Müsəlmanlar

Quran və Mədəni İnkişaf Lahiyəsi

 Müəllif: Sankt Petersburq Ziraat fakültəsi Üniversiteti Rektoru,

İqtisad elmləri    namizədi Professor: 

Viktor Yefimov.

Quran və Mədəni İnkişaf Lahiyəsi

                  

“O, Mərhəmətlidir! O, Muhəmmədə nurlu Quranı yolladı.

Biz də gedək bu nura doğru ki, gözlərdən pərdə qalxsın.” (A. S. Puşkin)

   Quran və Muhəmməd (ə.s.)

Muhəmməd (ə.s.), nə oxumağı nə də yazmağı bilmirdi. Digər insanlar kimi, Yəhudi və Xristian dinləri haqda ümumi məlumata sahib idi. Onun, İbranicə mətnlərdən bir şeylər götürərək, öz məqsədləri yönündə istifadə etdiyini deyənlər, əsassız bir iddia irəli sürürlər. Belə bir iddia, o dövrün Yəhudi və Xristian din xadimlərinə də bir təhqirdir. Çünki, elə bir şey olsaydı, din xadimlərinin bu cür etirazlarına həm Quranda həm də siyər kitablarında rast gələrdik. Eyni zamanda Muhəmməd (ə.s.)-ın bir neçə dil bilməsi və Məkkədə olmayan mətnlərdən də xəbərdar olması lazımdı.

Quran, Yəhudi və Xristianların Musaya və İsaya gələn həqiqətlərdən üz çevirdiklərini ifşa etməkdədir. Quranın bu açıq ifşasından narahat olan Yəhudi və Xristianlar, Müsəlmanların “Allah” adında başqa bir tanrıya sitayiş etdiklərini göstərmək üçün “Allah” kəliməsini rusca daxil olmaq üzərə heç bir dilə “Tanrı” şəklində tərcümə etməmişlər. Bu da digər millətlərin təsəvvüründə müsəlmanların Tanrıya deyil, “Allah” adında başqa bir varlığa sitayiş etdikləri mənasına gəlir. Halbuki, Quranı oxuyan ağlı başında hər insanın İbrahimə, Musaya, İsaya və son Nəbi Muhəmmədə (hamısına salam olsun!) vəhy nazil edən Tanrının eyni Tanrı olduğunu görməməsi imkansızdır. Tanrı kəliməsinin təkcə ərəb dilindəki ifadəsi fərqlidir və bu ifadə bilərək tərcümə edilməməkdədir.

Muhəmməd (ə.s.), Quranı özü yazdı iftirasına qarşı hər dəfə özünün ancaq bir elçi olduğunu və bu elçiliğinin xaricində hamı kimi bir insan olduğunu deyirdi. Bununla bərabər, səhabəsi də; “Muhəmmədin öz xitabının Quran vəhyindən üslub yönündən fərqli olduğunu” söyləməkdədir. Səhabə, eyni zamanda Muhəmmədin, “gələcək olan vəhyin zamanı xüsusunda da heç bir şey bilmədiyini” rəvayət etməkdədir.

Qısaca ifadə edərsək, Quran bütün dövrlər üçün beynəlxalq həqiqətləri insanlığa çatdırmaqdadır. Bu beynəlxalq həqiqətlərin bir qismini Müsəlman din xadimləri özlərinə məxsus həqiqətlərə çevirmişlər. Buna ayələrin mövzuyla əlaqəsini qopararaq müvəffəq olmuşlar. İslam düşməni misyonerlər də bunu fürsət bilərək, mövzunu biraz daha şişirtmək surətiylə, informasiya vasitələrinin təsiriylə terorla bir tutmağa çalışmaqdadır. Bu kimi mövzulara məsələn, Qurandakı “Cihad” qavramını daha çox alət etmişlər:

  • Quran və Cihad

Muhəmməd (ə.s.), Məkkə cəmiyyətində güvənilən şəxsiyyət olduğu üçün “əmin” vəsfiylə xatırlanırdı. Əshabı ilə birlikdə 10 il nümunəvi bir təbliğ fəaliyyəti apardı. Bu müddət ərzində heç kimlə nə əlaqəsini kəsmədi nə də heç kimdən küsmədi…[1]

Mədinədə bir neçə il sonra insanlardan bəziləri qəhramanlıq sövdasına düşməyə və döyüşmək üçün Allahın elçisini məcbur etməyə başlayırlar. Baş verən hadisələr və Məkkəlilərin də təzyiqi üzərinə Müsəlmanlara cihad etmələri barədə ayə nazil olur. Belə bir qərar, yəni öz vətənlərini qorumaq, Xristian din xadimlərinin də savab olaraq qəbul etdikləri bir şeydir. Başqa ölkələrin işğalı və qonşuların əsir alınması məqsədilə edilən müharibə təcavüz sayıldığı kimi başqalarının təcavüzündən özünü qorumaq da müqəddəs bir vəzifə sayılmışdır. Nəticə olaraq, müharibə və sülh haqqında Pravoslav məzhəbi və İslam eyni mənəvi/etik mövqedə durur.

Quran, siyasi və şəxsi mənfəətləri ilə hərəkət edənləri, üzdə müsəlman görünənləri də tənqid etməkdə və onların İslamla bir əlaqələrinin olmadığını, belələrinin riyakar/münafiq olduqlarını ifşa etməkdədir. Bu münafiqlər, Quranı özlərinə rəhbər götürməyən və həyatdakı hadisələri öz vicdanları/fitrətləri ilə ölçməyən bir çox insanı yoldan çıxarıb saflarına qatmışdı.

İlk baxışda Quranda “din uğrunda” müharibənin təbliği və kafirlərin yox edilməsinə yönəlik bir çox ifadələrin yer aldığını görürük:

“Fitnə aradan qalxana qədər və din ancaq Tanrıya məxsus edilənədək onlarla vuruşun!…” (Bəqərə, 2/193)

Əslində ayələrin bir birilə əlaqəsi qoparılaraq və kəlimələr lazımınca diqqət edilmədən oxunduğu zaman Quranın ümumi olaraq insanlara qarşı döyüşməyi əmr etdiyi nəticəsinə gəlirik. Halbuki ayəni Quranda ifadə edilən bir əvvəlki ayələrlə birlikdə oxuduğumuz zaman “sizinlə savaşanlara qarşı savaşın” ifadəsi yer almaqda və nəticədə: “Əgər son qoysalar, (bilin ki,) düşmənçilik ancaq zalımlara qarşı olur.” buyrulmaqdadır. (Bəqərə, 2/193)

Müharibə ilə əlaqəli hər hansı bir ayəni digərləri ilə bağını qoparanda və ya mənasını qəsd edildiyi yerə deyil, ümumi bir yerə götürdüyümüz zaman daha faciəvi bir nəticəylə üzləşmiş oluruq. Məsələn:

“Haram aylar bitdikdə o müşriklərə harada rast gəlsəniz, öldürün, onları əsir tutun, onları mühasirəyə alın və onlara hər yerdə pusqu qurun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın. Çünki Tanrı Bağışlayandır, Rəhmlidir.” (Tövbə, 9/5)

Bu ayədə “o müşriklər” ifadəsi ümuma aid olmayıb, anlaşmayı (Hüdeybiyə anlaşmasını) pozan, müsəlmanları Məkkədən çıxaran və müsəlmanlara qarşı müharibə edən müşriklərlə əlaqəli olduğunu görməkdəyik. Bütün bunlardan başa düşülür ki; Quranda ifadə edilən cihad, müsəlmanlara qəsd etməyə çalışanlara qarşı məcburi olaraq həyata keçirilən bir müdafiə hərəkatıdır. Cihadı səhv yönə yönləndirənlərin və terorla eyni müstəvidə görənlərin bu ayəni oxuyub susmaqları yaxşı olardı:

“Tanrı, din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Tanrı insaflı olanları sevir.” (Mümtəhinə, 60/8)

“Din uğrunda” müharibənin sürdürülməsini müdafiə edənlər və bunu özlərinin ortaya qoyduğu hüquqa əsaslandıranlar, həqiqi pozğunçular və həqiqi teroristlərdir. Bunlar da hər cür din mənsublarından əmələ gəldiyi kimi, hər cür dini mənfəət yuvalarından, silah tacirlərindən və siyasətçilərdən meydana gələ bilir.

Muhəmməd (ə.s.), öz müasirlərinə beynəlxalq həqiqətlər barəsində məlumat vermiş və vəhylə gələn bu həqiqətləri yazdırmış, təbliğ etmiş və günümüzə qədər (Quran olaraq) çatmasına köməklik göstərmişdir. Fəqət, günümüzdə isə xarici güclərin dəstəklədiyi teroristlər, səhv bir din təbliğatını təqdim etməyə çalışmaqda və başqa dindən olanlara qarşı Quranın göstərdiyi strategiyadan başqa bir strategiyaya yönləndirməkdədir. Məsələn, Quranda açıq-aşkar insanlara dini zorla qəbul etdirmədiyi bildirilməkdədir:

“Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Tanrıya iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Tanrı Eşidəndir, Biləndir.” (Bəqərə, 2/256)

Burada istənilən; ağıllı və dürüst insanın Qurandakı din anlayışını mənimsəyərək onu həyatına əks etdirməsi və doğru bir seçimə qərar verməsidir. Belə edərsə, Tanrı ona bu məsələdə köməklik göstərəcəkdir. Tanrı heç kimi həqiqətə məcbur etmir və heç kimə inanç məsələsində bir başqasına təzyiq göstərməsini istəmir:

“Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Tanrının sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir camaatdır.” (Tövbə, 9/6)

Yəni, başqa bir dindən olan şəxsin inancından ötrü incidilməsinə icazə verilmir.

Hətta, bir insana İslamı tanıtdıqdan sonra həmin insanın qəbul etməməsi halında yenə də ona (İslama qarşı müharibəyə qatılmadığı müddətcə) zərər verməməyi, müqəddəs dəyərlərinə toxunmaması və səbrli davranması tövsiyə edilməkdədir.

Quran, Tanrının göndərdiyi kitabları, ayələri və tövsiyələri bir tərəfə ataraq, bunları öz mənfəətləri və ideologiyalarıyla örtənləri pisləməkdə, ayrı-seçkilik etməmələri üçün xəbərdar etməkdədir:

“Ey iman gətirənlər! Tanrı yolunda (döyüşə) çıxdığınız zaman (kiminlə vuruşacağınızı) yəqin edin və sizə salam verən şəxsə, dünya həyatının fani mən-fəətinə can ataraq: ‘Sən mömin deyilsən!’– deməyin. Allah yanında çox qənimətlər vardır. Əvvəllər siz də belə idiniz, Allah sizə mərhəmət göstərdi. Odur ki, (kiminlə vuruşacağınızı) yəqin edin! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.” (Nisə, 4/94)

Son illərdə avropa siyasətçiləri özlərinə bir “İslam problemi (!)” yaratmışlar. Bunun da səbəbi Qurana kifayət qədər diqqət yetirməmələridir. Belə ki, Quranı ateizmin ya da hər hansı bir dini görüşün təsirində qalaraq oxumaqdadırlar. Belə oxuduqları təqdirdə, səhvən öz Müqəddəs mətnlərinə bənzədilməkdə və bu kitabların bir yansıması kimi görünməkdədir. Belə bir yanaşma səbəbiylədir ki, qeyri-müsəlman siyasətçilərin bir çoxu İslama və Qurana öz riyakar hörmətlərini sərgiləyirlər. Halbuki Quran, onların bu səmimiyyətsiz hisslərinin fövqündədir və çox dərin dünya görüşünə sahib bir kitab olaraq qəbul edilməsi halında başa düşülür.

“Hakim güclərin” səhv yanaşmaları (eyni zamanda müsəlman ölklələrinin bir qismi) üzündən əsrlərdir milyardlarla insanın azadlığı məhdudlaşdırılır. Eyni zamanda onların haqq və hüquqlarına həyasızca təcavüz edilir. Elə buna davam edənlər üçün Quran qəbul edilməz görünür.

Yaddan çıxarılmamalıdır ki; Yaradan, yer üzündə olanlara qarşı nə laqeyid deyil, nə də insanların gücü çatan şeyləri və yerinə gətirməsi lazım olan şeyləri onların yerinə həyata keçirəcək deyildir.

  • Quran və Faiz

Quran, tarixin dərin məsələlərindən və sosial sahələrindən bəhs edən bir kitabdır. Bu məsələlərdən birinə toxunduğu zaman məsələn; kasıbla varlı arasındaki uçurumun yaranmasına səbəb olan ana faktörün faiz olduğuna təmas edər və bir çox sosial problemlərin də faizli sistemlərdən qaynaqlandığına diqqət çəkər:

“Faiz yeyənlər, şeytan toxunub dəli eləmiş kimsənin davranışını sərgiləyərlər. Bu onların: ‘Alış-veriş də faiz kimidir!’– demələrinə görədir. Halbuki, Tanrı alış-verişi halal, faizçiliyi isə haram etmişdir. Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra son qoyarsa, olub-keçənlər ona bağışlanar və onun işi Tanrıya qalar. Hər kim də buna davam edərsə, onlar Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar.” (Bəqərə, 2/275)

Quran, faizi şeytani davranışlardan biri olaraq göstərmiş və qəti qadağa gətirmişdir. Kitabı Müqəddəsdə və özlərinin mədəni saydıqları sistemlərində isə faizli müqavilələr bankacılığın olmazsa olmaz şərtlərindən biridir.

Quran, faizin sosial ədaləti məhv etdiyini və istismarın yaranmasına zəmin yaradan ana səbəb olduğunu vurğulamaqdadır. Qurandan sosial problemlərin həlli yolunda çox şeyləri öyrənə bilərik. Məsələn:

“Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız.” (Maidə, 5/90)

Ayədən başa düşüldüyü kimi istər narkotik maddələr və istərsə qumar oyunları sosial və mədəni inkişafın qarşısında duran maneələrdəndir. Çünki, bu kimi şeylər istismarı məşrulaşdırır, zehni fəlc edir və insanların aldatılmasına böyük təsir göstərir. Ən böyük zərəri isə gənclərin mənəvi duyğularına və çalışma əzmlərinə verirlər.

İnsan, dünyanı Ağıl və Din yoluyla idrak edər. Əgər insan, öz həyatını Tanrının istədiyi şəkildə qoruyursa, yəni, nə özünə nə çevrəsinə nə də dünyaya zərər vermirsə, o zaman Tanrının köməyinə və hakimiyyətinə şübhəsiz inanır deməkdir.

İslam dini insanlara hər kəsin həyatdan aldığı beynəlxalq/fitri dəyərləri təqdim etməkdədir. Burada Tanrının verəcəkləriylə aradaki komissionerlər/vasitəçilər yersizdir. Bu eyni zamanda yer üzündə Tanrının hakimiyyətinin qorunmasıdır. Eyni zamanda Davud (ə.s.)-ın duasına da uyğundur: “Bizim göylərdəki həqiqi Atamız! Sənin adın xatırlansın! Sənin hakimiyyətin gəlsin! Həm yerdə həm səmada Sənin iradən olsun..!”[2]

Vasitəçilər qoymaq, əvvəlki kitablarda olduğu kimi Quranda da qəti qadağandır. Əqidə məsələlərində olduğu kimi sosial ədalətin qorunması məsələsində də vasitəçilərə ehtiyac yoxdur və Yaradanın qüdrətinə layiqi şəkildə inanmaq məcburiyyətindəyik:

“Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər.” (Bəqərə, 2/186)

Bu cümlələr İsa (ə.s.)-ın dediyi cümlələrə bənzəyir: “Siz niyə məni çağırırsız: Əfəndi! Əfəndi! – Deyilənləri yerinə yetirmirsiz?” (Luka, 6/46).

Dini qaidələrə əsasən, insan insana zülm etməməli, biri digərinə qul olmamalıdır:

“De: ‘Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Tanrıdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Tanrıyı qoyub bir-birimizi ilahiləşdirməyək’. Əgər onlar üz döndərsələr, deyin: ‘Şahid olun ki, biz müsəlmanlarıq!’ (Əli İmran, 3/64)

Musa, İsa və Muhəmməd (ə.s.)-a göndərilən kitabların mahiyyəti eyni olmuş və bu elçilərin hamısı eyni məqsədə xidmət etmişlər.  Fəqət sionistlər, yer üzündəki ədaləti və haqları paylaşmaq istəmədikləri üçün insanlar və dinlər arasında siniflər yaratmış, onları parçalayaraq bir birlərinə düşmən etmişlər.

Quran, din yoluyla insana lazım olan məlumatları verir. Eyni zamanda aydınlıq gələcəyini təmin etməsində rəhbər rol oynayır. Amma müsəlmanların çoxu bu rəhbərə layiqli əsgər ola bilmirlər.

Biz görürük ki, Quranın hədəflərinin həyata keçməsi zalımlar üçün qəbuledilməzdir. Müqəddəs kitablarda yazılan və Tanrının elçiləri vasitəsiylə təqdim edilən hədəflərin həyata keçməsində yalnız zalım ya da zehnlərini kirayəyə verənlər mane olmaq istəyərlər. Bu maneələri aşmaq üçün insanlar başqalarına hörmət göstərməyi öyrənməli, öz-özlərini mənasız müqəddəsləşdirmələrdən uzaq tutmalı və fikir ayrılıqlarına səbəb olan məsələləri mədəni dialoqlar çərçivəsində (Tanrının kitabıyla) həll etməyi bacarmalıdırlar. Əksi təqdirdə, zalımların hegemonluğu və insanların din, haq naminə uydurduğu nəzəriyyələr millətlər üzərinə hakimiyyətini, istismarını sürdürməyə davam edəcəkdir.

Müəllif: Sankt Petersburq Ziraat fakültəsi Üniversiteti Rektoru, İqtisad elmləri namizədi Professor: Viktor YEFİMOV.

Tərcümə: Aydın Mülayim.

[1] Bir dəfə, kor birinə xoş olmayan davranışından ötrü ilahi vəhylə xəbərdar edilmişdi. Bax: Əbəsə, 80/1-5.

[2] Qədim Əhd, Məzmurlar, 10-13.