Müsəlmanlar

Quranda qadınlığın psixoloji mahiyyəti

Qurani Kərimdə qadınlığın psixoloji mahiyyətini əks etdirən bəzi məqamlar

Qurbanova Lamiyə Mehdi qızı

ADPU-nun dosenti, psixologiya üzrə fəlsəfə doktoru

E-mail: [email protected]

“ Ey insanlar! Biz sizləri bir kişidən, bir qadından yaratmışıq…” (Hucurat surəsi, 13). “Sizin özünüzdən sizlər üçün taylar yaratmış ki, rahatlıq tapasınız taylarınızla. Sevgiylə mərhəmət bərqərar eləmiş aranızda…” (Rum surəsi, 21). “Qadınlar haqqında Səndən (Ya Rəsulum!) fətva istəsələr, de ki, “onlara verilməli olanı vermədiklərimizə aid, evlənmək istədiyiniz yetim qadınlara, zavallı uşaqlara və yetimlərə qarşı insaflı davranışa aid Kitabda sizə oxunan ayələrdir Allahın onlar haqqında sizə hökmü. Şübhəsiz, hər xeyirxah işinizdən xəbəri var Allahın” (Nisə surəsi, 127).

Qadın kimi doğulmaq bioloji aləmin tələbi və qanunauyğunluğudursa, qadınlıq keyfiyyətlərinin formalaşması sosial aləmin bir çox tələb və şərtlərindən qaynaqlanır. Qadın adını daşımaq asandır (bunu onsuz da təbiət insana heç bir əziyyət çəkmədən bəxş edib), amma qadınlıq davranışını nümayiş etdirmək çox çətindir, qadının vəzifəsi də qadınlıq vəzifəsilə müqayisədə çox-çox asandır… Hətta, birinə “qadındır, fikir vermə!” deyərək səhvlərindən keçib güzəşt edilərsə, “hanı sənin qadınlığın (xanımlığın)?” deyərək məzəmmət edərlər. Qadınlıq davranışı nümayiş etdirənlərə hörmət və ehtiram əlaməti olaraq “xanım” deyərək müraciət edərlər. “Xanım” sözü ərəb mənşəlli “xatun” sözündən götürülmüşdür və “şah arvadı” mənasını verir (türk mənşəlli hesab olunan “qadın” sözü sonradan ərəb dilinə keçərək “kadın”, “katun”, “xatun” şəklində işlənmişdir)[1].  Xanım-xatun deyərək müraciət olunan qadına sanki bir tərif söylənilir: “səndə qadınlığa xas ən elit xüsusiyyətlər cəmlənib, səndə ən nümunəvi qadınlıq keyfiyyətləri var, sən öz nümunəvi davranışınla ətrafdakı qadınlardan seçilirsən və s.” anlamında başa düşülür. Elə ona görə müasir dövrdə də hər qadına xanım deyə müraciət edilmir, xanımda qadınlıq keyfiyyətləri cəmlənməlidir. Qadınlıq keyfiyyətlərinə əsasən aid edilir: zəriflik, saflıq, paklıq, həssaslıq, səmimilik, sadiqlik, mərhəmətlilik, təmkinlilik, dözümlülük, empatiklik, romantiklik, təvazökarlıq və s. digər etik və estetik xüsusiyyətlər. Sadalanan qadınlıq keyfiyyətləri əslində qadının istər psixi, istərsə də fiziki sağlamlığının qorunub saxlanmasına xidmət edir. Çünki, qadın bədəni, qadının ruhu dünyaya doğulacaq insanın yetişməsində bir baza, məkan rolunu oynayır. Bu məkanın sağlam olması təbii ki, sağlam nəslin dünyaya gəlməsini şərtləndirir.

Qadınlığın vəzifələri.

“Gücü yetən qədər yükləyirik hər kəsi. Haqq söyləyən bir kitab var dərgahımızda. Heç kimin haqqında bir haqsızlıq edilməz”( Muminin surəsi, 23).

 Müxtəlif millətlərə xas olan qadınlıq obrazı təbii ki, etnopsixoloji tələblər kontekstində bir-birindən fərqlənir. Amma onları birləşdirən əsas cəhət ailənin qorunmasının, analıq funksiyalarının uğurla yerinə yetirilməsini təmin edəcək vəzifələrin icrasında özünü göstərir. Qadınlıq vəzifələri dövrün tələbləri çərçivəsində təkmilləşməyə, dəyişikliyə məruz qalsa da öz kökünü qoruyub saxlayır.

Dövlət tərəfindən yaradılmış və qorunan qanun-qaydalar insanların azadlığına, sərbəstliyinə xidmət edirsə, cəmiyyətin tələbindən yaranan qayda-qanunlar, dəyərlər bəzən insan azadlığını çərçivədə saxlamaq anlamı verir. Lakin, təhlil edildikdə dərk olunur ki, bu qaydaların hər biri insanları həyati təhlükələrdən qorumaq məqsədi daşıyır. Cəmiyyət tərəfindən qadınların rolu, bu roldan qaynaqlanan qadınlıq vəzifələri haqqında da dəyərlər mövcuddur. Bu dəyərlər ailələrin qorunmasına, eləcə də cinslərarası münasibətlərin konstruktiv istiqamətdə formalaşmasına xidmət edir. Lakin, təəssüf olunası haldır ki, bir çox ölkələrdə gender bərabərliyi (əslində bu məsələ şəxsiyyət kimi hər iki cins nümayəndələrinin hüquqi bərabərliyi ilə bağlıdır) adı altında yanlış istiqamətdə müxtəlif təbliğatlar, layihələr və s. həyata keçirilərək iki cins nümayəndəsi qarşı-qarşıya qoyulur. Bu proses bizim cəmiyyətdən də yan keçmir: bütün problemlərini cinsi ayrı-seçkiliklə əlaqələndirən qadınların sayı artır. Belə düşünən qadınlar özlərini uçuruma yuvarlayır: axı,  təbiət kişi və qadını fərqli yaradıb, onlara fərqli xüsusiyyətlər, bu xüsusiyyətləri idarə edəcək hormonlar bəxş edib, məsələn estrogen hormonu qadının cinsi yetkinliyini təmin etməklə fizioloji baxımdan qadınlıq cizgilərini vurğulayır (normalda bu hormon qadına qadınlıq görkəmi bəxş edirsə, normaldan kənara çıxma isə xarici görkəmə və psixologiyaya öz neqativ təsirini göstərir: qadın aqressiv, əsəbi və s. ola bilər);  tiroksin və progesteron hamiləliyin qaydada getməsi üçün mühüm rola malikdir; oksitosin qadının psixoemosional neytrallığını təmin edir: bu hormon qadının həyat yoldaşına və övladına qarşı bağlılığını artırır (qadın ona əziz olanların qayğısına qalır, onları məhəbbət və nəvazişlə əhatə edir və s.), eləcə də analıq instinktinin formalaşmasında mühüm rol oynayır və s. Qadın kişilər kimi həyat sürmək istəyər, amma bu həyatı yaşaya bilmir, belə həyata onun istər psixoloji, istərsə də bioloji resursları kifayət etmir.  Deməli, təbiət qadını kişilərdən fərqli bioloji xüsusiyyətlərlə yaratdığı kimi sosial mühit də bu xüsusiyyətlərin gücü çatacaq çərçivədə qadınlıq davranışına xas normalara riayət etməyi tələb edir və bu normalara uyğun qadınlıq vəzifələrini müəyyənləşdirir (“Kimin gücü nəyə çatırsa, onu öz boynuna götürə bilər…”(Baqara surəsi, 233), “Hər kəsi gücünə görə yükləyər Allah…”(Baqara surəsi, 286)).

Qadınlıq vəzifələri ailənin qorunmasını, ailə başçısı olan kişinin, bu ailədə böyüyən uşaqların xoşbəxtliyini təmin edir. Ailədə həm qadın, həm də kişi öz rolunu düzgün dərk etməlidir, məsələn: qadın kişi üçün dünyaya övlad gətirməli və onun qayğısını çəkməlidirsə, fiziki baxımdan zəif cinsin nümayəndəsi olan qadına güclü cinsin nümayəndəsi olan kişi arxa-dayaq olmalı, məişət işlərində qadınına köməklik göstərməli və övlad tərbiyəsində aktiv iştirak etməlidir və s. (“Qadınlardan üstün bilinmiş kişilər. Çünki kimini kimindən üstün tutar Allah və çünki qadın üçün öz malından xərcləyir kişi…” (Nisə surəsi, 34), “Ey möminlər, qadınlara vərəsəliklə zorla sahib çıxsanız, halallıq gətirməz sizə bu… Ədəb-ərkanla davranın onlarla…”(Nisə surəsi, 19)). Hər bir halda bir tərəf digərinin fəaliyyətinə yardım etməlidir. Belə münasibət ailədaxili münasibətləri tənzimləyir və ailənin möhkəmliyini təmin edir (“Və əgər bir qadın ərinin dikbaşlığından, yaxud ona biganəliyindən əndişələnirsə, bir-biri ilə dil tapmağa can atsa hər ikisi günaha batmaz onlar. Barışıq xeyir gətirər…” (Nisə surəsi, 128), “…Ürəkdən itaətkar olar yaxşı qadınlar, Allahın qorumağı əmr etdiyini ərləri yanında olmayanda da qoruyar onlar…” (Nisə surəsi, 34)).

  • Qadınlığın formalaşmasında tərbiyənin rolu.

 “Elə ki, yetginlik çağına yetişdi, yaşa doldu, hikmət verdik, elm verdik biz ona. Yaxşıları mükafatlandırırıq beləcə” (Qasas, 14).

Şəxsiyyətin formalaşmasında tərbiyənin mühüm rol oynaması danılmaz faktdır, istər ailə tərbiyəsi olsun, istərsə də məktəb… Hər ikisi yüksək səviyyədə olarsa təbii ki, şəxsiyyətin lazımi səviyyədə formalaşması təmin olunacaqdır. Təhsillə tərbiyə bir-birinə sıx bağlıdır. İnsanın dünyagörüşü, savadı, elmi onun davranışına öz təsirini göstərir: insan bilir ki, harada özünü hecə aparmalıdır, necə ünsiyyət qurmalıdır, necə geyinməlidir və s. İnsan cəmiyyətin tələbləri haqqında kifayət qədər elmə malik olarsa çox asanlıqla da həyatda lazımi status və mövqe sahibi olacaqdır. Məşhur psixoloq A.Maslounun insan tələbatlarının iyerarxiyasından (fizioloji tələbat: yemək, içmək, yatmaq; təhlükəsizlik tələbatı: qayda-qanun, sabitlik; məhəbbət və mənsub olma tələbatı: ailəyə, dosta və s.; hörmət edilmə tələbatı: qəbul olunmaq, özünəhörmət; özünüfəallaşdırma tələbatı: qabiliyyətlərin inkişaf etdirilməsi) da bəlli olur ki, hörmətə olan tələbat insanın psixoloji rahatlığının təmini üçün digər tələbatlar kimi çox vacibdir. Bu hörmətin qazanma yolu isə elmlənməkdən qaynaqlanır: elm, savad insanın şəxsiyyət kimi formalaşmasını düzgün istiqamətləndirir, onu tərbiyə edir, şəxsiyyət kimi ona lazımi keyfiyyətlərin qazanılma yollarını aşılayır. Elm insanı nəzəri baxımdan təlimatlandırırsa, tərbiyə bu təlimatların praktik icrasını həyata keçirir. Məlumdur ki, tərbiyənin müxtəlif sahələri var (məsələn, əxlaqi tərbiyə, estetik tərbiyə, ideya-siyasi tərbiyə, fiziki tərbiyə, əmək tərbiyəsi, cinsi tərbiyə) və hər bir sahənin də özünə aid bilgiləri mövcuddur. Qadınlığın formalaşmasında cinsi tərbiyə (cinsi tərbiyə – cinslərarası səmimiyyətə, məsuliyyətli ailəliyə və valideynliyə istiqamətlənmiş kişiliyin və qadınlığın formalaşdırılması prosesidir) əsas rola malikdir. Vaxtında düzgün cinsi tərbiyə almış şəxs ailədə cinsi mənsubiyyətinə xas olan rolun icrasını da lazımi səviyyədə yerinə yetirir və həyat yoldaşı ilə normal ünsiyyət qura bilir (normal ailə münasibətlərinin formalaşmasında cinsi rolların düzgün icra edilməsi vacib hesab edilən amillərdəndir). Deməli, qızların gələcək ailə həyatına hazırlaşdırılması prosesi onlarda qadınlıq keyfiyyətlərini formalaşdıran cinsi tərbiyənin ailədaxili münasibətlərə adaptasiya olunmaq və problemlərə qalib gələ bilmək istiqamətində aparılmasını tələb edir. Bu prosesin əsas məsuliyyəti qız valideynlərinin üzərinə düşür. Məlumatlı valideynlər qızlarının dünyagörüşlərinin yüksək şəkildə formalaşması, onların müstəqil və güclü şəxs kimi yetişmələri üçün lazım olan tərbiyə metodlarına üstünlük verirlər. Beləliklə də, qız övladlarında sağlam düşüncə tərzini formalaşdırmağı bacarmış valideynlər onları xoşagəlməz həyati durumlardan hifz etmiş olurlar. Qız tərbiyəsi ilə əlaqəli lazımi məlumatı olmayan valideynlər isə qızlarına müəyyən addımların atılmasında kor-koranə qadağalar qoyur və bu prosesin səbəbini heç izah edə də bilmirlər. Belə ailələrdə qız övladlarının “qorunması” prosesi vaxtından artıq uzanır. Bu hal hətta, onların “ər evinə təhvil verilməsi” prosesinə qədər davam edir (çoxları bunu milli adət-ənənələrimizlə əlaqələndirir, əslində isə milli adətlərimizdə qadınlığı bəzəyəcək ən dəyərli keyfiyyətlərdən sayılan ismət, şərəf və ləyaqətin hər şeydən üstün tutulması ilə bağlı təbliği özündə əks etdirən tərbiyə üsullarına üstünlük verilir; milli adətlərimiz və tərbiyə üsullarımızda qadın hüquqlarına qarşı çıxılmır, əksinə qadınlarımızın özlərini müdafiə etmə qabilliyyətinin inkişaf etdirilməsinə üstünlük verilir). “Səd”lər çərçivəsində böyümüş qızlar həyati çətinliklər qarşısında aciz qalır. Valideynlər tərəfindən qız övladına həddindən artıq qadağaların qoyulması, yerli-yersiz cəzalandırmalar qızlarda “psixoloji qaçış” halının yaranmasına da səbəb olur: tündxasiyyətli, tez hirslənən kişilərin qızları cəmiyyətdə xasiyyətcə atalarına bənzər kişilərdən qaçırlar və ya onlarda kişilərə bənzəmək, cəmiyyətdə ifrat dərəcədə nüfuz sahibi olmaq həvəsi formalaşır, onlar hətta hərəkət və geyimlərini də əks cins nümayəndələrinə bənzətməyə çalışırlar. Bu hal isə cəmiyyətdə haqlı olaraq anormal qarşılanır, belə natamamlıq kompleksləri cinsi rolların dərkində və icrasında problemlər yaradır, sonradan psixoloji xəstəliklərə də çevrilir. Deməli, qadınlıq keyfiyyətlərinin dərki və qadınlıq vəzifələrinin düzgün icrası uğurlu tərbiyə prosesinə bağlıdır (“Ey Adəm oğulları! Ayıb yerlərinizi örtəcək geyim göndərdik, üstünüzü bəzəyəcək əlbisə göndərdik sizə. Bunlardan üstündür taqvadan[2] geyim…” (Əraf, 26). “…Yalnız yolsuzlardır məhvə məhkum olanlar” (Əhqaf, 35).

  • Qadınlıq qadın xoşbəxtliyini, gözəlliyini təmin edən xüsusiyyət kimi.

Qadının xoşbəxtliyi onun qadınlığındadır: məsələn, xarici görkəmdən qadın gözəlliyi diqqət çəkə bilər, amma söhbət etdikdə əgər mənəviyyatı xoş gəlmirsə, beləsindən uzaq gəzirsən. Deməli, qadınlıq özündə istər xarici, istərsə də daxili özəllikləri cəmləşdirir. Eqoist, deyingən, qeybətcil, ara vuran, söz gəzdirən, pinti və s. neqativ xüsusiyyətlər qətiyyət qadınlığa yaraşmayandır. Belə xüsusiyyətləri olan qadını kim sevər?, kim beləsi ilə bir ömür boyu yaşamaq istəyər? Ona görə də həyat yoldaşından ayrılmış kişi qadını barəsində şikayət edərkən onun yuxarıda sadalanan pis xüsusiyyətlərə malik olduğunu vurğulayanda ətrafdakılar beləsindən canını qurtardığına görə hətta onu təbrik də edirlər… Qadınlığı ilə diqqət çəkən, rəğbət qazanan qadın heç zaman tək qalmır. Qadınları gülə bənzədirlər, heç könül oxşayan “gül” diqqətsiz qalarmı? Qadın təbiətin onun üzərinə bir vəzifə kimi qoyduğu bioloji və sosial rolların (həyat yoldaşı, ana, nənə) bütövlükdə, kompleks şəkildə müvəffəqiyyətli icrası zamanı xoşbəxt ola bilər. Bu rollar isə qadın yalnız ailə qurduqda tam icra edir. Rolların icrası yarımçıq qalarsa, daxilən başqalarına qarşı yaşanan həsəd, paxıllıq, qiptə və s. hisslər qadını xoşbəxt olmağa qoymur, sanki təbiət ona tapşırdığı işin öhdəsindən gələ bilmədiyi üçün cəza verir (“İçinizdəki ərsiz azad qadınları və arvadsız azad kişiləri, kölələrinizdən və cariyələrinizdən əməli düz olanları bir-birilə evləndirin”… (Nur surəsi, 32)).

Qadınlığın fiziki, emosional, intellektual, mənəvi tərəfləri bir-birini tamamlamalıdır. Bu tərəflərin hər birindən gözləntilər var. Məsələn, qadınlar bodibildinqlə, güləşlə və s. idman növləri ilə məşğul olaraq bədənlərini kişi bədənlərinə bənzədirlər. Və ya geyim tərzini, yerişini elə seçirlər ki, kişi kimi görünürlər… Axı, kişi ilə qadını təbiət bir-birinə əks yaradıb: yəni birində olmayan cəhəti digəri tamamlayır. Qadınlıq keyfiyyətləri ilə kişilik keyfiyyətləri birləşir, birinin şəxsiyyətində mövcud olmayanlar digərində mövcud olanla birləşərək həyatla mübarizəyə qalib gələcək gücü formalaşdırır: axı, qadın kişisiz, kişi də qadınsız yarımçıqdır (“…Onlar sizin libasınızdır, siz də onların…” (Baqara surəsi, 187)). Bu müxtəliflik onları bir-birinə cəlb edir. Bioloji baxımdan mövcud olan fərqlilik özünü sosial davranışlarda da nümayiş etdirir. Məsələn, testosteron hormonu kişilik xüsusiyyətinin təzahüründə mühüm rol oynayır: riskə meyillilik, dominantlıq, enerjilik, dalaşqanlıq, özünəgüvənlik, seçilməyə meyillilik, öz gücünü münayiş etdirməyə meyillilik, aqressivlik kimi xüsusiyyətlər qanda testosteron hormonunun səviyyəsi ilə əlaqəlidir; estrogen hormonu isə qadınlıq xüsussiyətinin təzahüründə mühüm rol oynayır: uşaqlarına bağlılıq, zəriflik, empatiklik, qorxaqlıq kimi xüsusyyətlər qanda estrogen hormonunun səviyyəsi ilə əlaqəlidir. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, orqanizmdə bu hormonların artıb-azalmasına insanların qadınlıq və ya kişilik davranışına xas xüsusiyyətlərdən daha çox hansına yer verməsinin də təsiri mövcuddur: məsələn, əgər qadın qorxu hissinə çox yer verərsə, qorxu hissi ilə mübarizə aparmazsa qanda estrogenin miqdarı da artar və ya kişilər qəzəb, hirs tələb edən idman yarışlarında iştirak etməyə meyilli olarlarsa o zaman qanda testosteronun miqdarı artar və s. Deməli, istər bioloji, istərsə də sosial baxımdan təzahür edən qadınlıq və kişilik xüsusiyyətləri bir-birini tamamlayır. Və bioloji və sosial proqram kimi əks cins nümayəndələrinin beyinlərinə siqnal ötürülür ki, birində çatışmayan digərində mövcuddur və bu siqnal da onlarda bir-birinə qarşı maraq oyadır, onları bütövləşməyə təhrik edir.  Qeyd edilən proses fiziki qanunluq kimi də elm tərəfindən artıq sübut olunub: eyni qütblü yüklər bir-birini itələyir, müxtəlif yüklülər isə cəlb edir (şəkil 1).

Belə bir rəvayət mövcuddur ki, bir gün bir avropalı milli-mənəvi dəyərləri ilə sayılıb-seçilən şərq ölkələrindən birinə qonaq gəlibmiş. Gəzinti zamanı bələdçi öz ölkəsi barəsində qonağın təəssüratını öyrənmək istəyir. Qonaq hər şeyin çox gözəl olduğunu vurğulayır, lakin qadınların sanki azadlığının olmamasını müşahidə etdiyini qeyd edir. Niyə belə düşündüyünü bələdçi qonağa sual verdikdə qonaq cavab verir ki, qadınlar çox örtülü geyinir, davranışları çox qapalıdır və s. Sual verən şəxs mübahisə etmədən qonağa qənd qabından iki şirni uzadır və birinə qonaq olmasını xahiş edir. Şirnilərdən biri bükülmüş, biri isə bükülməmiş olur. Qonaq bükülmüş şirnini götürür. Nədən bükülünü seçməsinin izahını qonaqdan soruşduqda qonaq bükülü şirninin gigiyenik baxımdan daha təmiz olmasını qeyd edir. Bələdçi: – “bizim ölkənin qadınları da bu bükülü şirniyə oxşayır” söyləyərək gülümsəyir… Deməli, güzərandan da bəllidir ki, geyim imicin tərkib hissəsi kimi insanın kimliyini ifadə edir. Qadınlıq geyim tərzində də özünü büruzə verir. Xanım fiziki gözəlliyi ilə əks cins nümayəndələrinin diqqətini özünə cəlb etməyə meyilli olmaz, çünki bu proses onun şəxsi göstəricilərinə xələl gətirər, beləsinə istər həmcins, istərsə də əks cins nümayəndələri tərəfindən hörmət olunmaz. İstər geyim tərzinə görə, istərsə də mənəvi baxımdan açıq-saçıqlığa meyilli qadınlar hər zaman təcavüz, tənqid, hətta təhqir olunmaq təhlükəsi ilə üz-üzə qalır. Ona görə özünün şəxsiyyətinə, qadınlığına dəyər verən kəslər hər zaman öz geyim tərzinə də ciddi diqqət yetirərlər (“Mömin qadınlara söylə naməhrəm şeylərdən çəksinlər gözlərini, qorusunlar məhrəm yerlərini. Görünən ziynətlərindən savayı heç bir ziynətini göstərməsinlər…”(Nur surəsi, 31), “Ey Peygəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, bir yerə çıxarkən örtüyə bürünsünlər. Belə daha yaxşı olar, nəcib bilərlər onları, əziyyət verməzlər onlara…” (Əhzab surəsi, 59)).

Dərindən təhlil edərkən bəlli olur ki, qadınlıq həm də qadının müdriklik gözrəticisidir. Qadın savadlı olduqca, dünyagörüşü genişləndikcə o qadınlaşır, qadınlığından zövq alır. Çünki, təbiətin onu nə üçün yaratdığının mahiyyətini dərk edir, üzərinə düşən rolları, vəzifələri bilir. Savadı olmayan qadın isə hər zaman cəmiyyətdə əks cinsdən olan kişilərin rollarına qibtə edir, onlardan biri olmağa çalışır və istədiyini əldə etdikdə isə çox gec dərk edir ki, kişilərin etməli olduğunu o edə bilmir, hətta etməsi üçün təbiət bu enerjini ona vermir, əksinə öz tələblərinə qarşı çıxdığına görə onu cəzalandırır da: qadınlıq təravəti, qadınlıq gözəlliyi, qadınlıq nuru itir, qadın aura baxımdan sanki bir qoca və eybəcər qarğaya, bayquşa bənzəyir. Müdrik qadın isə bilir ki, cəmiyyətə özünü yüksək səviyyəli şəxsiyyət kimi təqdim etmək üçün, istər həmcinslərinin, istərsə də əks cins nümayəndələrinin hörmət və rəğbətini qazanmaq üçün harada necə danışmalıdır, necə davranış nümayiş etdirməlidir və s. İstər elmi, istər bədii-publisistik…, istərsə də xalq yaradıcılığında qadınlığın təbliği, tərifi, tərbiyəsinə dair çoxlu sayda maarifləndirici məlumatlar mövcuddur. Məsələn, M. Füzulinin “Leyli və Məcnun” poemasında Leylinin anasının öz qızına nəsihəti:

“…Təmkini cünunə qılma təbdil!
Qızsan, ucuz olma, qədrini bil!
Hər sürətə əks kimi baxma,
Hər gördügünə su kimi axma!

… Güzgü kimi qatı üzlü olma!
Nərgis kimi xiyrə gözlü olma!

… Löbət kimi özünü bəzətmə,
Rövşən kimi kuçələr gözətmə.

… Oğlan əcəb olmaz olsa aşiq,
Aşiqlik işi qıza nə layiq?
Ey iki gözüm, yaman olur ar!
Namusumuzu itirmə, zinhar!…”

İnsan xoşbəxtliyinin açarı özünüdərkdədir! Qadın öz kimliyini dərs edərkən xoşbəxt olur. Özünüdərk edən insan isə bu dünyada nə üçün yaşamasının sualına cavabı taparaq məmnunluq mükafatını alımış olur (“O kəslər ki, iman gətiriblər, saleh işlər görüblər, xoşbəxt həyat, gözəl-gözəl yerlər gözləyir onları” (Rad surəsi, 29)).

İstifadə edilən ədəbiyyat:

  1. Qasımoğlu N. Qurani Kərim. B.: Azərbaycan, 1993.
  2. Qurbanova L.M. Qadınlığın psixoloji mahiyyəti. “Elmi əsərlər” beynəlxalq elmi-nəzəri jurnal, Bakı, 2018, № 2(31). Səh. 149-155
  3. Qurbanova L.M. Ailənin psixoloji problemləri və həlli yolları. S.: Bilik, 2012.

[1] Zahidi A.İ. Müasir ərəb dilində türk mənşəli sözlər. Bakı: Elm, 1977, 146(2). http://www.azkurs.org/uot-81-373-47-bedii-eserlerin-dilinde-dialektizmlerin-yeri-ve.html?page=2

[2] Təqva – (ərəbcə: التقوى‎) “viqayə” sözündəndir, günahları tərk etmək anlamındadır (https://az.wikipedia.org/wiki/T%C9%99qva). Təqva özünü hər növ pis əmələ qarşı qorumaqdır (http://www.muselmanlar.com/fitvalar/3196.html).