Müsəlmanlar

“Ən zəif ev”

“Ən zəif ev”

Ənkəbut surəsində: “Evlərin ən zəifi hörümçək evidir” sözündən nə qəsd edilir?

Giriş

Qurani Kərim, bizim zehni qabiliyyətlərimizi hərəkətə keçirməyimizi istəməkdə və bu səbəblə ayələrin sonunu çox vaxt: “Heç ağlınızı işlətmirsizmi?”, “Heç fikirləşmirsizmi?”, “Düşünən varmı?”, “İbrət alan varmı?” – kimi cümlələrlə bitirməkdədir. Bunun üçün bəzi hallarda nümunələr, təmsillər və məcazlar verilməkdədir: “Ağlını işlədənlər üçün ibrətlər vardır”, “Düşünən millət üçün dərslər vardır”, “Onlar baxarlar amma görməzlər, qulaqları var amma eşitməzlər.”

Bu misalların biri də təqdim edəcəyimiz mövzuyla əlaqədardır. Uca Allah, Ənkəbut surəsi 41-ci ayəsində belə buyurmaqdadır:

مَثَلُ الَّذِينَ اتَّخَذُوا مِنْ دُونِ اللَّهِ أَوْلِيَاءَ كَمَثَلِ الْعَنْكَبُوتِ اتَّخَذَتْ بَيْتًا ۖ وَإِنَّ أَوْهَنَ الْبُيُوتِ لَبَيْتُ الْعَنْكَبُوتِ ۖ لَوْ كَانُوا يَعْلَمُونَ 

“Allahla aralarına vəlilərini/yaxınlarını qoyanların halı hörümçəyin halına bənzəyir. Hörümçək özünə bir ev qurmuş, halbuki evlərin ən zəifi hörümçək evidir. Kaş ki, bilsəydilər!”

 

 Allah Təala, “Ən zəif Ev” kəliməsindən nə qəsd etməkdədir?

Bu sözdən qəsd edilən hörümçəyin rahat şəkildə təhrib edilən ağımı? Yoxsa, başqa bir şeymi?

Hörümçək Toru/Ağı

Hörümçək yuvası deyiləndə insanın ilk ağlına gələn meşələrdə, evlərdə hörümçəyin qurduğu torlar gəlməkdədir. Bəli, biz bu torları bərk toxunmadan rahat şəkildə pozula bildiyini ya da hər hansı böyük həşəratın toxunmasıyla yırtıb keçdiyini görürük. Buna baxmayaraq Allah Təala, Quranda hörümçəyin evi deyəndə, nə bir ağından nə də istifadə etdiyi ipindən bəhs etməməkdədir.

Bunu da əlavə edək ki, hörümçək öz qurduğu torunun içində yaşamaz. Bu tordan uzaqda bir yuva qurur. Hörümçək qurduğu torla əlaqəsini tək bir iplə saxlayır. Bu ip, hörümçəyin toruna düşən ovunun xəbərçisidir. Yəni, hörümçəyin qurduğu tor/ağ onun evi deyil, tələsidir.

Əgər hörümçək bu torun içərisində yaşamaq istəyirsə, qurduğu tor onu nə küləkdən, nə yağışdan, nə heyvandan nə də hər hansı afətdən xilas edə bilməz.

Bu tor və ya tələ, hörümçəyin özünə xidmət üçün hörülmüşdür. O bunu Allahın verdiyi bilik sayəsində məharətlə, möhtəşəm bir mühəndislik sənətindən istifadə edərək həyata keçirir. Onun bu tələsi özünəməxsus xüsusiyyətləri ehtiva etməkdədir. Məsələn, tor/ağ küləyin ya da yağışın təsirində qorunması üçün müəyyən boşluqlarla hörülməkdədir. Əgər ağda bu boşluqlar olmasaydı, hörümçəyin ağı ilk küləkdə ya da yağışda təhrib olardı. Yəni, bu həndəsi boşluqlar ağın zərər görməməsi üçündür.

 Qısaca ifadə etsək, hörümçəyin hördüyü ağ, ovlanmaq üçün bir tələ vəzifəsini görməkdə və hörümçəyin yaşaması üçün qurduğu bir ev deyildir.

Hörümçəyin ifraz etdiyi iplərin özü qurduğu yuvaya nisbətlə daha güçlüdür. Bu gücünə görə ifraz etdiyi ipə  ərəblər “fülaz” deyərlər. Fülaz, bizim dildə “polad” mənasına gəlir.

 Hörümçək evini harda qurar?

Hörümçək istədiyi yerdə yaşaya bilir. Onun evi; yerin altında ya da daşın, suyun altında, dağların, ağaçların üstündə ya da evlərin damında və s. yerlərdə ola bilər. Yəni, hörümçəyin qurduğu ağı, tələsi ayrı evi ayrıdır. Bəzi hörümçəklər isə heç ağ hörməzlər.

 

Təfsirlərdə Hörümçəyin evi və bu barədəki ayə ilə əlaqəli deyilənlər.

Bu mövzuyla əlaqəli təfsirlərə baxdığımız zaman müfəssirlərin hamısının ümumiyyətlə eyni şeyləri dediklərini görməkdəyik. Məsələn; Mavərdi, ayənin “كَمَثَلِ الْعَنْكَبُوتِ اتَّخَذَتْ بَيْتًا مَثَلُ الَّذِينَ اتَّخَذُوا مِنْ دُونِ اللَّهِ أَوْلِيَاءَ = Allahla aralarına vəlilərini/yaxınlarını qoyanların halı hörümçəyin halına bənzəyir.” parçası ilə əlaqəli belə deyir: Yəni, Allahı buraxıb daşlardan, bütlərdən ilah qəbul etdilər və ona sitayiş etdilər.

Ayənin digər: وَإِنَّ أَوْهَنَ الْبُيُوتِ لَبَيْتُ الْعَنْكَبُوتِ ۖ لَوْ كَانُوا يَعْلَمُونَ  =  Hörümçək özünə bir yuva qurmuş, halbuki yuvaları ən zəifi hörümçək yuvasıdır. Kaş ki, bilsəydilər!” parçasına isə belə məna vermişlər: Yəni, bütlərə sitayiş edənlərin misalı eynilə özlərinə heçbir fayda verməyən hörümçəyin evinə bənzəyir. Necə ki, hörümçəyin evi özünə bir fayda vermədi, müşriklərin sitayişi də onlara bir fayda verməyəcəkdir.[1]

Müfəssirlərin hardasa hamısı icma/ittifaq edərək, belə demişlər: Bu ayədə “Övliyadan qəsd edilən bütdür; hörümçəyin evindən qəsd edilən də onun hördüyü ağdır. Hörümçəyin evi evlər arasında ən zəifi olduğu kimi, müşriklərin sitayiş etdiyi bütlər də ilahların ən zəifidir. Qurduğu  ev onu soyuqdan, istidən qoruya bilməz. Hörümçəyin evinin özünə faydası olmadığı kimi, Allahdan başqasına ibadət edənlərin də özlərinə bir faydası olmayacaqdır.”[2]

Halbuki, “Övliya” ilə əlaqəli ayələri birlikdə dəyərləndirdiyimiz zaman bu kəlimədən müfəssirlərin təfsirlərdə ifadə etdikləri kimi bütlər, daşlar deyil,  insanlar qəsd edilməkdədir. Müşriklər bu insanları Allaha yaxın, güclü zənnedərək və Allaha qarşı özlərini müdafiə edəcəklərini, qurtaracaqlarını düşünərək, onları özləriylə Allah arasına yaxınları olaraq qoyar və onlara Allahdan daha çox əhəmiyyət verərlər.

Müşriklər Allahla aralarına  “Övliya=Yaxın” deyə qoyduqları şəxslərin axirətdə özlərinə ən böyük rəqib olacaqlarının və onlarla əlaqəli bütün ümidlərinin boşa çıxacağının şüurunda deyillər. Dünyada özlərinin yaxınları kimi görünən bu insanlar əslində onların ən böyük düşmənləridir. Quran, onların necə qandırıldıqlarının nümunəsini bir çox ayədə verməkdədir.[3]

Eynilə nümunəsini verəcəyimiz hörümçəklərin biri birinə elədikləri kimi:

İndi ayədə keçən “Evhamul Buyut= Evlərin ən Zəifi” sözündən Allahın nəyə işarət etdiyinə baxaq:

Zoologiya sahəsində çalışan elm adamları hörümçəyin həyatının maraqlı və qarışıq hekayələrlə dolu olduğunu deyərlər. Ailə həyatının öz içərisində bir kaos yaşandığını və güvənsiz bir şəkildə sürdüyünü qeyd edərlər. Hörümçəklərin bir birləriylə ailə içi mücadələlərində həyatda qalma nisbəti çox aşağı səviyyədədir. Xarici düşmənləri bir yana, ailə içi fərdləri belə öz aralarında yaşama mübarizəsi aparırlar. Öz aralarında olan vəziyyət və yaşama mübarizəsi əksəriyyətlə belədir:

İlk əvvəl ailənin dişi fərdi şəbəkəni qurur və tapdığı erkəyi ilə cinsi əlaqəyə girdikdən sonra öz erkəyini yeyir. Dişi öz balalarını doğduqdan sonra bu balalar öz aralarında həyatda qalma mübarizəsi aparırlar. Yəni, xarici düşmənə ehtiyac qalmadan bir birini yeyib bitirirlər. Beləliklə balalar öz aralarında bir tək bala qalana qədər bir birini yeyir. Əgər ana ac qalırsa, o qalan balanı da özü yeyir.

Nəticə olaraq, Ayənin hörümçək evindən qəsd etdiyi; hörümçəyin ağı ya da hörümçəyin qurduğu evin maddi halı deyil, ailə içərisindəki çöküş, güvənsizlik, bir birlərinə olan bağın zəifliyi və bu kimi mənfi səbəblərdən ötrü həyatda qalma mübarizəsidir. Ayədə “əvhənə=ən zəif” kəliməsindən qəsd edilən zəiflik, sosial-ictimai həyatın zəifliyidir. Bu zəiflik, ailə içində daha qorxunc müstəvidədir.

Xülasə, Quranda müşrik biri ilə hörümçək arasında belə bir təmsilin verilməsi Allahın ayələrinin ədəbi üslubunun nə qədər möhtəşəm və hikmət yönündən nə qədər zəngin olduğunu göstərməkdədir. Nəhayət ayə belə bitməkdədir:

لَوْ كَانُوا يَعْلَمُونَ 

“…Kaş ki, bunu bilsəydilər.”

Müəllif: Prof. Dr. Abdulhəmid Gehani.

Tərcümə: Haşim Alabed; Aydın Mülayim.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Mavərdi, ‘Kitabün-Nüket vel-Uyun ilgili ayetin Tefsiri.

[2] Təbəri, ‘Camiul Bəyan’; İbn Kəsir, ‘Təfsirul Quranil Azim’; Qurtubi, ‘Camiul Əhkam’  əlaqəli ayənin Təfsiri.

[2] Qurandan nümunə verərsək: “Onlar, axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar.” (Hud, 11/16.)

“Onlar (Allahla özləri arasına vəli qoyanlar) deyəcəklər: ‘Ey Rəbbimiz! Biz başçılarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar. “Ey Rəbbimiz! Onları ikiqat əziyyətə sal və onları müdhiş bir lənətə məruz qoy!” (Ahzab, 33/67-68.)