Müsəlmanlar

Tağut

Tağut nədir?

Quranda tağut kəliməsi hansı mənalarda işlədilir?

 Keçmişdə olduğu kimi günümüzdə də ən çox istismar edilən kəlimələrdən biri tağut kəliməsidir. Elə buna görə də bu kəlimə, dinin əsaslarında və əmrlərində ölçünü qaçıranların dilində yerli-yersiz işlədilməkdədir. Hər bir qrupun özünə görə ortaya qoyduğu din anlayışı, iman və əqidə əsasları olduğu üçün ifadə etdikləri tağutun tərifi də öz din anlayışları və əsaslarına görə verilmişdir. Təəssüf ki, bir çox mövzularda olduğu kimi tağut mövzusunda da ənənəçilər, Qurana və ondakı metoda rəayət etmədikləri üçün tağutun tərifini Quranın bizə izah etdiyi kimi ortaya qoya bilməmişlər.

İndi bu araşdırmamızda da ənənənin tərsinə, Quranı ölçü götürərək orada izah edilən tağutdan nəyin qəsd edildiyini təqdim etməyə çalışaq:

Tağut lüğətdə, “kahin”, “cin”, “sehrbaz”, “haqdan çevirənlər”, “şeytan”, “büt” kimi mənalara gəlir.[1] Kəlimənin məsdəri “tuğyan” və “tuğvan” şəklində gəlir ki, bu da “üsyanda”, “itaətsizlikdə həddi aşmaq”, “azmaq”– deməkdir.[2] Eyni zamanda isim/sifət olub, müfrəd/müzəkkər və müzəkkər/müənnəs şəklində də işlədilir.[3]

 Tağut, termində “Allah yolundan uzaqlaşdıranlar”, “haq yolundan döndərənlər, çevirənlər, Allahın xaricində sitayiş edilən hər şey, hər cür xeyrdən uzaq” olanlar qəsd edilməkdədir.[4] Quranda ümumi olaraq bu kəliməylə, batil əqidələrə və şər mərkəzlərə diqqət çəkilir.

Allah Təala, ölçünü qaçıranları[5], suyun daşqınlığını[6], insanların öz nəfsinə[7] və cəmiyyətə qarşı azğınlığını göstərmək istədiyi zaman bu kəliməni fel şəklində ifadə etməkdədir. Xüsusiylə Fironu və törətdiklərini xəbər vermək üçün Musa əaleyhissəlama belə deməkdədir:

اذْهَبْ إِلَى فِرْعَوْنَ إِنَّهُ طَغَى

“Firona get! Çünki o çox azğınlaşdı.” (Tə-ha, 20/24; Naziat, 79/17.)

Hər kəsin bilərək və bilməyərək özünə ya da Allaha qarşı həddi aşması, azması mümkündür. Fəqət, bilərək bu xətalarında inad edən, xətalarına haq qazandıran və lazım olanda Allahı, dini sui istifadə edib bunlar adına danışan və hökm verənlər özlərini tağut yerinə qoymuş olurlar.

İndi bu terminin kəlimə mənasından yola çıxaraq, Quranın ümumiyyətlə batıl inanc və şər qüvvələri deyə vəsifləndirdiyi tağutun əvvəlcə əhli Kitaba sonra isə İslam aləminə necə yansıdığını və nümunələrini verməyə çalışaq. Metodumuza uyğun olaraq, Qurandan nümunələrlə yola çıxacayıq. Tağut kəliməsi Quranda 8 yerdə keçir və belə izah edilir:

لَا إِكْرَاهَ فِي الدِّينِ ۖ قَدْ تَبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ ۚ فَمَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِنْ بِاللَّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَىٰ لَا انْفِصَامَ لَهَا ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ

اللَّهُ وَلِيُّ الَّذِينَ آمَنُوا يُخْرِجُهُمْ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ ۖ وَالَّذِينَ كَفَرُوا أَوْلِيَاؤُهُمُ الطَّاغُوتُ يُخْرِجُونَهُمْ مِنَ النُّورِ

 إِلَى الظُّلُمَاتِ ۗ أُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ

“Dində məcburiyyət olmaz. Doğrular, səhv qarışıqlıqdan ciddi şəkildə ayrılmışdır. Kim tağutu inkar edib Allaha güvənərsə, heç vaxt qırılmayan ən möhkəm qulpa yapışmış olar. Allah Eşidəndir, Biləndir. İnanıb güvənənlərin ən yaxını (vəlisi) Allahdır. O, onları zülmətlərdən nura çıxarır. Kafirlərin özlərinə ən yaxın (vəli) bildikləri isə tağutlardır, bunlar da onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar.” (Bəqərə,  2/256-257)

أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُوا نَصِيبًا مِنَ الْكِتَابِ يُؤْمِنُونَ بِالْجِبْتِ وَالطَّاغُوتِ وَيَقُولُونَ لِلَّذِينَ كَفَرُوا هَٰؤُلَاءِ أَهْدَىٰ مِنَ الَّذِينَ آمَنُوا سَبِيلًا 

Kitapdan faydalandırılmış olanları heç görmədinmi? Azgınlara və bütlərə bel bağlayıblar, ayələrə göz yumanları (kafirləri) razı salmaq üçün “Bunların yolu, inanıb güvənənlərin yolundan daha doğrudur.” deyirlər. (Nisə, 4/51.)

أَلَمْ تَرَ إِلَى الَّذِينَ يَزْعُمُونَ أَنَّهُمْ آمَنُوا بِمَا أُنْزِلَ إِلَيْكَ وَمَا أُنْزِلَ مِنْ قَبْلِكَ يُرِيدُونَ أَنْ يَتَحَاكَمُوا إِلَى الطَّاغُوتِ وَقَدْ أُمِرُوا أَنْ يَكْفُرُوا بِهِ وَيُرِيدُ الشَّيْطَانُ أَنْ يُضِلَّهُمْ ضَلَالًا بَعِيدًا 

“Sənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar tağutun qarşısında mühakimə olunmaq istəyirlər. Halbuki onlara tağuta inanmamaq əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir.”  (Nisə, 4/60)

َّذِينَ آمَنُوا يُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ ۖ وَالَّذِينَ كَفَرُوا يُقَاتِلُونَ فِي سَبِيلِ الطَّاغُوتِ فَقَاتِلُوا أَوْلِيَاءَ الشَّيْطَانِ ۖ إِنَّ كَيْدَ الشَّيْطَانِ كَانَ ضَعِيفًا

“Möminlər Allah yolunda vuruşurlar, kafirlər isə tağut yolunda vuruşurlar. Elə isə şeytanın dostları/evliyaları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir.” (Nisə, 4/76)

ُلْ هَلْ أُنَبِّئُكُمْ بِشَرٍّ مِنْ ذَٰلِكَ مَثُوبَةً عِنْدَ اللَّهِ ۚ مَنْ لَعَنَهُ اللَّهُ وَغَضِبَ عَلَيْهِ وَجَعَلَ مِنْهُمُ الْقِرَدَةَ وَالْخَنَازِيرَ وَعَبَدَ الطَّاغُوتَ ۚ أُولَٰئِكَ شَرٌّ مَكَانًا وَأَضَلُّ عَنْ سَوَاءِ السَّبِيلِ 

“De ki, Allah qatında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? Allahın lənətlədiyi, ona qəzəbləndiyi, özlərini də meymunlara və donuzlara döndərdiyi şəxslər və tağuta ibadət edənlərin halı daha pisdir. Onlar, doğru yoldan daha çox azanlardır!” (Maidə, 5/60)

وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ اعْبُدُوا اللَّهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ ۖ فَمِنْهُمْ مَنْ هَدَى اللَّهُ وَمِنْهُمْ مَنْ حَقَّتْ عَلَيْهِ الضَّلَالَةُ ۚ فَسِيرُوا فِي الْأَرْضِ فَانْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ 

“Biz hər ümmətə: ‘Allaha ibadət edin, Tağutdan çəkinin! – deyə elçi göndərdik. Onlardan bir qismini Allah doğru yoluna qəbul etdi, bir qismi isə haqq yoldan azdı. Yer üzündə dolaşıb görün ki, yalançıların aqibəti necə oldu!?” (Nəhl, 16/36.)

وَالَّذِينَ اجْتَنَبُوا الطَّاغُوتَ أَنْ يَعْبُدُوهَا وَأَنَابُوا إِلَى اللَّهِ لَهُمُ الْبُشْرَىٰ ۚ فَبَشِّرْ عِبَادِ 

“Tağuta ibadət etməkdən çəkinib Allaha üz tutanlara müjdə vardır. Qullarımı müjdələ!” (Zümər, 39/17)

Biz, tağutla əlaqədar ilk olaraq Məkkədə nazil olan yəni, məqaləmizdə təqdim etdiyimiz son iki ayədən başlamaq istəyirik:

“Biz hər ümmətə: ‘Allaha ibadət edin, Tağutdan çəkinin! – deyə elçi göndərdik…”

Bu ayə, bütün ümmətlərə göndərilən elçilərin “La ilahə illəllah=Allahdan başqa ilah yoxdur” şüarını xəbər verməkdədir. O cümlədən bütün müsəlmanların da bildiyi kimi Allahın son elçisi Muhəmməd əleyhissəlam da bu şüarla insanları Allahın yoluna çağırmağa başlamışdı. Lakin, müəyyən dövrdən sonra bu şüarın özünün anlaşılmasında və anlatılmasında təhrif edildiyinin şahidi olmaqdayıq. Yəni, insanların çoxu bu kəliməylə sanki, qəlblərindəki iki, üç ya da çox sayda Allahı təkə düşürməyin qəsd edildiyini və kafirlərə, müşriklərə də bu mənadakı bir şüarın təbliğ edildiyini başa düşməkdədirlər. Halbuki, məsələnin tamamilə fərqli olduğunu və Allahın belə bir qəlb yaratmadığını həm yaradılışımızdan həm də Allahın kitabından bilirik. Quranda ifadə edildiyi kimi; “Onlara (müşriklərə) özlərini kimin yaratdığını soruşsanız, əlbəttə “Allah”- deyəcəklər.”[8] “Onlara yeri, göyü kim yaratdı, sizə ruzini kim verir deyə soruşduğunuz zaman, “Allah”- deyəcəklər.”[9] Beləliklə, çətinə düşəndə həqiqi Rəblərinə dua etdikləri bildirilməkdədir.[10]

Müasir dövrümüzün insanlarının çoxunda olduğu kimi, o günün Məkkə müşriklərinin də çətin vəziyyətə düşdükləri vaxt köməyə çağırdıqları, normal hallarda qəlbə həbs etdikləri həqiqi bir Rəbləri var idi. Amma həyatlarına əks etdirdikləri isə yalançı vəlilər, xilaskarlar və müqəddəslər idi ki, bunları Allah Quranda “min dunillah” kəliməsiylə ifadə etməkdədir. Əslində bu xilaskarlar, müqəddəslər və vəlilər onların yalançı ilahları və həqiqi tağutlarıdır.

Allah Təala, bütün cəmiyyətlərin ortaya çıxardığı bu tağutlara qarşı öz kitabını və elçilərini göndərmişdir ki, bu kitabların və elçilərin ana şüarı “Lə ilahə İlləllah” olmuşdur. Buna görə göndərilən kitablar və elçilər “illellah=təkcə Allah var” xəbərdarlığı ilə deyil, “la ilahə illellah=Allahdan başqa ilah yoxdur” şüarıyla gəlmişlər. Bu şüarla izah edilən: İlk əvvəl Allahın yaxınlığına baxmayaraq, insanların özlərinə daha yaxın bildikləri qurtarıcılardan (resul, imam, veli, şeyh, ve b.) daşınması; kitabına baxmayaraq, ortaya qoyduqları mənbələrdən (hədis, icma, qiyas, mərci və s.) arınması lazım olduğu çatdırılmaqdadır.

Elçilər, Allahı tanımayan və dinsiz cəmiyyətlərə deyil, ən çox dindar görünən, özlərini Allaha ən yaxın olaraq görən cəmiyyətlərə göndərilmişdir. O cümlədən Məkkə cəmiyyəti də belə bir cəmiyyət idi. Belə cəmiyyətlərdən istənilən də Allah adından istifadə edərək, özlərindən ortaya çıxardığı din və Allah anlayışından uzaqlaşmalarıdır. Bundan uzaqlaşmaq isə çətin bir prosesdir. Xüsusiylə qurucuları və bundan faydalanan din və dövlət adamları tərəfindən belə bir şeyin qəbul edilmə ehtimalı çox nadirdir.

Təəssüf ki, dini ənənə bu qədər böyük və mühüm bir seçim prosesini təkcə qəlbdəki tək Allah inancına, yəni “illəllah=təkcə Allah var” dedirtməyə dönüşdürmüşlər.

İnsanın yaşayanda ya da can üstündə olanda bu kəlməni dilə gətirməsi onun müsəlmanlığının və qurtuluşunun yəni, tövhidin əsası olaraq görülmüşdür.  Əlbəttə ki, belə bir dini anlayışını müsəlmanlara aşılayanların başında din xadimləri gəlməkdədir.

Əhli-kitabın din xadimləri də öz din mənsublarına eyni dini anlayışı aşılayıblar. Məsələn, İncildə İsa əleyhissəlama, “Tanrın olan Rəbbinə ibadət et, təkcə Ona quluq et!” buyrulmaqdadır.  (Luka, 4/5-8). Lakin bu bildirişi, Xristianlığın qurucusu Pavlus sonradan İncilə əlavə etdiyi məktublarında belə təhrif etməkdədir: “Tək bir Rəbb var, o da İsa Məsihdir. Hər şey onun vasitəsiylə yaradıldı, biz də onun vasitəsiylə yaşayırıq.”[11] İsa əleyhissəlamın xalqa yönəlik ana düsturları üç nöqtədə xülasələşdirilə bilər: “İnsanları Tanrının krallığına (İslamdakı “Lə ilahə illəllah” şüarı) dəvət etmək. Özlərindən əvvəlki şəriətə yəni, Musanın şəriətinə dəvət. Cəmiyyətdə xüsusiylə yəhudi din xadimlərinin uydurmalarına (bidətlər) və idarəçilərin zülmlərinə qarşı mücadələdir.”[12] Şirk, bütün dinlərdə ən böyük günah olduğu kimi əhli-Kitabda da ən böyük günahdır. Lakin bu günahın ictimai ənənə halına çevrilməsi, onun mühakimə olunmasına maneə təşkil edir.

Yəhudiləri də Allahın dininə girməsinə maneə törədən və onları səhv istiqamətə yönləndirən öz din xadimləridir. Qısacası, onların da əsas tağutları öz din xadimləridir. Bunu, rəsulullaha təklif etdikləri bazarlıq müqavilələrindən və eyni zamanda dini həqiqətləri qəbul etməkdə, dini hökmləri ortaya qoymaqda təkcə din xadimlərinə bağlı qaldıqlarını Nəbimiz (s.a.v.) əsaslandırılan bu rəvayətdən də görməkdəyik: Yəhudilərin qabaqda gedənlərindən bir qrup əhbar öz camaatları ilə olan bir mübahisədə lehlərinə hökm çıxarmaq üçün Nəbi əleyhissəlama gələrək: “Ey əba Qasım, sən də bilirsən ki, biz əhbarıq, əgər biz sənə tabe olarsaq, bütün yəhudilər səni qəbul edərlər. Bizimlə qömümüz arasında bir dava var, sənə mühakiməyə gəldik, əgər bizim lehimizdə hökm verərsən, şübhəsiz sənə iman edər və səni təsdiq edərik…”[13]

Yəhudi din rəhbərləri özlərini yer üzündə Allahın dinin təmsilçiləri olaraq görməkdə və bu səlahiyyətlə dini özlərinin istədiyi şəklə çevirməyi məqsəd bilmişlər. Tövratın qarşısında hər biri bir tağut kimi duran bu insanlar, Peyğəmbər əleyhissəlamı da öz oyunlarına alət etmək istəmişlər. Bu səbəblə Allah Təala: “(İçində) Allahın hökmü olan Tövrat özlərində olduğu halda onlar səni necə hakim təyin edirlər? Hələ bir bundan sonra da (verdiyin hökmdən) üz çevirirlər. Onlar mömin deyillər.” (Maidə, 5/43.)

Həm əhli-Kitabın həm də münafiqlərin müxtəlif əsaslarla, bəhanələr və yeri gələndə maraqlı təkliflərlə peyğəmbər əleyhissəlamı Allahın kitabından uzaqlaşdırma cəhdlərində olduqlarını, bu səbəblə Allah Təalanın peyğəmbərinə həmişə diqqətli olmasını tövsiyə etdiyini görürük: “Allahın sənə göstərdiyi şəkildə insanlar arasında hökm verəsən deyə, sənə kitabı bir məqsəd üçün nazil etdik; o halda xəyanət edənlərdən olma!.” (Nisə, 4/105.)

Elə bu səbəblə Allah, endirilənə xəyanət etməyənləri və Onun göstərdiyi kimi hökm edənləri belə müjdələməkdədir: “Tağuta ibadət etməkdən çəkinib Allaha üz tutanlara müjdə vardır. Qullarımı müjdələ!” (Zümər, 39/17)

Ən axırda gələn Allahın elçisi Muhəmməd əleyhissəlamın da vəzifəsi özündən əvvəl gələn elçilərin vəzifələri kimi, cəmiyyətin din adına ortaya qoyduqları tağutları ortadan qaldırmaqdı. Məkkəlilər və Mədinədə yaşayan əhli-Kitab özlərini Allaha ən yaxın və İbrahimin dininə bağlı olaraq görürdülər. Belə bir cəmiyyətə xətalarını göstərmək və həqiqətləri çatdırmaq çox çətindir. Belə ki, Allah rəsulu Tövbə surəsinin 31-ci ayəsini “Əhbarlarını (alimlərini) və ruhbanlarını (din xadimlərini) Allahla öz aralarına qoyub rəbb etdilər. Məryəm oğlu Məsihi də. Halbuki, onlara ancaq tək olan ilaha ibadət etmək əmr olunmuşdur. Ondan başqa ilah yoxdur. Allah, onların şərik qoşduqlarından uzaqdır.”- deyə, oxuyanda xristian olan Ədiy ibn Xətəm, Rəsulullaha etiraz etmiş və “Mən də bir xristianam lakin biz, əhbar və rahiblərimizi Rəbb etmirik və onlara ibadət də etmirik.”- demişdi. Bunu üzərinə Rəsulullah belə buyurdu: “Allahın haram etdiyini halal, halal etdiyini də haram etdikləri vaxt, onların dediklərini qəbul etmirsizmi?” Ədiy ibn Xətəm “Bəli, qəbul edirik, çünkü onlar dini məsələdə səlahiyyətli şəxslərdir.”- dedi. Bu cavabına qarşılıq Rəsulullah: “Elə bu onları Rəbb etmək deyil də nədir?”– buyurdu.[14]

Dini məsələdə Allaha aid səlahiyyətləri bir başqasına vermənin mənası bir başqasını Rəbb etmək və bu məsələdə başqalarını tağutlaşdırmaq deməkdir. Quranda, hədislərdə və keçmişdən günümüzə qədər olan təzahürlərdən görüldüyü kimi, əhli Kitabın öz din adamlarını Rəbb etdiklərini, Allahın dini qarşısında bir maneəyə, yəni tağuta çevrildiklərini açıq-aydın görməkdəyik.

Eyni vəziyyətin İslam aləmində olub-olmadığını bilmək üçün müsəlmanların dini öyrənmədəki metodunu, Qurana və öz din adamlarına baxış tərzini öyrənməyimiz kifayətdir. Məsələn, Nisə surəsinin 59-cu ayəsində müsəlmanlara verilən, “…Əgər bir şeydə münaqişəyə düşərsəniz, onu Allaha və Elçisinə götürün. Əgər Allaha və axirət gününə inanırsınızsa belə edərsiniz. Beləsi xeyrli olur və yaxşı nəticə verir.” əmrinə qarşı başda Diyanət Vəqfi Quran məalı olmaq üzərə, Quran məallarının çoxunda “Allah hər nə qədər məsələni özünə (Allaha) götürün.”- desə də eyni ayənin dipnotunda, belə yazıldığını görməkdəyik: “Ayə, müsəlmanların bilik və hökm mənbələrini sıralamış, sonradan Kitab, Sünnə, İcma və Qiyas şəklində formullaşdırılan mənbələrin əsasını qoymuş, münaqişə çıxarsa həllini bu mənbələrə baş vurmaq surətiylə axtarılmasını əmr etmişdir.”

Allah, müsəlmanlara dini mənbələrinin tək olduğunu və ixtilafa düşdükləri zaman bu mənbələrə başvurmaları lazım olduğunu buyurmasına baxmayaraq, bu məzhəblərin özlərinə görə fərqli mənbələr icad etməsi özləri üçün tağut yaratmalarına səbəb olmuşdur.

Allahla insanlar arasına başqa ilahlar qoymaqla tövhid pozulduğu kimi, Allahın nazil etdiyi mənbə (Quran) arasına başqa mənbələr peyda etmək də tövhidi zədələməkdədir. Bu səbəblə Allahdan başqa ilah qəbul etməmək tövhidin bir şərti olduğu kimi, Qurandan başqa mənbə qəbul etməmək də tövhidin bir şərti olmalıdır. Çünki, Quranda verilən bir hökmü ortadan qaldırmaq, nəsx etmək, uydurduqları mənbələrinə əsaslanıb dəyişmək və başqa hökmlərlə əvəz etmək bir müsəlman kimi Allaha təslim olmamaq və Allahın hökmüylə hökm etməmək mənasına gəlir:

 “Onlara oxunan Kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi? Həqiqətən, bunda iman gətirən adam­­lar üçün mərhəmət və ibrət vardır.” (Ənkəbut, 29/51).

Müsəlmanların dini məsələlərdə ixtilafa düşdükləri zaman təkcə Qurana yönəlmələri lazım olduğu bir çox hədis mənbələrində də qeyd edilmişdir. Bunlardan bir neçəsi belədir: “Dini məsələlərdəki ixtilaflarda sizə Quran kifayətdir.”,  “Bu Quran elə bir kitabdır ki, Allah Onunla elçisini hidayət etmişdir. Bu kitaba sarılın ki, hidayət olunasınız. Şübhəsiz Allah, elçisini Onunla hidayət etmişdir.”[15] Şiə mənbələrində də oxşar hədislər mövcuddur. Məsələn: “Hər hansı bir hədîs(!) Allahın kitabına uyğun deyilsə, o, uydurma bir sözdür.”[16]

Bilavasitə bütün səhih hədis mənbələrində də belə bir qaidənin xatırladılmasına baxmayaraq, Diyanət vəqfinin əsrlər boyu kirlənmiş ənənəni təmizləmək yerinə bu ənənəni təqlid etməsi, Qurana və Allahın elçisinin tətbiqatlarına nə qədər bağlı (!) qaldıqlarını göstərməkdədir.

Sonrakı ayə Quranın təqdim etdiyi metoda uymadan özlərinin müsəlman qalacaqlarını iddia edənləri belə tənqid etməkdədir:

“Sənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar tağutun qarşısında mühakimə olunmaq istəyirlər. Halbuki onlara tağuta inanmamaq əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir.”  (Nisə, 4/60)

Bu ayədən də başa düşüldüyü kimi, Allahın nazil etdiyinə inandıq deyən insanların bir çoxu; Vəhyin xaricindəki şeyləri din adına mənimsəmiş və öz tağutlarını özləri yaradaraq bu tağutun qarşısında mühakimə olunmalarını istəmişlər.

Təfsirlərdə bu ayənin; özünü müsəlman göstərən bir münafiqin Yəhudi biri ilə münaqişə etdiyi zaman məsələni Rəsulullaha deyil, yəhudi din xadimi və şairi olan Kab b. Əşrəfə götürdüyü üçün nazil olduğu rəvayət edilmişdir.[17] Elə bu və digər ayələrdə də qəsd edilən ən böyük tağutun, Allahın dininə, qoyduğu qaydalara baxmayaraq, insanların Allah adına özlərinin ortaya çıxardığı qaydalar və məhkəmələr olduğunu görmək çətin olmayacaqdır. Çünki, Allah adına ortaya qoyulan lakin, Allahın dini ilə əlaqəsi olmayan bu qanun və məhkəmələri yaradanların yəni, tağut qurucularının əksəriyyəti din xadimləri olmuşdur.

Bundan sonrakı ayədə isə Quran, həm rəsulullah dövründəki münafiqləri həm də rəsulullahdan sonra ortaya çıxacaq münafiqləri xəbərdar edəcək şəkildə belə buyurmaqdadır:

“Onlara Allahın nazil etdiyinə və bu Elçiyə gəlin!”-deyildiyi zaman, o ikiüzlülərin (münafiqlərin) səndən tamamilə uzaqlaşdıqlarını görərsən.” (Nisə, 4/61.)

Bu gün təəssüf ki, özünə müsəlmanam deyənlərin Allahın bu çağrısına eyni reaksiyanı verməkləri, tağutun nə mənaya gəldiyini bilməməklərindən irəli gəldiyini deyə bilərik. Müsəlmanların da əhli kitab kimi, Allahın kitabına kifayət qədər əhəmiyyət verməməkləri, özləri üçün Allahın kitabına alternativ paralel mənbə ortaya qoymaları və öz din xadimlərini dində tək həqiqi aftoritet olaraq görməkləri, onları Allahın kitabından uzaqlaşmasına və başqa hökm qoyucu/tağutların yaranmasına səbəbiyyət verməkdədir.

Müsəlmanlar Rəsulullahın vəfatından sonra, çox keçmədən özlərindən əvvəlkilərin xətalarını təkrarlayaraq, bənzər bir metodla din xadimlərinin ortaya qoyduqları bir din anlayışı sərgiləmiş və özlərini Allaha yaxın, elçisinə bağlı bir ümmət olaraq görməyə başlamışlar. Belə bir anlayış onlara öz xətalarını görməyə mane olmaqda və başqalarından uzaqlaşmaya yol açmaqdadır. Bütün uydurma din mənsublarına bulaşmış bu psixoloji xəstəlik, hər cür yeniliyin və birliyin qarşısına sədd çəkməkdədir. Bunların ümumi prinsipi belədir: “Həqiqət budur, bundan başqa həqiqət yoxdur.”[18]

Allahın dinini ümumbəşər vəsiflərdən ayırıb, özlərinə məxsus bir dinə dönüşdürən yəhudi din adamlarının, yəhudi olmayanların doğru yolda olmadıqları və bilvasitə özləri kimi olmayanların cənnətə girə bilməyəcəkləri iddiasını Quran belə ifşa etməkdədir ki, eyni iddianın xristian din xadimləri tərəfindən də irəli sürüldüyü görülməkdədir:

“Dedilər ki; ‘Yəhudi-lərdən və xaçpərəstlərdən başqa­ heç kəs Cənnətə daxil olmayacaq!’ Bu onların xam xəyallarıdır. De: ‘Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!’” (Bəqərə, 2/111)

Öz ideologiyalarını din deyə təqdim edənlərin və bu səbəblə özlərini xüsusi məqama gətirənlərin əslində şeytanın cənginə düşdüyü və əsassız xam xəyallara qapıldığı bildirilməkdədir. Beləliklə bütün insanların eyni dəyərdə yaradıldığını, Allah qatında eyni məsuliyyətləri daşıdığını və hər kəsin hətta elçilərin belə, Öz kitabının (Quranın) əsaslarından hesaba çəkiləcəyini Allah bu ayətlə izah etmişdir:

“De: ‘Ey Kitab əhli! Nə qədər ki, Tövrata, İncilə və Rəbbinizdən sizə nazil edilənə düzgün əməl etmirsiniz, siz doğru yolda deyilsiniz’. Əlbəttə, Rəbbindən sənə nazil edilən (Quran) onlardan bir çoxunun azğınlığını və küfrünü artıracaqdır. Sən isə kafir tayfa­ üçün heyfsilənmə.” (Maidə, 5/68.)

Əhli Kitab din xadimlərinin özlərini xüsusi məqüama gətirmə xəstəliyinin çox keçmədən müsəlmanlar arasında da yayıldığı müşahidə edilməkdədir. Bir qrup özlərinin Sünni, digəri Şiə, bir başqası Sufi olması ilə xilas olacaqlarını iddia etmişlər. Bununla da kifayətlənməyərək öz aralarında firqələrə, camaatlara bölünərək özlərini haqq dininin, qurtuluşun yolçuları olaraq görmüşlər.[19] Qısaca deyərsək, bütün bu firqələrdə əsas olan Quranın təqdim etdiyi inanc və yaşayış şəkli deyil; özlərinin təqdim etdiyi məzhəbə və camaata mənsub olmaqdır. Bu barədə məsələn, “Kim əhli sünnətin minhəcindən/yolundan ayrılır və onların ortaq görüşlərinə tərs düşünürsə, azmışdır.”[20]kimi uydurma hədislər ələ alınmaqdadır. Şiə isə müxalif olaraq öz üsullarına və görüşlərinə uymayanların yoldan çıxdığını iddia etməkdədir ki, bu iddialarına əsas gətirdikləri rəvayətlərdən bir neçəsi bunlardır: “İbrahimin milləti ancaq bizim şiəmizdir, digər insanlar buna daxil deyildir.”[21] Digəri, “Nəsəbini (inancını) soruşanda Ələvi deyilsə, o insanın axirət günü öyünəcəyi heç bir şeyi yoxdur.”– kimi buna bənzər bir çox hədislərdir.

Əhli Sünnə alimlərindən olan və sünnənin kitab üzərində hakim olduğunu müdafiə edən Şatıbi[22] özlərinin mənimsədiyi şəriəti belə tərif etməkdədir: “İslam şəriəti məsumdur, xəta və təhrifdən qorunmuşdur. Onu təbliğ edən peyğəmbər (a.s.) də məsumdur. Ümməti də icma etdikləri məsələlərdə məsumdurlar.”[23]

Bu kimi iddiaların bir başqa qorxunc bənzəri də əhli Şiədə mövcuddur. Əbu Cəfərə əsaslandırılan rəvayətlərdə: “Biz, əmrlərimizə itaət edilməklə və qadağalarımızdan qorunmaqla əmrolunduğunuz məsumlarıq. Biz səmanın altında və yer üzündə Allahın dəqiq dəlilləriyik.” “Allaha bizimlə itaət edilir, Allah bizimlə tanınır və Allaha bizimlə tövhid edilir.”[24]

Bütün bunlar göstərir ki, din xadimlərinin bir qismi; öz sistemlərini şəriət, öz əqidələrini din deyə təqdim edərək, Allaha və Elçisinə qarşı paralel bir din icad etmiş və bu dinə qarşı çıxanlara qarşı da müharibə elan etmişlərdir. Bunu da Allahın dini və şəriəti adına etdiklərini bildirmişlər.[25] Əslində isə nə üçün döyüşdüklərini və nəyi müdafiə etdiklərini Allah bu ayəsi ilə izah etməkdədir:

“Möminlər Allah yolunda vuruşurlar, kafirlər isə tağut yolunda vuruşurlar. Elə isə şeytanın dostları/evliyaları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir.” (Nisə, 4/76)

Qurani Kərim və tarixi materiallardan əldə etdiyimiz məlumatlardan da görürük ki: Tarix boyu baş verən müharibələr; inananlar və inanmayanlar arasında deyil, inananlarla özləri kimi inanmayanlar arasında olmuşdur. Bir az daha aydınlıq gətirərsək; müharibə və ixtilaflar, Allahın insan fitrətinə bəxşetdiyi beynəlxalq fitri/təbii dəyərləri müdafiə edənlərlə, bu fitrətə qarşı gələrək özlərinə görə uydurma dəyərlər icad edib müdafiə edən iki sinif arasında davam etmiş və etməkdədir. Quran bu iki sinifin birini Allah yolunda döyüşənlər, digərini isə tağut yolunda döyüşənlər olaraq adlandırmaqdadır.

Müsəlmanların təkfirci qisminin tağut məsələsini siyasətə endirməsi, Qurana hərtərəfli baxmamaqdan, səhv yorumlamaqdan və ayələri təhrif etməklərindən irəli gəlməkdədir. İslam düşmənlərinin seçim qabağı müsəlmanların xüsusiylə gənc qurşağını öz məqsədlərinə xidmət etdirmə yollarından biri, Maidə surəsinin 44-45 və 47 ayələrinin cümlə içərisindəki anlamını və başqa ayələrlə əlaqəsini qoparmaq surətiylə uydurma bir tağut anlayışını yeritmək adətləri olmuşdur. Əslində Qurana hərtərəfli baxanda və digər ayələrlə əlaqəsini quranda Allahın bu ayələrdə kimlərə kafir, zalım və fasiq dediyi rahat başa düşülməkdədir.

Əhli kitab, hər hansı bir işdə Tövratdakı Allahın əmr/qərarını gördükləri halda, fərqli bir qərarı həyata keçirmək üçün öz din xadimlərinə yönəlirdilər. Din xadimlərinin bu fərqli qərarları eyni zamanda Allahın dini adına tətbiq edilirdi. Bilavasitə, Allah Təala hər dövrdə insanların bu cür səhv inanc və qərarları, xüsusiylə din adına tətbiq edilən qaydaları yıxmaq üçün yeni elçi və ya Kitab göndərmişdir.

Quran ən çox Allahın dinin yanında paralel olaraq ixtira edilən dəyərlərdən; ilahlardan, dinlərdən, kitablardan, qurtarıcılardan və məzhəblərdən bəhs edər. Bu uydurma dəyərlər, insanları Allahdan uzaqlaşdıran ən böyük tağutlardır ki, qurucuları da Quranda gördüyümüz kimi böyük əksəriyyəti din xadimləri və rəhbərləri olmuşdur. Bunlar öz ideologiyalarını insanlara din və tək həqiqət deyə təqdim etmək surətiylə bu ideologiyalarını müdafiə etməyə və uğrunda döyüşməyə sövq etmişlər.

Qədimdən olduğu kimi müasir dövrün insanlarının da ən böyük problemi, Allah və dini adına təqdim olunan bu tağutlara bağlanmalarıdır. Hər biri öz tağutunu Allahın dini və kitabı qədər müqəddəsləşdirmiş, Allahın hər cür hökmünü imamlarının, alimlərinin, şeyxlərinin əllərinə buraxmış və özlərini həmin insanların qurtaracağına inandırmışdır. Hər biri bir firqəyi-naciyə/qurtuluş firqəsi yaratmış, insanlara dünya və axirət səadətlərini vəd edən bir xəyala düşürmüşdür. Bu səbəblə, özlərini bu hiyləgər tağutlara alət edənlərə ya da tağutluq edənlərə başqaları nə deyərsə, desin; istəyir yüzlərlə ayə oxunsun və ya elçilərdən nümunələr verilsin veclərinə olmayacağı keçmişdən günümüzə qədərki təcrübələrlə sabitdir. Bu səbəblə Allah Təala:

“Ayələrə göz yumanları xəbərdar etsən də etməsən də fərqi yoxdur; onlar inanıb güvənməzlər.” (Bəqərə, 2/6.)

Özlərinə müsəlman deyən insanların çoxunu Allahın kitabına dəvət etdiyiniz zaman Məkkə müşriklərinin reaksiyasına bənzər bir reaksiya verməklərinin altında yatan ən böyük səbəbin; Allahın dinini, kitabını əksik görməkləri və bu dinin tamamlayıcılarının öz müqəddəsləri/tağutları olduğunu düşünməkləridir. Çünki, Məkkə müşrikləri də eynilə “bizə atalarımızdan gələnlər kifayətdir.”[26] deyirdilər. Allah, həqiqətlərə göz yuman insanların keçmişdən günümüzə qədər irəli sürdükləri bəhanələri belə cavablamaqdadır:

“Onlara oxunan Kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi? Həqiqətən, bunda iman gətirən adam­­lar üçün mərhəmət və ibrət vardır.” (Ənkəbut, 29/51.)

Müsəlmanların əsrlərdir özlərindən əvvəlki əhli Kitabın xətalarını davam etdirməsi, eyni metodla hərəkət etməsi yəni, əqidədə və fiqhdə Allahın kitabına deyil, elçilərinə əsaslandırılan rəvayətlərə və din xadimlərinin fətvalarına yönəlmələri qısacası, dini şəxslərə aid etməklə Allahın kitabına qarşı eyni (əhli Kitabdakı kimi) münasibət bəsləmələrinə səbəb olmuşdur. Bu məsələlərdə müsəlmanlar, Allah qatında əhli Kitabla eyni vəziyyətdə olub, eyni günahı işləməkdədirlər. Əhli Kitab, Allahın dininə və kitabına hansı xəyanəti etmişsə, müsəlmanlar da eyni xəyanəti davam etdirməkdədirlər. Bu səbəblə həm əhli Kitab həm də müsəlmanlar, dini şəxslərdən/tağutlardan qaldırıb, Allaha xas etməlidirlər. Əksi təqdirdə müsəlmanlar da digər din mənsubları və əhli Kitab kimi dünyada (necəki üzləşirlər) və axirətdə eyni aqibətlə üzləşəcəklər.

Allahın ən böyük lütfünə layiq görülmüş müsəlmanların zəif, zəlil düşmələri və öz torpaqlarında belə terorçu kimi qələmə verilmələrinin başlıca səbəblərindən biri, icad etdikləri paralel dinləri kor koruna təqlid edərək, hər qrupun öz tağutunu müdafiə etməkləri olduğunu deyə bilərik. Əgər dediyimizin əksini sübut edən bir hal ortada olsaydı, İslamın ilk dövründəki kimi qüdrətli olur və müasir dövrümüzün Roma və Sasani imperiyalarını yerlə bir etmiş olardıq. Bizi belə bir qənaətə sövq edən və belə bir sözü verən Allah Təaladır:

“Allah, sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri hakim etdiyi kimi onları da yer üzünün hakimi edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər məhz onlar fasiqlərdir.” (Nur, 24/55.)

Müsəlmanlar üçün belə bir əhdin həyata keçməsi üçün, onların təkcə Allaha qul olmaqları və Ona heç bir şeyi şərik qomamaqları ilə mümkündür.

Təəssüf ki, Allahın təqdim etdiyi din və fitrət anlayışı hələlik Qurandan uzaqlaşmış müsəlmanlar (!) üçün uzaq görülən bir ehtimaldır. Çünki, həmin müsəlmanlar (!) özlərini belə bir anlayışa çağıranları isə hər əsrdə olduğu kimi  həmişə zındıqlıqla, agentliklə ittiham etmiş və cəmiyyətdən kənarlaşdırmağa çalışmışlar. Əslində hər yeni icad edilən tağuta qarşı özünü müdafiə edən bir müsəlmanın vəziyyəti Harun əleyhissəlamın vəziyyətinə və hər cəmiyyətin halı da Musa əleyhissəlamın cəmiyyətinə bənzədilə bilər. Belə ki, bu cəmiyyət Musa əleyhisəlamın özlərini qısa bir müddət ərzində tərk etməsini fürsət bilərək, buzovu yenidən ilah qəbul etmiş və öz istədikləri dinə yönəlmişlər.

Tağutla əlaqədar aşağıda təqdim edəcəyimiz son ayənin təfsirlərdə təkcə yəhudi cəmiyyətiylə əlaqədar nazil olduğu rəvayət edilsə də biz, bu qənaətdə deyilik. Bu ayənin Allahın açıq-aşkar ayələrinə göz yumaraq özlərinə yeni tağutlar yaratmış olan bütün insanlarla əlaqədar olduğu qənaətindəyik. Ayədə bu insanların hətta  heyvanlardan daha betər olduğu da  ifadə edilməkdədir:

“De ki, Allah qatında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? Allahın lənətlədiyi, ona qəzəbləndiyi, özlərini də meymunlara və donuzlara döndərdiyi şəxslər və tağuta ibadət edənlərin halı daha pisdir. Onlar, doğru yoldan daha çox azanlardır!” (Maidə, 5/60)

Tağutla əlaqədar bizə izah edilən bu ayələrdən ümumi olaraq bu nəticəni çıxara bilərik:

Tağut, Allahın dininə, nizamına və göndərdiklərinə baxmayaraq, insanların Allahla öz aralarına qoyduqları, Allaha aid müxtəlif səlahiyyətlər, müqəddəslik verildiyinə inandıqları və ya özlərində bu səlahiyyətlərdən birinin olduğunu düşünən şəxslərdir. Allah, öz dininə və nizamına çağırdığı halda, bunlar Allah adına özlərinin meydana çıxardıqları dinə və nizamlarına, məzhəblərinə çağırmaqdadırlar.

Bu gün bütün din mənsublarının, xüsusiylə bizi daha çox tənqid edən və özlərini İslam dininin mənsubları olaraq görən müsəlmanların əsrlərdir Allaha altenativ uydurduqları qurtarıcı şəxslərdən və Kitabına alternativ uydurduqları mənbələrdən, yəni tağutlardan xilas olmaları lazımdır. Bunlardan xilas olmadıqları müddətcə nə özlərinin, nə əməllərinin, nə dilə gətirdikləri şəhadətin, etdikləri duaların və ibadətlərinin Allah qatında bir dəyəri olmadığını bilmələri lazımdır.

Müəllif: Aydın Mülaym[27

[1] İbn Mənzur, “Lisanul- Ərəb”, c. XV, s. 9; Təbərî, “Camiul Bəyan”, c. III, s. 20; əl-İsfəhanî, “Mufrədat”, s. 924.

[2] İbn Mənzur, “Lisanul- Ərəb”, c. XV, s. 7; Təbərî, “Camiul Bəyan”, c. III, s. 21; əl-İsfəhanî, “Mufrədat”, s. 923.

[3] Bakara, 2/257; Nisa, 4/60, 76; Maide, 60; Nahl, 16/36; Zümer, 39/17.

[4] İsfəhanî, “Mufrədat”, s. 924.

[5] Rəhman, 55/8.

[6] Həqqa, 69/11.

[7] Naziat, 79/37; Alak, 96/6.

[8] Zuhruf, 43/87.

[9] Ənkəbut, 29/61.

[10] Ənkəbut, 29/65; Loxman, 31/32.

[11] Yeni Əhd, Pavlusun Korontillilərə Məktubu, 8/5-6.

[12] Gündüz, Şinasi Xristianlıq, İsam Yay., İstanbul, 2006, s. 20.

[13] Tirmizi, “Kitabut-Təfsir”, c. V, s. 294; Atalay, Orhan, agə., s. 31.

[14] İbn Kəsir, agə., c. IV, s. 144; Təbəri, agə., c. VI, s. 354; Râzî, agə., c. VI, s. 31.

[15] Buxari, “İtisam”,  həd. 7269.

[16] Kuleynî, Usûl-u Kâfî, c. I, s. 89.

[17] Təfsirlərdə bu ayənin nazil olma səbəbi belə izah edilmişdir: Münafiqlərdən biri, bir yəhudi ilə münaqişəyə girmişdi. Münaqişənin həlli üçün yəhudi, Rəsulullaha baş vurmağı təklif etdi, münafiq isə bunu qəbul etmədi. Münafiq, İslam düşmənliyində həddi aşan və şerləri ilə Rəsulullahı pisləyən yəhudi şairi Kab b. Əşrəfin hakim olmasını istədi. Səhabədən ibn Abbasın ifadəsinə görə, ayədə zikr edilən “Tağut” ilə qəsd edilən elə bu Kabdır.

[18] Əli Şəriəti, “Dinə Qarşı Din” s. 13.

[19] Həvva, Səid, əl Əsas Fis-Sünnə, Yayın Pazarlama, Çvr: Ural, A., Çe­tintaş, R., İstanbul, 1992, 8/93.

[20] İbn Teymiyyə, Taqiyyuddin b. Əbil Qasım b. Hadr, Məcmûu’l-Fəta­va, thk., Abdurrahman b. Kasım; ibn Muhamməd, Darul-Arabiyyə, 3/348; Həvva, Səid, egə., 8/115.

[21] Küleyni, e.g.ə., c. VIII, s. 35.

[22] Şatıbi bu ifadəsindəki məqsədin “sünnətin açıqlayıcı məqamda olmasından” olduğunu deyər. (Sâtıbi, əl-Muvafakat, c. IV, s. 6.)

[23] Sâtıbi, el-Muvafakat, c. II, s. 54.

[24] Kuleyni, “Usulud-din”, c.I. s. 145, 165.

[25] Ənam, 6/112.

[26] Maidə, 5/104.

[27] Elmi-araşdırma mərkəzi, muselmanlar.com saytı redaktoru.