Səid Nursi
Müsəlmanlar > Müzakirə və mübahisələr > Tənqidlər Tarix: 06 Temmuz 2009 Tövsiyə et Çap et
Sual: Səid Nursi kimdir? Onun haqqında deyilənlər nə dərəcədə doğrudur? Səid Nursinin fikirləri İslama nə dərəcədə uyğundur? Bu fikirlər Quranla ziddiyyət təşkil edirmi?

SƏİD NURSİ1

Sual: Səid Nursi haqqında deyilən bu sözlər məni çox təəccübləndirir:

“Səid Nursi 20 ildə öyrənilməli olan elm və fənlərin əsas məğzini 3 ay ərzində qavrayıb təhsilini başa vurmuşdur. Hansı elmdən olursa olsun, ondan soruşulan bütün suallara tərəddüd etmədən və dərhal cavab vermişdir”.2

Buna səbəb olaraq deyilir ki, Səid Nursi yuxusunda peyğəmbərimizdən elm istəmiş, peyğəmbərimiz isə öz ümmətindən heç bir şey soruşmamaq şərti ilə ona Quran elmlərinin öyrədiləcəyini bildirmişdir.  Elə bu səbəbə görə hələ uşaq ikən yaşadığı əsrin və öz dövrünün alimi kimi tanınmışdır. Səid Nursi heç kimdən heç bir sual soruşmamış, lakin özündən soruşulan bütün suallara mütləq cavab vermişdir.3

Sizin bu məsələyə münasibətiniz nədir?

Cavab: Bir şəxsə peyğəmbər4 tərəfindən elm verilməsi Şiələrə xas bir iddiadır. Onlar belə hesab edirlər ki, elm peyğəmbərdən onun öz nəslindən olan  imamlara miras qalıb. Şiələr belə deyirlər:

“İmamların heç biri təhsil almamış, bir müəllimdən hər hansı bir şey öyrənməmiş, heç bir məktəb və mədrəsəyə getməmişdir. Buna baxmayaraq onlardan bir şey soruşulduğu vaxt dərhal ən düzgün cavabı verirlər. Onların dillərinə “bilmirəm” sözü gəlmir; bununla yanaşı, soruşulan suala cavab vermək üçün fikirləşmir və cavabı bir müddət gecikdirmirlər. Belə bir şey heç olmayıb. İmamın ilahi hökmlərə, ilahi mərifətə və bütün biliklərə malik olması peyğəmbər, yaxud da o imamın özündən əvvəlki bir imam vasitəsilə həyata keçir.”5

Sual: Hər hansı bir peyğəmbərin belə bir vəzifəsi, yəni yerinə yetirməli olduğu öhdəliyi olubmu?

Cavab: Əlbəttə ki, xeyr. Allah Təala belə buyurur:

“Elçilərin (peyğəmbərlərin) (Allahın hökmlərini) açıq-aşkar təbliğ etməkdən başqa vəzifəsimi var?”. (Nəhl, 16/35)

Allah Təala peyğəmbərimizə belə əmr etmişdir:

“De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy edilir ki, sizin tanrınız yalnız bir olan tanrıdır (Allahdır). Artıq kim Rəbbinə qovuşmağa ümid bəsləyirsə, dərhal yaxşı bir iş görsün və Rəbbinə etdiyi ibadətdə heç kimi şərik qoşmasın”. (Kəhf, 18/110)

De: “Mənim sizə nə zərər verməyə, nə də sizi kamilləşdirməyə gücüm çatar”.

De: “Məni Allahın əzabından heç kim xilas edə bilməz və mən də Ondan başqa heç bir sığınacaq tapa bilmərəm!”.

“Mənim işim ancaq Allahın dərgahından olanı və Allahın göndərdiklərini təbliğ etməkdir”. (Cinn, 72/21-23)

Sual: Səid Nursinin təhsil həyatı haqqında məlumatınız varmı?

Cavab: Səid Nursinin şəxsən özünün yazdığı tərcümeyi-halına əsasən o, ibtidai təhsil aldıqdan sonra Şeyx Məhəmməd Cəlalinin dərslərində iştirak etmiş, o vaxtlar oxunması ənənə olan kitabları oxumuş və daha sonra Van şəhərində təxminən 15 il təhsil və təlimlə məşğul olmuşdur.6

Tarixçeyi-həyat əsərinə əsasən də Səid Nursi əvvəlcə sərf və nəhvlə7 məşğul olmuş, İzhara8 qədər oxumuş, sonra Şeyx Məhəmməd Cəlalinin yanına getmiş, bir çox elmə dair əsərləri tədqiq etməyə başlamış və beləliklə, islam elmləri ilə əlaqədar olan 40-a qədər kitabı əzbərləmişdir. Bunlarla yanaşı, Seyid Nurməmməd, Şeyx Abdurrəhman Tağı, Şeyx Fəhim, Şeyx Məmməd Küfrəvi, Şeyx Emin Əfəndi, Molla Fətulla və Şeyx Fətulladan elm öyrənmişdir.9

Sual: Elə isə Səid Nursinin müxtəlif elmləri 3 ay ərzində öyrənib qurtarması, soruşulan hər bir suala tərəddüd etmədən və dərhal cavab verməsi və bu xüsusiyyətlərin ona yuxuda peyğəmbərimiz tərəfindən verilməsi iddiaları haradan çıxır?

Cavab: Görünür ki, o, camaatın xurafata olan meylindən istifadə etməklə onların diqqətini özünə cəlb etmək istəyib. Zəmanənin möcüzəsi mənası verən Bədiuzzaman ləqəbi də belədir. Belə iddia edilir ki, guya bu ləqəb ona onun fövqəladə elmini görən elm adamları tərəfindən verilib.10

Sual: Bilirsiz, Səid Nursinin dedikləri arasında çox böyük tutarsızlıqlar var. Siz onun bu sözləri haqqında nə deyərdiniz?

Mən 14 yaşımda idim. O vaxtlar icazət almağın bir simvolu kimi mənə də müəllim tərəfindən sarıq sarılmalı və eləcə də cübbə geyindirilməli idi. Lakin bunun qarşısında maneələr vardı. Məni kiçik olduğuma görə böyük müəllimlərə məxsus olan o geyimlərdən geyinməyə layiq hesab etmirdilər. Digər tərəfdən də böyük alimlər mənim müəllimim deyil, əksinə, rəqibim olur və qabağımda danışa bilmirdilər. Mənim olduğum yerdə heç kəs özünü müəllim hesab etmirdi, belə bir şəxs yox idi. Mən öz hüququmdan 56 il keçdikdən sonra istifadə edə bildim. Belə ki, bundan 100 il qabaq vəfat edən Şeyx Mövlana Zülcənaheyn Xalid Ziyəddin mənə öz cübbəsi ilə birlikdə bir sarıq göndərdi. İndi həmin cübbəni geyinirəm. Mən o mübarək əmanəti Risaleyi-Nur tələbələrindən və axirət qardaşlarımızdan olan Asiyə adlı möhtərəm bir xanımın əliylə aldım.11

Cavab: Səid Nursi özünün hələ 14 yaşında ikən rəqibi olmayan bir elm adamı olduğunu iddia edir. Onun bu iddiasının heç bir əsası yoxdur. Çünki onun özünün Tarixçeyi-Həyatı adlı əsərində isə bildirilir ki, 15-16 yaşlarına qədər bütün bilikləri sünuhat (سنوحات ) qəbilindən olub.12 Sünuhat sözü bir şəxsin ağlına və xatirinə gələn şeylərə deyilir.13 Əgər bu cür şeylərə elm deyilsəydi, onda hamı alim olardı.

Sual: Həm sünuhat, həm də Səid Nursinin hər bir suala tərəddüd etmədən cavab verdiyinə dair ortaya atılan iddia bütün bunların ona Allah tərəfindən ilham edildiyini ifadə etmirmi?

Cavab: Onsuz da belə bir iddia ortaya atılıb. Bunu Səid Nursinin özü də açıq-aşkar deyir: “Quranın gizli həqiqətləri Risaleyi-Nurla birlikdə bizə enir! Bu sözün açıq mənası odur ki, əsri-səadətdə (xoşbəxtlik əsri, peyğəmbərin dövrü nəzərdə tutulur) Quranın vəhy yolu ilə nazil olması kimi, hər əsrdə Quranın ərşdəki yerindən və mənəvi möcüzəsindən feyz və ilham vasitəsilə onun gizli həqiqətləri və həqiqətlərinin qəti dəlilləri enir”.14

Sual: O belə deməklə özünü peyğəmbər yerinə qoymurmu?

Cavab: Peyğəmbər olduğunu deməsə də, açıqca başa düşülür ki, həmin sözlərin elə bir mənası var. Bununla yanaşı, Quranda izah edilməmiş həqiqətlərin məhz ona endirildiyini irəli sürmək o deməkdir ki, Səid Nursi öz kitabının Allahın kitabından (Qurandan) üstün olduğunu iddia edir.

Allah Təala peyğəmbərimizə belə buyurmuşdur:

Ey Elçi (Peyğəmbər)! Rəbbindən sənə endirilən hər şeyi təbliğ et. Əgər bunu etməsən, Onun elçiliyini (sənə həvalə etdiyi peyğəmbərliyi) yerinə yetirməmiş olarsan (Maidə, 5/67).

Əgər Səid Nursinin iddia etdiyi şeylər peyğəmbərimizə bildirilsəydi, o, onları mütləq izah edərdi.

Sual: Sizcə buradan belə bir nəticə çıxmırmı ki, bunlara inanan bir insan Səid Nursini axırıncı peyğəmbər, Risaleyi-Nuru da Allahın nazil etdiyi sonuncu kitab hesab edir?

Cavab: Sən Səid Nursinin dediyi bu sözlərə də qulaq as, sonra özün bu barədə bir qərara gəl.

Risaleyi-Nur deyilən 33 söz, 33 ədəd məktub və 31 ədəd ləmalar bu dövrdə Quran ayələrinin ayələridir. Yəni, onun həqiqətlərinin əlamətləridir. Onun haqq və həqiqət olmasının qəti dəlilləridir. Quran ayələrindəki inancla əlaqədar həqiqətlərin çox güclü sübutlarıdır.15

Yəni, Səid Nursinin fikrincə Qurani-Kərim artıq sübut təşkil edən bir kitab deyil və onun özünün sübut edilməyə ehtiyacı var. Risaleyi-Nurun ayələri Quran ayələrinin sübutudur. Belə bir kitab isə öz növbəsində səhvsiz bir kitab olmalıdır. Səid Nursi bu iddianı da irəli sürür və belə deyir:

“Heç şübhə yoxdur ki, sözlər16 Quranın nurlu parıltılarıdır. Onların izah edilməli olan yerləri də var amma  sözlər bütövlükdə qüsursuz və tamdırlar”.17

Sual: Deyəsən Nurçular elə buna görə Quranı deyil, Risaleyi-Nuru oxuyurlar. Düzdür?

Cavab: Səid Nursi insanların diqqətini öz kitablarına cəlb etmək üçün hər şey edib, necə deyərlər, əlindən gələni əsirgəməyib. O, belə deyir:

“Risaleyi-Nur bu əsrdə, bu zəmanədə bir urvətul-vusqadır. Yəni o, çox möhkəm və qırılmaz bir zəncir və bir hablullahdır; başqa sözlə, Allahın ipidir. Ona əlini atan, ondan tutan xilas olur”.18

Urvətul-vusqahablullah Qurana aid olan xüsusiyyətlərdir.19

Sual: Bayaq belə bir iddia ilə qarşılaşdıq ki, guya Risaleyi-Nur da Quranın alındığı yerdən alınıb. Bu iddianın özü hər şeyi izah etmirmi?

Cavab: Bu iddia Risaleyi-Nurda çox yerdə ortaya atılır. Məsələn, Şüalar fəslinin 601-ci səhifəsində belə deyilir:

Risaleyi-Nurlar nə şərq mədəniyyət və elmlərindən, nə də qərb fəlsəfəsi və elmlərindən iqtibas edilmiş (götürülmüş) bir nurdur. O, göydən nazil olmuş Quranın həm şərq, həm də qərbin üstündə olan Ərşdəki yerindən götürülmüşdür.20

İndi isə gəlin, Səid Nursinin risalələrindəki ayətul-kübranı misal verib orada ortaya atılan iddiaları addım-addım izləyək:

1. Səid Nursiyə yazdırıldığına dair ortaya atılan iddia

Bu risalənin müqəddiməsinin bu dərəcədə uzun olması istəmədən olmuşdur. Deməli, ehtiyac var ki, elə yazdırıldı.21

2. Adının İmam Əli (Allah ondan razı olsun) tərəfindən verilməsi ilə əlaqədar iddia

Bu risalə elə bir əhəmiyyətə malikdir ki, İmam Əli (Allah ondan razı olsun) qeybdən göstərdiyi kəramətlərlə (kəramati-qeybiyyə) bu risaləyə “Ayəti-Kübra” və “Əsayi-Musa (Musanın çəliyi, əsası)” adlarını vermişdir.22

3. İmam Əlinin (Allah ondan razı olsun) şəfaət dilədiyinə dair irəli sürülən iddia

İmam Əli (Allah ondan razı olsun) Nurun əczalarından xəbər verdiyi vaxt: “Ayətul-Kübranın xətri üçün məni qəfil ölümdən xilas et”, – deyib o Ayəti-Kübranı şəfaətçi edərək…23

4. Risaleyi-Nurun La İlahə İlləllah (Allahdan başqa tanrı yoxdur) sözünün fövqəladə bir sübutu olması ilə əlaqədar olaraq ortaya atılan iddia

La ilahə illəllah cümləsinin hüccəti (dəlili) isə mətbu (çap edilmiş) Ayətul-Kübra risaləsidir. O misilsiz hüccətin ecazkarlığı üçündür ki, İmam Əli (Allah ondan razı olsun) onu şəfaətçi edib.24

5. Risalənin xilaskar olduğuna dair iddia

… O risalənin həm Ankara, həm də Dənizlidəki məhkəmələrdə qalib gəlməsi və gizlicə təsirli bir şəkildə intişarı (yayılması) ilə öz tələbələrinə bəraət qazandırmağa səbəb olduğu kimi…25

6. Bir mağazanı yanğından xilas etdiyinə dair irəli sürülən iddia

Hökumət binalarının biri gecənin ən soyuq vaxtında 3 saat cəhənnəm kimi yanıb kül oldu. Belə olan halda, o binanın bitişiyində yaşayan bir Risaleyi-Nur tələbəsi yanıma gəlib dedi ki, bəs biz yanıb məhv oluruq. Mən o tələbəyə həmin gecədən 2 gün əvvəl demişdim ki, onların dükanında olan Ayətul-Kübranın nəşr edilmiş bəzi nüsxələrini mənə gətirsin; lakin hələ gətirməmişdi. Sən demə, o nüsxələr həmin gecəki yanğını söndürmək üçün orada qalıbmış… Mən Risaleyi-Nur və Ayətul-Kübranı şəfaətçi edib: “Ey Rəbbim, xilas et!”, – dedim.

O dəhşətli yanğın düz 3 saat çəkdi. Həmin bina yanıb kül oldu. Binanın altındakı dükanlar da yandı, bitişiyində olan dükanlar da. Hamısı məhv olub getdi. Yanğın Risaleyi-Nur və Ayətul-Kübranın qoruduğu o mağaza isə heç toxunmadı. Həmin şagirdin yanan binanın alt mərtəbəsində dükanı var idi, onun dükanına heç nə olmadı…26

Sual: Mən bir şeyi başa düşmədim. Risalənin adını niyə İmam Əli qoyur ki?

Cavab: Səid Nursi ona Səkinə adlı bir kitab endiyini və gələcək bütün elm və sirlərin o kitabda olduğunu iddia edir. Öz kitabı da o dövr üçün gələcəyin sirlərindən olduğuna görə onu İmam Əlinin bildirməsi təbii bir haldır. Səid Nursi qısaca belə deyir:

“Həzrəti Cəbrayıl Səkinə adlı bir səhifəyə yazılmış ismi-əzəmi peyğəmbərimizin yanında Həzrəti Əlinin (Allah ondan razı olsun!) qucağına qoydu. Həzrəti Əli deyir ki, mən Cəbrayılın şəxsən özünü sadəcə olaraq göy qurşağı formasında gördüm. Onun səsini eşitdim, həmin səhifəni aldım və içərisində bu adları gördüm.

İsmi-əzəmdən bəhs edib bəzi hadisələrdən danışdıqdan sonra deyir ki, dünyanın başından (əvvəlindən) qiyamətə qədər bütün elmlər və mühüm sirlər bizə şahidlik dərəcəsində açıldı (verildi). Kim nə istəyirsə, soruşsun, bizim sözümüzə şübhə edənlər zəlil olurlar”27

Sual: Elə bir səhifə ki, içərisində dünyanın əvvəlindən qiyamət qopana qədər olan elmlər və sirlər var. Bu bir səhifə deyil, böyük bir kitab olar. Peyğəmbərimizin bu elm və sirləri bilməməyi qətidir. Ona görə də İmam Əli ondan üstün bir mövqeyə “qoyulur”. Sizcə Səid Nursi bu məlumatı haradan götürüb?

Cavab: Quranın gəldiyi yerdən götürdüyünü dedi axı!

Sual: O bununla nə əldə etməyə çalışır?

Cavab: Risaleyi-Nuru və şagirdlərini müqəddəsləşdirmək istəyirlər.28

Sual: Bütün bunlar mənim qanımı dondurdu. Bunlar nə qədər pis iddialardır…

Cavab: Quranda bu cür iddialarla əlaqədar olaraq belə deyilir:

“Vay o kimsələrin halına ki, öz əlləri ilə kitab yazarlar. Və sonra: “Bu, (kitab) Allah qatındandır”, – deyərlər. Onların məqsədlərin bunun müqabilində bir şey qazanmaqdır”.29

Sual: Mən bir çox nurçu insan tanıyıram. Onlar elmli, alicənab, namazlarını qılıb zəkatlarını verən və xüsusilə də tələbələri yetişdirib himayə etmək üçün çalışan insanlardır. Bəs bunlar necə olacaq? Onlar indi sizin haqqında danışdıqlarınızın çoxunu bilmirlər.

Cavab: Düzdür, Risaleyi-Nurda çox gözəl şeylər də var. Onların bəzilərini mən də bəyənirəm, mənim də xoşuma gəlir. Amma siz öz tanıdığınız nurçulardan soruşun, Risaleyi-Nurun onlara oxunan fəsillərinin sayı bir əlin barmaqlarının sayından çox deyil. Risalələrin dili ağır olduğuna görə o fəsilləri də ümumiyyətlə başa düşmürlər. Oxuyanların çoxunun da başa düşmədiklərinə, bir çox sözün öz zehinlərində ifadə etdiyi mənanı bildirdiyinə mən də şahid olmuşam. Lakin, bütün bunlar nurçuları xilas etməyə çatmaz. Belə ki, onlar öz ağıllarını işlətmədiklərinə görə, başqa sözlə, ağılları ilə hərəkət etmədiklərinə görə bunun cəzasını çəkəcəklər. Çünki “Allah “murdarlığı ağılını işlətməyənlərin üstünə yığar” (Yunus, 10/100).

Sual: Ağıllarını işlətmədiklərini haradan bilirsiniz?

Cavab: Onlara bu kitabların Səid Nursiyə yazdırıldığı deyildiyi vaxt səsləri çıxmır. Onların hər biri o kitabları Quranı oxuyan kimi oxuyur. Çünki nurçular arasında başlıca kitab Risaleyi-Nurdur. Belə edənlərin də ağıllarını işlətdiklərini demək mümkün deyil.

Sual: Onlar Səid Nursiyə həqiqətən də fövqəladə dərəcədə qiymət verirlər. Bu, məni həmişə narahat edib.

Cavab: Fövqəltəbii qiyməti şəxsən Səid Nursi özü verir. Onlar da onun arxasınca gedirlər. Misal üçün, belə bir iddia ortaya atılır ki, Əbdülqədir Geylani bu şeri 8 əsr bundan əvvəl Səid Nursi üçün yazıb. Həmin şer belədir:30

Bizi vasitəçi et, hər qorxu və darlıqda,

Hər şeydə hər zaman sidq-ürəkdən yetərəm imdada

Mən qoruyaram müridimi qorxduğu hər şeydə (n),

Qoruyuculuq edərəm ona hər şər və fitnədə.

Müridim istər şərqdə olsun, istərsə qərbdə,

Hansı yerdə olsa da yetişərəm imdada.31

Bu iddia Səid Nursinin 23 şagirdi tərəfində ortaya atılmışdır.32 Bu iddialarını sübuta yetirmək üçün cifir elmi deyilən xəyali şeylərə istinad edir və bu şerdə belə bir məna gizləndiyini deyirlər:

“O qəvsin müridi Səid Kürdi Rusiyada əsir olduğu, şimal-şərqi Asiyadan bidətçilərin əli ilə Asiyanın cənubuna sürgün edildiyi və Sibir  tərəflərindən qaçıb olduqca çox yer gəzib-dolanmağa məcbur qaldığı vaxtlarda Allahın izni sayəsində hövl və rəbbani qüvvə ilə ona kömək edər və onun dadına çataram”.

Sonra bu köməyin necə olacağı barədə belə deyilir:

“Bəli, həzrəti qəvsin mənim müridim adlandırdığı Səid əsir olaraq 3 il Asiyanın şimal-şərqində məhvedici çətinliklər içərisində həmişə qorundu. 3-4 aylıq yolu qaçaraq keçmiş, çox şəhərləri gəzmiş amma Qəvsin (Əbdülqədir Geylaninin) dediyi kimi həmişə mühafizə edilmişdir”.

Ustadımız deyir: “Mən hələ 8-9 yaşımda olduğum vaxtlarda bizim nahiyəmizdə və onun ətrafında yaşayan bütün əhali Nəqşi təriqətinə daxil idi. Onlar Qəvsi-Hizan deyilən məşhur bir şəxsdən kömək dilədikləri halda, mən qohum-əqrəbamıza və bütün əhaliyə zidd olaraq: “Ya Qəvsi-Geylani”, – deyirdim. Uşaq olmaq baxımından qoz kimi kiçik bir şeyim itsə, dərhal: “Ya Şeyx! Sənə bir Fatihə, sən mənim bu şeyimi tapdır!”, – deyirdim. Bu təəccüb doğura bilər, lakin, and içirəm ki, Həzrəti-Şeyx bu cür min dəfə öz hümmət və duası ilə mənim dadıma çatıb imdadıma yetmişdir.33

Bu inancın Qurana zidd olduğunu göstərən ayələrdən bəziləri aşağıdakı kimidir:

“Darda qalan şəxs dua etdiyi vaxt onun imdadına kim yetişib çətinlikdən xilas edir və kim sizi yer üzünün hakimləri edir? Məgər Allahla yanaşı başqa bir tanrı var? Siz nə qədər az düşünürsünüz”! (Nəml, 27/62).

Burada belə bir sual da meydana çıxır: Əgər gücün çatmadığı məsələlərdə Allahdan başqa birisindən kömək almaq mümkündürsə, onda kim Allaha sığınar? Allah Təala buyurur:

“De: “Allahdan başqa xəyalını qurduqlarınızı (tanrı güman etdiklərinizi) çağırın. Onların gücü nə sizin çətinliyinizi aradan qaldırmağa, nə də başqa bir tərəfə çevirməyə çatar. Onların çağırdıqları (tapındıqları) bu şeylər Rəblərinə hansı yaxındır deyə vəsilə axtarar, onun rəhmətini umub əzabından qorxarlar. Çünki Rəbbinin əzabı həqiqətən də qorxuncdur (dəhşətlidir)”! (İsra, 17/56-57).

“Allah sizin nəyi gizlədiyinizi, nəyi aşkar edib açığa vurduğunuzu yaxşı bilir!

Allahdan başqa çağırdıqları isə heç bir şey yarada bilməzlər; əksinə, onlar özləri yaradılmışlar.

Onlar ölüdürlər, diri deyil! Nə vaxt diriləcəklərini də bilə bilməzlər”. (Nəhl, 16/19-21).

“Onlardan: “Göyləri və yeri kim yaratdı?”, – deyə soruşsan, onlar qətiyyətlə: “Allah”, – deyəcəklər. Sən de: “Allahdan başqa nəyi köməyə çağırdığınıza heç baxdınızmı? Allah mənə bir sıxıntı vermək (zərər toxundurmaq) istəsə, onlar bu sıxıntını apara bilərlər? Ya da mənə bir yaxşılıq (mərhəmət) etmək istəsə, onlar buna mane ola bilərlər?”. De: “Mənə təkcə Allah bəsdir (kifayət edər). Təvəkkül edənlər ancaq ona təvəkkül etsinlər”! (Zumər, 39/38).

Sual: Səid Nursi ölüb. O, artıq özünü müdafiə edə bilməz. Belə bir şəxs haqqında danışmaq nə dərəcədə düzgündür?

Cavab: Səid Nursi Allah qarşısında haqq-hesab verəcək. Bizim ona bir xeyir, yaxud da zərər verməyimiz mümkün deyil. Bəlkə də o, ölməmişdən qabaq bütün xətalarından tövbə edib və Allahın hüzuruna günahsız gedib. Bizi maraqlandıran məsələ onun kitablarını dinin qaynaqlarından hesab edən böyük bir camaatdır. Biz onları əsl məsələdən xəbərdar etməyə çalışırıq.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Müəllif: İlahiyyat elmləri doktoru, professor Abdulaziz Bayındır. İstanbul Universitetinin İlahiyyat fakültəsi. []
  2. Bədiiuzzaman Səid Nursi, Tarixçeyi-Həyat, Sözlər nəşriyyatı, İstanbul, 1991, s. 34. Müqəddimədə göstərilir ki, bu kitab əslində 1958-ci ildə hazırlanmış, şəxsən Bədiiuzzaman Səid Nursi tərəfindən yoxlanılıb düzəldilmiş və elə onun redaktə etdiyi kimi nəşr edilmişdir. []
  3. Bədiiuzzaman Səid Nursi, Haşiyə, Tarixçeyi-Həyat, s. 33. []
  4. Həzrəti Muhəmməd (s. a. v.) nəzərdə tutulur. []
  5. Məhəmməd Rza Əl-Müzəffər, Əqaidul-İmamiyyə (Şiə inancları), Türk dilinə tərcümə edən Əbdülbaqi Gölpınarlı, İstanbul, 1978, s. 52-53. []
  6. Bu tərcümeyi-hal İstanbul fitva mərkəzinin arxivindəki Osmanlı alimləri ilə əlaqədar rəsmi qovluqlarda idi, lakin sonra bu qovluqların içi naməlum şəxslər tərəfindən boşaldıldı. Sadiq Albayraq bu məlumatları o qovluqlardakı sənədlər oğurlanmamışdan əvvəl yazıb nəşr etmişdir. Buna görə də bu məlumatları təkcə onun kitabında görmək mümkündür. Ətraflı məlumat üçün baxın: Sadiq Albayraq, Son Dövr Osmanlı Alimləri, İstanbul, 1996, IV cild, s. 271. []
  7. Sərf və nəhv elmləri nəzərdə tutulur. Sərf morfologiya (qrammatikada sözlərin müxtəlif formalarından bəhs edən hissə), nəhv isə sintaksisdir (qrammatikada cümlələrdən və cümlə içərisindəki sözlərin bir-birinə birləşdirilməsindən bəhs edən şöbə) – tərcüməçinin qeydi. []
  8. Birqivinin (vəfat tarixi hicri 981, miladi 1573-cü il) Ərəb dili qrammatikasından, xüsusilə morfologiyanın əsaslarından bəhs edən əsərlərindən biri. Bu əsərin bütöv adı İzharul-Əsrardır (Sirlərin İzahı) və Osmanlı dövləti dövründə mədrəsələrdə dərs kitabı kimi istifadə olunurdu. Kitabda verilən misallar adətən Quran ayələri və gözəl sözlərdən seçilmişdir – tərcüməçinin qeydi. []
  9. Tarixçeyi-Həyat, s. 44. []
  10. Tarixçeyi-Həyat, s. 45. []
  11. Kastamonu Lahiqəsi, 27-ci məktub, II cild, s. 1609, İstanbul, 1995. Burada mətn sadələşdirilmişdir. Əsli belədir:

    “Eski zamanda, ondört yaşında iken icazet almanın alâmeti olan üstad tarafından sarık sardırmak, bir cübbe bana giydirmek vaziyetine mâniler bulundu. Yaşımın küçüklüğüyle, memleketimizde büyük hocalara mahsus kisveyi giymek yakışmadığı. Sâniyen: O zamanda büyük âlimler, bana karşı üstadlık vaziyeti değil, ya rakib veyahut teslimiyet derecesine girdikleri için, bana cübbe giydirecek ve üstadlık vaziyetini alacak kendilerine güvenenler bulunmadı. Ve evliya-yı azîmeden dört-beş zâtın vefat etmeleri cihetinde, ellialtı senedir icazetin zahir alâmeti olan cübbeyi giymek ve bir üstadın elini öpmek, üstadlığını kabul etmek hakkımı bugünlerde, yüz senelik bir mesafede Hazret-i Mevlâna Zülcenaheyn Hâlid Ziyaeddin kendi cübbesini, o cübbeye sarılan bir sarık ile pek garib bir tarzda bana giydirmek için gönderdiğini bazı emarelerle bana kanaat geldi. Ben de o mübarek ve yüz yaşında cübbeyi giyiyorum. Cenab-ı Hakk’a yüzbinler şükrediyorum(Haşiye) Bu mübarek emaneti, Risale-i Nur talebelerinden ve âhiret hemşirelerimizden Âsiye namında bir muhterem hanımın eliyle aldım”. []

  12. Tarixçeyi-Həyatı, İlk Həyatı, II cild, s. 2128. []
  13. Şəmsəddin Sami, Qamusi-Türki, s. 738. []
  14. Şüalar, Sözlər nəşriyyatı, İstanbul, 1993, s. 617. İfadələr sadələşdirilib. Əsli aşağıdakı kimidir:

    “Kur’an’ın gizli hakikatleri Risale-i Nur ile birlikte bize iniyor! cümlesinin sarih bir manası asr-ı saadette vahiy suretiyle Kitab-ı Mübin’in nüzulü olduğu gibi, mana-yı işarîsiyle de, her asırda o Kitab-ı Mübin’in mertebe-i arşiyesinden ve mu’cize-i maneviyesinden feyz ve ilham tarîkıyla onun gizli hakikatları ve hakikatlarının bürhanları iniyor, nüzul ediyor”.

    “Quranın gizli həqiqətləri Risaleyi-Nur ilə birlikdə bizə enir! Tənzilul-Kitab cümləsinin sərih bir mənası əsri-səadətdə vəhy surəti ilə Kitabi-Mubinin nüzulu olduğu kimi mənayi-işarisi ilə də, hər əsrdə o Kitabi-Mubinin mərtəbeyi-ərşiyyəsindən və möcüzeyi-mənəviyyəsindən feyz və ilham təriqi ilə onun gizli həqiqətləri və həqiqətlərinin bürhanları enir, nüzul edir”.

    Səid Nursinin dediklərindən belə çıxır ki, Risaleyi-Nur Quranın nazil edildiyi yerdən eynilə Quran kimi vəhy vasitəsilə enib, onun gizli qalan həqiqətlərini, eyni zamanda o həqiqətlərin qəti dəlillərini Səid Nursiyə gətirir. []

  15. Şüalar, s. 709. İfadələr sadələşdirilib və əsli belədir:

    “Resail-in Nur denilen otuzüç aded Söz ve otuzüç aded Mektub ve otuzbir aded Lem’alar, bu zamanda, Kitab-ı Mübin’deki âyetlerin âyetleridir. Yani, hakaikının alâmetleridir ve hak ve hakikat olduğunun bürhanlarıdır. Ve o âyetlerdeki hakaik-i imaniyenin gayet kuvvetli hüccetleridir”. []

  16. “Sözlər” Risaleyi-Nurun böyük bir hissəsini təşkil edir. []
  17. Barla Lahiqəsi, s. 26. Burada mətn sadələşdirilmişdir. Əsli belədir:

    “Mübarek Sözler şübhesiz Kitab-ı Mübin’in nurlu lemaatıdır. İçinde izaha muhtaç yerler eksik olmamakla beraber küll halinde kusursuz ve noksansızdır”. []

  18. Səid Nursi, Şüalar, Sözlər nəşriyyatı, İstanbul, 1992, s. 231. []
  19. Ətraflı məlumat üçün baxın: Bəqərə, 2/256 və Ali-İmran, 3/103. []
  20. Eyni əsər. İfadələr sadələşdirilmişdir. Əsli belədir:

    “Rəsailun-Nur dəxi nə şərqin məlumatından, ülumundan və nə də qərbin fəlsəfə və fünunundan gəlmiş bir mal və onlardan iqtibas edilmiş bir nur deyildir. Bəlkə səmavi olan Quranın şərq və qərbin fövqündəki yüksək mərtəbeyi-ərşiyyəsindən iqtibas edilmişdi”. []

  21. Şüalar, Yeddinci Şüa (Ayətul-Kübra), Sözlər Nəşriyyatı, İstanbul, 1992, s. 84. []
  22. Yenə orada []
  23. Şüalar, Yeddinci Şüa (Ayətul-Kübra), Sözlər Nəşriyyatı, İstanbul, 1992, s. 84. 1 nömrəli qeyd və 261-ci səhifə. Yuxarıdakı yazı bu cümlənin tərcüməsidir:

    وبالآية الكبرى أمني من الفجت

    Ərəb dilində fəcət sözü yoxdur; məhz buna görə də o sözü fuc’ə kimi qəbul olunmuş, cümlə də bu cür tərcümə edilmişdir. []

  24. Şüalar, On beşinci şüa, s. 526. Bu ifadə qısaldılıb. Bütöv halda aşağıdakı kimidir:

    Birinci kəlmə لا إله إلا الله (La ilahə illəllah) kəlməsidir. Bunda olan hüccət (dəlil) isə mətbu (çap edilmiş) Ayətul-Kübra risaləsidir. O misilsiz hüccətin ecazkarlığı üçündür ki, İmam Əli (Allah ondan razı olsun) Nurun əczalarından xəbər verdiyi vaxt: “Ayətul-Kübranın xətri üçün məni qəfil ölümdən xilas et” (وبالآية الكبرى أمني من الفجت) , – deyib o Ayəti-Kübranı şəfaətçi edərək… []

  25. On beşinci şüa, s. 526. []
  26. Səid Nursi, Əmirdağ Lahiqəsi, Sözlər nəşriyyatı, İstanbul, 1992, s. 101. Mətn mənasını dəyişdirməmək şərti ilə dəyişdirilmişdir. []
  27. Qaynaqlı indeksli Risaleyi-Nur külliyyatı, II cild, Sikkeyi-Təsdiqi-Qeybi (On səkkizinci ləma), İstanbul, 1995, s. 2079. Mətnin əsli belədir:

    “Hazret-i Cebrail’in, Âlâ Nebiyyina (a.s.m.) huzur-u Nebevide getirip Hz. Ali’ye Sekine namıyla bir sayfada yazılı İsm-i Âzam, Hz. Ali’nin (r.a.) kucağına düşmüş. Hz. Ali diyor: “Ben Cebrail’in şahsını yalnız alâimü’s-sema suretinde gördüm. Sesini işittim, sayfayı aldım, bu isimleri içinde buldum” diyerek bu İsm-i Âzamdan bahs ile bazı hadisatı zikirden sonra tahdis-i nimet suretinde diyor ki: “Evvel-i dünyadan kıyamete kadar ulum-u esrar-ı mühimme bize meşhud derecesinde inkişaf etmiş, kim ne isterse sorsun, sözümüze şüphe edenler zelil olur. []

  28. Qaynaqlı indeksli Risaleyi-Nur külliyyatı, s. 2078. Oradakı ifadə eynilə belədir:

    Risaleyi-Nur şagirdlərinə və naşirlərinə qarşı Həzrəti Əlinin (Allah ondan razı olsun) irşadkârane və təvəccühkârane baxması və işarə etməsidir. []

  29. Onun müqabilində Axirəti əldən verdikləri üçün qazandıqları nə olursa olsun, azdır. “Bu həyatın təmin etdiyi fayda Axirətin yanında (Axirətlə müqayisədə) çox azdır” (Tövbə, 9/38) Vay onlara o əllərinin yazdığının ucbatından! Vay onların halına o qazandıqlarının ucbatından”! (Bəqərə, 2/79). []
  30. Şer Risaleyi-Nurda aşağıdakı kimidir:

    “Bizi aracı yap, her korku ve darlıkda.
    Her şeyde her zaman, candan koşarım imdada.

    Ben korurum müridimi korktuğu her şeyde.
    Koruyuculuk ederim ona, her şer ve fitnede.
    Müri­dim ister doğuda olsun, is­ter batıda,
    Hangi yerde olsa da yetişirim imdada”. []

  31. Səid Nursi, Sikkeyi-Təsdiqi-Qeybi, Sözlər nəşriyyatı, İstanbul, 1991, s. 119. []
  32. Adları belədir: Süleyman, Səbri, Zəkai, Asim, Rəf’ət, Əli, Əhməd Xosrov, Mustafa əfəndi, Rüşdü, Lütfü, Şamlı Tofiq, Əhməd Qalib, Zühdü, Bəkir bəy, Lütfi, Mustafa, Mustafa, Məsud, Mustafa Çavuş, Hafiz Əhməd, Hacı Hafiz, Mehmed əfəndi, Əli Rza. []
  33. Səid Nursi, Sikkeyi-Təsdiqi-Qeybi, Sözlər nəşriyyatı, s. 120. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
8.134 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Səid Nursi 06.07.09 8.134 dəfə oxundu
2 İranda misli görünməyən edam 26.05.16 902 dəfə oxundu
3 Xalqa aşılanmağa çalışılan din 10.05.16 652 dəfə oxundu