Müsəlmanlar
Düzgün əqidə məsələsi

Düzgün əqidə məsələsi

Səhih (doğru) əqidəyə sahib olmaq üçün yola çıx!

Uca Allah bizlərə insanları İslama dəvət edərkən çox mülayim olmağı, yumşaq olmağı əmr edir. Allah təala buyurur:

“(Ya Rəsulum!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (İslama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!” (Nəhl surəsi 125).

Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) bizə buyurub ki, bir ayə olsa belə, məndən insanlara təbliğ edin (Bir ayə olsa belə, məndən təbliğ edin: Buxari, 3461). Mən buna görə də həm Allah təlanın əmrini yerinə yetirərək, həmçinin göndərdiyi elçisinin sözünü əldə əsas tutaraq insanları, sizləri İslama doğru yönəlməyə dəvət edirəm. Düzdür indi insanlar bu dinə çox da fikir vermirlər. Onlardan bir çoxu əsas üstünlüyü pul toplamaqda görürlər. Çünki bu gün şəhər yerinə hər bir işlərimiz pulla həyata keçirilir. Demək olar ki, pul əldə etmək əsas üstünlük təşkil edir. Məscid tikmək istəyəndə müsəlmana gülürlər. Bizə misallar verirlər ki, tutaq ki, bir məscid tikdik və içərisində də sizi imam qoyduq sonra? Sonrası nə olmalıdır? Əlbəttə bu cür sual verənlər sonrasının nə qədər insanı xoşbəxt etməsindən xəbərsizdirlər. Çünki bir neçə nəfər Allah üçün bir yerə yığılıb orada hansısa bir ibadəti yerinə yetirəndə həmin insanların hamısına rahatlıq gəlir. Təəssüf ki, bunu dərk etməyən insanlar var. Pul olanda insan daha rahat yaşaya bilir. Bu öz yerində. Amma pul olmaqla bərabər insana daha möhkəm təkan verən qəlbinin rahat olmasıdır. Nemət içində olmasıdır. Bu nemət nədir? Qəlbin rahat olması. Qəlbdə sıxıntının olmaması, kinin, düşmənçiliyin olmaması insan üçün ən böyük rahatçılıqdır.

Bəzən müsəlmanlar belə, sırf insanları dəvət edənlərə qarşı ruzi şübhəsi ilə dəvətdən yayındırmağa cəhd edirlər. Halbuki əsas insanların islah olmasını düşünməkdir. Çünki insanlar islah olsa yer üzərində ədalət çox olar. Varlı öz varından olmayana iş görməsi üçün rahat borc verə bilər. Bu gün düzgünlüyün və İslama dəvətin yetmiş illik qadağası insanlarda özünə qapanma, yalnız özünü düşünmə, başqalarının qayğsına qalmama, nə olursa olsun yalnız və yalnız özünün var dövlət əldə etməsi, digərlərinin arxada qalması kimi düşüncə meydana gətirib. Ancaq İslamın tədricən yayılması insanların gözlərini açır, tez-tez ölümlərin baş verməsi belə, bu gün insanlara az təsir edir. Bütün bunlar insanın inancı ilə əlaqədər olan problemlərdir. Allah təala xalqımıza doğru, düzgün şəkildə Allaha iman duyğusu, öz malından kasıblara vermə həvəsi bəxş etsin. Amin!

Yuxarıda qeyd etdiyimiz yüksək əxlaqa nail olmaq üçün insanlar, hər biri ayrı-ayrılıqda bir fərd olaraq öz inanclarını düzəltməlıdırlir. Bunu əldə etmək üçün doğru-düzgün inanca, əqidəyə sahib olmaq, bunun üçün isə bir az hər kəs özlüyündə öz üzərində özünü islah işinə başlaması lazımdır. Hər bir müsəlman özlüyündə səhih əqidəni öyrənməyə cəhd etməlidir. Daha doğrusu səhih, doğru əqidəni öyrənməsi hər bir müsəlmana vacibdir. Müsəlman şəxs nə vaxtsa hansısa mələyin gəlib onun əqidəsini düzəldəcəyini düşünməməlidir, yaxud da hanısa saleh bir şəxsin, ya alimin, ya şeyxin, ya mollanın  gəlib onun əqidəsini düzəldəcəyini fikirləşməməlidir. Özü bu cür saleh şəxsləri tapmaq üçün yola çıxmalıdır. Müsəlman imanın əsaslarının hamısını öyrənməlidir, bunun üçün səfərə çıxmalıdır. Bu gün insanlar harasa uzaq bir yerə, pirə getmək üçün uzaq səfərlərə gedirlər, ancaq doğru əqidəni, inancı öyrənmək üçün səfər edənləri yaxınlarımızdan görmürük. Bunu onlara xatırlatmaq lazımdır. Bunu etmələri onların qəlbini təmizləyəcəkdir. Baxın, Allah Rəsulu (səlləllahu aleyhi və səlləm) buyurur ki, “Cəsəddə bir ət parçası var, əgər o yaxşı olarsa bütün cəsəd yaxşı olar” (Buxari 52). Mən xalqımızın yaxşı olmasını uca Allahdan istəyirəm.

Həqiqət budur ki, insanların və cinlərin yaranmasında məqsəd onların Allaha ibadət etmələridir. Allah təala buyurur ki, “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (Zariyat, 56).

Bu ibadəti həyata keçirmək üçün insanlar Allahın Kitabını oxumalı, öyrənməli və göndərdiyi Peyğəmbərinin (səlləllahu aleyhi və səlləm) hədislərini oxumalı, onun yolunu izləməlidirlər. Əqidənin, inancın səhih, doğru yolunu da məhz Allahın Kitabından, Qurandan və göndərdiyi elçisinin hədislərindən öyrənmək mümkün olur. İnsanlar məhz tək Allaha ibadət etməyin, ibadətdə Allahı təkləşdirməyin yolunu da bu iki səhih qaynaqdan əldə edirlər. İnsanlar elm öyrəndikdən sonra başa düşürlər ki, onların bütün işlərini idarə edən heç bir şəriki olmayan uca Allahdır. Bununla da doğru, həqiqət olan əqidəyə sahib olurlar. Əgər bunun əksi olsaydı, onda (uca Allah buyurur ki:) “Əgər (yerdə və göydə) Allahdan başqa tanrılar olsa idi, onların ikisi də (müvazinətdən çıxıb) fəsada uğrayardı. Ərşin sahibi olan Allah (müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaqdır!” (Ənbiya 22). Allah təala buyurur ki: “Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elm (Öz əzəli elmi) ilə ehtiva etdiyini biləsiniz deyə, (Allahın) əmri onların arasında (mövcud olan bütün məxluqata) nazil olar” (Talaq 12). Bundan da əlavə olaraq bütün ayələri oxuyanda görürük ki, Allah təla bizi bütlərdən, pirlərdən çəkindirir və yalnız Özünə dua edib, ibadət edilməsini bizə əmr edir. Allah təala xalqımıza İslamı öyrənməkdə və yaşamaqda kömək olsun. Amin!

Müəllif: Əkrəm Həsənov (ilahiyyatçı-alim)