Bəqərə surəsi
Müsəlmanlar > Quran Tarix: 19 Nisan 2010 Tövsiyə et Çap et

BƏQƏRƏ surəsi1

Bismillahi’r-Rəhmani’r-Rəhim!

1. Əlif, Lam, Mim.

2. Bu, o kitabdır. Bu kitabda şübhəyə yer yoxdur. Allahdan qorxub, pis əməllərdən çəkinənlərə doğru yolu göstərir.

3. Onlar qeybə[1] inanırlar. Namazı müntəzəm surətdə qılırlar. Onlara verdiyimiz ruzidən xeyirxah işlərə sərf edirlər.

4. Onlar sənə nazil olana da, səndən əvvəl endirilənlərə də inanırlar və axirətə qətiyyətlə iman gətirirlər.

5. Onlar Rəbbinin doğru yolu üzərindədirlər. Xilas olub qurtulanlar da onlardır.

6. Özünü görməməzliyə vuranlara[2] gəlincə, sən onları qorxutsan da, qorxutmasan da onlar üçün fərqi yoxdur; iman gətirməzlər.

7. Allah onların qəlblərinə və qulaqlarına möhür vurub.[3] Gözlərində də bir pərdə var. Onlar üçün böyük bir əzab vardır!

8. Bə’zi insanlar da: “Biz Allaha və axirət gününə inandıq!”, – deyirlər. Halbuki onlar iman gətirməyiblər.[4]

9. Allaha və mö’min insanlara qarşı oyun oynadıqlarını və onları aldatdıqlarını güman edirlər[5]. Halbuki, onlar ancaq özlərini aldadırlar və bundan xəbərdar deyillər!

10. Onların qəlblərində bir xəstəlik vardır. Allah bu xəstəliyi daha da artırar.[6] Yalan danışdıqlarına görə onları şiddətli bir əzab gözləyir!

11. Onlara: “Yer üzündə fitnə-fəsad törətməyin!”, – deyildiyi vaxt: “Biz ancaq yaxşı işlər görüb, nizam-intizamı qoruyuruq”, – deyə cavab verirlər.

12. Baxın! Əslində fitnə-fəsad törədib, qarışıqlıq salanlar məhz onlardır. Amma bunu dərk etmirlər.

13. Onlara: “Bu insanlar necə inandılarsa, siz də elə iman gətirin!”, – deyildiyi vaxt: “Biz də bu səfehlər kimi inanaq?”, – deyə cavab verirlər. Baxın! Əsl səfehlər onların özləridir, ancaq bunu bilmirlər.

14. Onlar mö’minlərlə üz-üzə gələndə: “Biz də sizin kimi inandıq”, – deyirlər. Halbuki, öz şeytanları ilə baş-başa qalanda: “Biz də sizinləyik, mö’minlərlə ancaq istehza edirik”, – deyirlər.

15. Əslində Allah onlarla istehza edər və onlara möhlət verər.[7] Onlar da öz tüğyanlarının içində karıxıb qalarlar.[8]

16. Onlar doğru yol [hidayət] əvəzinə əyri yolu [zəlaləti] satın almış kimsələrdir. Onların ticarəti heç bir xeyir gətirmədi və doğru yola gəlmədilər.

17. Onların halı od yandıran şəxsin halına oxşar. Yandırdığı od ətrafını işıqlandırdığı zaman, Allah gözlərinin nurunu söndürüb, onları zülmət qaranlıq içərisində qoyar və heç bir şey görməzlər.[9]

18. Onlar kar, lal və kordurlar. Artıq fikirlərindən daşınıb, geri qayıtmazlar.

19. Ya da göydən gurultu və şimşəklə yağıb boşalan şiddətli bir yağışa düşmüş kimidirlər. İldırımın səsindən ölüm qorxusu ilə barmaqlarını qulaqlarına tıxayırlar. Halbuki, Allah o kafirləri hər tərəfdən ehtiva edəndir [bürüyəndir]!

20. O şimşək az qalır ki, onların gözlərini çıxardıb kor etsin. Onların qabağına işıq saldıqca yeriyirlər, qaranlıq çökəndə də dayanırlar. Əgər Allah istəsəydi, onların qulaqlarını və gözlərini də əllərindən alardı.[10] Allah hər şeyə qadirdir!

21. Ey insanlar! Rəbbinizə ibadət edin! Sizi də, sizdən əvvəlkiləri də yaradan Odur. Bəlkə, müttəqi olasınız.

22. Sizin üçün yer üzünü döşəyən və göyü tavan edən o Allahdır. O, göydən su endirib, sizin üçün ruzi olsun deyə bu suyla müxtəlif məhsullar yetişdirdi. Artıq Allaha şərik qoşmayın! Siz ki bunu bilirsiniz.[11]

23. Bəndəmiz Məhəmmədə nazil etdiyimizə şəkk-şübhəniz varsa, siz də ona bənzər bir surə gətirin! Əgər sizin sözünüz doğrudursa, Allahdan başqa bütün şahidlərinizi çağırın!

24. Madam ki, bunu bacarmadınız, heç bacara da bilməzsiniz, elə isə özlərini görməməzliyə vuran kafirlər üçün hazırlanmış, yanacağı insanlardan və daşlardan olan cəhənnəm atəşindən qorunun.

25. İnanan və yaxşı işlər görənlərə müjdə ver! İçindən çaylar axan cənnətlər onlar üçündür. Onlar bu cənnətlərin meyvələrindən yedikləri vaxt: “Bu bizim əvvəllər də aldığımız ruzidir”, – deyəcəklər. Ancaq bu ruzi onlara dünyadakılara oxşar şəkildə verilib. Onlar üçün orada tərtəmiz zövcələr [qadınlar] də var. Onlar orada əbədi olaraq qalacaqlar!

26. Allah misal gətirməkdən çəkinməz; istər bir ağcaqanad olsun, istərsə ondan böyük bir şey. İman edənlər bunun öz Rəbbi tərəfindən verilmiş həqiqi bir misal olduğunu bilirlər. Kafirlər isə: “Allah bu misalla nə demək istəyir?”, – deyirlər. Allah bu yolla kimi şəxsləri əyri yola salır, bir çoxlarına da doğru yolu göstərir. Allah ancaq günahkarları [fasiqləri] əyri yola salır.

27. O şəxsləri ki, Allaha söz verdikdən sonra öz və’dlərinə xilaf çıxır[12], Allahın birləşdirilməsini əmr etdiyi şeyləri parçalayır[13] və yer üzündə fitnə-fəsad törədirlər. Onlar tamamilə ziyan içindədirlər!

28. Allahı necə inkar edirsiniz? Siz ölü idiniz, O sizə həyat verib diriltdi. Sonra sizi yenə cansız hala gətirəcək, daha sonra yenidən dirildəcək və siz Ona doğru qaytarılacaqsınız.

29. Yer üzündə nə varsa, hamısını sizdən ötrü yaradan, sonra göyə üz tutaraq onu yeddi qatlı səma halında düzəldib nizamlayan Allahdır. O, hər şeyi bilir!

30. Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə[14] yaradacağam”, – dediyi zaman mələklər: “Sən orada qarışıqlıq salan və qan tökən bir kəsmi yaratmaq istəyirsən?”, – deyib əlavə etdilər: “Amma nə eyləsən, gözəl eylərsən, buna görə biz də sənə tabe olub, qarşında boyun əyirik”. Allah onlara: “Mən sizin bilmədiklərinizi bilirəm”, – deyə buyurdu.

31. Allah Adəmə hər şeyin adını öyrətdi və onları mələklərə göstərdi. Sonra mələklərə belə dedi: “Əgər doğru söyləyirsinizsə, bunların adlarını mənə bildirin!”.

32. Mələklər cavab verdilər: “Biz sənə boyun əyirik. Biz sənin bizə öyrətdiklərindən başqa bir şey bilmirik. Bilən də, yerində qərar verən də sənsən!”.

33. Sonra Allah: “Ey Adəm! Bunların adlarını mələklərə bildir”, – dedi. Adəm o adları mələklərə bildirəndə Allah belə buyurdu: “Sizə demədimmi ki, mən yerin və göylərin sizin bilmədiyiniz sirlərini bilirəm? Sizin aşkara çıxartdığınız və gizlədib saxladığınız şeyləri də bilirəm!”.

34. Bir gün mələklərə: “Adəmə səcdə edin!”, – dedik. İblisdən başqa hamısı dərhal səcdə etdi. Yalnız İblis [şeytan] gürrələnərək səcdə etməkdən boyun qaçırdı və kafirlərdən oldu.

35. Adəmə: “Ey Adəm! Zövcənlə cənnətdə qalın və istədiyiniz meyvələrdən bol-bol yeyin. Ancaq bu ağaca yaxınlaşmayın! Yoxsa özünüzə zülm edərsiniz”, – dedik.

36. Sonra şeytan onları o ağacın ucbatından azdırıb, olduqları yerdən uzaqlaşdırdı. Biz də Adəmlə Həvvaya: “Enin oradan! Sizin biriniz digərinin düşmənidir. Yer üzündə sizdən ötrü bir sığınacaq və məişət vasitələri var”, – dedik.

37. Nəhayət Adəm Rəbbindən bə’zi xəbərdarlıqlar[15] aldı və tövbə etdi. Allah həqiqətən də, tövbələri qəbul edəndir, mərhəmət sahibidir!

38. Biz onlara: “Hamınız birlikdə yer üzünə enin! Mənim tərəfimdən sizə bir yol göstərən[16] gəldiyi zaman, kim onun yolunda getsə, üstlərində heç bir qorxu olmaz və onlar qəm-qüssə yeməzlər”, – dedik.

39. Özünü görməməzliyə vurub, kafir olanlar və ayələrimizi təkzib edənlər isə o atəşin dostu olacaq və həmişə orada qalacaqlar.

40. Ey İsrail oğulları! Sizə etdiyim yaxşılıqları xatırlayın! Mənə verdiyiniz sözü yerinə yetirin! Mən də sözümü yerinə yetirərəm.[17] Yalnız məndən qorxun!

41. Sizin kitabınızı təsdiqləyici şəkildə nazil etdiyim bu kitaba inanın. Onun qarşısında özünü görməməzliyə vurub, kafirlik edənlərin birincisi siz olmayın. Mənim ayələrimi ucuz bir qiymətə satmayın və yalnız məndən qorxub çəkinin!

42. Haqqa nahaq deyib, ona yalan donu geyindirməyin![18] Onu bilə-bilə gizlətməyin!

43. Namazı müntəzəm surətdə qılın, zəkat verin və boyun əyənlərlə birlikdə siz də boyun əyin!

44. Siz insanlara gözəl işlər görmələrini buyurub, özünüzü unudursunuz? Halbuki, o kitabı da oxuyursunuz. Heç düşünmürsünüzmü?

45. Səbrli olub, namaz qılmaqla kömək diləyin. Bu iş itaət edənlərdən başqasına ağır gələr.

46. İtaət edənlər öz Rəbbinə qovuşacaqlarını bilənlərdir. Onlar əvvəl-axır onun hüzuruna qayıdacaqlar.

47. Ey İsrail oğulları! Sizə etdiyim yaxşılıqları xatırlayın! Sizi aləmdə xəlq edilmişlərdən üstün tutduğumu da…[19]

48. Elə bir gündən qorxun ki, o gün heç kim bir-birinin yerinə cəza çəkməyəcək. O gün heç kimdən şəfaət qəbul edilməyəcək və əvəz alınmayacaq. Onlara [günahkarlara] heç bir kömək edilməyəcək!

49. Bir gün sizi Fir’onun adamlarının əlindən alıb xilas etmişdik. Onlar sizə ən ağır cəzaları verməyə çalışırdılar və oğlan uşaqlarınızın boğazını kəsib, qadınlarınızı sağ buraxırdılar. O işin içində sizin üçün Rəbbiniz tərəfindən böyük bir imtahan var idi.

50. Biz sizin üçün dənizi yarıb sizi xilas etdik və Fir’onun adamlarını gözünüz görə-görə suya qərq edib boğduq.

51. Bir gün [Tur dağında vəhy alması üçün] Musaya qırx gecəlik və’də vermişdik. Sonra siz onun ardından o buzovu[20] tanrı olaraq qəbul etdiniz və özünə zülm edənlərdən oldunuz.

52. Sonra da sizi bağışladıq ki, bəlkə şükr edəsiniz.

53. Sonra Musaya o kitabı və yaxşı ilə pisi bir-birindən ayırma qabiliyyəti [Furqan][21] verdik ki, bəlkə, siz haqqın yoluna gələsiniz.

54. Bir gün Musa öz xalqına səslənib: “Ey xalqım! Siz o buzova sitayiş etməklə həqiqətən də, özünüzə zülm etdiniz. Dərhal sizi yaradana üz tutub, tövbə edin! Sonra nəfsinizi öldürün. Bu, sizi yaradanın yanında sizin üçün daha yaxşıdır”, – demiş və sonra Allah tövbənizi qəbul etmişdi. O, tövbələri qəbul edən və bağışlayandır!

55. Və siz: “Ey Musa, Allahı açıq-aşkar görənə qədər sənə inanmayacağıq”, – deyəndə, o şiddətli gurultu sizi sarsıtmışdı. Siz də baxa-baxa qalmışdınız.

56. Sonra sizi ölümünüzün ardınca diriltdik ki, bəlkə, şükr edəsiniz.

57. Bir də üstünüzə buludlarla kölgə salıb, sizə qüdrət halvası və bildirçin verdik. Sizə: “Ruzi olaraq verdiyimiz şeylərin təmizlərindən yeyin”, – dedik. Onlar bizə deyil, yalnız özlərinə zülm etdilər.

58. Bir gün onlara belə dedik: “Bu kəndə girib, orada istədiyiniz şeylərdən bol-bol yeyin və qapıdan səcdə edən halda əyilərək girin. «Hittə [yükü qaldır]!» deyin ki, sizin xətalarınızı bağışlayım. Biz gözəl iş görənlərin savabını artıracağıq.

59. Özlərinə zülm edənlər onlara deyilən sözü başqa bir sözlə dəyişdirdilər.[22] Biz də o zalimlərə törətdikləri günaha görə göydən şiddətli bir əzab göndərdik.

60. Bir dəfə Musa öz xalqı üçün su axtarırdı. Biz ona: “Əsanı bu daşa vur!”, – dedik. Daşdan dərhal on iki bulaq qaynadı. Hər kəs öz bulağını tanıdı. Sonra onlara: “Allahın sizə verdiyi ruzidən yeyin-için, ancaq yer üzündə fitnə-fəsad törətməyin!”, – dedik.

61. Siz belə dediniz: “Ey Musa! Biz eyni yeməyə tab gətirə bilməyəcəyik. Rəbbinə dua et ki, bizə yerdə yetişən şeylərdən – tərəvəzdən, xiyar, sarımsaq, mərcimək və soğanından versin”. Musa isə: “Siz faydalı olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək istəyirsiniz? Elə isə bir şəhərə gedin, orada istədiyiniz şeyləri tapa bilərsiniz”, – deyə cavab verdi. Onların üzərinə zillət və miskinlik damğası vuruldu və Allahın qəzəbinə düçar oldular. Çünki onlar Allahın ayələri qarşısında özlərini görməməzliyə vurub, kafirlik edir və peyğəmbərləri nahaq yerə öldürürdülər. Üsyan edir və hədlərini aşırdılar.[23]

62. İman gətirənlər, yəhudi, xristian və sabiilər… Bunlardan kim Allaha və axirət gününə inanıb, yaxşı işlər görsə, onların mükafatı Rəbbinin yanındadır. Onların üstündə heç bir qorxu olmaz və qəm-qüssə yeməzlər.

63. Bizə söz verdiyinizi və Tur dağını sizin başınızın üstünə qaldırdığımızı yadınıza salın. Biz: “Sizə verdiyimiz kitabdan möhkəm yapışın, içindəki şeyləri unutmayın!”, – dedik ki, bəlkə, siz pis əməllərinizdən çəkinəsiniz.

64. Sonra yenə üz çevirdiniz. Əgər üzərinizdə Allahın yaxşılığı və mərhəməti olmasaydı, ziyan çəkənlərdən olardınız.

65. Siz bilirsiniz ki, sizin aranızdan bə’zi şəxslər şənbə günü qadağasına riayət etmirlər. Buna görə də biz onlara: “Yazıq meymunlar olun!”, – dedik.[24]

66. Biz bunu o dövrdə yaşayanlar və onlardan sonra gələnlər üçün görk, müttəqilərdən ötrü də ibrət dərsi olsun deyə etdik.

67. Bir gün Musa öz xalqına: “Allah sizin bir inək kəsməyinizi əmr edir”, – dedi. Onlar isə: “Sən bizi ələ salırsan?”, – dedilər. Musa da: “Cahil olmaqdan Allaha sığınıram”, – deyə cavab verdi.

68. Onlar dedilər: “Bizim üçün Rəbbinə dua et və soruş ki, o inək necə olmalıdır?”. Musa onlara: “Allah o inəyin nə çox yaşlı, nə də çox cavan deyil, bu ikisinin arasında olduğunu buyurur. Sizə əmr olunanı yerinə yetirin!”, – dedi.

69. Onlar dedilər: “Bizdən ötrü Rəbbinə dua et ki, bizə onun rəngini də bildirsin”. Musa: “[Allah] onun sarı rəngdə və görənlərə zövq verən [bir inək] olduğunu buyurur”, – dedi.

70. Onlar dedilər: “Bizdən ötrü Rəbbinə dua et, qoy bizə onun nə olduğunu bildirsin; çünki biz inəkləri bir-birinə oxşadırıq. Əgər Allah istəsə [biz bu məsələ barəsində], əlbəttə, doğru yolda olarıq”.

71. [Musa] dedi: “[Allah] buyurur ki, o bir buğadır; nə [kotana] qoşulub torpaq sürmüş, nə də əkin suvarmışdır. Ləkəsi [qaşqası] da yoxdur”. Onlar: “İndi düzgün şərhi gətirdin”, – dedilər və onu [inəyi] kəsdilər. Ancaq az qalmışdı ki, bunu etməsinlər.[25]

72. Bir gün bir nəfəri öldürüb, günahı bir-birinizin üstünə atırdınız. Allah sizin gizlətdiklərinizi meydana çıxardandır!

73. Bu zaman biz: “[Kəsilmiş inəyin] bir parçasını ona [ölüyə] vurun!”, – dedik. Allah ölüləri belə dirildir[26] və sizə öz mö’cüzələrini göstərir ki, bəlkə, siz ağlınızdan istifadə edib bunu anlayasınız.

74. Bundan sonra sizin qəlbləriniz yenə sərtləşib daş kimi, bəlkə, daha da qatı oldu. Elə daş var ki, içindən irmaqlar axar, elə daş da var ki, yarılıb içindən su fışqırar. Daş var ki, Allahın qorxusundan [dağdan, qayadan] aşağıya yuvarlanıb düşər. Allah sizin etdiklərinizdən bixəbər deyildir!

75. [Ey iman gətirənlər!] Siz indi onların sizə inanacaqlarını umursunuz? Halbuki, onların içərisində elə bir dəstə vardı ki, Allahın kəlamını eşidib anlayandan sonra, onu qəsdən başqa tərəfə çəkirdilər.[27]

76. İnananlarla görüşdükləri zaman: “İman gətirdik”, – deyirlər. [Bir-birlərilə] xəlvətdə qaldıqları zaman, biri digərinə: “Allahın sizə bildirdiyi şeyi[28] xəbər verirsiniz ki, Rəbbinizin hüzurunda onları sizə qarşı dəlil gətirsinlər? Bunu anlamırsınız?”, – deyirlər.

77. Məgər onlar bilmirlər ki, Allah onların gizlətdiklərini də, aşkara çıxartdıqlarını da bilir?

78. Onların arasında ümmi[29] olanlar vardır. Onlar o kitabı [Tövratı] bilməzlər. Bütün bildikləri [şey] anlamadan oxumaqdır [əmani].[30] Onlar ancaq zənnə qapılırlar.

79. Vay o şəxslərin halına ki, öz əlləri ilə kitab yazıb, sonra müqabilində bir miqdar pul almaq üçün: “Bu, Allah tərəfindəndir!”, – deyirlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şey üçün vay onların halına![31]

80. Onlar [yəhudilər]: “Cəhənnəm atəşi bizi yandırsa, ancaq bir neçə gün yandırar”, – deyərlər. [Ey Məhəmməd!] Onlara de: “Siz Allahdan belə bir və’d almısınızmı? Allah öz əhdindən heç vaxt dönməz. Yoxsa siz Allaha qarşı bilmədiyiniz bir şeyimi söyləyirsiniz?”

81. Xeyr, günah qazanan və qazandığı günahlarla əhatə olunanlar o atəşin [cəhənnəm odunun] dostlarıdır və əbədiyyən orada qalacaqlar!

82. İman gətirənlər və yaxşı iş görənlər isə cənnətlikdirlər [cənnətin dostlarıdırlar] və həmişəlik orada qalacaqlar!

83. Bir gün biz İsrail oğullarından: “Allahdan başqasına ibadət etməyin, ata-ananıza, yaxın qohum-əqrəbanıza, yetimlərə, fəqir-füqəraya [miskinlərə] ehsan [kömək və yaxşılıq] edin, insanlara xoş söz deyin, namaz qılıb, zəkat verin!”, – deyə qəti bir söz [əhd-peyman] aldıq. Sonra sizin az bir qisminiz istisna olmaqla, əhdinizdən döndünüz. Siz [İsrail oğulları] üz döndərənsiniz.

84. Bir dəfə sizdən yenə: “Bir-birinizin qanını tökməyin, bir-birinizi yurd-yuvanızdan çıxartmayın!”, – deyə qəti bir söz aldıq. Sonra siz bunu qəbul etdiniz. Siz buna şahidsiniz.

85. Siz artıq elə bir haldasınız ki, [verdiyiniz bu sözdən sonra] bir-birinizi öldürür, sizin özünüzdən olan bir tayfaya zülm və düşmənlik etmək üçün əlbir olub, onları öz yurd-yuvalarından çıxardırsınız. Onlar əsir düşüb, sizin yanınıza gəlsələr, qan bahalarını [fidyələrini] verib azad edirsiniz. Halbuki, onları sürgün etmək sizə haramdır. Məgər siz kitabın bir qisminə inanır və digər qismini inkar edirsiniz? Sizdən bunu edənlərin cəzası nədir?! Dünyada [dünya həyatında] pərişan olmaqdan başqa bir şeymi? Belələri Qiyamət günündə də ən şiddətli əzaba düçar olacaqlar! Allah sizin etdiklərinizdən xəbərsiz deyildir!

86. Onlar axirəti dünya həyatına satanlardır. Buna görə də onların nə əzabı azalar [yüngülləşər], nə də onlara kömək edilər.

87. Biz Musaya kitab [Tövratı] verdik, onun ardınca da peyğəmbərlər göndərdik. Məryəm oğlu İsaya açıq-aşkar mö’cüzələr verdik və onu müqəddəs ruhla[32] gücləndirdik. Siz hər dəfə nəfsinizi oxşamayan [xoşunuza gəlməyən, ürəyinizə yatmayan] bir əmrlə gələn peyğəmbərə qarşı təkəbbürlü davranmırdınızmı? Buna görə onların bə’zilərini təkzib etdiniz, bir qismini də öldürdünüz.

88. [Yəhudilər] dedilər: “Bizim qəlblərimiz toxdur”.[33] Əksinə, Allah onlara küfrləri ucbatından lə’nət etmişdir. Onların ancaq az bir qismi iman gətirər.

89. Onlara Allah tərəfindən öz əllərindəkini [Tövratı] təsdiq edən bir kitab [Qur’ani-Kərim] gəldiyi zaman [onu inkar etdilər]. Halbuki, əvvəllər [Məhəmməd əleyhissəlamdan əvvəl] kafirlər üzərində zəfər qazanmaq üçün yalvarıb-yaxarırdılar. [Gələcəyini əvvəlcədən] Bildikləri peyğəmbər gəldiyi zaman onu inkar etdilər [kafirlik etdilər]. Allah kafirlərə lə’nət etsin!

90. Allahın öz lütfünü istədiyi şəxsə bəxş etməsini qısqanaraq [buna həsəd apararaq][34] onun [Allahın] göndərdiyini [Qur’anı] inkar etməklə, [yəhudilərin] vicdanlarını satmaları [bu cür boş və mə’nasız bir məğrurluq etmələri] necə də pisdir! Onlar bununla [özlərinə qarşı] Allahın qəzəbinin üstünə bir qəzəb də artırdılar. Kafirlər üçün alçaldıcı bir əzab vardır!

91. Onlara: “Allahın endirdiklərinə inanın!”, – deyildiyi vaxt, onlar: “Biz özümüzə nazil edilənə inanırıq”, – deyib, ondan başqasını inkar edirlər. Halbuki, o [Qur’an], onların əllərindəkini [Tövratı] təsdiq edən bir həqiqətdir. [Ey Məhəmməd!] Onlara de: “Əgər siz iman gətirmiş şəxslərsinizsə, bəs niyə əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?”.

92. Musa sizə açıq-aşkar mö’cüzələr [dəlillər] gətirmişdi. Sonra onun ardından o buzova sitayiş edərək [özünüzə] zülm etdiniz.

93. Biz sizdən qəti bir söz [əhd-peyman] alıb, Tur dağını sizin üzərinizə qaldırmış və: “Sizə verdiyimizdən [Tövratdan] möhkəm tutun və dinləyin!”, – [demişdik]. Onlar da: “Eşitdik və möhkəm yapışdıq”[35], – demişdilər. Halbuki, kafirlik etmələri ucbatından buzovun məhəbbəti qəlblərinə hakim olmuşdu [onların qəlblərini bürümüşdü]. [Ya Məhəmməd!] Onlara söylə: “Əgər iman gətirmisinizsə, öz imanınızın sizə bu cür əmr verməsi necə də pisdir!”.

94. Onlara de: “Əgər o son yurd[36] Allah yanında başqa kimsələrə deyil, yalnız sizə xas qılınıbsa və əgər siz doğru deyirsinizsə, dərhal ölümü diləyin!”.

95. Onlar öz əməllərini bildiklərinə görə heç vaxt ölümü istəməzlər. Allah zalimləri tanıyandır!

96. Sən onları bütün insanlardan, hətta müşriklərdən belə [müşriklərdən də artıq], yaşamağa daha həris görərsən. Onların hər biri min il yaşamaq istər, halbuki [uzun ömür sürmək], onların heç birini o əzabdan xilas etməz. Onlar nə etsələr, Allah görür.

97. Cəbrailə düşmən olana de ki, onu [Qur’ani-Kərimi] özündən əvvəlkiləri təsdiq edən, iman gətirənlər üçün isə hidayət və müjdəçi olaraq Allahın izni ilə sənin qəlbinə o endirmişdir.

98. Kim Allaha, onun mələklərinə və peyğəmbərlərinə, Cəbrail və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da kafirlərə düşməndir.

99. Biz sənə açıq-aşkar dəlillər göndərdik, onları yalnız yoldan çıxanlar [fasiqlər] inkar edərlər.

100. Onlar hər dəfə əhd bağlayanda onların bir qismi onu pozmadımı? Xeyr, onların əksəriyyəti inanmır.

101. Onlara Allah tərəfindən əllərindəkini [Tövratı] təsdiq edən bir elçi gəldiyi zaman, kitab verilənlərdən bir qismi guya bilmirmiş kimi, Allahın kitabından üz döndərdi [Allahın kitabına arxa çevirdi].

102. Onlar Süleymanın hakimiyyəti barəsində şeytanların uydurduqlarına [oxuduqlarına] uydular. Süleyman kafir olmadı, lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə endirilənləri insanlara öyrədib kafir oldular. Halbuki [o iki mələk]: “Bizimki sadəcə olaraq bir sınaqdır, sən gəl kafir olma!”, – deməmiş heç kəsə sehr öyrətmirdilər. Ancaq o ikisindən [mələklərdən] yenə də ər-arvad arasına nifaq salan işləri öyrənirdilər.[37] Ancaq onlar [sehrbazlar] Allahın izni olmadan heç kimə ziyan vura bilməzlər. Onlar yalnız özlərinə zərəri olan, amma faydası olmayan şeyləri öyrənirdilər. Yaxşı bilirdilər ki, sehri satın alanların axirətdə heç bir payı yoxdur. Kaş ki, onlar özlərini nə qədər pis bir şeyə satdıqlarını biləydilər!

103. Əgər onlar iman gətirib, çirkin əməllərdən çəkinsəydilər, Allah tərəfindən qazandıqları savab daha xeyirli olardı. Kaş ki, bunu biləydilər!

104. Ey iman gətirənlər! “Bizi otar!”, – deməyin, “Bizə bax!”, – deyin. Eşidin![38] Kafirlər üçün şiddətli bir əzab vardır!

105. Əhli-kitabdan olan kafirlər sizə Rəbbinizdən bir xeyir göndərilməsini istəməzlər. Müşriklər də belədir. Ancaq Allah öz mərhəmətini kim istərsə, ona bəxş edər.[39] Allah böyük mərhəmət sahibidir!

106. Biz bir ayəni [ayənin hökmünü] dəyişdirir [ləğv edir] və ya onu unutdururuqsa, ondan daha xeyirlisini, yaxud ona oxşarını gətiririk.[40] Allahın hər şeyə qadir olduğunu bilmirsənmi?!

107. Məgər sən bilmirsənmi ki, göylərin və yerin hökmranlığı ancaq Allaha məxsusdur və sizin Allahdan başqa [Allahın duunundan][41] bir dostunuz və yardımçınız yoxdur?

108. Yoxsa siz də bundan qabaq Musa sorğu-suala çəkildiyi kimi, öz peyğəmbərinizi sorğu-suala tutmaq istəyirsiniz? İmanı küfrə dəyişən hər kəs, həqiqətən, orta yoldan [doğru və haqq yoldan] azmışdır.

109. Əhli-kitabdan bir çoxu bunu istəyər: Kaş ki, sizi siz inandıqdan sonra kafir halına sala biləydilər. Bu həqiqətlər[42] onlara açıq-aydın hala gəldikdən sonra sizə paxıllıq etdikləri üçün belə edərlər. Onları bağışlayın və Allah onların başına bir iş gətirənə qədər buna göz yumun. Şübhəsiz ki, Allahın gücü hər şeyə çatar!

110. Namaz qılın, zəkat verin! Özünüzdən ötrü etdiyiniz xeyri [gözəl əməllərin əvəzini] Allah yanında taparsınız. Allah sizin etdiklərinizi görəndir!

111. Onlar dedilər: “Cənnətə yəhudi və xristianlardan başqa heç kəs girə bilməyəcək!”. Bu ancaq onların xam xəyalıdır. Onlara de: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!”.

112. Xeyr! Kim yaxşı işlər görüb, özünü Allaha təslim etsə, onun Rəbbi yanında mükafatı vardır. Üstlərində heç bir qorxu olmaz və onlar qəm-qüssə yeməzlər.

113. Yəhudilər: “Xristianlar heç bir şeyə istinad etmirlər”, – dedilər. Xristianlar da: “Yəhudilərin bir istinadgahı yoxdur”, – dedilər. Halbuki, onların ikisi də kitab [Tövrat və İncil] oxuyur.[43] Bilməyənlər[44] də onlar kimi dedilər. Allah onların aralarındakı bu ixtilafın hökmünü Qiyamət günündə vərəcəkdir!

114. Allahın məscidlərində[45] Onun [Allahın] adının çəkilməsinə mane olanlardan və onların xarab edilməsinə çalışanlardan daha zalim kim ola bilər?! Halbuki, onlar buralara qorxa-qorxa girməli idilər. Onların payları bu dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzabdır!

115. Şərq də Allahındır, qərb də! Haraya üz tutsanız, Allahın üzü oradadır [Allah oradadır]! Şübhəsiz ki, Allah hər şeyi ehtiva etmişdir və hər şeyi bilir!

116. Dedilər: “Allah övlad götürmüşdür”. Allah pak və müqəddəsdir! Xeyr, göylərdə və yerdə nə varsa, hamısı Ona aiddir, hamısı Ona boyun əyər![46]

117. O, göyləri və yeri yoxdan yaratmışdır. Bir işə qərar verdiyi zaman, onun üçün yalnız: “Ol!”, – deyər və o [dərhal] olar.

118. Bilməyənlər [cahillər] dedilər: “Kaş ki, Allah bizimlə də danışaydı, bizə də bir ayə gələydi!”. Onlardan əvvəlkilər də belə demişdilər. Onların qəlbləri bir-birinə bənzədi. Biz yəqinliklə [qətiyyətlə] inananlara ayələrimizi [dəlillərimizi] açıq-aydın göstərdik.

119. Biz səni haqq ilə [Qur’anla] müjdə verməyə və xəbərdarlıq etməyə [qorxutmağa] göndərdik. Sən cəhənnəm əhlindən məs’ul olmayacaqsan [onlar barəsində sorğu-suala tutulmayacaqsan].

120. Sən yəhudi və xristianların dininə tabe olmayınca onlar səndən əsla razı qalmayacaqlar. De: “Doğru yol yalnız Allahın yoludur!”. Əgər sənə gələn elmdən sonra onların istəklərinə tabe olsan, o vaxt sənin Allahdan nə bir dostun qalar, nə də köməkçin.

121. Verdiyimiz kitabı layiqincə oxuyanlar… Onlar o kitaba iman gətirənlərdir. Onu inkar edənlər isə itirənlərdir [zərər içində olanlardır].

122. Ey İsrail oğulları! Sizə verdiyim ne’məti və sizi aləmlər üzərində üstün etdiyimi[47] xatırlayın!

123. Elə bir gündən qorxun ki, o gün heç kim heç kəsin yerinə cəza çəkməyəcək[48], heç kimdən əvəz qəbul edilməyəcək, şəfaətin[49] heç kəsə faydası olmayacaq və onlara heç bir kömək göstərilməyəcək!

124. Rəbbi İbrahimi bir neçə sözlə imtahan etdi.[50] O da [bunları] tamamilə yerinə yetirib tamamladı. Rəbbi ona: “Mən səni insanlara başçı tə’yin edəcəyəm!”, – dedi. İbrahim: “Mənim nəslimdən necə?”, – deyə soruşdu. [Allah]: “[Sənin soyundan olan] Zalimlər mənim əhdimə nail olmazlar!”, – buyurdu.

125. Biz Kə’bəni insanlar üçün savab qazanmaq və əmin-amanlıq yeri halına gətirdik. İbrahimin durduğu yerin bir qismini[51] dua yeri [namazgah] edin! İbrahim və İsmailə də: “Evimi [Kə’bəni] təvaf edənlər, ibadətə qapananlar, boyun əyib rüku və səcdə edənlər üçün tərtəmiz saxlayın!”, – deyə öhdəlik verdik.

126. O gün İbrahim: “Ey Rəbbim, buranı e’tibarlı [bəladan uzaq] bir şəhər et, onun əhalisinin Allaha və axirət gününə iman gətirənlərinə hər məhsuldan ruzi ver!”, – deyə dua etdiyi zaman, Allah: “Kafir olana da bir qədər ruzi verərəm, ancaq sonra onu cəhənnəm əzabına düçar edərəm. Nə pis haldır bu!”, – deyə buyurdu.

127. İbrahim ilə İsmail Kə’bənin bünövrəsini ucaltdıqları zaman: “Ey Rəbbimiz! Bizdən qəbul et, həqiqətən də, eşidən də sənsən, bilən də!”, – deyə dua etdilər.

128. [İbrahim və İsmail belə dedilər]: “Ey Rəbbimiz! Bizim ikimizi də sənə təslim olmuş [müsəlman] et, bizim nəslimizdən yetişənləri də sənə təslim olmuş [müsəlman] ümmət et, bizə ibadət yerlərimizi[52] göstər və tövbəmizi qəbul et! Həqiqətən, sən tövbələri qəbul edənsən, mərhəmət sahibisən!”.

129. [Onlar belə davam etdilər]: “Ey Rəbbimiz! Onların [bizim soyumuzun] içərisindən özlərinə elə bir elçi [peyğəmbər] göndər ki, onlara sənin ayələrini oxusun, kitabı və hikməti onlara öyrətsin, onları [günahlardan] təmizləsin.[53] Həqiqətən, qüdrətli olan da, doğru qərar verən də sənsən!”.

130. Özünü səfehliyə vurandan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, biz onu dünyada seçkin etdik. Şübhəsiz ki, o, axirətdə də əməlisaleh olanlardandır!

131. Rəbbi ona [İbrahimə]: “Təslim ol!”, – dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldum!”, – dedi.

132. İbrahim bunu oğullarına vəsiyyət etdi. Yaqub da belə etdi. Dedi: “Ey oğullarım! Bu dini sizə Allah seçdi. Son nəfəsinizə qədər müsəlman olun!”.

133. Yaqub ölüm döşəyində ikən siz orada olmaq istəyərdiniz?[54] O gün oğlanlarından: “Məndən sonra nəyə ibadət edəcəksiniz?!”, – deyə soruşduğu zaman, onlar: “Sənin ilahına ibadət edəcəyik! Sənin ataların İbrahim, İsmail və İshaqın ilahına – o tək Allaha… Biz ona təslim olmuş kəslərik!”, – demişdilər.

134. Onlar [İbrahim, Yaqub və onların yolunu tutub gedənlər] bir ümmət idilər ki, gəlib keçdilər. Onların qazandıqları onlara, sizin qazandığınız sizə aiddir. Siz onların etdiklərindən məs’ul deyilsiniz.

135. [Yəhudi və xristianlar]: “Doğru yolu tapmaq üçün yəhudi, yaxud xristian olun!”, – dedilər. Sən de: “Xeyr, İbrahimin haqq dininə girin! O, Allaha şərik qoşanlardan deyildi!”.

136. Siz belə deyin: “Biz Allaha, bizə endirilənə, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına nazil edilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə inanmışıq. Onların birini digərindən ayırmırıq. Biz Allaha təslim olan kəslərik!”.

137. Əgər onlar da sizin kimi inansalar, doğru yolu taparlar. Əgər üz döndərsələr, ixtilafa düşərlər [sizə qarşı düşmənlik bəsləmiş olarlar]. Onlara qarşı Allah sənə kifayət edər. O, eşidəndir, biləndir!

138. Allahın boyası [Allahın dini]…[55] Allahın boyasından [dinindən] daha gözəl olan kimdir?! Biz yalnız ona ibadət edənlərik!

139. De: “Allah haqqında bizə dəlil gətirirsiniz [bizimlə bu barədə mübahisə edirsiniz]? Halbuki, O həm bizim, həm də sizin Rəbbinizdir! Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Biz ona sadiq olan kəslərik!”.

140. Yoxsa siz İbrahimin, İsmailin, İshaqın, Yaqubun və onun övladlarının yəhudi və ya xristian olduqlarını iddia edirsiniz? Onlara de: “Siz yaxşı bilirsiniz, yoxsa Allah?!”. Allahın ona göstərdiyi bir həqiqəti gizlədəndən daha zalim kim ola bilər?! Allah sizin etdiklərinizdən bixəbər deyildir!

141. Onlar [İbrahim, Yaqub və onların yolunu tutub gedənlər] bir ümmət idilər ki, gəlib keçdilər. Onların qazandıqları onlara, sizin qazandığınız sizə aiddir. Siz onların etdiklərindən məs’ul deyilsiniz.

142. Bə’zi səfeh insanlar deyəcəklər: “Bunları üz tutduqları qiblədən döndərən nədir?”. De: “Şərq də, qərb də Allahındır! O, istəyən hər kəsi doğru yola yönəldər”.[56]

143. Beləliklə, sizi orta[57] bir ümmət etdik ki, insanlara nümunə[58] olasınız, peyğəmbər də sizə örnək olsun.[59] İndi üz tutduğun o qibləni[60] ancaq peyğəmbərə tabe olanlarla ondan üz döndərənləri bir-birindən ayırd etmək üçün tə’yin etdik. Bu,[61] Allahın doğru yola yönəltdiklərindən başqasına ağır gəlir. Allah sizin imanınızı puça çıxartmaz [imanınızı əvəzsiz buraxmaz]. Allah insanlara qarşı, həqiqətən də, şəfqətlidir, mərhəmətlidir!

144. [Ya Məhəmməd!] Biz bə’zən sənin üzünün səmaya tərəf çevrildiyini görürük, biz səni əlbəttə, razı olduğun qibləyə döndərəcəyik. İndi üzünü Məscidi-Harama[62] tərəf tut! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin! Kitab verilənlər yaxşı bilirlər ki, bu, Allah tərəfindən gəlmiş həqiqi bir hökmdür. Allah onların əməllərindən bixəbər deyildir!

145. [Ya Məhəmməd!] Sən kitab əhlinə hər cür dəlil [ayə] gətirsən də, onlar sənin qiblənə uymazlar. Sən də onların qibləsinə uyan deyilsən. Onsuz da onların biri digərinin qibləsinə üz tutmaz.[63] Əgər sənə gələn bu qədər elmdən sonra onların istəklərinə tabe olsan, o vaxt sən, həqiqətən də, zalimlərdən olarsan!

146. Kitab verdiklərimiz [əhli-kitab] onu [Məhəmmədi] öz oğullarını tanıdıqları kimi tanıyırlar. Onların bə’ziləri [onlardan bir dəstə] [bu] həqiqəti bilə-bilə gizlədir.

147. Bu həqiqət sənin Rəbbindəndir! Heç vaxt şübhə edənlərdən olma!

148. Hər kəsin üz tutduğu bir hədəfi [qibləsi] vardır, siz bir-birinizlə yaxşı işlər görməkdə yarışın! Harada olursunuzsa olun, Allah sizi bir yerə toplayacaqdır. Həqiqətən, Allah hər şeyə qadirdir!

149. Namaza durduğun[64] hər yerdə üzünü Məscidi-Harama tərəf çevir! Çünki Rəbbin tərəfindən göstərilən bu qiblə haqdır! Allah sizin etdiklərinizdən xəbərsiz deyildir!

150. Namaza durduğun hər yerdə üzünü Məscidi-Harama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf tutun ki, [özlərinə] zülm edənlərdən başqa insanların əlində sizə qarşı dəlil olmasın. Siz onlardan deyil, məndən qorxun ki, sizə olan ne’mətimi tamamlayım. Bəlkə, beləcə haqq yolu tapasınız.

151. Həmçinin sizə içərinizdən bir elçi göndərdik. O, sizə ayələrimizi oxuyur, sizi [günahlardan] təmizləyir, sizə Kitabı, hikməti və bilmədiklərinizi öyrədir.

152. Elə isə siz məni xatırlayın[65] ki, mən də sizi xatırlayım! Mənə şükr edin, mənə qarşı nankorluq etməyin!

153. Ey iman gətirənlər! Səbr edərək və namaz qılaraq kömək diləyin. Allah səbr edənlərlədir!

154. Allah yolunda öldürülənlərə «ölülər» deməyin! Əksinə, onlar diridirlər, lakin siz bunun fərqinə varmırsınız [bunu dərk etmirsiniz].[66]

155. Əlbəttə, biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, can [oğul-uşaq, övlad] və məhsul qıtlığı ilə imtahana çəkərik. [Ya Məhəmməd!] Səbr edənlərə müjdə ver!

156. O şəxslər ki, onlara bir müsibət üz verdiyi zaman: “Biz Allaha aidik və şübhəsiz ki, ona dönəcəyik [ona tərəf qayıdacağıq]!”, – deyirlər.

157. Onların üzərində Allahın verdiyi kamilliklər və bərəkət [rəhmət] vardır. Doğru yolda olanlar məhz onlardır!

158. Səfa və Mərvə[67] Allahın əlamətlərindəndir. Həcc və ya Ümrə niyyəti ilə evi [Kə’bəni] ziyarət edən şəxsin bunların [Səfa və Mərvənin] arasında gedib-gəlməsində heç bir günah yoxdur. Kim könüllü olaraq yaxşı bir iş görərsə, Allah onun əvəzini verər, O, biləndir!

159. Endirdiyimiz açıq-aşkar ayələri və əsas yolu o kitabda insanlara izah etdiyimiz halda, onları gizlədənlər… Allah onları lə’nətləyəcək! Budur, Allah onları lə’nətləyir! Bütün lə’nət edə bilənlər də onlara lə’nət oxuyacaq!

160. Tövbə edib, özünü doğruldanlardan başqa! Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, mərhəmət sahibiyəm!

161. Kafirlərə və kafir olaraq ölənlərə Allahın, mələklərin və bütün insanların lə’nəti olsun!

162. Onlar həmişəlik bu lə’nət altında qalırlar. Onların nə əzabı yüngülləşdirilir, nə də bu əzaba ara verilir.

163. Sizin tanrınız vahid [bir] olan Allahdır, ondan başqa tanrı yoxdur. O, mərhəmətlidir, rəhmlidir!

164. Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birinin ardınca gəlməsində, içərisində insanlara faydalı şeylər olan gəmilərin dənizdə üzməsində, Allahın göydən su endirib [yağmur yağdırıb], ölü torpağı diriltməsində, hərəkət edən hər canlını yer üzünə yaymasında, küləyin müxtəlif səmtlərə əsməsində, göylə yer arasında [Allahın əmrinə] hazır olan buludlarda ağıl işlədən [ağıl və düşüncə sahibi olan] insanlar üçün açıq-aydın əlamətlər vardır.

165. İnsanların içərisində Allahdan başqalarını şərik qoşub, onları Allahı sevən kimi sevənlər də var. İman gətirənlərin Allaha məhəbbəti isə daha qüvvətlidir.[68] Belə bir xətaya düşənlərin [zalimlərin, zülm edənlərin] vaxtında çəkəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün qüvvətin Allaha aid olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər.

166. O vaxt başçı sayılan şəxslər tabe olanlardan uzaqlaşacaq, əzabı görəcək və aralarındakı əlaqə kəsiləcəkdir.

167. O zaman tabe olanlar belə deyəcəklər: “Əgər bir də əlimizə fürsət düşsəydi, onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq”. Allah beləcə onlara əməllərinin ancaq peşmançılıqdan ibarət olduğunu göstərər və onlar o atəşdən [cəhənnəm odundan] çıxa bilməzlər.

168. Ey insanlar! Yer üzündəki şeylərin halal və təmiz olanlarından yeyin, şeytanın yolundan getməyin! O, sizin açıq-aşkar düşməninizdir.

169. O sizə ancaq pis və çirkin işlər görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri deməyi əmr edər.

170. Onlara: “Allahın nazil etdiyinə tabe olun!”, – deyildiyi zaman: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!”, – deyirlər. Bəs ataları ağıl işlətməyib, doğru yolu tapmayıblarsa necə?

171. [Allahın ayələri qarşısında] Özlərini görməməzliyə vurub, kafirlik edənlər qarğa kimidirlər; qarğa qavramadığı səsə qarşı oxuyar. Onun qavraya bildiyi səs ancaq çığırtı və bağırtıdır.[69] Onlar kar, lal və kordurlar. Buna görə də dərk etməzlər [ağıllarını işlətməzlər].

172. Ey mö’minlər! Sizə ruzi olaraq verdiyimiz şeylərin təmiz olanlarından yeyin! Əgər ancaq Allaha ibadət edirsinizsə, Ona şükr edin![70]

173. O [Allah] sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsiləni haram etmişdir. Ancaq əlacsız qaldıqda, zorla əldə etmədən və həddi aşmadan bunlardan yemək məcburiyyətinə düşənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir![71]

174. Allahın endirdiyi kitabda olanları gizlədənlərin və onun müqabilində bir az qazanc əldə edənlərin yedikləri qarınlarında ancaq atəş [od] olacaqdır. Qiyamət günü Allah onlarla danışmaz, onları təmizə çıxartmaz. Onlar üçün şiddətli bir əzab vardır.

175. Onlar doğru yol yerinə zəlalət yolunu, bağışlanmaq əvəzinə də əzabı satın almışlar. Onlar cəhənnəm atəşinə necə də səbrlidirlər!

176. Budur, Allah o kitabı haqq olaraq endirmişdir. Kitab barəsində ixtilafa düşənlər, şübhəsiz ki, dərin bir nifaq içərisindədirlər.

177. Yaxşı əməl üzünüzü şərq və qərbə tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə inanan, mal-dövlət sevgisinə baxmayaraq, onu qohum-əqrəbaya, yetimlərə, əlacsızlara [miskinlərə], yolda qalanlara, istəyənlərə və əsirlərə [onların azad olunmasına] xərcləyənlər, namaz qılıb, zəkat verənlər, söz verib sözünə sadiq olanlar, dar ayaqda, böyük çətinlikdə və cihad zamanı səbr edənlərdir. Özü də, sözü də doğru olanlar onlardır. Müttəqi olanlar [təqva sahibi olanlar] da onlardır!

178. Ey iman gətirənlər! [Qəsdən] adam öldürmələrdə qisas[72] sizə vacib oldu. Azad şəxsə azad şəxs, qula qul, qadına qadın. Kim öldürülənin qardaşı[73] tərəfindən bağışlansa, mə’rufa [adətə][74] görə rəftar etsin və qan bahasını yaxşıca ödəsin. Bu, Rəbbiniz tərəfindən sizdən ötrü bir yüngülləşdirmə və mərhəmətdir. Kim bundan sonra düşmənçiliyi davam etdirsə, onunçün şiddətli bir əzab vardır!

179. Ey saf ağıl sahibləri! Qisasda sizin üçün can əmin-amanlığı vardır. Ola bilsin ki, [bununla] qorunasınız [pis əməldən, qətl etməkdən çəkinəsiniz].

180. Bu sizə vacib qılındı: Sizin içərinizdən bir şəxs ölümlə üz-üzə gəldiyi zaman, əgər xeyir [çoxlu mal-dövlət] qoyub gedəcəksə, ata-anası və ən yaxın qohumları üçün mə’rufa [adətə] uyğun bir vəsiyyət etsin. Bu, çəkinənlər [müttəqilər, təqva sahibləri] üçün bir vəzifədir [onlara vacibdir].

181. Kim o vəsiyyəti eşitdikdən sonra dəyişdirsə, günahı dəyişdirənlərin boynunadır. Şübhəsiz ki, Allah eşidəndir, biləndir.

182. Kim də vəsiyyət edənin tərəfgirlik etməsindən və ya günaha batmasından qorxub, varislərin arasını düzəltsə, onun heç bir günahı yoxdur. Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir!

183. Ey iman edənlər! Oruc tutmaq sizdən əvvəlkilərə vacib olduğu kimi, sizə də vacib qılındı. Bəlkə, [pis əməllərdən] çəkinəsiniz.

  1. Abdulaziz Bayındır, Qurani-Kərimin İzahlı Tərcüməsi: Fatihə və Bəqərə surələri, tərcümə edən Dr. Fəqani Bəylərov, Bakı, Təknur nəşriyyatı, 2004-cü il. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
5.337 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Quran və anaxronizm 05.07.09 2.052 dəfə oxundu
2 Hansı surəni oxumaq daha fəzilətlidir? 19.09.15 1.619 dəfə oxundu
3 Vaqiə surəsinin 79-cu ayəsindəki mutahhəruun sözü nə deməkdir? 14.04.10 2.552 dəfə oxundu
4 Nisa surəsinin 159-cu ayəsinin izahı 27.11.10 2.783 dəfə oxundu
5 Ölünün dalınca Quran oxumağın nə mənası var? 20.03.11 3.819 dəfə oxundu
6 Quran dərsini niyə ayələrin nazil olduğu ardıcıllığa əsasən keçmirsiniz? 17.05.11 1.999 dəfə oxundu
7 Təbbət surəsi 11.07.11 3.894 dəfə oxundu
8 Quran və hədis proqramı olan aparatla ayaqyoluna girmək olar? 24.01.12 2.056 dəfə oxundu
9 Peyğəmbərin bağışlanma üçün duası hansı məqsədi daşıyır? 08.07.12 3.941 dəfə oxundu
10 Quranın mubin olmağı nə məna daşıyır? 08.04.13 1.396 dəfə oxundu
11 Quran oxuduqda ağlamaq lazımdır? 10.02.14 1.914 dəfə oxundu
12 Quranın varlığından xəbəri olan qeyri-müsəlmanlara təbliğ çatmış sayılırmı? 26.05.17 459 dəfə oxundu
13 Ölüyə Quran tapşırmaq 11.03.11 22.210 dəfə oxundu
14 Tövbə surəsinin 49-cu ayəsində hansı hadisədən danışılır? 24.10.14 1.396 dəfə oxundu
15 Fitrət nə deməkdir? Quranın fitrətlə nə kimi bir əlaqəsi var? 14.04.10 2.991 dəfə oxundu
16 Allah bəzi yəhudiləri bu dünyada öldürüb təzədən diriltmişdir? 30.05.13 1.732 dəfə oxundu
17 Quranda şikəst doğulmaqla əlaqədar ayələr var? 21.03.11 3.210 dəfə oxundu
18 Allah Quranda Özü haqqında bəzi hallarda nə üçün: “Biz”, – deyir? 17.05.11 6.068 dəfə oxundu
19 Qurandakı xüsusi sözlər üçün hansı mənbələrə baxmaq lazımdır? 17.07.11 2.401 dəfə oxundu
20 Bəşər və insan sözlərinin məna fərqi var? 29.05.14 1.881 dəfə oxundu
21 Aybaşı halında olan qadın Quran oxuya bilər? 08.01.15 6.210 dəfə oxundu
22 Hamının Quranı müxtəlif tərcümə etməyinin səbəbi Ərəb dilidir? 09.04.13 1.476 dəfə oxundu
23 Quranı əbcəd, yaxud da cifrlə təfsir etmək düzdür? 12.02.14 1.545 dəfə oxundu
24 Rəsulullaha Quran xaricində vəhy gəlibmi? 21.07.17 272 dəfə oxundu
25 Adəm və İblis 05.07.09 2.536 dəfə oxundu
26 Yunus peyğəmbər tövbə etməsəydi, nə baş verəcəkdi? 26.02.10 3.305 dəfə oxundu
27 Təhrif nə deməkdir? 16.04.10 2.447 dəfə oxundu
28 Əshabi-hicr hansı peyğəmbərin qövmüdür? 26.01.11 2.155 dəfə oxundu
29 Quran 23 ildə nazil olub, yoxsa 1 ayda? 22.03.11 5.973 dəfə oxundu
30 Tin surəsindəki “əsfali-safilin” ifadəsi ilə dünya nəzərdə tutulur? 20.05.11 1.703 dəfə oxundu
31 Qurandakı “aşna” sözü ilə nə nəzərdə tutulur? 17.07.11 2.119 dəfə oxundu
32 İsra 71-ci ayədə imam sözü ilə kim nəzərdə tutulur? 30.01.12 2.604 dəfə oxundu
33 Qureyş surəsi 28.07.12 2.741 dəfə oxundu
34 Məryəm surəsinin 87-ci ayəsinə əsasən şəfaət sözü verilənlər kimlərdir? 10.04.13 1.799 dəfə oxundu
35 Quranda cəmi 6666 ayə yoxdurmu? 15.01.15 1.373 dəfə oxundu
36 Ərəb dilini bilməyənlər Quranı başa düşməzmi? 25.09.17 249 dəfə oxundu
37 Mülayim İslam, yoxsa radikal? 05.07.09 2.124 dəfə oxundu
38 Şübhənin imana nəzərən əhəmiyyəti nədən ibarətdir? 27.06.10 2.695 dəfə oxundu
39 Fatihə surəsinin Rus dilinə tərcüməsi necə olmalıdır? 22.04.10 3.766 dəfə oxundu
40 Ələq surəsindəki: “Oxu!” – buyuruğu ilə nə nəzərdə tutulur? 26.01.11 1.799 dəfə oxundu
41 Vaqiə surəsini oxuyan varlı olur? 27.03.11 5.562 dəfə oxundu
42 Bəqərə surəsinin axırıncı 2 ayəsi vasitəsiz vəhy edilib? 05.11.14 2.677 dəfə oxundu
43 Zuxruf surəsinin 61-ci ayəsində İsa nəzərdə tutulur? 03.08.11 2.227 dəfə oxundu
44 Namaz və dualarda Qurandakı “de!” sözünü işlətməsək, olar? 14.02.12 1.791 dəfə oxundu
45 Nas surəsi 29.07.12 5.325 dəfə oxundu
46 Nə cür sübuta yetirmək olar ki, Quran Allahın kitabıdir? 16.04.13 223 dəfə oxundu
47 Qadın Quran oxuduqda başını mütləq bağlamalıdır? 23.01.15 1.669 dəfə oxundu
48 Təhrif nədir? 13.11.17 140 dəfə oxundu
49 Bəqərə surəsinin 256-cı ayəsi 05.07.09 3.338 dəfə oxundu
50 Kifayət qədər biliyə yiyələnmədən Quran məalı oxumaq doğrudurmu? 30.04.14 1.348 dəfə oxundu
51 Bəqərə surəsinin 93-cü ayəsi 25.04.10 2.341 dəfə oxundu
52 Hansı zikr kıtabını oxumaq lazımdır? 06.07.10 3.686 dəfə oxundu
53 Quranda nənə və nəvənin evlənməyi ilə əlaqədar bir hökm yoxdur? 29.11.14 2.284 dəfə oxundu
54 “Mən müsəlmanların birincisiyəm”, – ayəsini necə başa düşmək lazımdır? 22.05.11 1.820 dəfə oxundu
55 Ənfal surəsi 48-ci ayəyə əsasən şeytanın gördüyü şey nədir? 19.09.11 1.914 dəfə oxundu
56 “Mallarınızı səfehlərə verməyin” ayəsi ilə kimlər nəzərdə tutulur? 27.02.12 1.854 dəfə oxundu
57 İman gətirənlərin ruhla gücləndirilməsi 30.07.12 1.889 dəfə oxundu
58 “İnsanın yaradılışından əvvəl çox zaman keçdi” ayəsini necə başa düşməliyik? 02.05.13 1.585 dəfə oxundu
59 Quranı hər müsəlman başa düşüb hökmlərini tətbiq edə bilər? 27.01.15 1.170 dəfə oxundu
60 Qurandan üz çevirənlərə şeytan ürcah olurmu? 16.04.18 153 dəfə oxundu
61 Günahların Allah tərəfindən bağışlanması 05.07.09 16.056 dəfə oxundu
62 Allah bəzi insanların kafir kimi ölməyini istəyir? 23.12.11 2.603 dəfə oxundu
63 Bəqərə surəsinin 62-ci ayəsi 26.04.10 3.055 dəfə oxundu
64 Quranda hər şey yazılıb? 15.01.10 4.225 dəfə oxundu
65 Yığıncaqların axırında Əsr surəsini oxumaq vacibdir? 04.04.11 1.856 dəfə oxundu
66 Ərəb dilini bilməyənlər Quranı nə cür dərk edə bilərlər? 25.05.11 1.960 dəfə oxundu
67 Ənam 143-144-cü ayələrdə qeyd edilən heyvanlar 8 cütdür, yoxsa 8 tay? 28.09.11 1.670 dəfə oxundu
68 İnsanların dərin mənalı sözlərini hikmət adlandırmaq olar? 27.02.12 2.221 dəfə oxundu
69 Quranı başa düşərək oxumaq 05.08.12 19.204 dəfə oxundu
70 Hazırkı dövrdə Quran və hafizlik nə cür tədris olunmalıdır? 20.05.13 1.494 dəfə oxundu
71 Quranda qeyd edilən “aləm” sözü nə məna daşıyır? 28.01.15 1.106 dəfə oxundu
72 Səhih sünnə nədir? Sünnə dinin ikinci mənbəyidirmi? 11.05.18 313 dəfə oxundu
73 Quranı xətm etməklə əlaqədar ayə və ya hədis var? 03.06.14 1.713 dəfə oxundu
74 “Allahdan gəldik, Allaha qayıdacağıq” ayəsini necə başa düşmək lazımdır? 12.12.09 3.035 dəfə oxundu
75 Quranı başa düşmək 26.04.10 3.057 dəfə oxundu
76 Əraf surəsinin 109-110-cu ayələri ilə Şuəranın 34-35-ci ayələrində bir ziddiyyət var? 04.02.11 2.276 dəfə oxundu
77 Quran oxuduqda əuzu-bəsmələ deməyin hökmü nədir? 02.04.11 5.217 dəfə oxundu
78 Qiraət və tilavətin bir-birindən nə fərqi var? 08.06.11 2.364 dəfə oxundu
79 Quranın ecazı 21.11.11 9.126 dəfə oxundu
80 Bəqərə surəsinin 208-ci ayəsindəki İslam sözü sülh deməkdir? 29.02.12 1.608 dəfə oxundu
81 Allahın zahir və batin olmağı nə deməkdir? 04.11.12 2.055 dəfə oxundu
82 Rəsulullahın Quranı təbyin etməyi onu izah mənasına gəlirmi? 03.07.13 1.439 dəfə oxundu
83 Quranı tarixsəl bir kitab olaraq görmənin nə ziyanı var? 01.12.15 732 dəfə oxundu
84 Quran təhrif edilə bilərmi? 14.05.18 234 dəfə oxundu
85 Qurana qulaq asmaq və səcdə ayəsi 05.07.09 3.319 dəfə oxundu
86 Radio və televizordan Qurana qulaq asmaq onu xətm etmək hesab edilir? 29.12.09 3.240 dəfə oxundu
87 Həmd, şükür, təşəkkür və mədh etmək nə deməkdir? 27.04.10 3.596 dəfə oxundu
88 Allah yeri əvvəl yaradıb, yoxsa göyü? 07.02.11 3.246 dəfə oxundu
89 Quranda hal-hazırda tətbiq oluna bilməyən hökmlər var? 10.04.11 1.674 dəfə oxundu
90 Fatihə surəsi neçə ayədir? Bismillah bu surənin 1-ci ayəsidir? 08.06.11 3.798 dəfə oxundu
91 Quranı beldən aşağıda tutmaq olar? 26.12.11 1.915 dəfə oxundu
92 Amənərrəsulu 03.03.12 2.223 dəfə oxundu
93 Duha surəsinin 3-cü ayəsi təkcə peyğəmbərə müraciət edir? 21.11.12 1.780 dəfə oxundu
94 Yaxşıca başa düşdüyümüz Quran ayələrini tanış-bilişə çatdırmalıyıq? 05.07.13 1.366 dəfə oxundu
95 Quranı öyrənmənin üsulu 16.12.15 4.630 dəfə oxundu
96 “Qurandan din öyrənilməz” deyən din xadimlərinin hökmü nədir? 30.07.18 194 dəfə oxundu
97 Quranı qaydalara əsasən oxumaq 05.07.09 9.764 dəfə oxundu
98 Ərafın 54-cü ayəsinə əsasən gecə qabaq gəlir, yoxsa gündüz? 25.03.11 2.124 dəfə oxundu
99 Peyğəmbər Qurani-Kərimi necə təbliğ və şərh edib? 28.04.10 2.089 dəfə oxundu
100 Nəcva sədəqəsi məsələsi indi də qüvvədədir? 28.02.11 1.708 dəfə oxundu