İnsan cəsədi və avtopsiya
Müsəlmanlar > Tədqiqatlar Tarix: 05 fevral 2010 Tövsiyə et Çap et

İNSAN CƏSƏDİ VƏ AVTOPSİYA1

Avtopsiya ölüm səbəbini müəyyənləşdirmək üçün bir cəsədi götürüb tədqiq etmək deməkdir. Ölüm səbəbinin müəyyən edilməsi çox vaxt ehtiyac halını alır. Bir insanın meyitinin boş-boşuna tədqiq edilməsi isə insanı təhqir etməkdir. Lakin avtopsiya aparmağa ehtiyac yarandığı vaxt belə bir tədqiqat dini baxımdan da caiz (düzgün) olur.

Qurani-Kərimdə buna bir misal var. Belə ki, Bəqərə surəsində qatili müəyyənləşdirmək üçün ölünün qəbirdən çıxardılmasından danışılır. Allah Təala həzrəti Musa dövründə yaşayan İsrail oğulları ilə əlaqədar belə buyurur:

“Siz bir gün bir adamı öldürüb günahı bir-birinizin üstünə yıxmışdınız. Halbuki Allah sizin gizlədiyiniz şeyi meydana çıxardır.

Sonra: “O inəyin bir parçasını o ölüyə vurun”, – dedik. Allah ölüləri bax belə dirildir və sizə möcüzələrini göstərir ki, bəlkə siz, ağlınızı işlədəsiniz”.2

Bu əhvalatda qatil meyitin qəbirdən çıxardılması nəticəsində müəyyən edilib. Bu hadisə Həzrəti Musanın dövründə bir möcüzə kimi baş verib. Bu hadisənin bizi maraqlandıran cəhəti cəsədin qatilin müəyyən edilməsi məqsədi ilə qəbirdən çıxardılmağıdır.

Burada meyit qəbirdən çıxanda ona can verilib. Ardından da: “Allah ölüləri bax belə dirildir” ifadəsi gəlir. Bu ifadə də bizim mövzumuzla əlaqədardır. Belə ki, bu, Qurani-Kərimin insan cəsədinə münasibətini göstərir. Cəsəd ruhun yuvasıdır. O, ruhu daşıya bildiyi müddət qədər canlı olur. Bunu düzgün başa düşmək üçün lazımi ayələrə nəzər salmaq  yaxşı olar.

İNSAN PALÇIQDAN (TİN: SULANMIŞ TORPAQ) YARADILMIŞDIR

Allah Təala buyurur:

“Yaratdığı hər şeyi gözəl yaradan Odur. O, insanı yaratmağa palçıqdan (tin) başladı.

Sonra onun nəslini süzülmüş bir özdən, dəyərsiz bir sudan əmələ gətirdi.

Sonra onu nizamlı bir formaya saldı və ona öz ruhundan üfürdü. O, sizə qulaq, göz və ürək verdi. Siz nə qədər az şükr edirsiniz”.3

Palçıq kimi tərcümə edilən tin sözü Ərəb dilində su ilə torpağın qarışmış halı mənasını verir.4 Əgər su torpağa qarışmasa, bitki də bitməz. Bizim bütün qidalarımız bu cür əmələ gəlir. Biz o qida məhsullarını ya birbaşa, ya da bir heyvanın bədənində ət, süd və yağa çevrildikdən sonra yeyirik. Beləliklə, təkcə Həzrəti Adəmin deyil, bütün insanların bədəni torpaqdan yaradılıb və müntəzəm olaraq torpaqdan qidalanır. Bu qidalardan süzülən bir özək sperm və yumurtanı əmələ gətirir.

Bədəndən kənar edilən hüceyrələr və digər şeylər isə torpağa çevrilir. Bizim torpaqla daimi bir əlaqəmiz var. Ondan alıb, ona veririk.

İNSAN RUHU

Bədən ana bətnində müəyyən bir səviyyəyə çatdıqdan sonra Allah ona ruh üfürür. Bu ruh digər canlılarda yoxdur. Bədən digər canlılar kimi yemək-içmək və əylənmək istədiyi halda, ruh daha çox şey tələb edir. Onu bu dünyada doydurmaq qeyri-mümkündür.

Ruh problemsiz bir həyat istəyir; o həyat bu dünyada yoxdur.

Ruh ölümsüzlük, başqa sözlə, ölməzlik axtarır. Bu dünyada hər şey ölümlüdür.

Ruh sonsuz gözəllik istəyir; onu bu dünyada tapmaq qeyri-mümkündür.

Ruh sonsuz bir zənginlik axtarır amma bu dünyanın sərhədləri məlumdur. İstədiyimiz hər şeyi də əldə edə bilmirik.

Bu dünya heç bir insanı doydurmur. Xoşbəxt olanlar əllərində olanlara qane olmağı bacaranlardır. Ruhu doydura bilən şeylər ancaq Cənnətdədir.

Bəşəriyyətin atası Adəm, anası isə Həvvadır. Onlar Cənnətdən gəliblər. Buna görə də Cənnət insanın ana vətənidir. İnsan həmişə Cənnət həsrəti ilə yaşayır.

ÖLÜM VƏ YUXU

Ölüm bir yuxu, qəbir yatmaq yeri, öldükdən sonra dirilmək də yuxudan oyanmaqdır. Qurandakı ayələrdən biri belədir:

“Gecə sizi öldürən və gündüz nə etdiklərinizi bilən Odur. O sonra müəyyən bir müddət başa çatana qədər gündüz sizi oyandırır”.5

Ruh bədəni bir ev kimi istifadə edir. Bədən ana bətnində düzgün bir formaya düşdükdən sonra ruh ona üfürülür. Bədən yatdığı vaxt ruh çıxıb gedir. Oyanmaq əsnasında yenə gəlir. Ölən bədən uçmuş ev kimidir. O ev təzədən tikilənə qədər ruh oraya gəlməz. Təzə tikili uçmayan, köhnəlməyən və dağılmayan formada tikilir. Bu, insanın axirətdə yenidən dirilişidir. Ruh o vaxt yenidən girəcəyi bu bədəndən bir daha çıxmır. Aşağıdakı ayə bundan bəhs edir:

“Allah ölüm əsnasında ruhları alır, ölməyəninkini də yuxuda alır. O, ölümünə hökm etdiyini saxlayır, digərini müəyyən bir vaxta qədər azad buraxır”.6

OYANMA VƏ QİYAMƏT

Qiyamət qalxış deməkdir. Öldükdən sonra dirilmək yataqdan qalxmağa, Surun çalınması isə qalx! borusunun çalınmağına oxşayır. Allah belə buyurur:

“Onlar Sur çalınan kimi qəbirlərindən qalxıb qaça-qaça Rəbblərinə tərəf gedərlər.

Onlar deyəcəklər: “Vay bizim halımıza! Bizi yatdığımız yerdən kim oyandırdı”?7

YUXUDA VƏ ÖLÜMDƏ ZAMAN MƏFHUMU

Yatan insan yuxuda keçən vaxtı bilə bilməz. Ölü də belədir. Qurani-Kərimdə biri ölü, digəri yatan şəxslə əlaqədar iki misal var. Əshabi-Kəhf mağarada 309 il qalıb.8

Quranda deyilir:

“Onları bir-birlərindən soruşsunlar deyə oyandırdıq. Aralarından bir nəfər: “Siz burada nə qədər qaldınız?”, – deyə soruşdu. Onlar: “Bir gün, bəlkə də daha az qaldıq”, – dedilər”.9

Ölümlə əlaqədar ayə belədir:

“Buna da baxmırsanmı?10 O, tavanları çökmüş, divarları uçub dağılmış bir kənddən keçəndə: “Allah buranı ölümündən sonra necə dirildəcək?”, – dedi. Belə olduqda, Allah onu 100 il ölü halında saxladı. Sonra oyandırdı və: “Sən nə qədər belə qaldın?”, – deyə soruşdu. O: “Bir gün, bəlkə də bir gündən də az qaldım”, – dedi. Allah buyurdu: “Xeyr, sən düz 100 il qaldın. İndi yemək-içməyinə bax. Onlar hələ heç xarab olmayıblar. Bir də öz uzunqulağına bax. Biz səni insanlara görk (ibrət) olmağın üçün belə etdik. Sümüklərə bax, gör onları necə birləşdirəcək və sonra onlara ət geyindirəcəyik”. Bütün bunlar o kimsəyə yaxşıca aydın olduqdan sonra belə dedi: “Mən artıq başa düşdüm ki, Allah həqiqətən də, hər şeyə qadirdir!”.11

100 il ölü qalanla 309 il yuxuda olanlar orada bir gün və ya bir gündən də az qaldıqlarını zənn edirlər.

YATANIN VƏ ÖLÜNÜN BƏDƏNİ

Yatan adam öz bədənindən necə xəbərsizdirsə, ölü də elədir. Yatan insanın bədəni diri olduğuna görə ruhu bədəni oyandığı vaxt gəlib yenidən ona daxil olur. Ölənin ruhu isə bədənə geri qayıtmır; müəyyən bir yerdə saxlanılır. O ruh bədənin yenidən yaradılmağını gözləyir.

Axirətdə yeni bədənə gələn ruh özünü sanki yuxudan oyanıbmış kimi hesab edir və belə soruşur: “Bizi yatdığımız yerdən kim qaldırdı (oyandırdı)?”12

Bədən torpaqda çürümüş, sonra bir də yaradılmışdır. Lakin ruh bunun fərqində deyil. Ona elə gəlir ki, yatıb durub. Aradan keçən vaxtın fərqində deyil.

ÖLÜM VƏ YUXU BİR ZƏRURƏTDİR

Yatan da, ölən də bədəndir. Ruh nə ölür, nə də yatır. İnsan ruhla bədənin vəhdətidir, başqa sözlə, ruh və bədənin birləşməsindən ibarətdir.

Yatmaq həyatda bir fasilə deyil; davamlılıq daxilində zəruri bir istirahətdir. Ölüm də fasilə deyil. Ölüm xarab olmayan, qocalmayan və xəstələnməyən ölməz bir bədənə qovuşmaq, başqa sözlə, axirət həyatına uyğun hala gəlmək üçün lazım olan bir dövrdür. İnsana elə gəlir ki, bu, göz qırpıb açana qədər baş verir. Allah Təala belə buyurur:

Qiyamət qopması ancaq bir göz qırpımı qədər, bəlkə, ondan da az çəkər. Çünki Allah hər şeyə qadirdir”.13

ÖLƏN BƏDƏN TORPAĞA ÇEVRİLİR

Allah Təala belə buyurur:

“Biz sizi torpaqdan yaratdıq və torpağa da qaytaracağıq. Sizi ondan bir dəfə də çıxardacağıq”.14

ÖLÜNÜ BASDIRMAĞIN SƏBƏBİ

Meyit onu (yerdən) göz qabağından götürmək, yırtıcı heyvanların və yaxud selin ortaya çıxartmağının və iyinin ətrafa yayılmağının qarşısını almaq məqsədilə dəfn edilir.15

AXİRƏT DÜNYA HƏYATININ DAVAMIDIR

Bu məsələnin hələ əvvəlində aşağıdakı iki Quran ayəsinə nəzər salmışdıq:

“Siz bir gün bir adamı öldürüb günahı bir-birinizin üstünə yıxmışdınız. Halbuki, Allah sizin gizlədiyiniz şeyi meydana çıxardır.

Sonra: “O inəyin bir parçasını o ölüyə vurun”, – dedik. Allah ölüləri bax belə dirildir və sizə möcüzələrini göstərir ki, bəlkə siz, ağlınızı işlədəsiniz”.16

Ayələrdən belə məlum olur ki, təzə öldürülmüş bir bədən hələ çürüməyib. Allah Təala onun xarab olan orqanlarını öz qüdrəti ilə düzəldərək o bədənin daxilinə göndərib. Ölülərin dirildilməsi də məhz belə olacaq. Başqa sözlə, bədən o ruhun qala biləcəyi bir vəziyyətə gəldiyi vaxt ruh öz evinə geri qaytarılacaq.

Ayədə göstərilir ki, ölünün dirilməsi ona o buzovun bir hissəsi ilə vurmaq vasitəsilə baş tutub. Yatan şəxsə də bir şeylə vurulduğu vaxt oyanır. Çünki ölünün dirilməyi yatanın oyanmağı kimidir.

Həzrəti Məhəmməd (s. a. v.) bu sözü ilə yenidən dirilməyin də dünya həyatının davamı kimi olacağını bildirib:

Hər bəndə, nə üzrə ölübsə, o şəkildə dirildilir.17

Vida həcci vaxtı bir nəfər miniyindən yıxılmış və boynu qırılmışdı. Həzrəti peyğəmbər (s. a. v.) dedi ki, onu su və sidr ilə yuyun, sonra 2 parça bezlə kəfənləyin. Ona ətir vurmayın, başını da açıq saxlayın. Çünki o, Qiyamət günü təlbiyə18 edən vəziyyətdə oyandırılacaqdır.19

Bu hədis həqiqətən də, düşündürücüdür. Burada o şəxsin ölümü ehramlı bir hacının yatmağı kimi qəbul edilib. Məlum olduğu kimi, ehrama girən20 bir şəxs özünə ətir vurmur və yatanda başını örtmür. Yuxudan oyananda isə təlbiyə gətirir.

NƏTİCƏ

Göründüyü kimi ölən bədən torpaq olacaq. Ona hörmət etmək özümüzə hörmət etməkdir. Yenidən dirilmə yeni bir bədən daxilində baş verəcək. Meyitin tədqiq edilməsi ehtiyac halına gəlsə, onu tədqiq etməyin eybi yoxdur. Çünki belə olan halda, meyitə bir hörmətsizlik göstərilmir. Bunu qadağan edən bir ayə və ya hədis də yoxdur.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Bu yazı ilahiyyat elmləri doktoru, professor Abdulaziz Bayındır tərəfindən 2-6 Oktyabr 2001-ci ildə İstanbul şəhərində IX Congress of European Society for the Study and Prevention of infant Death Espid Prenatal Health Care and Postnatal Development adı ilə keçirilən elmi yığıncaqda edilmiş məruzədən götürülmüşdür. []
  2. Bəqərə, 2/72-73. Qeyd: Ayələrin əvvəli belədir:

    67. Bir gün Musa qövmünə dedi: “Allah sizə əmr edir ki, bir inək kəsəsiniz”. Onlar: “Sən bizi lağa qoymusan?”, – dedilər. Musa: “Elə bir cahillik etməkdən Allaha sığınıram”, – deyə cavab verdi.

    68. Onlar: “Bizim üçün Rəbbindən soruş ki, onun nə olduğunu bizə izah etsin”, – dedilər. Dedi: “Nə qart (çox qoca), nə körpə olsun. İkisinin arasında bir şey olsun. Sizə verilən əmri yerinə yetirin!”.

    69. Dedilər ki, Rəbbindən bizim üçün bir soruş, onun rəngini də bizə bildirsin. Dedi ki, o, görənlərə xoş gələn sapsarı bir inəkdir.

    70. Dedilər: “Bizim üçün Rəbbindən soruş ki, onun nə olduğunu bizə yaxşı-yaxşı izah etsin. Çünki inək inəyə oxşayır axı. Allah istəsə, biz hədəfə çatarıq (bu məsələdə deyiləni yerinə yetirərik)”.

    71. Dedi ki, o nə torpaq sürüb əldən düşmüş, nə də əkin suvarmış bir inəkdir. Eyibsiz-qüsursuz və heç qaşqası da olmayan bir heyvandır. Onlar: “Yaxşı, indi işi həqiqətə gətirib çıxartdın (indi artıq bizi başa saldın)”, – dedilər və nəhayət, onu kəsdilər. Amma az qala kəsməyəcəklərdi. []

  3. Səcdə, 32/7-9. []
  4. Rağib Əl-İsfahani, Müfrədatu əlfazil-Quran (Səfvan Adnan Davudinin tənqid və təhqiqi ilə), Dəməşq/Beyrut, h. 1412/m. 1992-ci il, tyn bəndi. []
  5. Ənam, 6/70. []
  6. Zumər, 39/42. []
  7. Yasin, 36/51-52. []
  8. Kəhf, 18/25. []
  9. Kəhf, 18/19. []
  10. Bu ayə bundan əvvəlki ayənin əvvəlindəki görmədinmi? ifadəsi ilə əlaqədar olduğuna görə tərcüməyə buna da baxmırsanmı? ifadəsini əlavə etdik. []
  11. Bəqərə, 2/259. []
  12. Yasin, 36/51-52. []
  13. Nəhl, 16/77. []
  14. Taha, 20/55. []
  15. Məhəmməd ibn Əbi Səhl Əs-Səraxsi, Əl-Məbsut, Beyrut, 1406, IX cild, s. 160; İbn Həcər Əl-Heytəmi, Tuhfətul-muhtac bi şərhil-minhac, İstanbul, III cild, s. 167, fəsl fid-dəfn və ğeyrih. []
  16. Bəqərə, 2/72-73. []
  17. Müslim, Cənnət, 19, 83 (2878) nömrəli hədis. []
  18. Təlbiyə həcc və yaxud umrə üçün ehrama girən şəxslərin oxuduqları zikrdir. O zikr belədir: Ləbbeyk Allahummə ləbbeyk, la şərikə ləkə ləbbeyk. İnnəl-həmdə vən-nemətə ləkə vəl-mülk, la şərikə lək. []
  19. Buxari, Cənaiz, 20. []
  20. Ehrama girmək həcc və umrə üçün niyyət edib təlbiyə gətirdikdən sonra bu ibadətlərlə əlaqədar qadağaların başlaması deməkdir. Kişilərin ehramlı olduqları müddət ərzində başlarını örtməkləri qadağandır. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təravih namazı 21.06.09 1.230 dəfə oxundu
2 Etikaf 23.06.09 1.358 dəfə oxundu
3 Qədr gecəsi 26.06.09 1.798 dəfə oxundu
4 Aypara məsələsi 22.06.09 1.377 dəfə oxundu
5 Ramazan və dualarımız 25.06.09 1.351 dəfə oxundu
6 Ramazan və Quran 27.06.09 1.247 dəfə oxundu
7 Ramazan: imkanların ayı 24.06.09 1.049 dəfə oxundu
8 Oruc: ümumi məlumat 28.06.09 1.752 dəfə oxundu
9 Heyzli qadının orucuna dair şübhələr 14.05.09 1.022 dəfə oxundu
10 İftida: qadının boşanmaq hüququ 14.05.09 850 dəfə oxundu
11 Qadınların şahidliyi 14.05.09 794 dəfə oxundu
12 Hicab və örtünmək (təsəttür) 14.05.09 881 dəfə oxundu
13 Hicabı qadağan edənlər 14.05.09 920 dəfə oxundu
14 Nişanlıların kəbini 14.05.09 2.176 dəfə oxundu
15 Münafiqlərin korluğu 10.04.10 552 dəfə oxundu
16 Nikaha nəzarət 14.05.09 1.673 dəfə oxundu
17 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 902 dəfə oxundu
18 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 660 dəfə oxundu
19 İnsan peyğəmbər 06.07.09 874 dəfə oxundu
20 Təsbeh 06.07.09 1.005 dəfə oxundu
21 Peyğəmbər məscidində 40 vaxt namaz 03.04.11 783 dəfə oxundu
22 Ailənin adından bir qurban 26.02.10 459 dəfə oxundu
23 Donuz dərisi 02.11.09 775 dəfə oxundu
24 Heyzli qadının ibadəti 24.02.10 2.070 dəfə oxundu
25 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 727 dəfə oxundu
26 Quran və müsəlmanlar 29.01.10 1.982 dəfə oxundu
27 Dəlillərlə Cümə namazı 12.02.10 546 dəfə oxundu
28 İnsan cəsədi və avtopsiya 05.02.10 893 dəfə oxundu
29 Qadınlar və Cümə namazı 26.03.10 1.304 dəfə oxundu
30 Valideyndən xəbərsiz kəbin 29.06.09 909 dəfə oxundu
31 Ölüdən kömək gözləmək 28.03.10 790 dəfə oxundu
32 Faiz 29.03.10 871 dəfə oxundu
33 Namazları cəm etmək 08.04.10 1.356 dəfə oxundu
34 Vərdişlər 10.04.10 627 dəfə oxundu
35 Allah, insan və xələf-sələf 12.04.10 602 dəfə oxundu
36 Nəsx və daşqalaq cəzası 27.05.10 793 dəfə oxundu
37 Qəndil 30.06.09 2.460 dəfə oxundu
38 Talaq: kişinin boşamaq hüququ 18.07.10 798 dəfə oxundu
39 Oruc və orucun başlanğıcı 27.08.10 861 dəfə oxundu
40 Ramazan bayramı (2010) 08.09.10 695 dəfə oxundu
41 Ramazan bayramının vaxtı 08.09.10 682 dəfə oxundu
42 Zikrin fəzilət və faydaları 26.11.10 837 dəfə oxundu
43 Dua 25.11.10 963 dəfə oxundu
44 Donuz əti və ziyanları 08.12.10 1.083 dəfə oxundu
45 Fitr sədəqəsi 20.06.09 1.171 dəfə oxundu
46 Qadının döyülməsi 07.06.10 1.287 dəfə oxundu
47 Şəfaət 08.04.10 640 dəfə oxundu
48 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 1.396 dəfə oxundu
49 İslamda falçılığa münasibət 27.11.10 1.166 dəfə oxundu
50 Şəfaət inancı 08.02.11 666 dəfə oxundu
51 Kəramət nə deməkdir? 15.02.11 564 dəfə oxundu
52 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 925 dəfə oxundu
53 Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri 08.04.11 724 dəfə oxundu
54 Şirk və küfr 14.07.11 663 dəfə oxundu
55 Quranda əşyaların dili 04.07.11 2.151 dəfə oxundu
56 Seyyidlər kimlərdir? 16.10.11 967 dəfə oxundu
57 Kişinin seksuallığı 09.01.12 1.235 dəfə oxundu
58 Surroqat analıq 03.02.12 669 dəfə oxundu
59 Piramida və şəbəkə marketinqi 24.02.12 293 dəfə oxundu
60 «Həzrət», «həzrəti» və «həzrətləri» ifadələri 08.03.12 218 dəfə oxundu