Müsəlmanlar

SÜFRƏ MÖCÜZƏSİ

HƏVARİLƏRİN SÜFRƏ TƏLƏBİ

 

Giriş

Hamımızın bildiyi kimi İsa əleyhissəlam, İsrailoğullarının qövmündən idi. Yəhudi bir cəmiyyətdə və Yəhudi adət-ənənəsilə yetişmişdi. Bilavasitə, İsa əleyhissəlama inanan İsrailoğullarının bir qismi və özünə kömək etmək sözünü verən Həvarilər də həyatını İslama və Müsəlman olmağa adayan insanlar idi. Bu barədə Quranda belə bildirilir:

“Ey inanb güvənənlər! Allahın köməkçiləri olun. Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda kimlər mənə köməkçi olacaq?”– demiş, həvarilər də: “Bizik Allahın köməkçiləri!”– demişdilər. İsrail oğullarından bir zümrə iman gətirdi, digər bir zümrə isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar üstün gəldilər.” (Saff, 61/14).

 

İsa əleyhissəlamın vəzifəsi və təlimi

 İsa əleyhissəlam, əlindəki Tövratı təsdiq etmək surətilə, Yəhudilərə xüsusi olaraq haram edilmiş bəzi şeylərin artıq halal olduğunu və qulluğun birbaşa Allaha edilməsi lazım olduğunu bildirmişdir. Onun bu təbliği palçıqdan quş düzəldib, ona üfləyərək Allahın icazəsilə canlı quşa çevirmək, korları sağaltmaq, Ölüləri diriltmək və evlərdə nələr yeyib-içdiklərini demək kimi möcüzələrlə dəstəklənmişdir. Lakin, bütün bunlara baxmayaraq İsrailoğullarının çoxu üzərində hərhansı bir təsirinin olmadığnı görən İsa əleyhissəlam onlara soruşur:

“Allah yolunda kim mənə köməklik edər?” (Əli-İmran, 3/52)

Bu suala müsbət cavab verənlər, həmin cəmiyyətin sadə və sayılmayan insanları olduğu Yeni əhiddə qeyd olunur[1] və Qurani Kərimdə bu insanların necə cavab verdikləri göstərilməkdədir:

Həvarilər dedilər: “Bizik Allahın (dininin) yardımçıları! Biz Allaha iman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq!

Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və (göndərdiyin) elçinin ardınca getdik. Bizi də şahidlərlə bir yerdə yaz!” (Əli-İmran, 3/52-53)

İncildə Həvarilərin sayı 12 olduğu bildirilmişdir. Bunlar: Petrus adıyla bilinən Simon, onun qardaşı Andreya, Zebedinin oğulları Yaqub və Yuhanna, Filipus və Bartalmay, Tomas və vergi məmuru Matta, Alfay oğlu Yaqub və Taday, Yurtsevər Simun və İsanı sonradan satan Yahuda İskariyotdur.

İsanın təlimi dövründə özlərini “Müsəlman” olaraq tanıdan bu insanlar, əllərində olan Tövratın mətnlərini oxuduqları və bilavasitə yeni gələcək olan Nəbi-Rəsul xüsusiyyətlərini bildikləri üçün Allahın elçisi İsaya inanmış və özlərinə yüklənən məsuliyyətin haqqını vermişdilər.

Bu şəxslər, Allahın dini İslama təslim olmuşlar. Onların bu mətanəti Quranda belə tərif edilir:

“Bir zaman Mən həvarilərə: “Mənə və elçimə inanıb güvənin!”(– deyə) təlqin etmişdim.

Onlar da: “İman gətirdik. Sən də şahid ol ki, biz (təslim olmuş) müsəlmanlarıq!”– demişdilər.” (Maidə, 5/111)

 

SÜFRƏ TƏLƏBİ

Ancaq Həvarilər, sonradan qəlblərinin mütməin/rahat olması məqsədilə İsaya belə bir sual yönəldirlər:

“Ey Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir süfrə endirə bilərmi?” O da (onlara) demişdi: “Əgər möminsinizsə, Allahdan qorxun”. (Maidə, 5/112)

Həmin sualın bənzər şəklini İsrailoğulları Musaya vermişdilər. Həm də əllərindəki və Həvarilərin həmişə oxuduqları Tövratın Məzmurlar bölümündən:

Dənizi yarıb keçirmişdi onları, Bir divar kimi ayaqda tutmuşdu suları.

Gündüz buludla, Gecə atəş işığıyla onlara yol göstərmişdi.

Çöldə qayaları yarmış, Sanki dibsiz qaynaqlardan, Onlara doyunca su içirmişdi.

Qayadan axarsular fışqırtmış, Suları qaynaq kimi axıtmışdı.

Amma onlar çöldə Ucalar Ucasına üsyan edərək günah işləməyə davam etdilər.

Canlarının istədiyi yeməyi istəyərək, qəlblərində Tanrını yoxladılar; “Tanrı çöldə süfrə qura bilərmi?”-deyərək, Tanrıya qarşı gəldilər.

“Bax, qayaya vuranda sular fışqırdı, dərələr daşdı. Bəs çörək verə bilərmi, ət saxlaya bilərmi xalqına?

Rəbb bunu eşidincə qəzəbləndi, qəzəbi yüksəldi İsrailə qarşı; Çünki, Tanrıya inanmırdılar. Onun qurtarıcılığına güvənmirdilər.

Yenə də Rəbb buyruq verdi buludlara, qapaqlarını açdı göylərin; Man/qüdrət halvası yağdırdı onları bəsləmək üçün, Göysəl taxıl verdi onlara.

Mələklərin çörəyini yedi hər biri, Doyunca yemək göndərdi onlara. Şərq küləyini əsdirdi göylərdə, Gücü ilə cənub küləyinə yol göstərdi.

Toz kimi ət yağdırdı başlarına, Dəniz qumu qədər quş; Ordugahlarının ortasına, qonaqladıqları yerin çevrəsinə düşürdü.

Yedilər, tıxa-basa doydular. İstəklərini yerinə yetirdi Tanrı.” (Qədim Əhid, “Məzmurlar”, 78.,bölüm)

İsrailoğullarına verilən bu möcüzə, Qurani Kərimdə də qısaca bəhs edilməkdədir.[2]

“Tanrını yoxlamaq” kimi bir məqsəd güdən bu tələb qarşısında İsrailoğullarının istəklərinin yenə də yerinə yetdiyini və “Tanrı çöldə süfrə qura bilərmi?” sualının müsbət qarşılandığını Məzmurlardakı yazılardan görməkdəyik. Bu səbəblə İsa əleyhissəlamın Allahın elçisi olduğunu başa düşdükləri halda qəlblərinin mütməin/rahat olması üçün İsrailoğullarının Musa əleyhissəlama verdikləri sualı bu dəfə də Həvarilər İsaya yönəldirlər:

“O gün Həvarilər dedilər ki; Ey Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir süfrə endirə bilərmi?…” (Maidə, 5/112)

Yuxarıda ifadə etdiyimiz kimi İsa əleyhissəlam, yəhudi cəmiyyətinin bir üzvü idi və yəhudilərin “süfrə tələbindən” xəbərdardı, o cümlədən onların aqibətlərindən də:

“Ancaq onlar istəklərinə doymadılar, Daha ağızları dolu halda Tanrının qəzəbi parladı üzərlərinə.

Ən güclülərini öldürdü, yerə sərdi İsrail igidlərini. Yenə də günah işləməyə davam etdilər, Onun xariqələrinə inanmadılar.

Bu üzdən Tanrı onların günlərini boşluq və illərini dəhşət içində sonlandırdı.

Tanrı onları öldürdükcə Ona yönəlməyə, Səmimi qəlbdən Onu yenidən aramağa başladılar.” (Məzmurlar, 29-34)

Həvarilərin yenidən bu cür tələblərini İsa əleyhissəlam heyrətlə qarşılayır və ümumi istəkləri yenə Tanrını yoxlamaq olduğunu görür və əgər İsrailoğulları kimi bunlar da inkar edərlərsə, bunun böyük bir faciəylə nəticələnəcəyindən qorxuya düşür:

“…“Əgər möminsinizsə, Allahdan qorxun”. (Maidə, 5/112)

Özlərindən əvvəlkilərin istəyini və aqibətini bilən Həvarilər, yenə də bu arzularında inad etdilər. Çünki, özlərinə güvənirlər və İsa əleyhissəlam ilə birlikdə “isr” yəni, gözlədikləri Nəbiyə inanmaq şüarını canlı saxlamaq və elədikləri işlərin, davranışların Allah qatında qəbul gördüyünü, doğru bir yolda olduqlarını gözləri ilə görmək surətilə o süfrədən yeyərək rahatlanmaq istəyirdilər.

“Onlar dedilər: “Biz istəyirik ki, ondan yeyək, qəlblərimiz rahat olsun, bizə doğru söylədiyini bilək və o (möcüzəyə) şahidlik edənlərdən olaq”. (Maidə, 5/113)

Nəhayət İsa əleyhissəlam onların bu istəklərinə qulaq asıb, diləklərini belə ərz edir:

Məryəm oğlu İsa dedi: “Ey Allahım! Ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə endir ki, bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Səndən bir möcüzə olsun. Bizə ruzi ver, Sən ruzi verənlərin ən yaxşısısan!” (Maidə, 5/114)

Uca Rəbbimiz, bu süfrə tələbinə də müsbət cavab verəcəyini, lakin, bundan sonra şayət kim ki; bu süfrə həqiqətinə göz yumar, xəyanət edər, əmr və qadağalara rəayət etməzsə, onun şiddətli bir cəzaya məruz qalacağını xəbər verir. Quranda bu haqda bizə belə çatdırılır:

“Allah dedi: “Mən onu sizə endirəcəyəm. Amma (bundan) sonra aranızda kim kafirlik edərsə (göz yumarsa), ona aləmlərdən heç kəsə vermədiyim bir əzabı verəcəyəm”. (Maidə, 5/115)

Nəticədə, bu süfrə/möcüzə qarşısında yenə də kafirlik/xəyanət edən Həvari Yəhuda İskariot, İsa əleyhissəlamı Roma əsgərlərinə satır. Bunun qarşılığında Allah da onu İsaya bənzətmək surətilə çarmıxa çəkilməsinə yol acır.

 

Tədqiqatçı Müəllif: Muharrem Erhan Koyuncu.

[1] Yeni Əhid, “Elçilərin İşləri”, 4/13

[2] “Onda siz dediniz: “Ey Musa! Biz eyni cür yeməklərə dözməyəcəyik. Ona görə də bizim üçün Rəbbinə bizə yerin bitirdiklərindən – tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından yetirməsi üçün dua et!” O dedi: “Siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərlə əvəz olunmasınımı istəyirsiniz? Şəhərə girin! Şübhəsiz ki, (orada) istədiyinizi taparsınız!” Onlara zəlillik və düşgünlük üz verdi və onlar Allahın qəzəbinə düçar oldular. Bu (cəza) ona görə idi ki, onlar Allahın ayələrini inkar edirdilər və (bəzi) peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu (həm də) onların asi olduqlarına və həddi aşdıqlarına görə idi.” (Bəqərə, 2/61)