Hud peyğəmbər
Müsəlmanlar > Quranda peyğəmbərlər Tarix: 26 Haziran 2009 Tövsiyə et Çap et

1) Hud peyğəmbərin (ə. s.) missiyası

Ad qövmünə qardaşları Hudu göndərdik. O, belə dedi: “Ey qövmüm! Allaha ibadət edin. Ondan başqa tanrınız yoxdur. Siz sadəcə olaraq uydurursunuz” (Hud, 11/50).

Qardaşları Hud onlara: “Siz qorunmaq istəmirsinizmi”, – demişdi.

“Mən sizə göndərilmiş etibarlı bir elçiyəm.

Allahdan qorxub çəkinin və mənə itaət edin.

Mən sizdən bunun müqabilində bir şey istəmirəm. Mənim əvəzim ancaq varlıqların sahibinə aiddir” (Şüəra, 26/124-127).

2) Aldığı vəhy

Sizdən əvvəlki Nuh, Ad, Səmud qövmlərinin və onlardan sonra gələnlərin xəbərləri sizə gəlib çatmadımı? Onları Allahdan başqası bilməz. Elçilər onlara açıq-aşkar möcüzələrlə gəlmişdilər. Amma bunlar əllərini onların ağızlarına tutmuş və belə demişdilər: “Biz sizin elçiliyinizi tanımırıq (qəbul etmirik). Bizi dəvət etdiyiniz şeydən də, həqiqətən, sübhə edirik”.

Elçilər də belə demişdilər: “Göyləri və yeri yaradan Allah haqqında heç şübhə var? O, sizin günahlarınızı bağışlamaq və sizə müəyyən qədər möhlət vermək üçün dəvət edir” (İbrahim, 14/9-10).

“Ey qövmüm! Rəbbinizdən məğfirət (bağışlanma) diləyin; sonra Ona dönün ki, sizə göydən bol-bol yağış göndərib gücünüzə güc qatsın. Siz günah edən kəslər olaraq üz döndərməyin” (Hud, 11/52).

“Yoxsa sizə xəbərdarlıq etmək üçün öz aranızdan olan bir adama Rəbbiniz tərəfindən bir zikr gəlməyinə təəccüb edirsiniz? Bir düşünün, Allah sizi Nuh qövmündən sonra onun yerinə gətirdi. Sizi boy-buxun baxımından onlardan üstün etdi. Allahın nemətlərini dilə gətirin ki, müvəffəq olasınız”, – dedi (Əraf, 7/69).

3) Möcüzəsi

Onlara özlərindən əvvəl gəlib keçən Nuh, Ad, Səmud qövmlərinin, İbrahim qövmünün, Mədyən və alt-üst olmuş şəhərlərin xəbərləri gəlmədimi? Onların elçiləri möcüzələrlə gəldilər. Allah onlara zülm etmədi; onlar özləri özlərinə zülm etdilər (Tövbə, 9/70).

(Onlar gələn möcüzələri inkar edir, elə hey möcüzə istəyirdilər).

Dedilər: “Ey Hud, sən bizə heç möcüzə gətirmədin. Biz sənin sözünlə öz tanrılarımızı tərk etməyəcəyik. Biz sənə inanmayacağıq da!” (Hud, 11/53).

Onlar: “Siz başqa cür deyil, eynilə bizim kimi insansınız. Siz bizi öz ata-babalarımızın sitayiş etdiyi şeylərdən uzaqlaşdırmaq istəyirsiniz. Elə isə, bizə açıq-aşkar bir möcüzə gətirin!”, – dedilər.

Peyğəmbərləri onlara: “Biz də sizin kimi insanıq amma Allah öz bəndələrindən istədiyinə yaxşılıq edər. Bizim sizə Allahın izni ilə olanlar xaricində möcüzə gətirmək səlahiyyətimiz də yoxdur. İman edənlər ancaq Allaha arxalansınlar”, – dedi (İbrahim, 14/10-11).

4) Hud qövmünə gəlmiş başqa peyğəmbərlər

Adın soydaşını (Hudu) bir düşün. O, Əhqaf ərazisindəki qövmünə belə xəbərdarlıq etmişdi: “Allahdan başqasına ibadət etməyin. Sözün düzü, mən sizin üçün böyük günün əzabından qorxuram”. Onsuz da onlara həm ondan (Huddan) əvvəl, həm də sonra neçə-neçə elçi (peyğəmbər) gəlmişdi (Əhqaf, 46/21).

Əgər onlar üz döndərsələr, sən belə de: “Mən sizə Ad və Səmudu vuran ildırım kimi bir ildırıma qarşı xəbərdarlıq etdim”.

Onlara özlərindən əvvəl və sonra elçilər gəlmişdi. “Allahdan başqasına ibadət etməyin”, – demişdilər. Onlar isə bu sözə: “Əgər Rəbbimiz istəsəydi, əlbəttə ki, (elçi olaraq) mələklər endirərdi. Siz nə ilə göndərilmişsinizsə, biz onu tanımırıq (qəbul etmirik)”, – demişdilər (Fussilət, 41/14).

5) Başçıların rəftarı

Qövmünün kafir başçıları dedilər ki, biz səni bir axmaqlıq içərisində görürük. Biz elə bir qənaətdəyik ki, sən həqiqətən də, yalançılardansan. Dedi: “Ey qövmüm! Məndə axmaqlıq yoxdur. Lakin mən varlıqların sahibinin elçisiyəm”.

“Sizə Rəbbimin göndərdiklərini çatdırıram. Mən sizin üçün etibarlı bir öyüd-nəsihət verənəm”.

“Yoxsa sizə xəbərdarlıq etmək üçün öz aranızdan olan bir adama Rəbbiniz tərəfindən bir zikr gəlməyinə təəccüb edirsiniz? Bir düşünün, Allah sizi Nuh qövmündən sonra onun yerinə gətirdi. Sizi boy-buxun baxımından onlardan üstün etdi. Allahın nemətlərini dilə gətirin ki, müvəffəq olasınız”, – dedi.

Onlar: “Sən indi bizə ancaq Allaha ibadət etməyimiz və ata-babalarımızın sitayiş etdiklərini tərk etməyimiz üçün gəldin, deyilmi? Əgər sən doğru-dürüst bir kəssənsə, bizi qorxutduğun şey nədirsə, onu bizə gətir görək!”, – dedilər (Əraf, 7/66-70).

6) Hud qövmünün tanrıları

Hud dedi ki, artıq Rəbbinizdən sizin üstünüzə bir murdarlıq və qəzəb gəlməsi vacib oldu. Siz adı özünüz və atalarınız tərəfindən qoyulmuş adlar barəsində mənimlə mübahisə edirsiniz? Halbuki, Allah onların haqqında heç bir əsas endirməyib. Gözləyin görək! Mən də sizinlə gözləyənlərdənəm.

Bunun üstündən onu və onunla birlikdə olanları rəhmətimizlə xilas etdik. Ayələrimiz qarşısında yalan danışanların da kökünü kəsdik (Əraf, 7/71-72).

7) Hud qövmünün xüsusiyyəti

Ad qövmü yer üzündə haqsız yerə təkəbbürlülük etdi və: “Bizdən güclü olan kimdir ki?”, – dedilər. Onları yaradan Allahın gücünün onların gücündən çox olduğunu görmədilərmi? Onlar həm də bizim möcüzələrimizi təkzib edirdilər (Fussilət, 41/15).

Onlara həqiqətən də, sizə vermədiyimiz imkanlar vermişdik. Onlar üçün eşitmə, görmə qabiliyyətləri və könüllər yaratmışdıq. Amma eşitmə-görmə imkanları və ürəkləri onların özlərinə bir fayda vermədi. Çünki onlar Allahın ayələrini inkar edirdilər.

İstehza etdikləri şey öz başlarına gəldi (Əhqaf, 46/26).

Hud soruşdu ki, siz hər yüksək yerdə böyük bir bina tikib kef çəkirsiniz, eləmi?

Bir də özünüzə saraylar götürürsünüz, sanki siz heç ölməyəcəksiniz.

Bir şeyi tutunuzmu, zorbalar kimi tutursunuz?

Artıq Allahdan qorxub çəkinin və mənə itaət edin.

Bildiyiniz nə varsa, onları sizə bəxş edəndən çəkinin.

O sizə davarlar və oğullar bəxş etdi.

Bağlar və bulaqlar verdi.

Mən həqiqətən də, sizin böyük günün əzabına düçar olacağınızdan ehtiyat edirəm.

Onlar: “Sən öyüd-nəsihət versən də, verməsən də, bizim üçün fərqi yoxdur”.

“Bu, onsuz da əvvəlkilərin də xasiyyəti idi.

Biz əzaba zada düçar olmayacağıq” (Şüəra, 26/128-138).

8) Qövmünün Hud peyğəmbərə (ə. s.) meydan oxuması

Hud qövmü dedi ki, sən bizi öz tanrılarımızdan üz döndərmək üçün gəlmisən? Əgər sən düz danışanlardansa, bizi qorxutduğun şey nədirsə, onu gətir görək!

Hud: “Bu elm ancaq Allah yanındadır. Mən mənimlə nə göndərilibsə, onu təbliğ edirəm. Amma mən sizi cahil yığıncağı kimi görürəm”, – dedi (Əhqaf, 26/22-23).

“Bizim tanrılarımızdan biri sənə yaman toxunub”, – deməkdən başqa bir söz tapa bilmirik”. Hud dedi ki, budur, mən Allahı şahid tuturam; siz də şahid olun ki, mən sizin şərik qoşduğunuz şeylərdən uzağam.

Allahın xaricindəkilərdən… İndi hamınız mənə tələ qurun; bunu qətiyyən təxirə salmayın. Mən öz işimi Allaha həvalə etmişəm. O, mənim də sahibimdir, sizin də. Elə bir canlı yoxdur ki, onun ixtiyarı Allahın əlində olmasın. Mənim Rəbbim doğru yol üstündədir.

Əgər üz döndərsəniz, bilin ki, mən mənimlə nə göndərilibsə, onu sizə təbliğ etdim. Rəbbim sizin yerinizə başqa bir qövm gətirib qoyar ki, siz ona zərər verə bilməzsiniz. Çünki mənim Rəbbim hər şeyin üstündə bir qoruyucudur (Hud, 11/54-57).

9) İnkar edənlərin ümumi rəftarı

Elçiləri inkar edənlər onlara dedilər: “Siz ya bizim dinimizə dönərsiniz, ya da biz sizi nə olursa, olsun, torpaqlarımızdan çıxardarıq”. Rəbləri onlara belə vəhy etdi: “Biz gec-tez o zalımları yox edəcəyik”.

Onlardan sonra o torpağa şübhəsiz ki, sizi yerləşdirəcəyik. Bu, qarşıma çıxmaqdan və hədə-qorxumdan qorxan hər kəs üçündür.

Onlar istədilər ki, qabaqları açılsın. İnadkar zorbaların hamısı pərişan oldu (İbrahim, 14/13-15).

Ad və Səmuda bax. Onların kim olduqları elə yaşadıqları yerdən məlumdur. Şeytan onlara gördükləri işləri yaxşı göstərmişdi; onlar da yoldan çıxmışdılar. Halbuki, onlar uzaqgörən idilər (Ənkəbut, 29/38).

Onlar səni inkar etdikləri kimi bunlardan əvvəl Nuh qövmü, Ad və Səmud da inkar etmişdi.

İbrahimin qövmü, Lut qövmü və Mədyən xalqı da (inkar etmişdilər). Musa da inkar edilmişdi. Mən elçiləri inkar edənlərə əvvəlcə möhlət vermiş, sonra onların yaxasına yapışmışam. Qoy məni yox hesab etməyin nə olduğunu görsünlər!

Elə şəhərlər olub ki, biz onları haqsızlıq etdikləri halda yox etmişik. Oralar artıq bomboşdur, tavanları da çöküb. Bir tərəfdə yararsız hala düşmüş bir quyu, digər tərəfdə də boş bir qəsr!

Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı? Üstəlik onların düşünən qəlbləri və eşidən qulaqları da var. Həqiqətən, kor olan gözlər deyil, sinələrdəki ürəklərdir (Həcc, 22/42-46).

10) Cəza

Məgər görmədinmi ki, Rəbbin Ad qövmünə nələr etdi?

Sütunlu İrəmə.

Elə bir yer ki, şəhərlər arasında onun misli yaradılmamışdı (Fəcr, 89/6-8).

Ad və Səmud qövmlərinə və Rəss əhlinə və bunların arasındakı nəsillərə bax! Biz onların hamısına bir çox misal verdik. Hamısını da yerlə-yeksan etdik. Bunlar üstünə pislik yağışı yağmış şəhərə həqiqətən də, baş çəkmişdilər. Məgər onu görmədilərmi? Xeyr, əslində onlar öldükdən sonra dirilməyi gözləmirlər (buna inanmırlar) (Furqan, 25/38-40).

Budur sənə Ad tayfası! Onlar Rəblərinin ayələrini inkar etdilər. Elçilərinə qarşı çıxdılar və başlarının üstündəki hər bir inadkar zorbanın (böyüyün) ardınca getdilər.

Beləliklə, onlar həm bu dünyada, həm də Qiyamət günündə lənətə uğradılar. Bunu bilin ki, Ad tayfası Rəbbini inkar etmişdi. Yenə bilin ki, Hudun qövmü Ad bir sürgünə layiq idi (Hud, 11/59-60).

Rəzil olmaq əzabını onlara dünya həyatında daddırmaq üçün üstlərinə uğursuz günlərdə dondurucu bir külək göndərdik. Axirət əzabı xüsusilə rəzil edər, üstəlik onlara kömək də göstərilməz (Fussilət, 41/16).

O əzabın yayılıb vadilərinə tərəf getdiyini gördükdə: “Bu, bizə yağış gətirən dolu və geniş bir buluddur”, – dedilər. Xeyr, o, tələsdiyimiz şeydir; küləkdir. İçində də acı bir əzab var!

O, Rəbbinin əmri ilə hər şeyi yox edir. Onlar elə bir hala gəldilər ki, sığınacaqlarından başqa heç bir şey görünmədi. Biz günahkarlar tayfasının cəzasını bax, belə veririk (Əhqaf, 46/24-25).

O külək dəydiyi heç bir şeyi qoymur, kül kimi edirdi (Zariyat, 51/42).

Onu fasiləsiz olaraq yeddi gecə, səkkiz gün onların üstünə saldı. O tayfanı orada yerə sərilmiş halda görərsən. Sanki onlar içi boş xurma köküdürlər.

İndi sən onlardan qalmış bir şey görürsənmi? (Haqqa, 69/7-8).

Görün, mənim əzabım və xəbərdarlıqlarım necə imiş! (Qəmər, 54/21).

11) İman edənlərin mükafatlandırılması

Əmrimiz gəldikdə mərhəmətimizin səbəbi ilə Hudu və onunla birlikdə olan möminləri xilas etdik. Onları şiddətli bir əzabdan qurtardıq (Hud, 11/58).

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
3.068 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Lut peyğəmbər 26.06.09 3.752 dəfə oxundu
2 Tövrat təkcə Musa əleyhissəlama verilən bir kitabdırmı? 24.11.17 174 dəfə oxundu
3 İsmail peyğəmbər 26.06.09 3.368 dəfə oxundu
4 Muhəmməd əleyhissəlamın Tövratda müjdələnməsinin səbəbi nədir? 27.07.18 204 dəfə oxundu
5 İshaq peyğəmbər 26.06.09 3.025 dəfə oxundu
6 Yaqub peyğəmbər 26.06.09 2.441 dəfə oxundu
7 Eyyub peyğəmbər 26.06.09 2.364 dəfə oxundu
8 Davud peyğəmbər 26.06.09 3.368 dəfə oxundu
9 İbrahim peyğəmbər 12.04.10 4.511 dəfə oxundu
10 İdris peyğəmbər 12.04.12 1.960 dəfə oxundu
11 Həzrəti Adəmin peyğəmbər olduğuna sübut var? 21.01.13 3.029 dəfə oxundu
12 İdris peyğəmbər 23.01.13 1.767 dəfə oxundu
13 Nuh peyğəmbər 08.06.13 2.312 dəfə oxundu
14 Yusif peyğəmbər 27.10.13 3.480 dəfə oxundu
15 Əyyub peyğəmbərin başına gələnlər. 03.08.15 2.190 dəfə oxundu
16 Adəm peyğəmbər 26.06.09 4.617 dəfə oxundu
17 “Yeni il” bidat isə o zaman “mövlud qəndili” nədir? 03.01.15 1.527 dəfə oxundu
18 Hud peyğəmbər 26.06.09 3.068 dəfə oxundu
19 Allah Təala, dünyanın hər bölgəsinə bir xəbərçi göndəribmi? 15.03.17 442 dəfə oxundu
20 Saleh peyğəmbər 26.06.09 2.794 dəfə oxundu
21 Rəsulullahın Tövratla və ya İncillə hökm verdiyi olmuşdurmu? 24.05.17 484 dəfə oxundu