Müsəlmanlar

Evlənmək qismətdir?

Sual: İnsanların kiminlə evlənəcəkləri məsələsi onlar hələ ana bətnində olanda müəyyənləşdirilib? Dostlarımdan biri mənə dedi ki, insan hələ dünyaya gəlməmiş onun kiminlə evlənəcəyi məsələsi müəyyən olur və bunu dua etməklə də dəyişdirmək olmaz. Deyir ki, ona bu sözü bir müəllim deyib. Amma mən bu qədər araşdırma aparmağıma baxmayaraq belə bir məlumata rast gəlmədim. Ümumiyyətlə evlənmək qismətdir, yoxsa yox? Sizcə həqiqətən də, belə bir şey olar?

Cavab: Əgər bir insanın evlənəcəyi qız yaxud oğlan əvvəlcədən müəyyən və yazılmış olsaydı, onda Qurani-Kərimdə evləndirmək əmri olmazdı və evlənmək haram olan qadınlar (Nisa, 2/22-24) məsələsinə heç yer də verilməzdi. Sizə bu barədə deyilənlər sadəcə olaraq bəzi insanların heç bir dəlil-sübuta əsaslanmadan irəli sürdükləri boş bir fikir və iddiadır.

Allah digər məsələlərdə olduğu kimi, evlilik məsələsində də insanları azad buraxıb ki, buna əsasən onu ya mükafatlandırsın, ya da cəzalandırsın. Əgər insan Allahın qəbul etmədiyi bir ailə qursa, buna görə cəzaya məruz qalacaq. Amma əgər Allahın icazə verdiyi, başqa sözlə, qadağan etmədiyi insanlarla evlənsə, bu təqdirdə mükafatlandırılmağa layiq olacaq. Əgər hər şey əvvəlcədən yazılıb qurtarmış olsaydı, onda insanın seçim etmək azadlığı olmaz, buna görə də gördüyü işlərə görə cavabdeh hesab olunmazdı. Quranda imanın əsaslarından bəhs edildiyi vaxt qismət (qədər, tale) inancına yer verilməyib. Bu inanc bəzi hədisləri əsas götürməklə ortaya çıxarılıb.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.