Müsəlmanlar

Peyğəmbərimizin bibisi qızı ilə evlənməsi

Peyğəmbərimizin bibisi qızı ilə evlənməsi

İslamın əleyhində danışanların ləkə yaxmağa çalışdıqları bu evliliyə keçməmişdən əvvəl həzrəti Zeynəbin ilk əri olan Zeyd ibn Harisəni tanıyaq:

Zeyd cahiliyyə dövründə evlərinə edilən basqın nəticəsində əsir alınır. Sonra da Məkkədə Ukaz ticarət mərkəzində əsir olaraq satılır, Həzrəti Xədicə də onu satın alır və Peyğəmbərə hədiyyə verir. Sonradan oğlunun Məkkədə olduğu xəbərini alan atası fidyəsini verərək oğlunu geri qaytarmaq məqsədilə Məkkəyə gəlir. Həzrəti Peyğəmbərin yaşadığı yeri soruşaraq Allah Rəsulunu tapır (bu dövrdə o, hələ peyğəmbərliklə vəzifələndirilməmişdi) və deyir:

“Ey Mutəllibin oğlu! Ey qövmünün bacısının oğlu! Siz Alahın şərəfli evinin yanında qalan insanlarsınız. Siz ehtiyacı olanların ehtiyacını təmin edir, əsirləri doydurursunuz. Biz sənin yanında olan oğlumuza görə gəlmişik. Bizə lütf et və gətirdiyimiz fidyənin əvəzində oğlumuzu bizə qaytar”, – deyirlər. Peyğəmbər onun oğlunun kimliyi ilə maraqlanır və Zeyd olduğunu öyrənən kimi onun ixtiyarının atasında olduğunu bildirir. Həzrəti Muhəmməd: “Əgər sizi istəyərsə, fidyəsiz sizin olsun. Yox, əgər mənimlə qalmaq istəyərsə, Allaha and olsun ki, mən, məni istəyənə qarşı fidyəni istəmərəm”, – buyurur.

Bundan sonra Zeyd ibn Harisəni çağırırlar. Rəsulullah ona atasını göstərərək: “Bunu tanıyırsanmı?” – deyə soruşur. Zeyd: “Bəli, bu, atamdır, bu da əmim”, – cavabını verir. Allah Rəsulu: “Mən də tanıdığın adamam. Sənə qarşı olan davranışımı və dostluğumu görmüsən. Kimi istəyirsən, özün seç!” – buyurur. Zeyd isə, “mən səndən başqa heç kimi seçə bilmərəm. Sən mənim həm atam, həm də əmim yerindəsən” cavabını verir. Bu cavabı eşidən atası da, əmisi də təəccüblə: “Heyf sənə, ey Zeyd! Köləliyi azadlıqdan, atandan, əmindən və bütün qohum-əqrabandan üstün tutursan?” – deyirlər. Zeyd də: “Mən bu adamdan elə yaxşılıqlar gördüm ki, heç kimi ondan üstün tuta bilmərəm”, – deyə cavab verir. Peyğəmbər bunu eşidən kimi onu Hicr deyilən yerə çıxararaq belə buyurur: “Ey camaat! Şahid olun ki, Zeyd mənim oğlumdur. O, mənə varis (mirasçı) olacaq”. Bundan sonra Zeydin atası da, əmisi də sevinc və fərəhlə öz qövmlərinə qayıdırlar.

Həzrəti Aişə danışır: “Bir dəfə Zeyd ibn Harisə Mədinədə bizi ziyarətə gəldi. Rəsulullah mənim otağımdaydı. Qapını döyəndə Allah Rəsulu qalxıb qapını açdı, onu qucaqladı və öpdü”. Başqa bir vaxt isə HəzrətiPeyğəmər: “Zeyd həqiqətən başçı olmağa layiqdir. O, ən çox sevdiyim insanlardandır”, – deyib. İbn Ömər belə deyir: “Atam Ömər xəlifə olduğu dövrlərdə Usaməyə (Zeydin oğludur) məndən çox maaş verəndə bunun səbəbini soruşdum. O da belə cavab verdi: “Rəsulullah onu səndən, atasını da sənin atandan çox istəyirdi”.

Təkcə bu rəvayətlərdən də başa düşmək olar ki, Peyğəmbər HəzrətiZeydi çox sevirdi. Bu, elə bir sevgiydi ki, ata-ana, qohum, vətən sevgisini də geridə qoyurdu. Qurani-Kərimdə də Zeyddən başqa heç bir səhabənin adı çəkilməmişdir. Bəli, HəzrətiZeyd belə bir insan olmuşdur.

Zeynəb binti Cahş isə Allah Rəsulunun bibisi Uməymənin qızıdır. İncə ruhlu bir qadın idi. Ərə getmək çağı gələndə HəzrətiPeyğəmbər onu oğulluğu Zeyd ibn Harisə üçün istəyir. Zeynəbin ailəsi əvvəlcə belə bir təklif qarşısında tərəddüd göstərəndə “Əhzab” surəsinin 36-cı ayəsi nazil olur. Bundan sonra həm ailəsi, həm də Zeynəb bu təklifi qəbul edir. Ancaq onlar qızlarını Peyğəmbərə vermək istəyirdilər. Peyğəmbərimiz bibisi qızını başqa adama istəyəndə onlar haqlı olaraq bir az tərəddüd göstəriblər. Lakin bu ayədən və Allah Rəsulunun istəməsindən sonra Zeynəbi HəzrətiZeydə verirlər. HəzrətiZeyd azad edilmiş bir kölə olduğuna görə, Zeynəb onunla yaşamaq istəmirdi, onu özünə tay qəbul etmirdi. Buna görə də bu evlilik həyatı məşəqqətə dönür. Axırda HəzrətiZeyd Allah Rəsulunun yanına gələrək Zeynəbdən ayrılmaq istədiyini bildirir. Bu hadisəni əvvəlcədən sezən Allah Rəsulu oğulluğunun boşanmaq istəyinin məcburiyyətdən gəldiyini bildiyi halda bunu Zeydə demir, “xanımını yanında saxla!”, deyərək səbr etməyi tövsiyə edir. Lakin bir müddətdən sonra Həzrəti Zeyd xanımını boşayır. Boşanandan bir müddət sonra Rəsulullah Allahın əmriylə Zeynəblə evlənir. Peyğəmbərin bu evliliyi İslam düşmənləri tərəfindən çox tənqid edilmişdir.

Allah bu evliliklə bağlı Qurani-Kərimdə belə buyurur:

“Həm Allahın nemət və ehsanına, həm də sənin ehsanına nail olan şəxsə “Zövcəni yanında saxla, Allahdan qorx!” deyir. Allahın açıqlayacağı bir vəziyyəti (Zeynəbin boşanacağı təqdirdə onunla evlənəcəyini) gizli saxlayırdın. Çünki insanlardan (“peyğəmbər oğulluğunun boşadığı qadınla evlənir” demələrindən) çəkinirdin. Halbuki ən çox Allahdan çəkinməlisən. Nəticədə Zeyd zövcəsini boşayıb onunla əlaqəni kəsəndən sonra Biz səni onunla evləndirdik ki, bundan sonra oğulluqları zövcələrin boşadıqları vaxt onlarla evlənməkdə möminlərə heç bir çətinlik olmasın. Allahın hökmü mütləq yerinə yetər!” (Əhzab surəsi, 37).

Zeynəb çox incə ruhlu bir qadın idi, Zeydi özünə rəva bilmirdi və onu Allah Rəsulu istədiyi üçün qəbul etmişdi. Ancaq ürəyi heç cür Zeydə isinmirdi. Hətta əksər hallarda ərinə ondan üstün olduğunu deməkdən belə çəkinmirdi. Həqiqətən də, hər iki tərəf belə evlilikdən razı qalmamışdı. Vəziyyət hər dəfə Peyğəmbərə bildirilir, Rəsulullah da həmişə səbir tövsiyə edərək onların ayrılmalarını istəmirdi. Çünki Peyğəmbər: “Allah yanında halal əməllərin ən çirkini boşanmaqdır”, deyə bildirib.

Yuxarıda qeyd etdiyimiz ayənin sonunda Uca Allah: “Allahın açıqlayacağı bir vəziyyəti gizli saxlayırdın. Çünki insanlardan çəkinirdin. Halbuki ən çox çəkinilməli olan Allahdır”, – buyurur. Bu ayədən də başa düşülür ki, həmin evlilik boşanma ilə nəticələnəcəyini, bundan sonra Rəsulullahın bibisi qızını alacağını Allah ona bildirmişdi. Ancaq bu məsələnin açıqlanmaması gərək idi, buna görə də Peyğəmbər heç kimə heç nə deyə bilmirdi. Əgər açıqaşkar bir əmr olsaydı, Peyğəmbərimiz bunu nə gizlədər, nə də gecikdirərdi, nəticəsindən asılı olmayaraq açıqlayardı. Bunu açıqlamaq Allah Rəsuluna o qədər çətin olmuşdu ki, bununla əlaqədar Həzrəti Aişə anamızdan belə nəql edilir: “Əgər Allah Rəsulu ona gələn vəhylərdən bir şey gizlətsəydi, bu evliliklə əlaqədar olan ayəni gizlədərdi”.

Peyğəmbərimiz bu məsələdə qəbiləsiylə qarşıqarşıya gəlməmək üçün tərəddüd göstərmişdi. Onun bu tərəddüdünün mənbəyi “ictihadi”dir, yəni öz görüşüdür. Allah Rəsulunun bu məsələni açıqlamaqdan çəkinməsinin səbəbi müsəlmanlar arasında və digər ərəb qəbilələrində bu hadisənin təsirinin haralara qədər gedəcəyi məsələsiydi. Allah Rəsulunun bu tərəddüdü çox davam etmədi, o, Allahın əmrindən sonra məsələdən hər kəsi agah etdi.

Zeynəbin boşanmasından sonra onunla evlənmək Peyğəmbərə çox təsir etmişdi. Allahın əmrindən üz çevirmək isə mümkün deyildi.

Cahiliyyə dövründə əsir düşənlər, kölələr ikinci sinif insan olaraq qəbul edilirdilər. Bu psixologiya sanki insanların beyninə hopmuşdu. İnsanlar arasındakı ədaləti, bərabərhüquqluluğu bayraq edən İslamın belə bir şeyi qəbul etməsini düşünmək ağılsızlıq olar. İslamda üstünlük insanların qul, ya azad olmalarıyla yox, ancaq və ancaq Allaha yaxşı bəndə olmaqla mümkündür. Qurani-Kərimdə: “Allah nəzdində ən dəyərliniz Ona qarşı gəlməkdən ən çox çəkinənizdir” (“Hucurat” surəsi, 13), buyurulur. Allah Rəsulu da: “Allah sizin surətinizə və mallarınıza baxmaz, ancaq qəlblərinizə və əməllərinizə baxar”, – buyurur. Ancaq cahiliyyə ərəblərinin ruhuna qədər işləmiş olan bu məsələni bir-iki sözlə çıxarıb atmaq imkanı yox idi. Peyğəmbəri-miz əsirləri azad etmək, onları alçaqlıq hissindən uzaqlaşdırmaq, xalqın beynində kölənin, əsirin ikinci sinif insan kimi qəbul edilməsini aradan qaldırmaq istəyirdi. Əksər işlərdə olduğu kimi, bu məsələdə də öz qohumlarından başladı, bibisi qızı Zeynəbi azad etdiyi köləsi Zeydə aldı və bununla əsarətdən azad edilmiş bir insanla azad insanın bərabər olduğunu hərəkətiylə sübut etdi. O dövrdə ərəblər arasında oğulluğa götürülənlər həqiqi övlad qəbul edilir, aralarında qan qohumluğu olanlarda keçən hökmlər oğulluqlara da şamil edilirdi. Allahın göstərişiylə oğulluğunun boşadığı xanımla evlənən Rəsulullah cahiliyyə dövründə qalmış bu hökmü və adəti də dəyişmiş oldu.

Zeynəbin Zeydlə dolana bilməməsi də göstərir ki, evlənərkən bərabərlik şərtdir. Bunun əksi olan evlililiklərdən gözəl nəticə gözləmək çox çətindir. Peyğəmbərimizin Zeynəblə evlənməsi göstərdi ki, qullar da insandır, ikinci sinif insan kimi rəftar görməməlidirlər, onların boşadıqları qadınla evlənməkdə də heç bir maneə yoxdur. Ancaq çox böyük stressdən sonra.

Müəllif: Elşad Miri

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.