Müsəlmanlar

Qadınların döyülməsi

Qadınların döyülməsi

Nisə surəsinin 34-cü ayəsindəNüşuzundan qorxduğunuz qadınlara öyüd /nəsihət verin, yataqlarından ayrılın və onları (oraya) dərb edin.” əmri verilməkdədir.

Nüşuz =نُشُوزً, gedəcəyi zaman oturduğu yerdən yavaşca qalxmaqdır.[1] Yəni oturduğu yerdən ayrılmaq.

Darb =ضرب, bir şeyi bir şeyin üstünə vurmaq və ya sabitləşdirməkdir.[2] Çox işlərdə işlədilən[3] dərb kəliməsinin mənası, vurulan və ya sabitlənən şeyə görə dəyişir. Türk dilində dərb kəliməsinə ən yaxın olan “vurmaq” felinin də otuza yaxın mənası vardır: “Damğa vurmaq”, “silahla ya da yumruqla vurmaq”, “işıq vurması”, “soyuq vurması”, “sahilə vurmaq”, “divara boya, ata yəhər vurmaq” kimi bir çox mənaları vardır.[4]

Ənənədə Nisə surəsinin 34-cü ayəsindəki nüşuz kəliməsinə “baş qaldırmaq, özbaşnalıq”, dərb kəliməsinə də “döymək” mənası verilmişdir. Əlaqədar hədislərə də bu məna verilincə İslamda kişiyə qadını döymə haqqı verildiyi qənaəti hasil olmuşdur.

Türkiyə Dəyanət Vəqfi bu ayəyə belə məal vermişdir:

“Allahın insanlardan bir qismini digərlərindən üstün etməsi səbəbiylə və mallarından xərclədikləri üçün kişilər, qadınların idarəçisi və qoruyucularıdır.  Onun üçün salihə qadınlar itaətkardır. Allahın özlərini qorumasına qarşılıq gizlini (heç kim görməsə də namuslarını) qoruyurlar. Baş qaldırmasından/özbaşnalığından qorxduğunuz qadınlara öyüd verin, onları yataqlarında tək buraxın və (belə şeylərlə yola gəlməzlərsə), döyün. Əgər sizə itaət edərlərsə artıq onların əleyhinə başqa bir yol axtarmayın; çünki Allah ucadır böyükdür.”[5]

Azərbaycandakı məşhur Quran məalları da aşağı-yuxarı belədir.

Bizə görə, bu ayəyə verilən məalın demək olar ki, hamısı səhvdir. Doğru məal belə olmalıdır:

“Kişilər qadınlarına qarşı mühafizəkardır. Bu, Allahın hər birinə digərindən üstün xüsusiyyətlər verməsi və kişilərin mallarından xərcləmələri səbəbiylədir. Yaxşı qadınlar, (Allaha) itaət edən və Allahın qorumasına qarşılıq tənhalıqda özlərini qoruyanlardır. Nüşuzundan/ayrılmasından qorxduğunuz qadınlarınıza öyüd/nəsihət verin, yataqlarından ayrılın və onları (orada) tutun. Sizə itaət edərlərsə, onlara qarşı başqa yol axtarmayın. Allah ucadır, böyükdür.” (Nisə, 4/34)

Bu ayədəki nüşuza “baş qaldırmaq/özbaşnalıq”, dərb kəliməsinə də “döymək” mənası verilməsi həm Quranın həm də ayənin daxili bütünlüyünə tərsdir. Allah Təala belə buyurur:

وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَاجًا لِّتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُم مَّوَدَّةً وَرَحْمَةً إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ

“Onlarla huzur tapasınız deyə sizə, öz cinsinizdən zövcələr yaratması Allahın ayələrindəndir. Aranıza sevgi və mərhəmət də qoymuşdur. Düşünən bir cəmiyyət üçün bunda dəlillər vardır.” (Rum 30/21.)

Döyülməyin qadın və kişi arasındakı sevgi və mərhəmətə tərs düşəcəyi açıqdır. İnsan, müxalif təbiəti etibariylə ən çətin imtahana ailə içində üzləşir. Hər biri digərinin haqqına göz dikib baş qaldıra bilər. Xöşbəxt olmaq istəyənin yerinə yetirməsi vacib əməllərdən bəziləri bu ayədə ifadə edilməkdədir:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّ مِنْ أَزْوَاجِكُمْ وَأَوْلَادِكُمْ عَدُوًّا لَّكُمْ فَاحْذَرُوهُمْ وَإِن تَعْفُوا وَتَصْفَحُوا وَتَغْفِرُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ

‘‘Ey inanıb güvənənlər! Zövcələrinizdən və övladlarınızdan haqqınıza göz dikənlər olur; onlara qarşı diqqətli olun. Əgər xətalarını görməz, yeni bir səhfə açar və eyiblərini örtərsəniz, bilin ki, Allah da eyibinizi örtər və ve bağışlayar.’’ (Təğabun 64/14)

Nisə 34-dəki “dərb” kəliməsindən sonra “فَإِنْ أَطَعْنَكُمْ = sizə itaət edərlərsə” ifadəsi yer almaqdadır. Ərəb dilində itaət, bir şeyi könüllü yerinə yetirməkdir. Döyüldükdən sonra yerinə yetirilən şey itaət deyil, boyunduruq, məcburiyyət olur.[6]

Bundan sonrakı dəlillərimizdə görüləcəyi kimi qadının nüşuzu, ərindən ayrılma qərarıdır. Bu vəziyyətdə kişinin edəcəyi ən yaxşı iş, qərarından daşındırmaq üçün zövcəsiylə gözəl şəkildə danışaraq şübhələrini yox etməyə çalışmaqdır. Onu razı salana qədər də yatağına girməməlidir. Ayədəki dərb kəliməsinə “qadını evdə tutmaq” mənasının verilməsi bundandır. Amma heç bir məzhəb, Quranın qadına verdiyi, peyğəmbərimiz əleyhissəlamın və səhabəsinin tətbiq etdiyi tək tərəfli boşama haqqını qadına verməməkdədir.[7]  Təfsirlər də onların təsiriylə yazıldığı üçün ayədəki kəlimələrə doğru məna verilməmişdir. Hər mövzuda olduğu kimi bu mövzuda da xətaların ana səbəbi, Quranı açıqlama emlinin unudulmuş olmasıdır.

 

A. QURANDA NÜŞUZ = نشوز KƏLİMƏSİNDƏN NÜMUNƏLƏR:

1.Oturduğu yerdən nüşuz:

 Bu ayədə nüşuz, “getmək üçün oturduğu yerdən qalxma” mənasında işlədilmişdir:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قِيلَ لَكُمْ تَفَسَّحُوا فِي الْمَجَالِسِ فَافْسَحُوا يَفْسَحِ اللَّهُ لَكُمْ وَإِذَا قِيلَ انْشُزُوا فَانْشُزُوا يَرْفَعِ اللَّهُ الَّذِينَ آمَنُوا مِنْكُمْ وَالَّذِينَ أُوتُوا الْعِلْمَ دَرَجَاتٍ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

“Ey inanıp güvənənlər! Sizə məclislərdə “yer açın!” deyilincə yer açın ki, Allah da sizə yer açsın. “Nüşuz edin=Qalxın!” deyilincə də qalxın ki, Allah, aranızda inanıb güvənənlərlə özlərinə elm verilənlərin dərəcələrini yüksəltsin. Allah etdiklərinizin iç üzünü bilir.” (Mücadələ 58/11.)

2. Kişinin nüşuzu:

 Kişinin nüşuzu, zövcəsindən ayrılma qərarıdır. Belə hallarda qadının nə edə biləcəyini göstərən ayə belədir:

وَإِنِ امْرَأَةٌ خَافَتْ مِنْ بَعْلِهَا نُشُوزًا أَوْ إِعْرَاضًا فَلَا جُنَاحَ عَلَيْهِمَا أَنْ يُصْلِحَا بَيْنَهُمَا صُلْحًا وَالصُّلْحُ خَيْرٌ وَأُحْضِرَتِ الْأَنْفُسُ الشُّحَّ وَإِنْ تُحْسِنُوا وَتَتَّقُوا فَإِنَّ اللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا

“Bir qadın, ərinin nüşuzundan/ayrılmasından və ya üz çevirməsindən qorxarsa, öz aralarında barışığa gəlməsi onlara günah sayılmaz. Çünki barışmaq daha xeyirlidir. Ancaq nəfslərdə xəsislik həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb çəkinsəniz bilin ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır!” (Nisə 4/128)

Ərin ayrılma istəyi qadını narahat edər.  Bu haqda hədislərin birində belə buyrulur: “Peyğəmbər əleyhissəlamın zövcəsi Sevda anamız yaşlanınca Allahın elçisinin özünü boşamasından qorxdu və “Mənə ayırdığın vaxt Aişənin olsun”- dedi. O da qəbul etdi. Hədisi rəvayət edən, Zənnimcə Aişə bunu da dedi: “Bu ayə, bu və buna bənzər hallar üçün nazil olduğunu deyərdik:[8] Bir qadın, ərinin nüşuzundan və ya özündən üz çevirməsindən qorxarsa…(Nisə 4/128)

3.Qadının nüşuzu

 Quranda kişiyə tanınan boşama haqqının bənzəri qadına da tanındığından qadının nüşuzu, ərindən ayrılma qərarıdır. Təəssüf ki, ənənə dinin mənsubları nəinki nüşuz kəliməsinə doğru məna verməkləri, hətta qadının boşanma haqqının belə olmadığını iddia etmişlərdir.

Qadının nüşuzu ilə əlaqədar yuxarıda da verdiyimiz ayənin məalı belədir:

“…Nüşuzundan/ayrılmasından qorxduğunuz qadınlarınıza öyüd/nəsihət verin, yataqlarından ayrılın və onları (orada) tutun. Sizə itaət edərlərsə, onlara qarşı başqa yol axtarmayın. Allah ucadır, böyükdür.” (Nisə, 4/34)

Səhabə dövründə bir qadın ərindən nüşuz etmişdi. Bərabər qazi (hakim) Süreyhaya getdilər. Süreyh: “Kişinin və qadının ailəsindən bir hakəm gətirin.”- dedi. Hakəmlər gəldilər, ər-arvadın vəziyyətini incələdilər və Süreyhə onları ayırması barədə fikirlərini bildirdilər. Bu görüş kişinin xoşuna gəlmədi. Süreyh isə; “Bəs biz bu gün nəyin arxasına düşmüşdük?”– dedi (yəni bu iş sənin keyfinə qalmamış) və hakəmlərin fikirlərini təsdiqlədi.”[9]

Təəssüf ki, bəzi müfəssirlər məsələn, Muhəmməd Tusi, Nisə surəsinin 34-cü ayəsindəki “nuşüzu” təkcə qadınlara məxsus bir hal olaraq qeyd etmişdir. Fəqət, həmin surənin 128-ci ayəsinə gəlincə, öz sözünə müxalifət edərək ayəyə belə məal verməkdədir: “Bir qadın ərindən qorxursa, yəni ərinin nüşuzundan qorxursa…”– deyərək, ərin də nüşuzu olduğunu bildirməkdədir.[10]

 

B. QURANDA “DƏRB = الضرب

Dərb = الضرب kəliməsinə yuxarıda verdiyimiz mənalardan əlavə Quranda keçən mənalarını bir nümunəylə belə sıralaya bilərik:

      1.Döymək

Allah Təala, Bədir döyüşündə mələklərə belə bir əmr vermişdi:

إِذْ يُوحِي رَبُّكَ إِلَى الْمَلآئِكَةِ أَنِّي مَعَكُمْ فَثَبِّتُواْ الَّذِينَ آمَنُواْ سَأُلْقِي فِي قُلُوبِ الَّذِينَ كَفَرُواْ الرَّعْبَ فَاضْرِبُواْ فَوْقَ الأَعْنَاقِ وَاضْرِبُواْ مِنْهُمْ كُلَّ بَنَانٍ

“O gün Rəbbin mələklərə: ‘Mən sizinləyəm! İman gətirənləri gücləndirin. Mən kafirlərin qəlbinə qorxu salacağam. Onların boyunlarını vurun və barmaqlarının hamısını kəsin!’(– deyə) vəhy etmişdi.” (Ənfal, 8/12.)

Mələklər, insanlar kimi olmadığından Qureyşli əskərlərdə döyülmədən qalan bir izə rastlanmamışdır.

     2.Öldürmə

Birinə öldürücü bir alətlə vurmaq, onu öldürür. Quranda:

“(Döyüşdə) kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları qırıb zəiflətdikdə (əsirlərə bağladığınız) kəndirləri bərk çəkin. Sonra da onları ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin.” (Muhəmməd, 47/4.)

 3. Nümunə vermək

Dərb, nümunə üçün də işlədilir. Çünki nümunə, bir mövzunu zehnə yerləşdirmək üçün verilir. Əlaqədar ayələrdən biri belədir:

أَلَمْ تَرَ كَيْفَ ضَرَبَ اللّهُ مَثَلاً كَلِمَةً طَيِّبَةً كَشَجَرةٍ طَيِّبَةٍ أَصْلُهَا ثَابِتٌ وَفَرْعُهَا فِي السَّمَاء

“Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz (la ilahə illəllah) kökü (yerdə) möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir.” (İbrahim, 14/24)

 4.Yerimək

Ayağı yerə sabitləmədən yerimək olmaz. Bu səbəblə dərb, “yerimək” mənasında da işlədilir:

وَإِذَا ضَرَبْتُمْ فِي الأَرْضِ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَقْصُرُواْ مِنَ الصَّلاَةِ إِنْ خِفْتُمْ أَن يَفْتِنَكُمُ الَّذِينَ كَفَرُواْ إِنَّ الْكَافِرِينَ كَانُواْ لَكُمْ عَدُوًّا مُّبِينًا

“Yer üzündə səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmanıza görə sizə günah gəlməz. Şübhəsiz ki, kafirlər sizin açıq-aydın düşmənlərinizdir.” (Nisə, 4/101)

5. Örtmək

Örtmək, bir şeyi başqa bir şey üzərinə sabitləmək/möhkəmləndirməkdir. Baş örtüsünü başa və boyuna sabitləmək mənasında da işlədilir:

وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَى جُيُوبِهِنَّ …

“(Mömin qadınlar) Baş örtülərinin bir qismini yaxalarının üstünə dərb etsinlər/sabitləsinlər.” (Nur 24-31)

 

6. Qadını dərb (ضرب)

Nisə surəsinin 34-cü ayəsində, arxa-arxaya bu üç əmrdən və bir qadağadan bəhs edilir:

وَاللاَّتِي تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَاهْجُرُوهُنَّ فِي الْمَضَاجِعِ وَاضْرِبُوهُنَّ فَإِنْ أَطَعْنَكُمْ فَلاَ تَبْغُواْ عَلَيْهِنَّ سَبِيلاً

“Nüşuzundan/ayrılmasından qorxduğunuz qadınlarınıza öyüd/nəsihət verin, yataqlarından ayrılınonları (orada) tutun. Sizə itaət edərlərsə, onlara qarşı başqa yol axtarmayın.” (Nisə, 4/34)

 Qadını dərb, ona vurmaqmı yoxsa, olduğu yerdə möhkəmləndirmək yəni, evindən çıxarmamaqdırmı? Bunu doğru başa düşmək üçün əlaqədar ayələri bölümlər halında nəzərdən keçirək:

a. وَاللاَّتِي تَخَافُونَ نُشُوزَهُنَّ = Nüşuzundan qorxduğunuz qadınlarınız…

Burada nüşuz, “ayrılma qərarı” olduğundan, zövcəsinin nüşuzundan qorxan kişinin edəcəyi ilk iş, onunla danışmaqdır. Bu səbəblə ilk əmr belədir:

b. فَعِظُوهُنَّ = öyüd/nəsihət verin

Nəsihət, qəlbi narahat olan bir məsələdə qarşı tərəfi yaxşılığa yönləndirəcək gözəl sözlər deməkdir.[11] Kişi, ayrılmaq istəyən zövcəsini gözəl sözlərlə razı salmağa çalışır. Əgər qadın, ayrılmaqda inad edərsə əri, onun qərarına hörmətlə yanaşmalı və cinsi əlaqəyə son verməlidir. İkinci əmr bununla əlaqədardır:

c. وَاهْجُرُوهُنَّ فِي الْمَضَاجِعِ = yataqlarından ayrılın

Kişinin yataqdan ayrılması, həm qadının qərarını gözdən keçirməsinə şərait yaradır həm də ayrılmaq istədiyi ərindən hamilə qalmasına maneə təşkil edər. Bir müddət kişi zövcəsini evindən ayırmamalıdır. Ayənin davamı buna işarət etməkdədir:

d. وَاضْرِبُوهُنَّ = onları (oraya) darb edin/tutun.

 Dərb ضرب, bir şeyi yerə sabitləmə/möhkəmlətmək mənasına gəldiyi üçün, buradakı kəliməyə; kişinin yatağı tərk etməsindən sonra qadını döyməsi yox, evdə tutma mənasını vermək lazımdır. Çünki qadını, ayrılma fikrindən ancaq özünün azad iradəsi döndərə bilər. Bunu ayənin son qadağa bölümü göstərir:

 e. فَإِنْ أَطَعْنَكُمْ فَلاَ تَبْغُواْ عَلَيْهِنَّ سَبِيلاً = Sizə itaət edərlərsə, onlara qarşı başqa yol axtarmayın.”

 Çünki, qadınların da (ənənə dininin tərs fətvasına baxmayaraq) boşanma haqları vardır. Qadın, ayrılmaqda qərarlı olduğu zaman, yerinə yetiriləcək şey sonrakı ayədə yəni Nisə 35-də izah edilmişdir:

g. وَإِنْ خِفْتُمْ شِقَاقَ بَيْنِهِمَا فَابْعَثُواْ حَكَمًا مِّنْ أَهْلِهِ وَحَكَمًا مِّنْ أَهْلِهَا

“Əgər ər-arvadın ayrılmalarından qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin.” (Nisə 4/35)

Ər və arvadın əqrabası olan və onları yaxından tanıyan bu hakəmlər, uzlaşdırma əsnasında bütün halları gözdən keçirirlər:

 f. إِن يُرِيدَا إِصْلاَحًا يُوَفِّقِ اللّهُ بَيْنَهُمَا إِنَّ اللّهَ كَانَ عَلِيمًا خَبِيرًا

“İkisi də uzlaşmaq istəyərsə, Allah aralarında əlaqəni bərpa edər. Allah bilir, işin iç üzündən xəbərdadır.” (Nisə 4/35)

Təfsirlərin çoxunda, “hakimlər uzlaşmaq istərlərsə”- deyə məna verilir ki, bu səhv bir məaldır. Onsuz da hakimlərin işi uzlaşdırmaqdır.

C. HƏDİSLƏRDƏ DƏRB = الضرب

“Qadınları dərb edin” ifadəsi keçən rəvayətlər, Nəbimiz əleyhissəlamın Vəda Həccində etdiyi möüzədə keçər. İçində nüşuz və dərb kəlimələrinin bir arada yer aldığı tək rəvayət budur:

“Qadınlar barəsində Allahdan qorxun! Onlar yanınızda avan = özlərini sizin üçün qoruyanlardır. Buna görə canlarının istədiyini edə bilməzlər. Onların sizin üzərinizdə sizin də onların üzərində haqlarınız vardır. Sizin onlar üzərindəki haqlarınız; başqaları ilə yatmamaları və xoşunuza gəlməyən birinin evinizə girməsinə icazə verməmələridir. “Nüşuzundan/ayrılmasından qorxsanız onlara öyüd/nəsihət edin, yataqlarından ayrılın və onları, müberrih olmayacaq şəkildə dərb edin.

Onların haqları, marufa/uyğun olana görə yedirməniz, içirməniz və geyindirmənizdir. Onları Allahın əmanəti olaraq aldınız və Allahın bir sözü ilə fərclərini (cinsəlliklərini) özünüzə halal qıldınız.”[12]

 Yuxarıdakı Mübərrihin kökü olan “təbrih =التَّبَرُّح” mənası, narahat etməkdir.[13] Yəni, “mübərrih olmayacaq şəkildə dərb edin” sözünün mənası; “rahatsız etməyəcək şəkildə orada tutun.”– deməkdir.

 

 NƏTİCƏ

Demək olar ki, hər məsəldə bu kimi xətaların ana səbəbi, Quranı açıqlama elminin unudulmuş olmasıdır. Ənənəçilər tərəfindən, Nisə surəsinin 34-cü ayəsi ələ alındığı zaman, ayənin daxili bütünlüyünü və əlaqədar ayələri diqqətə almadan qadının döyülməsinə fətva çıxarmaları da bunun nümunələrindən biridir. Bu metodun acı nümunələrindən biri də bütün məzhəblərin qadının tək tərəfli iradəsiylə boşanma haqqını əldə etməyi qəbul etməmələridir.[14]

Eyni doğruda ittifaq saxlanılır, amma eyni xətada xarici təsir olmadan ittifaq saxlanması mümkün deyildir. Bir çox mövzuda olduğu kimi bu mövzuda da məzhəblərin eyni xətada icma/ittifaq etməsi, xarici müdaxilənin təsiri olduğu qənaətindəyik. Fərqli yerlərdə və fərqli dövrlərdə yaşamış məzhəb qurucularına da belə bir müdaxilə edilməsi ehtimal xaricindədir. Tək ehtimal, məzhəb kitablarına və təfsirlərə müdaxilə edilmiş olmasıdır. Yoxsa xətada bu qədər ittifaq imkansızdır.

Müdaxilə bütün kitablara edildiyi üçün xətaları ortaya çıxarmaq böyük bir səbr və əmək tələb edir. Təhrifin təsirindən xilas ola bilmədiyimiz üçün ilk araşdırmalarda biz də ənənəçilərdən çox da fərqi olmayan bir nəticəyə gəlmişdik:

“Arvadının fahişəlik etdiyi açıq-aşkar məlum olarsa, ərin onu yatağında tək buraxmaya və döyməyə haqqı vardır.”[15]

Quranı açıqlama elmi işığında araşdırmalarımızı sürdürdükcə yuxarıdakı nəticələri əldə etmək nəsib oldu.

Nəticəyi hasil, ayənin doğru məalı belədir:  “Nüşuzundan/ayrılmasından qorxduğunuz qadınlarınıza öyüd/nəsihət verin, yataqlarından ayrılınonları (orada) tutun. Sizə itaət edərlərsə, onlara qarşı başqa yol axtarmayın.” (Nisə, 4/34)

Nuşuz, baş qaldırmaq, həyasızlıq etmək deyil, ayrılmaq istəməkdir. Ayrılmaq istəyənləri də ənənədə olduğu kimi döymək deyil, yataqda tək qoyaraq evdə tutmaq, möhkəmləndirmək  lazımdır. Bu müddət ərzində qadına düşünməyə və qərarında doğru olub olmadığına vaxt ayrılmış olur. Əgər qərarında iddialıdırsa, onda seçim özünündür, zorla gözəllik olmaz. Qadın məhkəməyə baş vurur və hakim onları birbaşa ayırır.

 

 

Müəllif: Abdüləziz Bayındır.[16]

[1] Xəlil ibn Əhməd, (100-175 h.) əl-Ayn, (thq: Mehdi əl-Məhzumi, İbrahim əl-Samrai), İran, 1409/1988.

[2] Rağib əl-İsfəhani, “Müfrədat”.

[3] əl-Ayn ضرب  maddəsi.

[4] Bax: Türk dili Təşkilatı, Türkcə sözlük, Ankara 2009, İlhan Ayverdi, Misalli Böyük Türcə Sözlük, İstanbul, 2005.

[5] Heyrəddin Karaman, Əli Özək, İbrahim Kafi Dönməz, Mustafa Çağırıcı və b. “Qurani Kərim və Açıqlamalı Məalı”, TDV yayınları, İstanbul 2009.

[6] İsfəhani, Müfrədat طوع md.

[7] Bu barədə ətraflı məlumat üçün saytımızın bu linkindəki yazısını oxumanız məsləhətdir: http://www.muselmanlar.com/fitvalar/152.html

[8] Əbu Davud, “Sünən”.

[9] Əbu Bəkr əl-Beyhaki (ö. 458 h.) “əs-Sünəni Kubra, Thq, Muhəmməd Abulkadir Ata, c. VII, S. 500, Beyrut, 1424/2000.

[10] Muhəmməd Tusi, “Tıbyan”, Nisə surəsi 34,128.

[11]əl-Ayn  وعظ md.

[12] Əhməd ibn Hənbəl, Müsnəd 5/73.

[13] Lisanul Ərəb  برح  md.

[14] Bax: Abdüləziz Bayındır, “Doğru Bildiyimiz Yanlışlar”, s. 369.

[15] Bayındır, e.q.ə., s. 399.

[16] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.