Müsəlmanlar

Əsirlərə qarşı münasibət necə olmalıdır?

Quranda və ənənədə əsirlərə münasibət

Mövzumuzu və mövzumuzla əlaqədar olan Muhəmməd surəsinin 4-cü ayəsini əvvəlcə ənənəvi dinin baxış tərzini ələ alaraq izah etməyə, sonra da Quranın əhatə etdiyi ayələr nəzərində dəyərləndirməyə çalışacayıq. Ayənin mətni və məalı belədir:

فَإِذَا لَقِيتُمُ الَّذِينَ كَفَرُوا فَضَرْبَ الرِّقَابِ حَتَّىٰ إِذَا أَثْخَنْتُمُوهُمْ فَشُدُّوا الْوَثَاقَ فَإِمَّا مَنًّا بَعْدُ وَإِمَّا فِدَاءً حَتَّىٰ تَضَعَ الْحَرْبُ أَوْزَارَهَا

 “(Döyüşdə) kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları qırıb zəiflətdikdə (əsirlərə bağladığınız) kəndirləri bərk çəkin. Sonra da onları ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin. Müharibəyə son qoyulanadək (kafirlərlə belə rəftar edin)…”

Yuxarıdakı ayəyə əsasən, döyüş əsnasında və sonrasında yerinə yetiriləcək olanları üç maddədə belə sıralaya bilərik:

1.Döyüş əsnasında tamamilə təsirsiz hala gətirilənə qədər düşmənin öldürülməsi,

2.Döyüş meydanında tam bir qalibiyyət əldə edilənə qədər  əsir alınması və alınan əsirlərin möhkəm saxlanılması yəni, hər hansı bir təhlükə yaratmamaları üçün əsirlərlə əlaqədar lazımi tədbirlərin alınması.

3.Bir sonrakı mərhələdə bu əsirlərin ya rəhm edilib fidyəsiz, ya da fidyə alınıb azad edilmələri.

Məzhəblərdə əsirlərə qarşı münasibət

Hənəfi fiqh mənbələrində, Muhəmməd surəsinin 4-cü ayəsinin mənsux olduğu, bilavasitə əsirlərin fidyəsiz, ya da fidyə alınıb azad edilmələrinin caiz olmadığı yazılır.[1] Bu mövzuda Hənəfi fəqihi Qəsaninin ifadələri çox məşhurdur. Qəsani, İmam Şafinin əks fikrini nəql etdikdən sonra, Hənəfi alimlərinin buna icazə vermədiyini bu sözlərlə əsaslandırmağa çalışır:

“Bizə görə bu ayə səbəbilə, əsirlərə qarşı verilən əmr, onların öldürülmələridir: “Onların boyunlarını vurun = فَاضْرِبُوا فَوْقَ الْأَعْنَاقِ”[2] Bu ayə, əsirlərin ələ keçirilməsi və qul edilməsindən sonrakı mərhələylə əlaqədar”[3]-olduğunu deyir və belə əsaslandırmağa çalışır:

“Boyunlarına vurmaq, boyunlarını vücudlarından ayırmaqdır. Bu da, döyüş əsnasına olmaz; ancaq əsir alındıqdan sonra olur.”[4]

Qəsani əsirlərin öldürülməsinin lazım olduğunu isə belə izah edir:

“Allah Təala belə buyurmuşdur: “müşriklərə harada rast gəlsəniz, öldürün = فَاقْتُلُوا الْمُشْرِكِينَ حَيْثُ وَجَدْتُمُوهُمْ”[5] Ölüm əmri onların İslama girmələrinə vəsilə olur. Öldürülmələri əmr edildiyi üçün  bu əmrdən üz döndərmək caiz olmaz. Öldürmə əmri onların İslama girmələrinə vəsilə olur amma fidyə qarşılığında sərbəst buraxılmaları onların İslama girmələrinə vəsilə olmaz…”[6]

Qəsani sonra isə Muhəmməd surəsinin 4-cü ayəsində keçən ifadədən hərəkətlə, əsirlərin fidyə qarşılığı sərbəst buraxılması görüşündə olanlara, məsələn İmam Şafiyə belə cavab verir:

Bəzi müfəssirlər فَإِمَّا مَنًّا بَعْدُ وَإِمَّا فِدَاءً = Sonra da onları ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin”-ayəsinin bu ayələrlə nəsx edildiyini deyirlər: “Müşriklərə harada rast gəlsəniz, öldürün = فَاقْتُلُوا الْمُشْرِكِينَ حَيْثُ وَجَدْتُمُوهُمْ”[7] “Allaha və Axirət gününə iman gətirməyənlərlə vuruşun = قَاتِلُوا الَّذِينَ لَا يُؤْمِنُونَ بِاللَّهِ وَلَا بِالْيَوْمِ الْآخِرِ [8] Tövbə surəsi Muhəmməd surəsindən sonra nazil olmuşdur. Bir də Muhəmməd surəsinin 4-cü ayəsi Əhli-kitabla əlaqədar ola bilər”[9]– deyir.

Qəsani, peyğəmbər əleyhissəlamın Bədir döyüşündə əsir götürməsinin bir ictihad xətası olduğunu deyənlərdən bəhs edər. Eyni zamanda Bədirdəki əsirlərin fidyə qarşılığında sərbəst buraxılmalarına icazə verən hökmün sonradan nəsx (ortadan qalxma) edilmə ehtimalını da dilə gətirir. Bilavasitə ona görə, Bədirdə rəsulullahın əsir götürməsi, əsirlərin fidyə qarşılığında azad olmalarına dəlil ola bilməz.[10]

Qəsanin bu görüşlərini qısa şəkildə belə dəyərləndirə bilərik:

Qəsani, Ənfal surəsinin 12-ci ayəsinin  onların boyunlarını vurun”- məalındakı qismindən yola çıxaraq əsirlərin öldürülmələrinin əmr edildiyi hökmünü çıxarmaqdadır. Bir insanın boynunu vücudundan ayırmanın döyüş əsnasında deyil, onun əsir alındıqdan sonra ola biləcəyini ifadə etməkdədir. Nəhayət, Qəsaniyə görə bu ifadə, əsirlərə ediləcək rəftarla əlaqədardır. Halbuki həqiqətdə bu ayə, müsəlmanlara dəstək olmaları üçün mələklərə verilən əmrdir! Belə bir açıq ifadədən şəxsi yorumlar çıxarmaq qəbuledilməzdir.

Qəsani əsirlərin öldürülməsi hökmünü Tövbə surəsinin 5-ci ayəsinə də əsaslandırır. İrəlidə bu ayənin əsirlərlə əlaqədar olmadığını, bilavasitə Hüdeybiyə müqaviləsini pozan Məkkəli müşriklərin qəsd edildiyini izah edəcəyik. Qəsani, əsirlərin öldürülməsi əmri, onların müsəlman olmalarına şərait yaradacağını deyir. Yəni ona görə əsir düşən biri müsəlman olmazsa, öldürüləcəyini biləcəyi üçün müsəlman olacaqdır. Halbuki belə bir düşüncənin cəmiyyətə münafiq qazandıracağı şübhəsizdir.

Əsirlərin fidyə müqabilində azad edilmələrini, yenidən düşmən əsgəri olaraq müsəlmanların qarşısına çıxma ehtimallarını nəzərə alaraq da qəbul etməyənlər vardır.[11]

Nəticə olaraq, Hənəfilər Muhəmməd surəsinin 4-cü ayəsinin mənsux olduğunu iddia edərək, əsirlərin fidyəsiz, ya da fidyə müqabilində azad edilmələrinə icazə verməzlər. Onlar bu ayənin Tövbə surəsinin 5-ci ayəsi ilə nəsh edildiyini və buna görə əsirlərin öldürülə biləcəyini irəli sürürlər. Digər üç məzhəb isə, Muhəmməd surəsinin nəsx olunmadığını deməklə birlikdə, lazım olduğu təqdirdə əsirlərin öldürülə biləcəyini qəbul edirlər. Ömər Nəsuhi Bilmən əsirlərin öldürülməsi ya da qul edilməsinə dair ənənəvi fikri belə xülasələşdirir:

Hərb nəticəsində zorla əldə edilən əsirlər haqqında dövlət başçısı, sərbəstdir. Bu barədə müsəlmanların mənfəətlərinə görə hərəkət edərək, istəsə bu döyüşçüləri öldürüb şərri tamamilə ortadan qaldırır, istəsə onları qul və cariyə (kəniz) edər, istəsə İslam dövlətinin himayəsi altında onlara azadlıq verir və istəsə onları müsəlman əsirlərlə dəyişdirir.”[12]

Ömər Nəsuhi Bilmən daha sonra əsirlərin fidyəsiz azad edilmələrinin mümkün olub-olmadığı məsələsinə gələrək:

“Hənəfilərə görə əsirləri fidyəsiz azad etmək caiz deyildir. İstəyir əsir, İslamiyyəti qəbul etmiş olsun. Belə bir davranış, nassa tərs, düşməni gücləndirmək, mücahitlərin hüququna təcavüz etmək deməkdir”– deyir. Eyni zamanda Bilmən, “İmam Malikin və İmam Əhmədin də; əsirləri fidyəsiz azad etmək caiz deyildir.”– dediklərini nəql edir.[13]

Şiələrin bu barədə ümumi fikri; “İslam əleyhinə təxribatlar aparma təhlükəsi olan əsirlərin öldürülməsi yönündədir.” Əksi təqdirdə fidyəsiz ya da fidyə qarşılığında azad edilə bilirlər.

Buraya qədər İslam alimlərinin çoxunun, ələ keçirilən əsirlərin öldürülməsi və qul edilməsi barədəki görüşlərində ittifaq etdiklərini sizə çatdırmağa çalışdıq. İndi isə məsələyə Quranın çərçivəsindən nəzər yetirək:

Ayənin Qurani-Kərim nəzərindən dəyərləndirilməsi

Bir ayənin başqa bir ayəylə nəsx edilməsi üçün iki ayə arasında birbaşa əlaqənin olması lazımdır. Məsələn: Nəsx edildiyi iddia edilən ayədə, zina edən qadınlarla əlaqədar hökmün qaldırıla biləcəyinə dair bir xəbərdarlığın olması (Nisə surəsinin 15-ci və Nur surəsinin 2-ci ayəsində olduğu kimi) və ya iki ayə arasında mövzunun eyni olması (Bəqərə surəsinin 183-cü ayəsi ilə 187-ci ayəsi), nəshin həyata keçdiyini göstərən ifadənin olması (Ənfal surəsinin 65-ci ayəsi ilə 66-cı ayəsində olduğu kimi) lazımdır.

Ancaq görüldüyü kimi, Muhəmməd surəsinin 4-cü ayəsi ilə Tövbə surəsinin 5-ci ayəsi arasında yuxarıda göstərdiyimiz əlaqələrin heç biri yoxdur.

Muhəmməd surəsinin 4-cü ayəsində, döyüş əsnasında və sonrasında yerinə yetirilməsi lazım olanlar bildirilməkdədir. Düşmənlə qarşılaşanda onların boyunlarına vurmaq yəni öldürücü zərbəni vurmaq döyüş əsnasında yerinə yetiriləcək şeylərdir. Düşmən təsirsiz hala gətirilib döyüş meydanlarına səriləndə, meydanda qalanların döyüş əsiri olaraq ələ keçirilmələri və möhkəm bağlanmaları lazımdır. Sonra bu əsirlərə rəftarın, fidyəsiz, ya da fidyə alıb azad edilmələri”– olaraq göstərilir. Allah Təala, Ənfal surəsinin 67-ci ayəsində, Bədir döyüşündə düşməni tamamilə təsirsiz hala gətirmədən, müsəlmanların onları əsir almasını qınamaqdadır. Bu da Muhəmməd surəsinin 4-cü ayəsinin Bədir döyüşündən əvvəl nazil olduğunu göstərir. Əksi təqdirdə nəbi və müsəlmanlar bilmədikləri işə görə qınanmazdılar. Bu qınaq məsələsinin əsli belədir:

Müsəlmanlar Məkkədə olanda Rumlular Farslara məğlub olmuşdular. Nazil olan bu ayələr, Rumluların 3 ilə 9 il arasında qalib gələcəyini, o gün müsəlmanların da bir şeylə sevinəcəkləri müjdələnirdi:

الم غُلِبَتِ الرُّومُ فِي أَدْنَى الْأَرْضِ وَهُمْ مِنْ بَعْدِ غَلَبِهِمْ سَيَغْلِبُونَ فِي بِضْعِ سِنِينَ ۗ لِلَّهِ الْأَمْرُ مِنْ قَبْلُ وَمِنْ بَعْدُ ۚ وَيَوْمَئِذٍ يَفْرَحُ الْمُؤْمِنُونَ “Əlif, Lam, Mim! Rumlular məğlub edildilər; ən aşağı (və ya ən yaxın) bir yerdə. Lakin onlar öz məğlubiyyətlərindən sonra qələbə çalacaqlar; bir neçə il ərzində. Əvvəl də, sonra da hökm Allahındır. O gün möminlər sevinəcəklər.” (Rum 30/1-4)

Bu sevinc, müsəlmanlara Məkkənin fəthi müjdəsi idi ki, Allah bunu müsəlmanlara vəd etmişdi. Hamı Rumlulardan gələcək xəbərlərə şərtlənmişdi. Əbu Süfyan, bir ticarət karvanı ilə Şamdan dönəndə Rumluların Farslarla müharibə edəcəyini eşitdi. Müsəlmanlar, özlərinə karvan veriləcəyi ümidiylə, Məkkəlilər də karvanı qorumaq məqsədiylə yola çıxdılar. Karvan üçün çıxan müsəlmanlar, ummadıqları Məkkə ordusuyla qarşılaşdılar. Ayə bu hadisəni bizə belə xəbər verir:

وَإِذْ يَعِدُكُمُ اللَّهُ إِحْدَى الطَّائِفَتَيْنِ أَنَّهَا لَكُمْ وَتَوَدُّونَ أَنَّ غَيْرَ ذَاتِ الشَّوْكَةِ تَكُونُ لَكُمْ وَيُرِيدُ اللَّهُ أَنْ يُحِقَّ الْحَقَّ بِكَلِمَاتِهِ وَيَقْطَعَ دَابِرَ الْكَافِرِينَ

“O vaxt Allah sizə, iki dəstədən birinin (karvanın və yaxud kafirlərin qoşununun) sizin olduğunu vəd edirdi. Siz, silahsız dəstənin sizin olmasını arzulayırdınız. Allah isə Öz kəlmələri ilə haqqı gerçəkləşdirmək və kafirlərin kökünü kəsmək istəyirdi.” (Ənfal 8/7)

Allah, sünnəsi (verdiyi söz) səbəbilə müsəlmanlara Məkkə ordusunu verdi. Onlara ağır bir zərbə endirdilər. Ancaq geri çəkilən düşməni təqib edib təsirsiz hala salmadan əsir götürdülər. Səhabə, əsirlər barədə olan ayəni xatırlayıb peyğəmbəri xəbərdar etmədiyi üçün hamısı, dünyanı axirətə dəyişməklə təqsirləndi. Əgər əvvəlcədən verilmiş qələbə sözü olmasaydı, əsirlər üzündən Bədirdə böyük məğlubiyyətə məruz qalacaqlardı:

مَا كَانَ لِنَبِيٍّ أَنْ يَكُونَ لَهُ أَسْرَىٰ حَتَّىٰ يُثْخِنَ فِي الْأَرْضِ ۚ تُرِيدُونَ عَرَضَ الدُّنْيَا وَاللَّهُ يُرِيدُ الْآخِرَةَ ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ

لَوْلَا كِتَابٌ مِنَ اللَّهِ سَبَقَ لَمَسَّكُمْ فِيمَا أَخَذْتُمْ عَذَابٌ عَظِيم

 “Bir peyğəmbərə döyüş meydanında düşməni tam yerə sərmədən əsir götürmək yaraşmaz. Siz dünya mənfəətlərini istəyirsiniz, Allah isə axirəti (qazanmağınızı) istəyir. Allah Qüdrətlidir, Müdrikdir. Əgər Allah tərəfindən əvvəldən verilmiş bir söz (qələbə sözü) olmasaydı aldığınız əsirlər müqabilində sizə böyük bir əzab toxunardı.” (Ənfal 8/67-68)

Bu ağır sözlər, daha əvvəl nazil olan Muhəmməd surəsinin 4-cü ayəsinə uymamalarından ötəri idi[14]:

“(Döyüşdə) kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları qırıb zəiflətdikdə (əsirlərə bağladığınız) kəndirləri bərk çəkin. Sonra da onları ya rəhm edib fidyəsiz ya da fidyə alıb azad edin. Müharibəyə son qoyulanadək (kafirlərlə belə rəftar edin)…”

Dörd il sonra əldə edilən Hüdeybiyə müqaviləsi ilə Məkkənin yolu açıldı və bu ayələr nazil oldu:

“Həqiqətən, Biz sənə aydın bir qələbə bəxş etdik ki, Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni düz yola yönəltsin.” (Fəth 48/1-2)

Bundan sonra Hüdeybiyə müqaviləsini pozan Məkkə müşrikləri ilə əlaqədar bu ayə nazil oldu:

فَإِذَا انْسَلَخَ الْأَشْهُرُ الْحُرُمُ فَاقْتُلُوا الْمُشْرِكِينَ حَيْثُ وَجَدْتُمُوهُمْ وَخُذُوهُمْ وَاحْصُرُوهُمْ وَاقْعُدُوا لَهُمْ كُلَّ مَرْصَدٍ ۚ فَإِنْ تَابُوا وَأَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ فَخَلُّوا سَبِيلَهُمْ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ

“Haram aylar bitdikdə müşriklərə harada rast gəlsəniz, öldürün, onları əsir tutun, onları mühasirəyə alın və onlara hər yerdə pusqu qurun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın. Çünki Allah Bağışlayandır, Rəhmlidir.” (Tövbə 9/5)

Bu dörd aylıq müddətin əyədə “haram aylar = الْأَشْهُرُ الْحُرُمُ” olaraq ifadə edilməsi bu müddət ərzində müşriklərə toxunulmayacağı, müddətləri bitəndə isə, müqaviləni pozmaları səbəbilə cəzalandırılacaqları bildirilməkdədir. Beləliklə, Tövbə 5-ci ayədə ümumi bir hökmdən bəhs edilməməkdədir. Bu hökm, sözü gedən Məkkəli müşriklərə və onlar kimi davrananlara aiddir. Muhəmməd surəsinin 4-cü ayəsində isə ümumi olaraq döyüş əsnasında və sonrasında yerinə yetirilməsi lazım olanlar barədə məlumatlar verilmişdir. Vəziyyət belə olduğu halda, müəyyən səbəbə görə nazil olan Tövbə surəsinin 5-ci ayəsinin yüzlərlə ayəni nəsx etdiyini deyə bilirlər.

Nəticə olaraq, əldə etdiyimiz məlumatlar və apardığımız araşdırmalar nəticəsində peyğəmbər əleyhissəlam öz dövründə ələ keçirdiyi heç bir əsiri qul etməmiş və öldürməmişdir. Bədir döyüşündə əldə edilən əsirlərin bir qismi fidyəsiz, bir qismi də fidyə qarşılığında azad edilmişdilər. Çünki bu, Qurani-Kərimin əmridir. Ənfal surəsinin 70-ci ayəsi də bunu təsdiqləməkdədir:

“Ey Peyğəmbər! Əlinizdə olan əsirlərə de: “Əgər Allah qəlbinizdə xeyir olduğunu bilsə, sizdən alınan fidyədən daha xeyirlisini sizə verər və sizi bağışlayar. Allah Bağışlayandır, Rəhmlidir”. (Ənfal 8/70)

Ancaq Hənəfi alimləri, hökmü qiyamətə qədər davam edən bu iki ayənin hökmünü nəsx edərək, əsirlər haqqındakı hökmün, onların öldürülməsi ya da qul edilməsi olduğunu deyirlər. Muhəmməd surəsinin 4-cü ayəsinin nəsx edilmədiyini deyənlər isə əsirlərə ediləcək rəftarın bu ayəylə məhdud olmadığını, əsirlərin öldürülə biləcəyini və qul-qaravaş olaraq götürülə biləcəyini demişlər.

Məqsədimiz, İslam alimlərinin əsrlərdir əsirlər üzərində demək olar ki, ittifaq etdikləri hökmlərinin Quran və sünnədən bir təməli olmadığını, belə bir qənaətə səhv rivayətlər, şəxsi ictihadlar əsasında gəldiklərini və bu səbəblə xətaya düşdüklərini sizə çatdırmaqdır.

Müəllif:  Professor Abdulaziz Bayındır; Dr. Fatih Orum.         

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

 


[1] Səraxsi, Muhəmməd b. Əhməd b. Səhl (ö. 483/1090), əl-Məbsut, Beyrut, 1989, 10/24-25.

[2] Ənfal 8/12

[3] əl-Qəsani, Ələuddin Əbu Bəkr b. Məsud, əl-Hənəfi (ö. 587/1191), Bədaiu-s-Sənai fi tərtibi-ş-Şərai, Beyrut, 1982, 7/119.

[4] əl-Qəsani, e.g.ə., 7/119.

[5] Tövbə 9/5.

[6] Qəsani, e.g.ə., 7/119-120.

[7] Tövbə 9/5.

[8] Tövbə 9/29

[9] Qəsani, e.g.ə., 7/120.

[10] Qəsani, e.g.ə., 7/120.

[11] Kəmaləddin Muhəmməd b. Əbdülvahid b. Hümam (ö. 861/1457), Fəfhül-Qadir, Darul-fikir, Beyrut, trc., 5/475

[12] Ömər Nəsuhi Bilmən, Hüquqi İslamiyyə və Istılahatı Fiqhiyyə Qamusu, 3/399.

[13] Ömər Nəsuhi Bilmən, e.g.ə., 3/403.

[14] İbn Hibetullah, Dəhhaq və Səid b. Cübeyrdən Muhəmməd surəsinin Məkkədə nazil olduğunu nəql edir. (Bax. Kurtubi təfsiri, Qahirə 1964/1384 14/223.)

[15]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.