərən, doğrunun dəlillərini ehtiva edən və doğrunu səhvdən (haqqı batildən) ayıran Quran o ayda endirilmişdir (Bəqərə, 2/185).

Bu ayə nə məna verir? Siz dostlarınıza xoşladığınız, bəyəndiyiniz bir şeydən danışanda sözünüzə həmin şeyin ən yaxşı cəhəti ilə başlayarsınız. Əgər havasını çox bəyənmisinizsə, “mən bu il bir yerə istirahətə getmişdim. Havası o qədər gözəl idi ki…” deyərsiniz. Yaxud da sözünüzə o yerin sizin üçün həqiqətən də, gözəl olan mənzərəsindən və ya sakitliyindən başlayarsınız. Qısa desək, həmin yeri sizin üçün bir də gedilib görüləsi edən şey nədirsə, onu ön plana çıxararsınız. Allah Təala da Ramazan ayını bizə bu cür təqdim edir: Ramazan elə bir aydır ki, o ayda Quran nazil edilib. Əgər belə demək mümkündürsə, Rəbbimiz: “Nə olursa, olsun, Ramazanı Quranla keçirin”, – deyir. Bu, “əgər siz möhtəşəm bir Ramazan ayı keçirmək istəyirsinizsə, bunu Quransız edə bilməzsiniz” deməkdir. Çünki Quransız bir Ramazan dadsız-duzsuz bir yeməyə bənzəyir: O yeməyi yeyərsiniz, amma ləzzət almazsınız.

Elə isə buradan belə bir nəticə çıxır: Bundan əvvəlki Ramazanları Quransız keçirmişiksə və Allah bizə bir fürsət də veribsə, bu il Ramazanı başqa cür keçirməliyik: Quranlı bir Ramazan. Biz Ramazanda başqa vaxtlarda olmadığı qədər Qurana vaxt ayırmalı və onunla öz aramızdakı münasibətlərə yenidən nəzər salmalıyıq.

Onlar Quranı düşünmürlərmi? Yoxsa onların qəlblərinin üzərində kilidlərimi var (Muhəmməd, 47/24)? Biz bu xəbərdarlığı nəzərə alıb oxuduğumuz Quranı anlamağa, anladığımızı da öz həyatımıza tətbiq etməyə böyük diqqət yetirməliyik. Belə ki, indiyədək məqsədimiz hər Ramazanda bir xətmi başa vurmaq idiysə, bu, bu Ramazan ayında başqa cür olmalıdır. “Oxuduğumu anlamağa çalışmalıyam”, – deyərək özümüzə bir proqram tərtib etməliyik. Hər gün bir neçə ayə və ya 1 səhifə, yaxud 5, 10, 15 səhifə… Əgər bacarırsa, insan hər gün bir cüzü tərcümə-məalıyla birlikdə oxumalıdır. Necə olursa, olsun, fikir verməli olduğumuz əsl cəhət Quranı qəlbimizdə kök salması üçün ağır-ağır və aramla oxumaqdır. Çünki Allah Təala Quranı bu məqsədlə hissə-hissə endirmişdir: Kafirlər: “Quran ona bir dəfədə cəm formada endirilməli deyildi?”, – dedilər. Biz onu sənin qəlbinə yaxşı-yaxşı yerləşdirmək üçün belə etdik (hissə-hissə endirdik) və onu tək-tək (tərtillə) oxuduq (Furqan, 25/32).

Nəticə etibarilə Bu Ramazan ayında Qurana – kitabımıza başqa vaxtlarda ayıra bilmədiyimiz qədər vaxt ayırmalıyıq. Bu da Ramazanın bizə verdiyi ikinci bir fürsətdir.

3) ŞÜKÜR VƏ RAMAZAN

Ramazan ayının bir o qədər də dilə gətirilməyən və tamamilə başqa olan daha bir xüsusiyyəti də var. Belə ki, Ramazan oruc və Quran ayı olmaqla yanaşı, eyni zamanda bir şükür ayıdır. Allah Təala orucla əlaqədar ayələrin davamında belə buyurur:

Ramazan elə bir aydır ki, insanlara yol göstərən, doğrunun dəlillərini ehtiva edən və doğrunu səhvdən (haqqı batildən) ayıran Quran o ayda endirilmişdir… Allah sizə asanlıq diləyir, çətinlik diləmir. Bir də o sayı tamamlamağınızı və sizə göstərdiyi doğru yol üzrə Ona təkbir gətirməyinizi istəyir. Bəlkə, şükr edəsiniz (Bəqərə, 2/185).

Şükür təşəkkür deməkdir. Qədr-qiymət bilmək, bəndə olduğunu yada salmaqdır. Aciz olduğunun, Allah qarşısında verən deyil, alan əl olduğunun, ruziya möhtac olduğunun fərqinə varmaq deməkdir. Bir Ramazana da çatdırdığı üçün, bir daha fürsət verdiyi üçün, bu sevinci bir də yaşatdığı üçün Allaha təşəkkürün ifadəsidir.

Ramazanın – orucun başqa bir hədəfi də bəndələrə şükür şüurunu aşılamaqdan ibarətdir. Şükür bir sevincin xaricdə əks olunmasıdır. Ramazan kimi bir nemətə qərq olan möminə yaraşan bir təşəkkürdür.

İnsana ibadət etmək əmr olunduğu kimi şükr etmək də əmr edilmişdir:

Xeyr! Yalnız Allaha ibadət et və şükredənlərdən ol (Zumər, 39/66).

Təəssüf ki, bu əmri çox az insan yerinə yetirir.

…Allah insanlara çox ehsan etmişdir. Lakin insanların əksəriyyəti şükr etməz (Yunus, 10/60; Nəml, 27/73).

Şükür etməyin ziddi küfrani-nemətdir. Yəni, nankorluq etmək, özünü nemətlərin qarşısında görməməzliyə vurmaqdır. Allaha şükür etməyən Ona qarşı nankorluq edir.

Şübhəsiz ki, biz insana doğru yolu göstərdik. Bundan sonra istər şükür etsin, istərsə nankorluq (İnsan, 76/3).

Artıq Məni xatırlayın, mən də sizi xatırlayım. Mənə şükür edin, nankorluq etməyin (Bəqərə, 2/152).

Bəndə şükür etdiyi vaxt Allah bundan necə deyərlər, məmnun olur, bəndəsinə verdiyi nemətləri daha da artırır. Lakin nankorluq etməyin cəzası da çox pisdir:

Əgər şükür etsəniz, əlbəttə, sizə (nemətimi) artıracağam və əgər nankorluq etsəniz, heç şübhəsiz, əzabım çox şiddətlidir (İbrahim, 14/7).

Əgər nankorluq etsəniz, bilin ki, Allah sizdən müstəğnidir; heç kimə və heç bir şeyə ehtiyacı yoxdur, amma bəndələrinin inkara düşməyinə razı olmaz. Əgər şükür etsəniz, bundan məmnun olur (Zumər, 39/7).

Siz şükür edib iman gətirdikdən sonra Allah sizi nə üçün cəzalandırsın ki? Allah şükür edənlərin mükafatını bol-bol verir və hər şeyi haqqı ilə bilir (Nisa, 4/147).

Şükür etməyən insan şeytanın hesabına işləyən insandır. Çünki şeytan Allahın hüzurundan qovulduğu və Qiyamətə qədər yaşamaq icazəsi aldığı vaxt Allaha belə demişdi:

“Elə isə”, – dedi: “Sən məni azğınlığa məhkum etdiyin üçün mən də onlara nəzarət etməkdən ötrü Sənin doğru yolunun üstündə pusqu qurub oturacağam”. “Sonra onların gah qabaqlarından, gah arxalarından, gah sağlarından, gah da sollarından dürtüləcəyəm; vəsvəsəyə salıb pusqu quracağam. Sən görəcəksən ki, onların bir çoxu şükür edən bəndələr deyillər” (Əraf, 7/16-17).

Budur, Ramazan ayı şükür etməyənlərə, edə bilməyənlərə təzə bir imkandır. Allah Təala növbənöv nemətlərilə yanaşı bizə şükür edək deyə Ramazan nemətini də bəxş edib. Elə isə bu Ramazan digər ramazanlardan bu cəhəti baxımından da fərqli olmalıdır. Həyatımızda Quranla birlikdə şükür etməyə də lazımi yeri ayırdığımız vaxt təqvalı bəndələrdən olmağa bir addım da yaxınlaşırıq.

4) DUA VƏ RAMAZAN

Oruc tutmaq və hökmlərinə dair 4-cü ayənin (Bəqərə surəsi, 183, 184, 185 və 187-ci ayələr) arasında yer tutan dua ilə əlaqədar olan ayənin mənasına diqqət yetirmək lazımdır:

Bəndələrim məni səndən soruşsalar, Mən onlara yaxınam. Dua edib məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da mənim çağırışıma cavab versinlər. Mənə güvənsinlər (iman gətirsinlər). Bəlkə, kamilləşərlər (doğru yolu taparlar) (Bəqərə, 2/186).

Belə çıxır ki, oruc tutmaqla dua etmək arasında sıx bir əlaqə var. Elə ki, orucluyuq, Quran oxuyur, şükür də edirik. Yəni, yuxarıdakı ayədə Allahın bizdən istədiyi kimi Ona cavab verir, Onun istədiklərini edirik. Eyni zamanda şəkk-şübhəsiz Ona güvənirik. Belə olan halda, növbə bizdədir: Əllərimizi açıb Ondan istəyək. Necə deyərlər, biz də Ondan cavab (əvəz) gözləyək. Ona yalvara-yalvara, için-için dua edək. Onun istədiyi kimi: “Rəbbinizə yalvara-yalvara və gizlicə dua edin. Çünki O, həddi aşanları sevməz” (Əraf, 7/55).

Duanın səmimiyyəti onun gizliliyindədir. Buna xüsusi diqqət yetirmək lazımdır. Əbu Musa (r. a.) rəvayət edir: “Bir səfərə (Xeybər səfərinə) çıxmışdıq. Camaat (yolda bir müddət) uca səslə təkbir gətirməyə başladı. Peyğəmbər (ə. s.) buna müdaxilə etdi: “Nəfslərinizə qarşı mərhəmətli olun. Çünki siz kar olan birinə xitab etmirsiniz, sizin xitab etdiyiniz qeyb də deyil. Siz görən, eşidən, (harada olursanız, olun) sizinlə olan bir Zata – Allaha xitab edirsiniz. Sizin dua etdiyiniz Zat sizin hər birinizə miniyinin boynundan daha yaxındır” (Buxari, Dəavat, 50, 67, Cihad, 131, Məğazi, 38, Qədər, 7, Tövhid, 9; Müslim, Zikr, 44; Tirmizi, Dəavat, 3, 59; Əbu Davud, Səlat, 361).

Oruc tutanın duasının iftar edənə qədər rədd edilməyən dualardan olduğunu peyğəmbərimiz (ə. s.) də müjdələyib (Tirmizi, Dəavat, 146). Deməli, dua da yuxarıda sadalanan təqva, Quran və şükür kimi fövtə verilməməli olan fürsətlərin bir digərini təşkil edir. Odur ki, biz Ramazan ayında bu fürsəti tapmayacaqmış kimi çoxlu-çoxlu dua etməliyik.

Buraya qədər deyilənləri xülasə etsək, aşağıdakı nəticələrə gələ bilərik:

Ramazan sadəcə olaraq ac qalmaqdan ibarət deyil. Ramazan insana müəyyən şeylər qazandırmaq üçün var. Bunların birincisi təqvadır. İnsan oruc tutduğu vaxt özünü hər növ pislikdən uzaq tutmaq üçün mübariz olmalıdır. Orucun qayəsi sıravi müsəlmanı müttəqi (təqvalı) müsəlman etməkdir. Odur ki, oruc ibadəti bu məsələ nəzərdən qaçırılmadan yerinə yetirilməlidir.

İkinci olaraq Quranla münasibətlər nəzərdən keçirilməli, əgər bu məsələdə nöqsanlar varsa aradan qaldırılmalıdır. Ramazanı ramazan edən dəyər olan Quran müsəlmanın gündəliyində başqa vaxtlarda olduğundan daha çox yer tutmalıdır. Bunun üçün səhur vaxtlarını hazır tikə kimi qəbul etmək mümkündür. Həmin vaxtda həm bədən dincəlmiş olur, həm də zehin bərraq və tərtəmiz olur. Elə isə Quranla iç-içə qalmağın əsl vaxtıdır. Bu imkan qətiyyən əldən verilməməlidir…

Və şükürlə dua… Bu Ramazan ayında bunlara da geniş yer ayırmalıyıq. Bu, nə vaxtımızı alar, nə dilimizi yorar, nə də işimizə mane olar!

Nəticə olaraq qeyd edək ki, tamamilə başqa cür, fərqli bir Ramazan üçün artıq hazırlaşmaq vaxtıdır. Bu sükunət və rahatlığı Rəbbimizin istədiyi kimi yaşayanlara dünyada bayram, axirətdə də cənnət vardır.

Səhl ibn Səd (r. a.) nəql edir: “Rəsulullah (ə. s.) buyurdu ki, cənnətdə Rəyyan deyilən bir qapı var. O qapıdan ancaq oruclular girər. Oruclular girdilərmi, artıq o qapı bağlanır. Daha heç kim oradan girə bilməz” (Buxari, Savm, 4, Bədul-Xalq, 9; Müslim, Siyam, 166 (1152); Nəsai, Siyam, 43; Tirmizi, Savm, 55).

Allah Təala bizə Ramazan ayını çox gözəl keçirməyi, axırında da bayram keçirməyi qismət eləsin.

Yahya Şenol

İstanbul.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Müəllif: İslam hüququ mütəxəssisi, dinşünas Yahya Şenol.

    Qeyd: Bu yazının nəşri Süleymaniye Vakfının əsas internet səhifəsində və bu fondun digər dillərdə (Ərəb, Rus, Uyğur, İngilis, Alman) fəaliyyət göstərən vebsaytlarında davam etdirilir. Mətnin orijinal adı: “Fırsatlar Ayı Ramazan”. []

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təravih namazı 21.06.09 1.051 dəfə oxundu
2 Etikaf 23.06.09 1.195 dəfə oxundu
3 Qədr gecəsi 26.06.09 1.634 dəfə oxundu
4 Aypara məsələsi 22.06.09 1.205 dəfə oxundu
5 Ramazan və dualarımız 25.06.09 1.212 dəfə oxundu
6 Ramazan və Quran 27.06.09 1.094 dəfə oxundu
7 Ramazan: imkanların ayı 24.06.09 919 dəfə oxundu
8 Oruc: ümumi məlumat 28.06.09 1.584 dəfə oxundu
9 Heyzli qadının orucuna dair şübhələr 14.05.09 913 dəfə oxundu
10 İftida: qadının boşanmaq hüququ 14.05.09 690 dəfə oxundu
11 Qadınların şahidliyi 14.05.09 702 dəfə oxundu
12 Hicab və örtünmək (təsəttür) 14.05.09 740 dəfə oxundu
13 Hicabı qadağan edənlər 14.05.09 802 dəfə oxundu
14 Nişanlıların kəbini 14.05.09 1.839 dəfə oxundu
15 Münafiqlərin korluğu 10.04.10 469 dəfə oxundu
16 Nikaha nəzarət 14.05.09 1.451 dəfə oxundu
17 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 771 dəfə oxundu
18 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 580 dəfə oxundu
19 İnsan peyğəmbər 06.07.09 732 dəfə oxundu
20 Təsbeh 06.07.09 879 dəfə oxundu
21 Peyğəmbər məscidində 40 vaxt namaz 03.04.11 643 dəfə oxundu
22 Ailənin adından bir qurban 26.02.10 344 dəfə oxundu
23 Donuz dərisi 02.11.09 663 dəfə oxundu
24 Heyzli qadının ibadəti 24.02.10 1.732 dəfə oxundu
25 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 621 dəfə oxundu
26 Quran və müsəlmanlar 29.01.10 1.872 dəfə oxundu
27 Dəlillərlə Cümə namazı 12.02.10 339 dəfə oxundu
28 İnsan cəsədi və avtopsiya 05.02.10 773 dəfə oxundu
29 Qadınlar və Cümə namazı 26.03.10 1.069 dəfə oxundu
30 Valideyndən xəbərsiz kəbin 29.06.09 594 dəfə oxundu
31 Ölüdən kömək gözləmək 28.03.10 664 dəfə oxundu
32 Faiz 29.03.10 708 dəfə oxundu
33 Namazları cəm etmək 08.04.10 1.166 dəfə oxundu
34 Vərdişlər 10.04.10 537 dəfə oxundu
35 Allah, insan və xələf-sələf 12.04.10 511 dəfə oxundu
36 Nəsx və daşqalaq cəzası 27.05.10 667 dəfə oxundu
37 Qəndil 30.06.09 2.072 dəfə oxundu
38 Talaq: kişinin boşamaq hüququ 18.07.10 658 dəfə oxundu
39 Oruc və orucun başlanğıcı 27.08.10 763 dəfə oxundu
40 Ramazan bayramı (2010) 08.09.10 599 dəfə oxundu
41 Ramazan bayramının vaxtı 08.09.10 608 dəfə oxundu
42 Zikrin fəzilət və faydaları 26.11.10 718 dəfə oxundu
43 Dua 25.11.10 798 dəfə oxundu
44 Donuz əti və ziyanları 08.12.10 922 dəfə oxundu
45 Fitr sədəqəsi 20.06.09 1.033 dəfə oxundu
46 Qadının döyülməsi 07.06.10 1.041 dəfə oxundu
47 Şəfaət 08.04.10 531 dəfə oxundu
48 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 1.143 dəfə oxundu
49 İslamda falçılığa münasibət 27.11.10 896 dəfə oxundu
50 Şəfaət inancı 08.02.11 563 dəfə oxundu
51 Kəramət nə deməkdir? 15.02.11 448 dəfə oxundu
52 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 781 dəfə oxundu
53 Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri 08.04.11 605 dəfə oxundu
54 Şirk və küfr 14.07.11 492 dəfə oxundu
55 Quranda əşyaların dili 04.07.11 1.465 dəfə oxundu
56 Seyyidlər kimlərdir? 16.10.11 581 dəfə oxundu
57 Kişinin seksuallığı 09.01.12 380 dəfə oxundu
58 Surroqat analıq 03.02.12 186 dəfə oxundu